Roman-xronologiya, yaxud milli
yaddaşın tarixi xronotopu
(Vüqar Əhmədin
"Qaradağlılar" roman-trilogiyasında vətənçilik,
dövlətçilik və dinçilik)
Tarix riyakarlıq sevmir. Nə yazıqlar ki, o,
bu acının ağrısını zaman-zaman yaşamalı
olmuşdur. Riyakarlığın
cansıxıcı iblisanə gərdişi onu daim izləmiş
və sıxmışdır. Lakin işıqlı
simaların, bəşəri düşüncə sahiblərinin
timsalında tarix təmizlənib, durulub, özünə
qayıdıb, ilkin ləkəsiz ünvanına
sığınıb, min illər keçsə belə,
müxtəlif vasitələrlə - qazıntılar
zamanı tapılmış bir saxsı parçasıyla,
daş kitabələrin əbədi saxlancıyla,
yazılı abidələrin gizli kodları, şifrələrilə
öz "qara qutu"sunun sirlərini açıb həqiqəti
bəyan edə bilmişdir. Beləliklə,
tarix dayaz və boşboğaz fantaziyaları heç vaxt qəbul
etməmişdir. Dəniz dalğaları
zir-zibili sahilə atdığı kimi, tarix də yalan və
məkrli illüziyaları yaddaşın zibil yeşiyinə
tullamağa həmişə vaxt və imkan tapa bilmişdir.
Odur ki, tarix quru, sxematik rəqəmlərdən
ibarət yaddaşdan daha çox yaşantıdır, taledir,
zaman qarşısında imtahan, vətən, torpaq naminə
mücadilədir. Bütün xalqlar illər, əsrlər
boyunca öz tarixi keçmişinə daim həssaslıqla
dönmüş, oradakı ağ və
qara ləkələri ciddi-cəhdlə təmizləmiş,
öz keçmişini doğru-dürüst yazmaq,
saflaşdırmaq naminə bütün elmi-fəlsəfi
arsenalını səfərbər etmişdir. Bu
mənada tarix yollarına daha gur və etibarlı işıq
salan, gerçəkliyin mahiyyətində tarixin əbədi
gerçək mahiyyətini tapan ədəbiyyatdır.
Tarix ədəbi əsərlərin güzgüsündə
daha real, canlı və dolğun görünür, - deyənlər
yəqin ki, səhv etməmişlər. Yazılı
mənbələr içində yeganə bədii
düşüncə məhsullarıdır ki, istər epos
olsun, istər dastan, nağıl, istərsə də roman və
başqa ədəbi nümunələr, həyata, baş verən
hadisələrə, başqa sözlə, tarixə
konyukturasız yanaşır. Təsvir
olunan hadisələr, insanlar, onların yaşam tərzi,
etnoqrafik yaddaş, kolorit özü bunu diktə edir, realist
düşüncə tərzi tarixi realizmi də şərtləndirmiş
olur.
Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra
tarixi yaddaşa qayıdış həm ədəbiyyatda, həm
də elmi sahədə intensiv xarakter almış, daha böyük
coşqu ilə axtarış həvəsinə
çerilmişdir. Uzun illər kommunist ideologiyasının tərəfkeşlik
prizmasından təqdim edilən tarixi keçmişimiz
saxtalaşdırılmaqla bərabər, həm də
cılızlaşdırılmış, solğun bir kölgə,
illüziya misallı duman örtüyü altına
qapadılmış, ən real, aydın, milli taleyimizlə
qaynayıb-qovuşmuş tarixi faktlar belə gizlədilmiş,
yaxud yanlış traktovkaya, yalan yozuma
uğramışdır. Xoş odur ki, müstəqillik
dövründə tarixi yaddaşa qayıdış, onun
müasir dünyəvi düşüncə səviyyəsində
araşdırılması, arıdılıb-təmizlənməsi,
bu zəngin xəzinənin halal haqqını özünə
qaytarmaq vətəndaşlıq işinə
çevrilmişdir. Bu sahədə də
yenə ədəbiyyat liderdir, öncüldür və elmin
şəkkak astagəlliyinə rəğmən fəal,
işlək bir müstəvidədir. Bir-birini,
sanki tamamlayan tarixi romanlar xalqın öz tarixi
keçmişinə qayıdışı, etnogenezinin sirlərinin
araşdırılıb üzə
çıxarılması, həm də milli şüurun
özünütəsdiqini, milli-mənəvi
özünüdərki şərtləndirmiş olur. Xüsusən, Şah İsmayıla
qayıdış, Səfəvi - Azərbaycan dövlətinin
təşəkkül qaynaqlarının, inkişaf meyllərinin,
dövlətçilik fenomeninin araşdırılması
milli şüurun, milli təfəkkürün
oyanışına bariz sübutdur. Belə
əsərlərdən biri də Vüqar Əhmədin
"Qaradağlılar" romanıdır.
