Anar və Mirzə Cəlil; ruhun metafizik bağları

 

 

 

Sözlər insanlarsız da savaşa çıxa bilirlər; bütün zamanlarda ən çox bir-birinə qarşı çıxıb əlbəyaxa olma həddinə çatan "təsirlənmə" və "plagiatlıq" kimi. Bəzən hər iki söz duel məqamına gəlib çıxır, amma hər şey, təbii ki, insani müdaxilə olmasa, həmişəki kimi "sülh"lə sonuclanır. Amma yenə də burada əbədi sülh sazişindən söhbət gedə bilməz. Çünki ədəbiyyatda sülh olmur!

Biz "təsirlənmə" ilə "plagiatlıq" arasında - bu xırda aralıq məsafədə (Ruhun şad olsun, Lütfi Zadə!) "yeni" bir ifadə (Tələsməyin, "Tanrı dərgahı altında heç nə yeni deyil") təklif edirik: Ruh doğmalığı və ya ruh "plagiatlığı". Yaxın və çox uzaq zaman məsafələrində yaşayıb yaratmalarına baxmayaraq, ruhi doğmalıq (Və ya onun dumduru Şərq variantı olan ustad-şəyird cazibəsi) sənətkarları bir-birinə sarı çəkən gözəgörünməyən mistik bir enerji, qarşısıalınmayan magik bir güc kimi təzahür edir. Çox zaman həmin güc və enerji mənbələrini bilərəkdən gizlədənlərə - necə deyərlər, "körpüləri yandıran" sənətkarlara da rast gəlirik... Nə demək olar, bu da onların haqqıdır! Amma keçib gəldiyi körpülərə heyranlıqla boylanıb sonsuz sevgilərini açıq ifadə edən, o körpüləri ayaqlarının altından başının üstünə qövsi-quzey kimi qaldıran böyük sənətkarlarımız da vardır. Bu yazıda onlardan biri haqda - böyük yazıçı və mədəniyyətşünas Anar haqqında danışacağıq. Daha dəqiq desək, Anarla Mirzə Cəlil arasındakı ruhi doğmalıqdan, gözə "görünən" və "görünməyən" metafizik bağlardan söhbər açacağıq...

***

Şərqdə ədəbi məktəblərin varlığı danılmazdır: Nizami, Hafiz, Füzuli, Vaqif, Molla Nəsrəddin, Füyuzat... ədəbi məktəbləri kimi. Bir də Şərqdə və ümumən, dünyada diqqəti "az çəkən" və gözlə görünməyən Ruh məktəbləri də vardır. Onun müdavimləri simvolik və ya çağdaş leksikonla desək, virtualdırlar. Cəlil Məmmədquluzdə (Molla Nəsrəddin) ədəbi məktəbinin ən parlaq nümayəndəsi Anar məhz ikinci kateqoriyaya daxildir...

***

Əks tərəfdən gələnlə toqquşacağını göz altına alıb inkivizisiya tonqalının üstündən tullanan bir insanı göz önünə gətirin. "Yaxşı padşahın nağılı"nda Anar bunu etdi.

"Faytonçular şair olmaq istəyirdi, şairlər dəllək, dəlləklər vəkil, vəkillər vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı. Hamı, bircə padşahdan savayı. Padşah onsuz da padşah idi və odur ki, heç bir şey arzulamırdı.  Padşah dərhal tədbir tökdü. O, yaman tez-tədbir padşah idi: bütün rəiyyət - baş vəzirdən aşpaza qədər hər səhər yazılı surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim etməlidir" ("Yaxşı padşahın nağılı").

"Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər. Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər "urra" deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə. Ağalar və xanımlar yendilər. Kəndlilər genə "urra" çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə" ("Qurbanəli bəy").

