Söz adamının torpaq sevgisi

 

MUSTAFA RASİMOĞLUNUN 55 YAŞINA

 

 

Kim nə deyir desin, yaşının üstə yaş gəldikcə insan ya özü haqqında danışmaq istəyir, ya da onun haqqında danışılanları eşitmək.

 

Ömrünün yarım əsri tamam olub, düşündüm, ikinci yarısında bu danışacaqlarım yerinə düşər, amma...

 

Ehtiyac duyduğum o söz var, hanı?!

 

Elə axtarıram, arayıram... daha:

 

Səbrimi sıxıb dişimə,

Çeynəyib uda bilmirəm.

 

Vaxt daraldıqca:

 

Atını dördnala çapır kədərim... 

 

Ya bəlkə, "Hər şey vaxtını gözlər. Nə gül vaxtından öncə açar, nə günəş vaxtından erkən doğar" (Mövlana).

 

Bu dəfə:

 

Ovcumun içində güman yeri var!

 

Ümidlə "Ürəklərə əkin məni" adlanan kitabına baxıram, sanki heç oxumamışam... Uzun-uzadı"Özümlə söhbət" edirəm.

 

Ürəyimə qüssə qonur ki, həm:

 

Durna gözlərindən düşən yaşam mən,

 

həm də:

 

Qəmin gözlərinin giləsiyəm mən.

 

Şeirləri oxuduqca hər misrası yeni məna aşılayır: fəlsəfi, bədii, poetik, estetik.

 

Haqqında danışacağım tanınmış şair Mustafa Rasimoğlu "Bizim Kişilər"dən olan "Böyük Kişi"nin (M.Mahmudov) böyük oğludur.

 

Ağır bir zamanda azadlığımızın, istiqlaliyyətimizin, torpaqlarımızın qorunması uğrunda:

 

Ölümə satdım canımı -

 

deyir şair Mustafa Rasimoğlu!

 

Şeirlərinin köməyi ilə səndə mərdlik, mətanət, igidlik, cəsurluq, şərəf və qeyrət, mübarizədə meydana çıxan gözəl insani keyfiyyətləri gördüyüm üçün xoş bəxtim var! Yaradıcılığını misra-misra süzgəcdən keçirib şair qəlbinə bələd olduğum üçün xoş təxtim var! Bu xoş təəssüratların təsiri altında nədənsə, rəhmətlik atanı andım, yazdığı bu bəndi xatırladım:

 

Atanız şərəflə yaşadı ömrü,

Qoca tarixlərin yaşıdı ömrü.

Ancaq deməyin ki, naşıdı ömrü,

Sizə "Kişi olun" deyib gedirəm!

 

Bilaixtiyar, atanın övlada mərdliklə dolu bu nəsihəti önündə:

 

Sevincimdən ağladım...

 

Həyatını addım-addım izlədiyim insan! Xoş xasiyyətli insanların dostu çox olur. "İnsanlarla elə yaşa ki, dostların düşmən olmasınlar, düşmənlərin dost olsunlar" (Pifaqor). Elə bil bu fikri deviz seçmisən həyatda.

 

"Şairlər yaxşı insanlardır, qəlbi təmiz, saf olurlar. Bəzən başları mənəviyyata, özgələrinin xoşbəxtliyinə o qədər qarışır ki, özləri yaddan çıxır" (M.Rasimoğlu). Unudurlar ki, özləri məhz bu cür əməlləri ilə, kişiliyi, mərdliyi ilə çox-çox xoşbəxtdirlər!

 

Bəzən unudulur ki, iki şey insanın həyatına gözlənilmədən gələr. Biri "olum"dur, o biri "ölüm". Hər birinin vədəsi yalnız Tanrıya məlumdur:

 

Ölüm bəndəsini özü seçəcək.

Hərə nin qəbrinə bir izi varmış.

 

Unudulanı yada salıb fikrə dalsan:

 

Qəm-qüssəyə batan igid,

Dərd belini bükənməzmi?