Dərin mündəricəli nəsr əsərləri,
poetik nümunələri, publisistik məqalələri və
ressenziyaları ilə çağdaş bədii
düşüncənin tanınmış nümayəndələrindən
olan Vüqar Əhmədin "Qaradağlılar"
roman-trilogiyası tarixə və milli yaddaşa baxışa
yeni, uğurlu töhfədir. Rəngarəng tarixi
faktlar, müxtəlif insan taleləri, maraqlı həyat hadisələri
və yaşantılarıyla zəngin
"Qaradağlılar" həm də müəllif
yanaşması, seçkin, özəl yazıçı
mövqeyinin dayanıqlığı, aydınlığı
və qətiyyətilə də seçilir. Təmayül deyək, tendensiya deyək, ədəbi
tərəfkeşlik adlandıraq, bilmirəm. Hər halda, bütün bunların məcmusunda vətəni
sevən, dövlətçiliyə qırılmaz tellərlə
bağlı olan, səmimi, ilahi sevgi ilə islami dəyərləri
qoruyan bir yazıçının dönməz, alovlu
mövqeyi təcəssüm tapır. Vüqar
Əhməd hadisələrə yanaşmada nə dərəcədə
türk-müsəlman tərəfkeşliyi nümayiş elətdirsə
də, mətn heç də ideyanın basqısına məruz
qalmır, realist üslub, hadisələrə faktoloji
yanaşmada elmi-bədii tarazlıq qorunub saxlanılır.
Yazıçı bu romanda bir yeniliyə də imza
atıb. Biz tarixi romanlarda, adətən, ümumi tarix, baş
verən hadisələr fonunda insan talelərini öyrənir,
fərdin yaşam həqiqətləri, ömür kitabı cəmiyyətin
təqdimatında vərəqlənir.
"Qaradağlılar" romanında isə
xalqımızın etnogenezində iştirak etmiş, Şah
İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvi-Azərbaycan
dövlətinin sütunlarından biri olmuş, sonralar
qaradağlılar adlandırılmış ustaclı soyunun
simasında millətin formalaşma tarixi sərf-nəzər
edilir, bir tayfanın, bir nəslin taleyi işığında
bütöv bir xalqın, dövlətin tərəqqi və
inkişafı izlənilir. Bu, ədəbiyyat
üçün də, tarix üçün də yeni
baxış və özgür yanaşmadır. Qeyd etdiyimiz kimi, adətən tarix xalqların taleyinə,
kompleks yanaşma üsulundan istifadəyə daha çox
üstünlük verir. Lakin ayrıca
götürülmüş bir nəslin şəcərə
inkişafında bütöv Azərbaycanı əks etdirmək,
ümumiləşdirmələr aparmaq, yeni olduğu qədər
də məsuliyyətli, əziyyətli və çətindir.
Məhz, bu mənada müəllifin təqdirəlayiq
zəhməti göz qabağındadır. Çox böyük diqqət və qayğı ilə
öyrənilən, araşdırılan ustaclı soyunun
kökü-köməci, qaradağlı nəslinin inkişaf
və yetkinləşmə mərhələləri nə dərəcədə
elmi əsaslarla öyrənilib təhlil və təqdim edilirsə,
eynilə, yüksək yazıçı zövqü və
istedadıyla mətnin bədii predmetinə çevrilə
bilir.