İkinci parça XX əsrin əvvəlini, birincisi ortalarını simvolizə edir. (Həm də belə deyil, axı! Adlara "əl gəzdirmək"lə mətnlərin yerini də dəyişə bilərik!) Mirzə Cəlilinki qotik üslubdur - burada şaquli xətlər və iti bucaqlar aparıcıdır. Ədəbi ehkam və tabuları tənzimləyən iyerarxiyaya son qoyulur. Mətndə dekonstruksiyanı mətnin özü aparır. "Yallı"nın və "urra!"ların zavallı gününə baxın! O, kütləvi psixoz halını necə də gözəl verir! Mirzə hər şeyi öz adı ilə çağırır. O, öz dilini Ezop dili ilə əvəz etmir. Güclü "istək" var, amma etmir! Anarda bir qədər başqa cürdür. Mövcud ədəbi gələnəklərə "toxunmadan başqalaşmaq" Anar yaradıcılığına xas olan ən xarakterik əlamətlərdəndir. O, Ezopla əl-ələ verib öz mətnini qurur.

***

Hər iki mətnə bir də baxın.  Nə dəyişilib? Yox, zamanla işimiz yoxdur. Dəyişilməsə, zaman olmayacaq! Bizimki mətndir - mətnin zamanıdır. "Yaxşı padşahın nağılı"nda sanki zaman "dayanıb". Onu "tutub saxlayan" ikinci mətndir! Əgər ikinci mətnin səthində xırda bir tərpəniş sezilsə, onun dalğası birincisində də hiss olunacaq. Amma yoxdu bu tərpəniş! Anar həm də Mirzə Cəlildən "xilas olmaq" istəyir. Ola bilirmi?! Geridə "Molla Nəsrəddin - 66" vardır! Qarşıda isə sonsuz Mirzə Cəlil dünyası! Bütün yollar onu həmin dünyaya aparır. Tək Mirzə Cəlilə olan sevgi yetər ki, Anar portretinin ən hərarətli  ştrixlərini yerinə qoya bilək. Mirzə Cəlili sevən, sevən yox, daxilində Mirzə Cəlil "oturan" adam necə ola bilər? Haradasa onun da daxilində rəqs edən bir hüzn olmalıdır. Və belədir də! Amma iş bununla da bitmir. Anarı "reallığın yeganə mümkün modeli" olan mətnlərində "izləməliyik". İllər sonrası - 2006-cı ildə  o, Mirzə Cəlilə salam verib ən ağrılı etirafını etdi:  "Salam, "Molla Nəsrəddin" babam! Sənin dünyamıza zühur etməkliyindən düz yüz on il keçib. 1986-ci ildə səninlə son görüşümüzdən də otuz il keçir. Bu illər, əsrlər ərzində çox, lap çox şey dəyişdi. Amma heç nə dəyişməyib. "Köhnə hamam, köhnə ... " Yox, ola bilsin taslar dəyişib, təzələnib". Bu, sözün bitdiyi yerdir! Bu da Anarın sözləridir: "Bir əlimdə qələm, bir əlimdə çomaq vardır". Görəsən, kimdən qoruyur özünü?! Cavab Sabirdən gəlir: "Özümüz öz başımıza əngəl-kələfik biz".

***

"Anlamaq dərdi" essesini, zənnimizcə, oxumayan yoxdur (Böyük Cəlilşünas, akademik İsa Həbibbəyli ilə biz də razıyıq: "Cəlil Məmmədquluzadəşünaslığın şah əsəri"dir bu). Deyəsən, hökm kimi səsləndi, oxumayanların olması da şəksizdir. Tələbə ikən oxudum onu. Necə sarsıldığımı indiki kimi xatırlayıram. Yox, təkcə Mirzə Cəlilin faciəvi taleyi məni sarsıtmamışdı, proletar ədəbiyyatı və onun əsas metodu olan sosrealizmin bizə bəh-bəh və "urra!"larla nümayiş etdirdiyi siyasi-ideoloji dayaqlara, məlum ədəbi kriteriyalara, sifarişli "ehkamlar"a, saxta pafoslu estetik dəyərlərə ağır zərbə endirilmişdi. Çünki Mirzə Cəlilin gördüyü o kabusların hamısı Şura hökuməti dövründə olmuşdu. Bir sözlə, sovet ədəbiyyatına inamımızı zədələdi, yox, alt-üst etdi bu esse! Söhbət Mirzə Cəlili və ya ustad Rəsul Rzanın məlum şeirində olduğu kimi, Kefli İsgəndəri anlayıb anlamamaqdan getmirdi. İyirmi doqquz yaşlı Anar, sözügedən essenin sınırlarını aşıb bizə - qırmızı imperiyanın vəd etdiyi "kommunizm cənnəti"nə cani-dildən inananlara sanki içərisində tufan gizlənən sakit bir səslə deyirdi: "Sizin anlamaq dərdiniz vardır!" Bu, çox ağır ittiham idi...

