Məni bağışla
Bir vərəq sevgin qaldı,
bir kitabsa ayrılıq.
Onsuz da bir əsrdi sənin ilə ayrıyıq.
Yollarına sadağa,
adına qurban mənəm,
Sarıl
mənə son dəfə,
gəl qovuşaq birdənəm.
Dünyanın o başından səslə
məni
harayla
Gəlləm yağan yağışla,
gəlləm günəşlə,
ayla.
Mənə qoy vətən
olsun,
o müqəddəs qucağın
Ayağın dəyən yerlər
ziyarətim,
ocağım.
Danış ay ömrüm-günüm,
səsin olsun nəfəsim,
Sən gedirsən, söylə bəs,
kim
olacaq hər kəsim...
Getsən
də çarə nədir,
uğurlaram alqışla
Sənsiz
dözə bilməyib
ölsəm,
məni bağışla...
Yağış yağar
Yağış yağar urəyimin
küncünə,
Yağar, yağar, dərd-sərimi
təmizlər.
Yağış yağar ürəyimin
küncünə,
Susuz qalar təşnə torpaq, gen düzlər.
Yağış yağar gözlərimin
içinə,
Gözüm dolar, boşalmağa tələsər.
Qoşularam bəxtsizlərin köçünə,
İzlər itər, arxamızca yel əsər.
Yağış yağar hisslərimin
üstünə,
Hissim donar, sevdamızı isitməz.
Tənhalığım yaman durar qəsdimə,
İslanaram, yağan yağışsa
kəsməz.
Yağış yağar, dayanmadan
hey yağar,
Göyün yerə sevgisini bildirər.
Yağış yağar ürəyimə
hey yağar,
Dərd-sərimi damla-damla öldürər.
Bu payız da tənhayam
Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan
ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi...
Alıb
xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli
sayağı kimi...
Bu payız da tənhayam,
Ətraf
qırmızı, sarı,
Hər yan xına rəngində,
Gəlin
ayağı kimi...
Bu payız da tənhayam...
Bu payız da soyuqdu...
Yuxuma gəl
Yuxuma girsin yağış,
Yağsın hey dayanmadan.
Sonra sən...
Gəl qovuşaq,
Yuxudan oyanmadan...
Bizə
yaxın gəlməsin,
Nə ayrılıq, nə həsrət,
Yuxuma gəlməsin qoy,
Köksümü cızan möhnət.
Yuxuma gəl...
Qovuşaq...
Dəysin
mənə əllərin...
Yağan
yağışın altda,
Xəyal
quraq,
nələrin...
Toxunsun dodaqların,
Öncə islaq telimə,
Sonra nəfəslərimiz,
Qarışsın bir-birinə...
Yuxuma gəlsin yağış,
Dönüm dumana, çənə.
Sonra səni gətirsin,
Səni
gətirsin mənə...
Bu gecə
Bu gecənin rəngi
daha qaradı məncə.
Küçələrdə ara-sıra
sahibsiz itlər hürür
bir də yemək axtarır
balasına pişiklər...
Açdım pəncərəmi qaranlığa
ağaclar adam kimi
boylanırlar içəri
təngə gəldim
elə bil ki, gecə-gündüz
dayanıblar keşikdə...
Bu gecənin ayı yoxdur
dağılıblar ulduzlar.
Sanki bu gün göy
üzündə
yollarını azıblar...
Bircə
qədəh şərab
süzüm
bir musiqi dinləyim...
necə idi o mahnı?
həə
"gecələr pənah yerim"
oxuyan da deyəsən
o qız idi...Azərin...
Kimlər
yatıb bu gecə
kimlər oyaqdı
görən...
bu gecə tənhaların
gecəsidi deyəsən...
Mövsümü olmaz ayrılıqların
Mövsümü olmaz ayrılıqların
nə istini hiss edər insan, nə soyuğu
gedişin bir burulğan kimi
içimi, çölümü
söküb apardı.
İndi
bu sevdiyim fəsildə
xəzanlar ürəyimdə
saraldı.
Anladım...
Bu sevdanın nə əvvəli olacaqmış,
nə də ardı.
Olsun.
Gedişini faciə etməyim
mən də,
zarafat etmişdin bəlkə,
sevirəm deyəndə.
Mövsümü olmaz ki, ayrılıqların.
Mövsümlər də sən idin.
Güləndə bahar,
ağlayanda payız
susanda isə qış.
Və bir də ayrılıq
varmış...
Gözyaşı, hüzün, kədər.
Bundan belə ayrılıq qoxar
bütün mövsümlər...
Payız
Xoş gəlmisən payızım,
Sevimli fəslim
mənim.
Ruhum ilə bərabər
Bax, sevinir bədənim.
Xoş gəlmisən payızım,
Bu xəzan ürəyimə.
Bilmirəm neçə dəfə
Gələcəksən ömrümə.
Neçə dəfə islanar,
Yağışında tellərim,
Neçə dəfə toxunar
Xəzanına əllərim?
Xoş gəlmisən payızım,
Sarışın fəslim mənim.
Tanrı
yağışla yerə
Qoy göndərsin
kərəmin.
Bir leysan yağış yağsın
Döyəcləsin üzümü.
Gizləsin bu minvalla
Yağmur dolu gözümü.
Əssin
payız yelləri,
Dərdlərimi qoparsın,
Fırtınaya dönərək
Uzaqlara aparsın...
Xoş gəlmisən payızım
Xoş gəlmisən
evimə.
Neçə dəfə gələssən
Bundan sonra ömrümə?..
Məktub
Məndən nigaran qalma,
Hər şey qaydasındadı
Yuxum qaçıb sadəcə
Heç bilmirəm hardadı.
Evin divarlarından
yuxusuzluq tökülür,
bayırda dan yeri də
sən olmadan sökülür.
Yuxu cəhənnəmə e,
Dörd
tərəfim işgəncə,
Yenə
iştahım qaçıb,
Yaşayıram beləcə.
Hara baxsan dərmandı
yenə xəstə olmuşam.
sevginə bürünürdüm
üstüaçıq qalmışam.
Quruyub dodaqlarım,
indi uçuq-uçuqdu.
Sulugözlü olmuşam,
Ehh, biabırçılıqdı...
Bunlar dərdin yarısı,
Hava da heç açılmır.
Günlər bozarıb yaman
bir birindən seçilmir.
Adını unutmağa
bəhanələr tükənib
dünyanın şor suları
kipriyimə yüklənib.
Hə, bayaq nə deyirdim?
heç vecinə
də alma.
hər şey qaydasındadı,
məndən nigaran qalma.
Fərqanə YUSİFQIZI
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.23.