Əsər
üç möhtəşəm prinsip üzərində intişar tapır: vətənçilik,
dövlətçilik, dinçilik. Əsərdə Vətən
eninə-uzununa ölçülən geniş bir ərazi,
coğrafi məkandan daha çox sinirlərinin dərinliyinədək
duyub hiss etdiyin düşüncənin görünməz, az qala duyulmaz gərginliyində yaşayan və
maddi şəkildə ifadə edilən canlı bir substansiya
kimi təqdim olunur. Yazıçı üçün vətən
Məğribdən Məşriğədək uzanan ulu
türk torpaqları, Çuxursəəd, Amasiyadan, Sivasdan,
Tokatdan Ərzuruma, Bayburtacan dolanıb keçən
bütün Anadolu, Qafqazın iç və dış
sınırları, Dağıstan, qədim Dərbənd
oymaqları, Rostov sərhədlərinə qədər gedib
çıxan Şah İsmayıl müridlərinin ayaq izlərində
yaddaşa çevrilən Türk-Azərbaycan məskənlərinin
inzibati-ərazi vahidlərinin Həsənəli ağanın
Çernyavski və Vəlibəyovla birgə qələmə
aldığı "Vətən dili" dərsliyinin mədəni-mənəvi
sərhədlərində qovuşan bütövlüyü
anlamıdır. Hiyləgər düşmənlərimiz,
rus-erməni siyasətinin məkri nəticəsində qəddarlığın
əyani ağrı-acısının nəticəsi kimi, bu
gün də özünə qısılmış, tarixi
torpaqlarında məhrum edilmiş, inzibati-ərazi məhdudiyyətlərinin
mənəvi ağrılarında qovrulan Azərbaycan
yazıçı üçün yenə də gec-tez təbii
haqqına haqq edəcək yatmış aslan
timsallıdır. Bütün bədii təsvirlərində,
düşüncələrində, ədəbi
metaforalarında, yazıçı fəlsəfəsinin
özəyində Vüqar Əhməd bu nikbin
düşüncəni bütün varlığıyla
yaşayır və təlqin edir. Vüqar
Əhməd vətən sevdalısı kimi öz ürəyini,
sevgisini, torpağa, yurda əbədi vurğunluğunu
romanın hər səhifəsində, bütün məqamlarda
leytmotivə çevirir.
Romanın ikinci estetik-fəlsəfi dirəyi kimi dövlətçiliyi
qeyd etdik. Xalqımıza düşmən qüvvələrin,
lümpen ağıl sahiblərinin iddiası ilə Azərbaycan
dövlətçiliyi də onun inzibati-ərazi vahidləri
kimi ciddi-cəhdlə sıxışdırılıb ən
yaxın tarixi mənbələrə müncər
edilmişdir. Hər şeydən də öncə bu
dövlətçilik tarixini Səfəvi dövlətinin bətnindən
və yaxud iç dünyasından çıxarıb təkləmək
azarı bu gün də sürtülmüş təxribati
vasitə kimi siyasi və elmi dövriyyədədir. Hər
şeydən də öncə Səfəvi dövlətini Azərbaycan
dövləti deyil, İran dövləti adlandırmaq
iddiaları, Azərbaycan dövlətçiliyinin şah əsəri
olan Səfəvi dövlətçiliyini Fars dövlətçiliyinə
süni şəkildə (və bilərəkdən) pərçim
etmək (calaqlamaq) iddiaları dava-qalmaqaldan daha çox, incə,
şeytani bir siyasətin məkrləri kimi üzə
çıxır. Əcəba, Səfəvi-türk
dövlətinin Azərbaycan dövləti olması
üçün, görən, daha nə lazım gərəkmiş?
Dövlətin bünövrə daşını qoyanlar -
Şeyx Səfiəddindən, Şeyx Cüneyddən, Şeyx
Heydərdən, ən nəhayət, Şah İsmayıla qədər
dövlətin qurucuları və siyasi sütunları azərbaycanlılar,
dövlətin dili Azərbaycan dili, bütün adət-ənənələr,
gələnəklər, məişət tərzi, yaşam fəlsəfəsi,
etnos estetikası azərbaycanvari... və sair və
ilaxır... Daha başqa görk, tutalqa
lazımdırmı? Coğrafi əraziyə gələndə,
o taylı-bu taylı bütöv Azərbaycan, İrəvan
çuxuru, Ərzuruma, Sivasa qədər, "Dədə
Qorqud"dan üzübəri qədim Azərbaycan türk
torpaqları kimi tanınan məkanlar... Bir millətin, etnosun
öz dövlətini elan etməsi və ona sahib
çıxması üçün istedadın, quruculuq
ehtirasının daha hansı yaradıcı əməyi, zəhməti,
qəhrəmanlığı, ağlı, mənəviyyatı
tələb olunmalıdır?.. Amma
yaxından baxdıqca, dövlətçiliyimizə, milli
birliyimizə qarşı yönəlik xoflu və məkrli
siyasət zaman-zaman heç də hərəkətsiz, donuq,
statistik olmayıb, əksinə, öz içimizdən
qaynaqlanıb, qoynumuzda bəslədiyimiz ilan xislətli xainlərin
əməli fəaliyyətindən, çürük təfəkküründən,
xəstə təxəyyülündən güc alıb. Erməni separatizmi qədər kimi, taleyin bəlası
kimi daim bizi izləmiş, yeri gəldikcə, tülkü
siyasətilə zərbələrini arxadan vurmuşdur.