***

Esse 1967-ci ildə yazılıb. Xruşşovun hakimiyyətdə olduğu - guya demokratik ab-havanın yarandığı, ölkədə avtoritarlığın və siyasi-ideoloji atmosferin nisbətən "mülayimləşdiyi" bir dövrdə. Belə çıxır ki, bu tarixi-siyasi fakt olmasaydı, esse yazılmaya da bilərdi və ya gec yazılacaqdı. Kökündən yanlış bir fikirdir! Esse bütünlüklə Mirzə Cəlilə sevgidən yoğrulub. Sevginin izharı üçün uyğun zamana ehtiyac olmur, sadəcə, sevginin özü bütünləşməli, özünə dolmalıydı... 

Adama elə gəlir ki, Mirzə Cəlilə olan nəhayətsiz sevgi Anar hələ dünyaya gəlməmişdən çox-çox əvvəl aristokratik ənənənlər mühitində ən qiymətli bir ailə əmanəti kimi məhz onun üçün kodlaşdırılıb qorunub. Sadəcə, bu genetik kodun ötürülməsi üçün Anarın gəlişi lazım idi. "Mən onun haqqında hörmətlə və ehtiramla, amma həm də məhrəm, ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqında babam kimi, atam kimi, qardaşım, oğlum, nəvəm kimi düşünürəm" ("Anlamaq dərdi" essesindən). Sözün bitdiyi yerdir! Yalnız sevginin dili - Sükutun danışmağa haqqı vardır...

***

"Anlamaq dərdi"ni "hekayələşmiş" fəlsəfi pritça da adlandırmaq olar. Əgər desək ki, totalitar rejimin altşüurda buraxdığı xofun izlərinə burada rast gəlinmir, yalan olar. Rejimin sənətkarın başı üzərindən asdığı "Demokl qılıncı"nın altında yazılıb bu esse. Amma Anar imkanı çatıncaya qədər, çox hallarda isə imkanlarının sərhəddindən o yana, o qılıncın iti tiyəsindən qorxmadan öz sözünü deyir və həmçinin, özünü "qoruya" da bilir. Həm də "özünüqoruma instinkti" sərt həqiqətlərlə yanaşı addımlayır bu mətndə... Lap həqiqəti bilmək istəsəniz, diskursboyu birincisi, adətən, ikincidən geri qalır. "Anlamaq dərdi"ndən eşitdiyiiz həqiqi ədəbiyyat səsləri hansılar idi?!

1. "Sənədlər"in tamam "başqa" bir  dildə - bədii-elmi-publisistik və simvolik bir dildə bu qədər sadə, aydın və "şirəli" "danışa biləcəyi"  heç ağlımıza gəlməmişdi.

2. İlk dəfə olaraq Mirzə Cəlilin "Əhvalatlar..."ı dünya ədəbiyyatı kontekstində təhlilə cəlb olunur; Frans Kafkanın "Məhkəmə işi" romanı ilə povest arasındakı struktur-ideya bənzəyişləri göstərilir.

3. Xüsusən, "Əhvlatlar..."a və "Ölülər"ə, "Anamın kitabı"na, ümumən, Mirzə Cəlilin bütün yaradıcılığına yeni rakursdan baxılır və yeni təhlil strategiyalarının "kövrək" modelləri təqdim edilir.