 

Amma heç nəyə baxmayan şair:

 

Yığıb təpərini, yığıb gücünü -

 

həmişə yoldadır., cavanlığından:

 

Düz yol mənə yoxuş gələr -

 

deyə-deyə həmişə hara çətindirsə, oraya gedər. O, dövrümüzün həqiqi qəhrəmanı, fədakar insanıdır:

 

Daha şeir yazmır əsil şairlər,

 

ona görə ki, onlar torpaqlarımızın uğrunda döyüşlərdə mübarizəyə yollanır. Bəli:

 

Şairlər sözünü səngərdə deyir!

 

Mustafa Rasimoğlu öz əməli və fəaliyyəti, mərdliyi ilə göstərir ki,

 

Şair taleyini yaşamıram mən.

 

Biz onu əlində silah tutmuş halda səngərdə görürük.

 

Qəlbini hamıyla ölçən şairim,

Söyüd kövrəkliyi, palıd vüqarı -

 

ilə fədakarlıq və səadət naminə torpaq üçün yaşamağı qərara alır:

 

Bu vətənin oğluyam -

 

deyə qəlbi torpaq sevgisi ilə dolan şairin fikri, zikri, iradəsi, əməyi buna doğru yönəlir.

 

Mübarizədə ölüm də gözəldir. Bu, daha ölmək deyil, ölməzlikdir, əbədi şöhrətdir!

 

Sevinmə, əğyar, sevinmə,

Şəhid olmaq ölmək deyil!

Saxlamadı torpaq daşı,

İtirdim neçə sirdaşı.

Axma, anamın göz yaşı,

Şəhid olmaq ölmək deyil!

 

Qoy gənclərimiz, gələcək nəsillər bilsinlər ki, onlar qurbanlar deyil, qəhrəmanlardır! Hər bir vicdanlı vətəndaşın qəlbində qibtə doğuran insanlardır!

 

Şair ölüm qarşısında dayanan adamın möhkəmliyini, yenilməzliyini çox gözəl verib:

 

Ölüm göyərəcək başımın üstə,

Torpağı ölümlə güldürəcəyəm!

 

Əsrlik palıd ağacı kimi möhkəm dayanıb, öz qorxmazlığı, inamı və digər mənəvi qüvvələri ilə ölümə qalib gəlməyə,

 

Daha ölümə də yazığım gəlmir -

 

deməyə yalnız əqidəli, iradəli və mübarizə ideyalarına son dərəcə sadiq olan vətənpərvər adamlar qadirdir.

 

M.Rasimoğlunun yaradıcılığında yüksək həyat idealı uğrunda mübarizə aparan ali mənəviyyatlı insan obrazını görürük.

 

İnsan həyatının ən gözəl hadisəsi olan mübarizlik özünün daha geniş və tam əksini vətənpərvərlik, torpaqlarımız uğrunda gedən mübarizədə tapır:

 

Təkcə öz ömrünü yaşamadı o.

 

Mübarizəni gənc yaşlarından özünə ən əsas motiv seçmiş şeirlərini vətənpərvərlik, dövlətçilik mövzusuna həsr etmişdir.

 

Müəllif öz poeziyası ilə inandırır ki, mübarizə çətin, daşlı-kəsəkli yoldur və əsl səadət ancaq bu yoldadır. Belə hallarda onun mənəvi gözəlliyi daha parlaq alovla yanır:

 

Bəlkə vicdan göyərəcək,

Ürəklərə əkin məni!

 

Onun şeirlərində birlik, ülvilik, mərhəmət təbliğ olunur:

 

Həmzələr at çapan yerdə -

 

düşünülür ki, mərhəmət, sadəlik, şəfqət insana yaraşan ən gözəl qiyafətdir.

 

Şairin gəncliyi dövrümüzün çətin, qarışıq, dolaşıq bir vaxtına düşmüş, o ağır:

 

Səngər ömrü -

 

yaşamışdı.

 

Öz-özünə:

 

Ayağım altında torpaq ağlayır -

 

deməklə, mətinlik və dəyanətlə bildirir ki:

 

Ömür üstə əsən yoxdu, -

 

bəs nə üçün:

 

Ölüb qalammıram torpağın altda?!