Hamımıza yaxşı tanış olan bu tarixi
olayları, ictimai-siyasi hadisələri Vüqar Əhmədin
"Qaradağlılar" romanından tamam yeni tərzdə,
yeni səpkidə öyrənir, hadisələrin ruhuna və
mayasına hopmuş köhnə tarixi yeni məzmunda
qavrayır, zaman-məkan kontekstində olayların həqiqətinə
varırıq. Bu, yazıçı
ustalığıdır. Hamının bildiyi,
oxuduğu, yaxud yarımçıq bildiyi nəsnələri
elə bir bədii ölçülərdə təqdim edir
ki, sanki sən bunlarla təzəcə tanış
olursan. Burada axıcı yazıçı
dilini, hadisələrə emosional yanaşmanı, yeri gələndə
bədii pafosu da unutmamalıyıq. Belə
cəhətlər əsəri müqəddəs bir mətləb
işığında uğura doğru aparır.
Bu müqəddəs
yol din yoludur, bu ruhani cihad islam
işığıdır. Mən Vüqar
Əhmədi illərdir ki, yaxından tanıyıram, dostuq,
sirdaşıq. Amma bu romandan sonra onu, sanki
kəşf elədim. Vüqar müəllimin
dini biliklərə bu qədər dərindən yiyələndiyini,
Qurani-Kərimi elmi şəkildə sərf-nəzər
etdiyini, irfani ruhlu həssas bir sənətkar olduğunu, ən
əsası da Həzrət Əli eşqiylə, əhli-beyt
sevdasıyla yaşadığını bu qədər bilməzdim.
O, islami dəyərlərdən danışanda coşur,
ehtizaza gəlir, qaynayıb daşır, belə vaxtda, sanki, qələmi
də, istedadı da tamam fərqli mənbələrdən nəşət
alır, xüsusən, əhli-beytə məhəbbət və
vurğunluğunu açıq təntənəylə bəyan
edəndə ruhi təcəllaya gedir, insanları bu mənəvi
missiyadan barınmağa, xasiyyət və ağılca, mənəviyyat
və ruhca bu ali hissin işığında mükəmməlləşməyə
dəvət edir. Burada onun ideyalarını, mənəvi məramını,
fikir və düşüncələrini dərindən ifadə
edən, onun özünün də romanın bir yerində
sitat gətirdiyi Nizami Gəncəvinin bu hikmətinə
söykənmək yerinə düşərdi: "Mədənin
qidası yeməkdir, ruhun qidası iman və ibadətdir,
könlün qidası şəfqət, mərhəmət,
sevgidir, qəlbin qidası isə elm və irfandır". Bu fikirləri, eləcə,
"Qaradağlılar" romanının ideya bünövrəsi,
leytmotivi kimi də qavramaq olar. Vüqar Əhməd həm
ayrı-ayrı obrazların yaşam tərzində, həyat fəlsəfəsində
və həm də özünün bəzən, hətta
aforizm səviyyəsində cümlələrində, deyimlərində , ümumiləşdirmələrində
dini əqidəyə ağlın, şüurun məhək
daşı, ruhun pərvərişi kimi yanaşır.