4. Cəlil Məmmədquluzadəni anlamaq dərdinin bütün zamanlarda olacağı haqda xəbərdarlıq edilir. Çox dəqiq proqnozlaşdırılır ki, İsgəndəri anlamaq Mirzə Cəlili anlamaqdan çox-çox asandır. Çünki "Mirzə Cəlilin anlamaq miqyasları və üfüqləri İsgəndərinkindən qat-qat geniş, dərin və əhatəli idi" ("Anlamaq dərdi").

***

Essenin adı böyük Rəsul Rzanın "Anlamaq dərdi" şeirindən götürülüb. Təkcə admı "götürülüb?" Bu şeirə qədər (və ya Kefli İsgəndəri "anlamaq dərdi"nə qədər) Anar, Rəsul Rzanın "Mirzə Cəlilin nisgilləri" və "Anamın kitabı" şeirlər silsiləsi arasında fikirli-fikirli, pərişan-pərişan, ağır-ağır "var-gəl" etmiş və "ölüb qurtarmayan ölülər"i ("Ölülər" şeiri), "səhnədə anasının balağına qısılan Nazlı"nı  ("Nazlılar" şeiri), "sorağı qanlı yollarda itən insan dərdinə sədd çəkilməsə, onun yenə qayıdacağı haqda səksəkə ilə düşünən" filosof-şairi ("Bəlkə də qaytardılar?" şeiri), "kamança çala biləcəyi təqdirdə heç vaxt Habilə əl qaldırıb qardaş qanı tökməyən Qabil"i ("Kamança" şeiri), "yazıları dağ cığırına bənzəyən və sapsarı vərəqləri olan anasının kitabı"nı ("Anamın kitabı") və "əbədi Mirzə Cəlil" dünyasından qopub gələn rəng, səs və işarələri canlı, dipdiri obrazlar kimi görmüş, onların metafizik qatına enmişdir.

R.Rzanın belə bir şeiri vardır: "Aydındır şeirin dili". "Kim nə deyir, desin! Şeir dili aydındır, istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. Elə aydındır bu dil, nadan yüz il oxusun, yenə bir şey anlamaz".

Təkəbbürlülük deyilsə, biz də deyirik, "Kim nə deyir, desin", ad "Anlamaq dərdi" şeirindən gəlsə də, essenin ümumi  stixiyası və monotonloqdan uzaq faktura və plastikası onu məhz "Aydındır şeirin dili"nin hüzuruna gətirib çıxarır...

 

***

Postsovet məkanı, sosrealizm QULAQ arxipelaqı olmaqla yanaşı, həm də Vaxt həbsxanası idi. Hələ də sosrealizmin bizə verdikləri ilə aldıqlarının fərqində olmayanlar və ya onlar arasında bərabərlik işarəsi qoyanlar vardır. Birmənalı olaraq, verdikləri aldıqlarının yanında bir damladır. Qorxu, təhdid imperiyası yaradıldı, gözümüzün odunu başlanğıcdan almağa başladılar; təkcə repressiya qurbanlarının ümumi siyahısı tərtib olunsa, damarlarımızda qanımız donacaq. Söhbət yalnız ədəbiyyat adamlarından getmir! Bu, aydınlarımız üzərində aparılan "modern" bir dekonstruksiya əməliyyatı idi - dağıdıb, linç edib, qətlə yetirib yerində yeni insan tipi - sovet adamını yaratmaq kimi məkrli bir plan idi. Bəkir Çobanzadələr, Cavidlər, Əhməd Cavadlar, Müşfiqlər, Məhəmməd Əmin Rəsulzadələr, Yusif Vəzir Çəmənzəminlilərin və başqa ziyalılarımızn "qeyb"i ilə  milli-ideoloji, ədəbi-mənəvi  varislik də qeyb oldu, yerində nəhəng bir qara dəlik yarandı. "Qalanlar"a - Mirzə Cəlillərə, Haqverdiyevlərə, Üzeyir bəylərə, Səməd Vurğunlara, Rəsul Rzalara... da "şans verildi" ki, içdən, içəridən özləri özlərini repressiya etsinlər. Onların qabağında o qədim pritçada deyildiyi kimi, gözü çıxarılmış qardaşlarının aqibəti "bərq" vururdu. Onlar üçün sükut da bir dəhşət idi: "Bir söz de! Heç olmasa məni məzəmmət elə! Danla! Qurtar nigarançılıqdan! Mərhəmət elə. Gözlərində nifrət görüm. Gözlərində hiddət görüm. Dayanma belə məlul, ümidsiz yollara göz dikən kimi. Qəzəbini yığ, yumrula, bük ən acı, ən amansız sözlərə, At üstümə bir daş kimi, Sanc bağrıma tikan kimi! Bir sillə kimi vur! At üstümə qom-qom, dəstə-dəstə. Ancaq bu sükutu kəs!" (R.Rza. "Qızılgül olmayaydı" poeması) Təkrar olsa da, yenə sözün bitdiyi yerdir! XXI əsrin "rahatlığı"ndan onları qınamağa, təhqir və inkar etməyə nə var ki?!

