"Allah qorusun sizi!"
"İtkin oğullar"
silsiləsindən Milli
Qəhrəman Riad Əhmədova bu şeiri yazıb verdim, küləklər ona aparsın.
İtkin
qəhrəmanların
Hər yerdə
öz payı var.
Onların öz günəşi,
Öz ulduzu, ayı var.
Riad Fikrət oğlunun
Döyüşən alayı var.
Onlar barışmayıbdı
Atəşkəslə, filanla, -
Barış adlı yalanla...
Onlar bizi hər zaman,
İzləyirlər, baxırlar.
Zülmət ayaq açanda
Şimşək olub çaxırlar.
Kəndlərimiz yananda
Yağış olub yağırlar.
Dağ seli olur hərdən,
Hərdən boz duman olur.
İtkin
qəhrəmanlarım;
Yaşadan ümid olur,
Təntimiş güman olur,
İtkin qəhrəmanlarım.
Riad, Riad, ay Riad...
Salmışıq haray, Riad,
Səsimə ver hay Riad...
Qızlarının gözləri
Yerdən,
göydən, dağlardan
Gəlməyini gözləyir,
Sevgilin,
anan, bacın
Hər bir anı izləyir.
Yollarını gözləyir.
Hardasan,
harda, Riad...
Nə yaman ləngidin sən
Qanlı yollarda, Riad?
Bilirəm, qəhrəmanım,
Bu döyüş bitməyincə
Geri dönən deyilsən.
Sən bu günsən, sabahsan,
Heç vaxt dünən deyilsən.
İtkin
qəhrəmanlarım,
Allah qorusun sizi;
Sizi gözləyənlərin
Sevinsin könlü
gözü.
Ümid
qaranlığına,
Güman
qaranlığına,
İtkin
qəhrəmanlarım,
Siz gətirin gündüzü,
Allah qorusun sizi.
Sən Milli Qəhrəmansan,
Sən ümidsən, inamsan
Şanlı, canlı əfsanə!
İtkin
vətən torpağın
Sənə tapşırdıq, sənə!
Torpaqlar
qayıdanda
Bilirəm gələcəksən!
Sən dünənsən, bügünsən
Sən ölməz gələcəksən!
O vaxt vətən deyəcək:
- Qəhrəman övladlarım!
Bunu da başardılar!
İgidlər ölmür, itmir,
Əbədi yaşardılar.
28.07.2006
Fikrət
QOCA
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.13.