Dini görüşlər, teoloji baxışlar
insanlığın uşaqlıq çağının mənəvi-əxlaqi
və ruhi qudsallığı, özünüdərkinin ilk
önəmli nailiyyətidir. İnsan şüur
aktlarını dərinləşdirdikcə dünyanı, ətrafı,
baş verən təbiət hadisələrini
ağlının süzgəcindən keçirməkdən
öncə ruhən yaşamışdır. Ağıl sonrakı mərhələdir. Bütün çətinliklərə rəğmən
ruhi tərbiyə insanın yaşam sirrinə
çevrilmiş, ilkin dini təsəvvürlər
formalaşmışdır. Bu isə
insanın yaşam tərzini təmin etmiş, qəlbində,
ruhunda, təsəvvürlərində ziddiyyətli aləmin
sahmana salınmasında ilkin tutalqa olmuşdur. Məhəmməd
Peyğəmbər (s.s.) deyir: "Elm
insanın mənəviyyatını və ruhunu
saflaşdırmaqda tam gücsüzdür, bunu yalnız din edə
bilər." Və təsadüfi deyil ki,
zaman-zaman siyasi ideologiyaların kökündə dini
görüşlər, dinin söykəndiyi iman və əqidə
prinsipləri dayanmışdır. N.Hikmətin
"kommunizm özü bir dinçilikdir", - deməsi bəlkə
təsadüfüdür? Təkcə
Şərqdə yox, Avropada, mədəni dünyada ideya və
ideologiyaların əsasını dini müddəalar, teoloji
baxışlar və prinsiplər təşkil etmişdir.
Təbii ki, Şərqdə bu missiya islamın üzərinə
düşmüş, bütün siyasi, ideoloji hərəkatların
kökündə islam fəlsəfəsi
və estetikası dayanmışdır. O cümlədən,
Səfəvi-Azərbaycan dövlətinin banisi Şah
İsmayıl Xətainin də dövlət ideologiyası
dinçilikdən nəşət tapmışdı. Şiəliyi ideologiya səviyyəsinə
qaldırdığı üçün onu bu gün də
yeri gəldi-gəlmədi sağdan-soldan cırmaqlayanların
özü də yaxşı bilir ki, iddiası özündən
böyük olan, hər biri özünü, öz
qövmünü müstəqil dövlət gözündə
görən, dağınıq tayfaları yalnız dini bayraq
(ideologiya) altında birləşdirmək olardı. Qeyd
etdiyimiz kimi bütün dövrlərdə bu və ya digər
yöndən din ideologiyanın təməl prinsipini təşkil
edib. Qaldı ki, şiəliyin dövlət siyasəti və
ideologiya səviyyəsinə yüksəldilməsinə,
Vüqar Əhmədin də qeyd etdiyi kimi bu hərəkat
dinin sütunlarından sayılan islam peyğəmbərinin
sevimli silahdaşı, müqəddəs bir insan kimi hər kəsin
qəlbində özgür yeri olan Həzrət Əlinin (ə.s.)
cazibədar adıyla bağlı olmasıydı. Səfəvilərə
qədər sufi irfaniləri Həzrət
Əlinin müqəddəs və yenilməz heykəlini
insanların qəlbinə əbədi yerləşdirmişdilər.
Zamanın gərdişinin nəticəsi kimi sufi
ideyaları Şeyx Şəfi təkyəsinin də ideoloji bəzəyinə
çevrildi və bu təlim dərvişlikdən dövlət
ideologiyasına, dövlətçilik ruhunun təmsilçiliyi
səviyyəsinə ucaldı. "Qaradağlılar"
əsərində bu motivlər tarixi ardıcıllıqla,
dövlət quruculuğunun psixoloji təmayülləri, ən
nəhayət, Şah İsmayıl Xətai qüdrətilə
kamala yetmiş mükəmməl bir dövlətin inkişaf
yollarının fəlsəfəsilə həm tarixi faktlar, həm
də bədii təfərrüatla açılıb göstərilir.
"Qaradağlılar" roman-trilogiyası adından
da göründüyü kimi, üç hissədən -
"Əhli-beyt aşiqləri",
"Qaradağlılar", "Aydın və Gültəkin"
bölümlərindən ibarətdir. Hər bir ədəbi
düşüncədə bölgü şərti olduğu
kimi burada da yarımbaşlıqlar sadəcə mətləbi
qabartmaq məqsədi daşımır, həm də hadisələrin,
insan mənzərələrinin simmetrik sistemləşdirilməsinə,
ideya və məqsədin qabardılmasına, təlqininə
xidmət edir.