***

Repressiya davam edirdi... Anarın müasirləri - Anatoli Marçenko, Vladimir Bukovski, İosif Brodski, Aleksandr Soljinitsin hələ QULAQDA - düşərgədə idilər. Dahi Cavad Mircavadov və dissident ruhlu ziyalılarımız  düşərgəsiz də düşərgə məşəqqətlərini yaşayırdılar. Anarın daxilində də gözəgörünməyən bir savaş gedirdi. Qarşısında acı bir ailə faciəsi vardı; babaları repressiya olunmuşdu. Biri zindanda zəhərlənib öldürülmüş, digəri isə güllələnmişdi. 1926-cı ildə Mirzə Cəlil "Bəlkə də qaytardılar" hekayəsini yazacaqdı. Şura hökuməti tərəfindən təkcə imtiyazları deyil, həm də Vaxtları (elə "baxt"ları da!) zorla əlindən alınmışların tragikomik halı çox ibrətamizdir: ..."Hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazandə və nəvazəndələr çalırlar və xanəndələr də oxuyurlar:

Bəlkə də qaytardılar,

Bəlkə də qaytardılar.

Cavanlar da çırtıq çırtırlar". Əgər Mirzə Cəlildə iqtidar olsaydı, "manqurtlaşdırılan cavanlar" yazacaqdı...

Çırtıq çalıb "Yallı" getmək, kütləvi paradlar və "urra!"larla Vaxt öldürməyin dəbdə olduğu "yeni" totalitar dövrdə daha tədbirli davranmaq gərəkirdi. Vaxt sanki yazıçının başı üstündən asılan bir Demokl qılıncıdır, onu hər an təhdid edir. "Molla Nəsrəddin 66" belə bir tarixi şəraitdə yarandı.

Doğru eşitdiniz, 66! Anar Vaxt "qazanmaq" üçün rəqəmlərlə, hətta rəqəmlərin "abreviatura" olunmuş "kəsik"ləri ilə danışmağa hazırdır. Çünki rəqəmlər sözlərdən daha sürətli və yeyindirlər. Anarın VAXT-ı bitib-tükənməyən sonsuz boşluğa, mənasızlığa, kütləvi manqurtlaşmağa (Mirzə Cəlildə "Yallı"ya!) və ümumən avtoritar rejimə qarşı fəlsəfiləşmiş (çox hallarda lirik-fəlsəfi) bir müqavimət modelidir.