Şairi təsirləndirən budur ki,

Dərdindən çatlayan kəhər görmüşəm,

Aşıma qatılan zəhər görmüşəm,

Döyüşdə bar verməz bəhər görmüşəm -

 

buna görə də:

 

Dostları çağırın, qəbrimi qazsın - deyir.

 

Hirs ilə yoğrulmuş, hiddət ilə qovrulmuş, için-için ovulmuş bir insanın ölümün gözünə dik baxa-baxa özünü ölümə təslim etməsi  əsl qəhrəmanlıq səhnəsinin təcəssümü!

 

Yenə şər qarışır, fikir edirəm,

Gözümdən ömrümün mənası düşür -

 

desə də, gözəl və tutarlı sətirlərin müəllifi gənclərin tərbiyə olunmasında iştirak edir, onları yaltaqlıqdan, ikiüzlülükdən, şöhrətpərəstlikdən uzaqlaşmağa çağırır, sadəliyə səsləyir, adamları düzgünlüyə, dürüstlüyə yönləndirir.

 

Elə bilirsən ki, dilin lal olar,

Ağa söyləsən, qaraya-qara.

 

Qüruru, saf vicdanı, işgüzarlığı və insanlığı ilə seçilən M.Rasimoğlu cəsarətlə:

 

Mənim kişi kimi keçdiyim yolu,

Alçala-alçala keçirsən sən də -

 

yazaraq sözü birbaşa üzə deməkdən çəkinmir.

 

Açıq-aydın görünür ki, şairin keçdiyi yol şərəfli bir yoldur!

 

Fəxarət hissi doğurur bu misralar:

 

Özünü öyməsin çox da həriflər,

Mərdə namərd olmur bizim tərəflər!

 

Şeirlərdən bəlli olur ki, mənəvi cəhətdən düşkünləşmiş adamlar üçün real aləmin gözəlliyi yoxdur:

 

Şair belələri haqqında yazır ki:

 

Mən "görmürəm", sən "görürsən"

 

Hələ bu bəs deyilmiş kimi:

 

Düşmənsən halala, dostsan harama,

Ağrını-acını dost qanan çəkər.

Özünü satarsan yüzcə qrama,

Sənin sədaqətin bircə an çəkər.

 

Əxlaqda cəmləşən yüksək insani keyfiyyətlər yalnız tam və güclü surətdə təzahür edən zaman gözəl olur. Şairin yaradıcılığına bələd olduqca böyük məhəbbət və sədaqətə, möhkəm dostluğa biganə qalmaq olmur. "Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər" (M.Beyləqani).

 

Deyirlər, dostlar dörd cür olur: ürək dostu, görək dostu, çörək dostu, gərək dostu. Sədaqət, dostluq hissləri çoxlu sevinc gətirərək bizə güclü təsir bağışlayır. Onlar bizim arzumuzun canlı təcəssümüdür, elə şairin özü də məhz belə həqiqi dostluğa can atır:

 

Allah qapısını bir əl var döyən,

O sənin əlindir, ay Barat Vüsal!

 

Bu şeirdə insanın vəfalı, zəkalı olması, zəhməti sevməsi, bununla da daha çox sevilməsi, dostluğa layiq olması ən təqdirəlayiq, bəyənilən hadisə kimi qiymətləndirilir.

 

Gedirəm çiynimdən yapışan əlin,

Nəğməsi çalınar könül sazımda.

 

Dost bu misralarla təbiətdə rast gəlinən bütün varlıqların ən gözəli kimi təsvir olunur.

 

Sənin tək yanmağa köz tapammıram!

 

"Sənin əlindir" şeirində tərənnüm edilir ki, şair xalqın mənəvi dayağıdır:

 

Sözünlə dilini kəs yağımızın,

 

dostun əli ilə:

 

Çiynimin üstünə qalxıb gedirəm,

 

sonra da:

 

Yol verin, yol verin, namərd əlləri.

Çıxaq zirvəsinə göz dağımızın.

 

Bu misralar müasir adamın, xeyirxah əməllər sahibi, dost gözəlliyinin bütün əzəmətini və əhəmiyyətini daha yaxşı başa düşməyə imkan verir. Şair dost bildiyi insana istinadən:

 

Saldığın cığırdan biz də keçirik -

 

deyir və fərəh duyur ki:

 

Bir zaman göylərə yazdığım şerin,

Sözləri dil açır alın yazımda.