Tarixi hadisələrin gedişatına və gərdişinə
ayrı-ayrı tanınmış simaların (əsərdə
qəhrəmanların) şəxsində işıq tutan
Vüqar Əhməd bu insanların hər birinə tarixin bir
parçası, yaddaş boxçası, milli təəssübkeşliyin
əbədi qaynağı kimi yanaşır. Şah İsmayıl,
Şah Təhmasib, Sarı Piri bəy, Xızır bəy,
Əbülqasım, Ənsar Xəlifə,
şair Zəkəriyyə, ibn Yaqub, Nadir Şah Əfşar,
Ağa Məhəmməd şah Qacar, Pənahəli xan,
İbrahim xan Xəlilullah, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan
və başqaları. Həm tarixi şəxsiyyət, həm də ədəbi
qəhrəman kimi bu insanlar tarixi hadisələrin izlənməsi
və inkişafı, Azərbaycan xalqının milli
dirçəlişi və formalaşması vasitəsi kimi
olaylara, zaman və məkanın yaddaş səhifələrinə
işıq salmaqda ədib üçün məfkurə
sığınacağına, ideya qaynağına
çevirir. Bu şəxslərin aydın simaları,
tarixin yaddaşına incə ilmələrlə toxunmuş əməli
işləri, xalqımızın yüksəlişi, dövlətçiliyimizin
formalaşması, Vətənin birliyi naminə mücadilələri
"Qaradağlılar" romanının ədəbi
mündərəcəsini zənginləşdirir, bədii
siqlətini artırır, semantik strukturuna yeni təravət gətirir.
Ümumiyyətlə, Azərbaycan-türk
etnogenezinin formalaşmasında, bir millət kimi ətə-qana
dolmasında ustaclı-qaradağlı soyunun əhəmiyyətli
dərəcədə rolu bu ideyanın tərkib hissəsi
kimi yazıçıya yeni stimullar verir.
Ustaclı-qaradağlı nəslinin öncül simaları
İlyas Xəlifə, Ənsar Xəlifə, Şəmsəddin
Xəlifə, Əhməd Xəlifə, Mahmud Sultan, Bayandur
Sultan, Məhəmmədqasım xan, Mustafaqulu xan, Əbdürrəzzaq
xan, Məhəmmədkazım xan, Nəcəfqulu xan, Məhəmmədqulu
xan, Məhəmmədhüseyn ağa, Həsənəli
ağa və başqaları bütün mənəvi-əxlaqi
parametrləri, insani keyfiyyətlərilə
xalqımızın üstün cəhətlərini öz
simasında yaşadan nümunəvi şəxsiyyətlərdir.
Öz zamanından onların hər birinin üzərinə
tarixi vəzifə düşür: ehtirasların
qızışdığı məqamda, toqquşmaların
hüdudsuz azğınlaşma həddinə
çatdığı vaxtda onlar haqq uğrunda
döyüşlərdə öndə olub; kimisə
qılıncına, nizəsinə sığınıb, kimisə
sinəsində aşıb-daşan sözünə güvənib,
kimisi də qələminə söykənib. Beləliklə,
onların hər biri zamanının aparıcı siması
olaraq Vətənin, xalqın cəfakeşi statusunu
qazanıb.
Romanda tarixi hadisələrlə insan taleləri
iç-içədir və bir-birini tamamlayır. Əsərdə
müəyyən dövr və zamanların epizodik
çözümdə olmasına baxmayaraq, müəllif
ideyasının mayası tutumunda onlar da xüsusi rol
oynayır. Daha geniş təfsilata və olayların
sürəkli yüksəlişinə, rəngarəng və
təzadlı dönümlərin stixiyası içərisində
baqi olan harmoniya realizmin iç qatı kimi görünür. Zamanı və bunun içində məkanı
tamamlayan insan talelərindən biri də Həsənəli
ağanın adıyla bağlıdır. Məşhur
diktor Aydın Qaradağlının ulu babası olan, şair,
nasir, mütərcim, müəllim, xəttat,
musiqişünas kimi Həsənəli ağa
yaşadığı dövrdə təkcə
qaradağlılar soyunun möhürünü vurmuş insan
kimi yadda qalmır, həm də azərbaycanlı
varlığının ləyaqət simvolu kimi boy göstərir.