***

Anar 21 yaşında kiçik şedevrini - "Asılqanda işləyən qadının söhbəti"ni yazdı. Əsl klassik hekayədir. Bir qram da təhkiyəçi müdaxiləsi yoxdur, mətn təmizlənib, arınıb. Bir dənə də artıq sözə rast gəlməzsiniz. "Mətn MƏTNdən təmizlənə-təmizlənə, cialana-cilalana formalaşır və ona lazım olamayan artıq ünsürlərdən xilas olur" (Kamal Abdulla). Asılqan sanki psixoloji partlayış məkanıdır. Amma nəsə güclü partlayış baş vermir. Bəlkə də hekayənin unikallığı elə bundadır. Hər şey həyatda olan kimi səssiz baş verir. Onsuz da həyatın səsi çıxmır. Qışqıran bizik! Əvvəlcə sarı qadın paltosunun üstündən qara nimdaş kişi paltosu asılır. Soyuq vaxtlarda yun kişi şərfi də qadın paltosu üstündə gəlir. Hər iki paltodan sevgi axır... Ta bahalı parçadan olan mixəyi bir kişi paltosu öz "təkliyi"nə son qoyana qədər. Sonra həmin mixəyi palto bizə tanış olan sarı qadın paltosu ilə bir yerdə asılır. Çox sadə bir həyat hekayəti! Yazıçı o nimdaş qara paltonun sonrakı rəsmini çəkməyi də unutmur. Bir zamanlar sevgidə islanan o palto indi adi çiskin yağışda bütün paltolardan betər islanır. Və nəhayət, ən dramatik səhnə günlərin bir günü qara palto sahibinin sarı paltonu asılqanda işləyən qadından istəməsidir: "Aldı, baxdı, baxdı... Sonra qaytardı. Çıxdı getdi. Daha onu görmədim".

Hekayəni bitirəndən sonra adamı qəribə bir melanxoliya bürüyür. Niyə? Bəlkə, sorunun cavabını Mirzə Cəlildən alaq?! "Kür çayının kənarında cərgə ilə bitən uca ərər ağacları gəldi durdu gözümün qabağında. Birinin başı sağa əyiləndə ortalığa bir ayrısı daxil olub o biri ağacı sol tərəfə əyirdi. Belə olanda, iki ağacın başları gah bir-birindən uzaqlaşırdı, gah bir-birinə yavıqlaşırdı... Burada mən qəmgin oldum. Nə səbəbə qəmgin oldum, bunu daha söyləmək istəmirəm" ("İki qardaş" hekayəsi).

Məncə, "cavab" yoxdu...

Məncə, "cavab" var...

Hər iki mətnin qapısı səssizcə kilidlənir...

***

İncəsənət bütöv bir orqanizmdir - kosmosdur. Yazı-pozu ilə məşğul olan adamın incəsənətin digər sahələri ilə əlaqəsizliyi absurd bir şeydir. Anar bu yöndə də misilsiz bir örnəkdir. Teatr, musiqi, rəssamlıq və kino sənəti ilə sıx bağlı olan (bunların içərisində olan!) Anar öz işinin peşəkarı kimi təxəyyülünü işə salıb qələmə aldığı mövzulara aşırı dərəcədə "sadaqət"li olmadığını sübut edir. Doğru eşitdiniz: olmadığını! (Təkcə Mirzə Cəlil istisnadır!) Bu hal onun yaradıcılığını çoxspektrli edir.  "Mövzuya sədaqət" nə deməkdir? Özünü öz əlinlə təkadamlıq kameraya salmaq! O, lap gənclik illərindən doğru yol seçdi, bundan imtina etdi. Amma Anar öz yazıçı missiyasına həmişə sədaqətli olub: Diqqət və düşüncələrimizi günün, Vaxtın ən aktual məsələlərinə yönəldib. Necə deyərlər, şüurumuzun qaranlıq hücrələrində şam yandırıb, geri çəkilib. Mirzə Cəlil haqqında dediklərini çox rahat bir şəkildə onun özünə də aid etmək olar: "O (Mirzə Cəlil - M.Q), heç zaman ümumi, mücərrəd problemlərlə maraqlanmamışdır, onu narahat edən məsələlər həmişə konkretdir, hər bir problemi o, çoxcəhətli, əhatəli, tutumlu şəkildə götürür və dialektik inkişafda nəzərdən keçirirdi. O, yalnız öz dövrünü, bu günü deyil, sabahı, gələcəyi də görə bilirdi. Problemləri yalnız indiki halda deyil, gələcəyin variantlarında da qavrayırdı" ("Anlamaq dərdi").