 

Gözəl şairimiz Nəriman Həsənzadəyə həsr etdiyi şeiri sevə-sevə oxuyur və oxuduqca da ruhlanırıq, insanda mənəvi zənginliklərin şahidi oluruq.

 

Tayımdan-tuşumdan seçilmişəm mən,

Zaman ayıracaq yaxşını pisdən.

 

İnanırıq ki, daxili gözəl olanların şöhrətə ehtiyacı yoxdur. Onun əməlləri xeyirxahlığa, insanı humanistliyə dəlalət edir, qəlb saflığının gözəlliyini aydın göstərir. O:

 

Gələn əsirlərə köçən şairim,

 

insanlıq üçün, gələcəyimiz olan gənclərimiz üçün əsl örnəkdir:

 

Dərya ürəklərin olub hakimi,

Fəqət qərq olmadı o gəmi kimi.

 

Mustafa Rasimoğlu, zəngin ruhun, əvəzsiz sözün, böyük ürəyin sahibisən!

 

Mənim də ən çox sevdiyim bir yer var: o, sənin qəlbindir!

 

Dəniz tək dərin, nərgiz tək incə, şimşək tək nurlu.

 

Ürəyinin dərinliyində olanları artırıb -azaltmadan, olduğu kimi misralarında rəngarəng poetik vasitələrlə incələyir və bu incəliklərdən gələn nuru səmimiyyətlə paylaşırsan oxucularınla. Ürəklə deyirsən:

 

Çox ürəyə qapı oldum.

 

Bu qapını açıb içəriyə keçmək hamıya nəsib ola bilər, çünki ürəyinin mənəvi zənginliyindən süzülən şeir aləmini hər bir oxucuya böyük səmimiyyətlə təklif edirsən.

 

Aydındır ki, insanlığın iç dünyasıdır səmimiyyət. Düşüncələrini təhrifsiz ifadə etməsidir. Səmimiyyət insanın ən güclü silahıdır. Səmimi olmaq onun xarakterindən irəli gəlir:

 

Sinəndə çağlayan misralar ki var,

O da Dəli Kürün suyundan gəlir.

 

Mənim də:

 

Ürəyim bir himə bənddir,

Gözümün yaşı kiriməz.

 

Deyirsən ki:

 

Qayğılarım zəmi kimi...

 

Soruşuram:

 

- Niyə?

 

Cavab verirsən ki:

 

Şairin nəyi var sözündən baha?

 

Yalnız səmimi, saf, nəcib və təmənnasız qəlbə sahib olan deyə bilər bunu.

 

Ölümü-itimi olan dünyada

 

pul qazanmaqdan, var-dövlət əldə etməkdən çox daha gözəl şeylər də var: könüllər qazanmaq, şərəf qazanmaq! Özün də etiraf edirsən ki,

 

Qeyrət alan tapılmaz!

 

Qeyrət, şərəf bahalı mülkdür, pulla alınmaz və ucuz insanlarda olmaz. Bu cəhətdən bəxtin gətirib, şair! "İnsanın gerçək zənginliyi onun bu dünyada gördüyü yaxşılıqlardır" (Hz. Məhəmməd).

 

"Gözəl ailəyə sahib olan kişiyə var-dövlət lazım deyil. Onun mal-dövlətini artıq Allah verib" (Hz. Əli).

 

Aşağıdakı misraların da bunu təsdiqləmirmi?

 

Həyatda qazancım, səadətimdir,

Şöhrətim-şanımdır, məhəbbətimdir.

Ən şirin kəlməmdir, həmsöhbətimdir,

Afaqım, Nigarım, bir də Anarım!

 

İnsana çox vaxt dərman əvəzinə, ziqiymət əşya əvəzinə səmimiyyəti ilə seçilən insan lazım olur.

 

Bu qədər zənginliyin müqabilində əvəzi olmayan və çoxlarında tapılmayan bu incəlik, nəciblik, sadəlik, təvazökarlıq, təmkin, yorulmazlıq, insanlara sevgi hardandı səndə?..