Ümumiyyətlə, o dövrdə Azərbaycanın milli-mənlik
şüurunu yaşadan Şuşa
mühiti, gələnəkli mədəni həyat, yetkin və
seçkin insanların bir-birinə fövqəladə
hörmət və ehtiramı, güvənci dövrün
kulturoloji mənzərəsini bir az da
dolğunlaşdırır. Xurşidbanu Natəvan, Qasım bəy
Zakir, Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, İbrahim bəy
Azər, Mirzə Ələkbər Növrəs və
başqa Qarabağ aydınları bu məkanda xalqın ədəbi-mənəvi
gələnəklərini qədərincə yaşaya və
yaşada bilirdilər. Müəllif onların
obrazlarını xüsusi həvəs və zövqlə
canlandırmışdır. Xüsusən, böyük
fransız yazıçısı Aleksandr Dümanın (ata) Şuşa səfəri, onun Azərbaycanın
ziyalı mühitindən məmnunluğu ziyalıya və
ziyalılığa münasibət müstəvisində
romanın ən cəzbedici səhifələrindəndir.
Sonrakı
davamda, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov,
Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə,
Cəfər Cabbarlı, Mikayıl Müşfiq və başqa
müqtədir öncüllərimizdən, ziyalılarımızdan
bəhs edən müəllif, ümumən ziyalı
elitamızın həyatından ən mübhəm
epizodları da yaddaşımızın güzgüsündə
canlandırır. Müəllifin ekskursları
yaxın tariximizə, bu günümüzə qədər gəlib
çıxır. O, günümüzün seçkin
ziyalılar pleyadasında Aydın Qaradağlının dostluq
etdiyi insanların təqdimatına da yer ayırır. Onlar yazıçılardır, şairlərdir,
müəllimlərdir, ən nəhayət, sadə zəhmət
adamlarıdır. Bu anlamda
yazıçı qələmində Aydın
Qaradağlının yaxın dostu, neftçalalı
ziyalı, ədəbiyyat pərvanəsi İmamverdi Əbilovun
adı xüsusi ehtiram və məhəbbətlə
xatırlanır. Ziyalılarımızın Azərbaycan
haqları naminə mücadilələrindən söz
açan səhnələrdə müəllifin coşqun vətənpərvərlik
duyğularına şahidlik edir, onun vətənsevərliyi ilə
oxucu da bu məhəbbətin qucağında xoşbəxt və
məsud hisslər yaşayır, öz-özünə
pıçıldayır: "Vətəni sevəndə də
belə sevəsən..."
Müəllif tarix boyunca xalqımızın erməni məkrindən
və fitnəsindən çəkdiyi bəlalara da geniş
yer verir, unutqan yaddaşımızı təzələməklə
ayıq-sayıqlığımızı artırmağa
çalışır. Hələ Şah İsmayılın dövründən
müsəlman qiyafəsi və türk-müsəlman sifətilə
saraylarımızdan tutmuş sənət
emalatxanalarımıza, ticarət karvanlarımıza qədər
hər yerə soxulan bu şeytan törəmələri daim
arxadan zərbə vurmaqla hər an bizim
üçün dürlü problemlər yaratmışlar. Müəllif ermənilərin fitnə-fəsadlarının
orta əsrlərdən başlamış XVIII-XIX əsrlərdə
Qarabağdakı əməllərinə, ən nəhayət,
XX əsrin 18-19-cu illərində Bakıda törətdiyi
qırğınlara qədər hər şeyi
etimologiyasına qədər ayıq yazıçı
ustalığıyla sərf-nəzər edir. Avan koxa,
Seyran koxa və bir sıra məliklərin Qarabağda törətdikləri
vəhşiliklərin davamı kimi bolşevik mantiyası
altında gizlənmiş qatı millətçi,
avantürist S.Şaumyanın Bakı
qırğınlarının ideoloqu və təşkilatçısı
kimi məkrli sifətinin, iç üzünün
açılımına qədər hər şey
yaddaşın amansız diktəsi kimi yazıçı qələmində
ittiham aktına çevrilir.
İnsan taleləri qismində romanın sonuncu
bölümü olan "Aydın və Gültəkin" fəsli
xüsusi qayğı, diqqət və məhəbbətlə
qələmə alınmışdır. Bu, yaxın
tarixdir və bizim yaşıdlarımız üçün
Aydın Qaradağlı da, Gültəkin Cabbarlı da
müasirlərimiz hesab oluna bilən qəhrəmanlardır.