***

Anarın Mirzə Cəlil haqqında iki filmi vardır: "Qəm pəncərəsi" (1986) və "Nigarançılıq" televiziya filmi (1998) Birincisinin həm ssenari müəllifi, həm də quruluşçu rejissorudur. İkinci filmin isə ssenari müəllifidir. Filmlərin məziyyətləri haqqında danışmaq istəmirəm, zira bu, kinoşünasların işidir. Deməyim odur ki, Anarın kino dili də nəsr dili kimi lakonik, mətnaltı informasiyalı, ezopsayağı və qədərincə simvolikdir. 

"Qəm pəncərəsi" filminin əvvəlində Mirzə Cəlil Həmidə xanıma jurnalda çıxan bir şəkli göstərib deyir: "Bax, bu müsəlman evidir, arvad hissəsidir, pəncərəsiz. Çöldə iki arvad bir-biri ilə görüşür. Biri o birinə deyir: Xanbacı, kaş adamın pəncərəli belə bir evi olaydı, hərdən darıxanda akuşkadan bayıra tamaşa edəydi". Pəncərə, filmin çoxqatlı obrazlardan biridir. Həm totalitar tabuları (çərçivələr, qadağalar anlamında), həm də azadlığa, fəzaya, genişliyə canatımları (uşağın filmboyu pəncərədən baxması) məcazlaşdırır. Pəncərəsizlik qlobal dünyadan təcridolunma, yalqızlaşma və təklənməni simvolizə edir. Epoxal faciə idi...

"Nigarançılıq" filmində uşaqlara danışılan pritça şüurumuzda ucalıqları, hüzuru, azadlığı şəkilləndirir. Həm pəncərəsizlik, həm də sərhədsiz hüzur Mirzə Cəlilin həyata keçməyən arzularının qəmli proyeksiyası idi...     

***

Birmənalı olaraq, Anar Dədə Kitabımıza - "Dədə Qorqud dünyası"na Mirzə Cəlilin "Anamın kitabı"ndan daxil oldu. Ona görə də mətnə keçid onun üçün çox "rahat oldu". Bu, bədii-elmi, məntiqi-rasional və hissi-emosional bir keçid idi. "Gültəkin abidəsi"ndən götürülən aşağıdakı fikirlər mətnə epiqraf seçilib: "Öz eli olan xalq idim, elim indi hanı? Öz xaqanı olan xalq idim, xaqanım hanı?" İstər-istəməz yaddaşımızda "Anamın kitabı"ndakı son fikirləri assosiasiya edir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar; çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına tərəf tutur) ətrafında gərək dolanalar; çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək, nə qədər canında nəfəs var, peşman olacaq". Zənnimizcə, əski "Gültəkin abidəsi"də qoyulan ağrılı suallara "Anamın kitabı" cavab verir.

"Dədə Qorqud dünyası" ilə böyük qazax şairi və ictimai xadimi Oljas Süleymanovun, zamanında ədəbi bum yaradan "Az-Ya" əsəri arasında çoxlu paralellər tapmaq olar. Ümumtürk konteksti hər iki müəllifin uçuş zolağıdır...

***

Anarın dili ilə Mirzə Cəlil  dili arasında heç bir "arakəsmə" yoxdur. Hər iki müəllif "varlığın evi" olan dildə özlərini çox rahat hiss edirlər. Eko deyirdi ki, ədəbiyyatın dilinin təsiredici olması onun fəlsəfi çəkisindən asılıdır. Həm Anarın, həm də Mirzə Cəliln dili həyata, onun fəlsəfəsinə fokuslanma baxımından anaxronik olsa da baryersizdir. 