 

Nədir fəth eləyən bu könülləri,

Ağı qarasından seçən şairim.

 

Keçmişini ona dərs verən bir müəllim kimi bağrına basaraq deyir Mustafa Rasimoğlu:

 

Qara-qara qandan keçdim,

Başımı qata bilmədim.

Bir ömür candan keçdim,

İstəyə çata bilmədim.

 

Torpaqlarımızın bir qismi işğal altındadır:

 

Haray saldı ürəyim,

Mənim qanım yerdə qalmaz,

Nahaq haqqa zəfər çalmaz,

Bu dünyanın acığına

Göyərdim torpaq çatından.

Mən təzədən dirilmişəm!

 

deyən şair mənfur düşmənlərə nifrətlə baxır, qəzəb içərisində alışıb yanır və bu dəqiqə yenə də səngərə qayıtmağa, döyüşə atılmağa hazırdır, çünki qəlbində bir sevgi var: torpaq sevgisi!

 

Buna görə:

 

Məni çağırır,

Torpaq istisi.

 

Rasimoğlu niyə xoşbəxt olmasın -

 

yazır.

 

Bu sətirlərin müəllifi də:

 

Gəncliyim haraya dönüb beləcə -

 

tərzincə bu diləyə qoşulur:

 

Arzular göyərə su qırağında,

çin ola,

   əlli beş yaşında!!!

 

Tanrı Azərbaycanımızı qorusun!

 

Tanrı Səni ən başlıca məqsədin olan Qarabağda düşməni darmadağın edəcək günlərlə sevindirsin!

 

Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin tərkibində torpaqlarımız uğrunda gedən döyüşlərin fəal iştirakçısı, Qarabağ müharibəsi veteranı, mayor Mustafa Rasimoğlu!

 

Göz önündə olmağınla, kürsüdə dayanmağınla, şair tək tanınmağınla, ən böyük dövlətin olan yarın və övladlarınla, onlara-ailənə göstərdiyin hədsiz qayğınla, səninlə öyünən sadiq dostlarınla fəxr edib yaşamağa dəyər!

 

Ömrün uzun, yolun açıq, üzün gülər olsun!

Daha dərdim gülür, könlüm də şaddır!

Məgər görmürsən?

Günəş yer üzünə salama gəlir.

 

Sən:

 

Haralara

Üz tutmusan

İnsan oğlu!

Ətrafa bax, yer üzünü seyr et:

Səmadan torpağa nurlar ələnir.

Diqqət etsən, görəcəksən ki:

Sakit ləpələrdə, gur sahillərdə,

Qızılı şəfəqlər üfüqü dəlir.

 

Təbiətdə yaranan bu gözəl mənzərəyə tamaşamla:

 

Bir kasa xoş ümid dəniz əlindən.

Götürüb içirəm mən sərin-sərin

 

Şeirlərindən ülvilik, gözəllik, aqillik süzülür, Mustafa Rasimoğlu!

 

Kim deyir şairlik Allah vergisi?

Şair ola bilməzsən, anan doğmasa şair,

Missən, a balam, hər sarı köynək qızıl olmaz

(Şəhriyar).

 

Böyük təvazökarlıqla və həddindən artıq sadəliklə:

 

Hələ şair olammıram

Hələ ömrün qışındayam

Baharıma yetmək üçün

Gərəkdi ki, hələ mənə,

İndən belə şer yazam.

 

Bundan sonra:

 

Sahibi deyiləm daha özümün,

Mənim ilham atım cəngə başlayır. 

 

Yaradıcılıq yolunda, qələmin iti, zəkan güclü, canın sağlam olsun, Mustafa Rasimoğlu!

 

... Həmişə istəmişəm sənin haqqında danışım, ancaq:

 

Hədəfə tuş gəlmir mənim ürəyim.

Doğrudan da,

Şairlər Allahın bəlası imiş.

Yenə alınmadı...

 

Şeirlərindən misraları seçə-seçə özündən-özünə yazdım.

Əlimdən nə gəldi ki?..

 

Ziyafət CƏFƏROVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.22-23.