Onların ecazkar səsinin sehrinə zaman-zaman biz də
düşmüşük, onlara can atmışıq, onlarla
bir dövrdə yaşamağımızdan qürur
duymuşuq, ən nəhayət onları, onların sənətini
biz də cani-dildən saf və ləkəsiz bir məhəbbətlə
sevmişik. Amma Vüqar Əhmədin sevgisi bir
ayrı sevgidir, bu sənətkarlara, bu bir-birinə incə mənəvi
tellərlə bağlı olan, ömrün şirinindən
doymayan bu iki aşiqə, bu sevdalı cütlüyə
yazıçı məhəbbəti tamam başqa aləmdir.
Adamın ruhunu tərpədən, insanı dərisinə
qədər təlatümə gətirən bu cümlələri
dərindən sevmədən yazmaq, bu cazibə dolu həyat həqiqətlərini
bədii dilin ölçülərinə bu dərəcədə
həssaslıqla sığışdırmaq olmazdı.
Bəli, belə olmasaydı, iki böyük sənətkarın
yarı yolda qırılmış ömür
dastanının kövrək notları oxucunu da kövrəltməz,
bu əhvalatı oxuya-oxuya arabir əllərini sövqi-təbii
gözlərində göllənmiş yaş damlalarına
aparmağa məcbur etməzdi.
Romanı, şübhəsiz, Vüqar Əhmədin uğuru və nəsr yaradıcılığında yeni bir möhürü hesab etmək olar. Əsər həm ideya-estetik, həm də məna-məzmun, mündəricə baxımından təqdirəlayiq ədəbi bir hadisədir. Düşündürücü və qaneedici məqamlardan biri müəllifin sətirlər arasından süzülən biliyi, savadı, geniş məlumatı, intellektual səviyyəsi, erudisiyası və hadisələri qiymətləndirmək bacarığıdır. O, tarixi-dini hadisələrə həssaslıqla yanaşır, Azərbaycan həqiqətlərinin, gələnəklərinin fəlsəfi çözümünü dərindən araşdırır, tarixin ibrət dərslərindən dərs almağın yollarını göstərə bilir. Buraya müəllifin romanda baş-başa qaldığımız ədəbi-bədii görüşlərini, ayrı-ayrı parçalarda insan talelərini və tarixi yaddaşı, ədəbiyyatımızın şah əsərləri sayıla biləcək şeir nümunələri, poetik lövhələrlə möhkəmləndirməsini də əlavə etsək, fikrimizi müəyyən mənada tamamlamış ola bilərik (Əbülqasımın Mövlanə Füzuli ilə görüşü şeirə, sənətə, şairə, sənətkara böyük hörmətin əbədi qaynağı kimi səciyyəvi səhnələrdir. Bu, ayrıca bir söhbətin mövzusudur).
"Qaradağlılar" romanı xalqın,
vətənin, dövlətçilik ənənələrimizin
əlvan və parlaq lövhələrini özündə əks
etdirən qiymətli bir sənət nümunəsidir. Hadisə və olayları son dərəcə dəqiqliklə,
obrazlı bədii vasitələrlə əks etdirən bu həssas
tarixi mənbə bədii əsər olmaqla yanaşı, zəngin
məlumatları özündə yaşadan düşüncə
saxlancı, informasiya mənbəyi və ensiklopedik yaddaş
kitabıdır. Keçmişimizin və
bugünümüzün sıx, iç-içə
xronologiyası, milli yaddaşımızın zaman-məkan
müstəvisində xronotopunu ozan təmkini və ləngəriylə
nəql edən, alim dəqiqliyi və səriştəsilə
açıb göstərən bu ədəbi-bədii, elmi-fəlsəfi
salnamədə son 500 illik tariximizin siyasi, iqtisadi, mədəni-kulturoloji
gələnəkləri yerli-yataqlı, parlaq lövhələrlə
əks etdirilib. Böyük amallar böyük iddialardan
doğur. Vüqar Əhməd "Qaradağlılar"
romanında Azərbaycan xalqının
böyüklüyünü böyük yazıçı
iddiasıyla önə çəkir və sübut edir. Xalq məhəbbəti
bir ziyalı-ədib kimi, onun üçün eləcə
dinçilik səviyyəsindədir. Bu, onun romanında da
baş leytmotiv, aparıcı ideyadır.
Loğman
RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.20-21.