Mədəniyyət
Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla
görüşüb
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin və
onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə əsasən, oktyabrın 25-də
Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayonunda
Ucar və Zərdabdan olan vətəndaşlarla
görüşüb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin Ucardakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenilənməsi, rayon Mədəniyyət mərkəzinin və Ucar Uşaq incəsənət məktəbinin əsaslı təmir olunması, tədris ocağına musiqi alətlərinin verilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda həmçinin Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir və tərtibat işlərinin aparılması, mədəniyyət müəssisələrinin internet xətlərinin yenilənməsi, Zərdab Rayon Mədəniyyət Mərkəzinin filmlərin nümayişi üçün avadanlıqlarla təmin olunması, kitabxanalara yeni avadanlıqların və yeni ədəbiyyatların verilməsi, habelə fəxri adın verilməsi, işlə təmin olunma barədə müraciətlər olub.
x x x
Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağdaş və Göyçay sakinləri tərəfindən rayon kitabxanaları ilə respublika kitabxanaları arasında internet şəbəkəsinin yaradılması, Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində tərtibat işlərinin tamamlanması, muzey zalının dam örtüyünün dəyişdirilməsi, mədəniyyət müəssisələrinin əlamətdar günlərə həsr olunmuş videomateriallarla təmin edilməsi, görkəmli sənət adamları ilə görüşlərin təşkilinə köməklik göstərilməsi xahiş olunub.
Görüşdə Göyçay rayon Heydər Əliyev Mərkəzinə ümummilli liderin şəxsi əşyalarının surətlərinin verilməsi və dahi siyasətçinin iş otağının maketinin hazırlanması, Rəsul Rzanın ev-muzeyinin turizm marşrutuna salınması, kitabxanaların kənd təsərrüfatı ilə bağlı ədəbiyyatlarla təmin olunması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur
bölmələrinin nümayəndələrinin
iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər dinlənilib,
qaldırılan məsələlərin əksəriyyəti
yerindəcə həllini tapıb. Bəzi müraciətlərin
operativ araşdırılması və
qanunvericiliyə uyğun həlli üçün müvafiq
tapşırıqlar verilib.
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.12.