Hər bir yazıçının "öz" qrammatikası vardır. Əgər qabıcıqda verilmiş "öz"ü interpretasiya etsək, ana dilin gerçək qrammatikasına gedib çıxarıq. Yəni ayrılıqda "öz" yoxdur. Həm də "var". Hər iki müəllifin dilinə bu aspektdən yanaşdıqda, konseptual-struktur, struktur-semantik və həmçinin, ritmik-melodik modellərin oxşarlığı bizi heyrətləndirir. Adamda belə bir qənaət hasil olur ki,   Anar təkcə Mirzə Cəlil dünyasından axıb gələn sözlər, adlar və şəkillərin deyil, həm də o böyük dahinin dilinin - leksikası, morfologiya və sintaksisinin, bütövlükdə qrammatikasının mühafizəçisi, qoruyucusu və ötürücüsüdür...

***

Mirzə Cəlildə konkret məkana (Vaxt da adıçıkilən məkanın içərisindədir!), Anarda  isə vaxta (zamana) virtuoz bir yanaşma vardır. Anarın universal təfəkkürü, ədəbi-estetik dünyagörüşü və üslubu Vaxta münasibətdə ortaya çıxır. Vaxt Anar üçün nə sürreal (Salvador Dali), nə də metafizik (Coys) bir nəsnədir. Vaxt onun əsərlərində real bir personajdır. Bir kino qəhrəmanıdır - son dərəcə məharətlə redaktə və korrektə olunmuş bir dildə danışır...

Anarın "Molla Nəsrəddin 66" kitabında bu adda bir hekayə vardır: "Zəncir". Əsərin qəhrəmanı Əvəz Əvəzov saatın (vaxtın) neçə olduğunu bilmək istəyir. Yolda  rastlaşdığı "köhnə dostu" Əli Əliyevə yanaşıb saatı soruşur. Əli Əliyev deyir ki, deməyinə deyərəm, amma sən də mənə dişimi qurdalamaqdan ötrü bir kibrit çöpü verməlisən. Özündə kibritin olmadığını deyən Əli Əliyev onu canıbir, qapıbir qonşusu Vəli Vəliyevdən istəyir. Vəli Vəliyev də deyir ki, qonşu qonşuya hansı gündə gərək olar? Kibriti verməyinə verərəm, sən də mənə bir papiros verməlisən... Beləcə, saatın soruşulması kimi xırda bir məsələ cəmiyyətin bütün təbəqə və zümrələrinin içərisindən ildırım sürətilə keçib mənəvi deqredasiya və əxlaqi aşınmaların sosial sistemi xərçəng kimi necə əhatə etdiyini, insanının öz simasını itirib tədricən karikaturaya çevrildiyini narahat bir ovqatla ortaya qoyur. Bəli, ortada zəncir vardır! Amma bu zəncir insanların mənəvi tellərlə bir-birinə bağlanmasına xidmət etmir, əksinə, onların adları kimi (Əli Əliyev, Əvəz Əvəzov, Qulu Quliyev, Seyid Seyidov vəs.) boz, yeknəsək və darıxdırıcıdır. Sanki Anar, amalı yalnız "eynixətli" "Yallı" gedib, rəngsiz "Urra!" qışqıran ("Qurbanəli bəy"), saxta pafos və sədaqət effekti yaradaraq cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən Mirzə Cəlil personajlarını yeni ad, şəkil və qiyafədə bir yerə toplayır, bir ipin (zəncirin) üzərinə yığır...

Fəqət "Zəncir"də gözəgörünməyən "başqa" bir zəncirin - Anarı Mirzə Cəlilə bağlayan simvolik və metafizik ruh zəncirinin varlığını siz də təsdiq edə bilərsiniz! O zəncirin ömrü ədəbi varisliyin ömrü qədərdir...

(Astara, Şiyəkəran kəndi)

 

Mehman QARAXANOĞLU

 

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.18-19.