Süveydaya məktublar

 

kitabdan parçalar

 

 

 

15-ci məktub

"Vüsalın adı məhşər olsun,

Eşqlə atan könlüm sənlə dolsun"

Sən Leylaydın, Süveydam, mən də Məcnun.

Hekayəmiz başdan yazılmışdı və biz istəməsək də, ayrılığın alovları bizi yandıracaqdı. Əgər könlüm üsyan deyilən ata minsəydi Süveyda, bu, sevgimiz üçün bir son olardı.

Ayrılıq çətin olsa da, gözləmək bizi tükətsə də, bil ki, hər keçən saniyə vüsala yaxınlaşdırır.

Hicranı bədənimdə gəzən hər damla qanda hiss etsəm də, ürəyim inan ki, sən deyə çırpınır.

Bəsirətsiz gözlər üçün viranə kimi görünən könlümdə gizlənmiş əslibaharsan (yaya yaxın açan və gözəl qoxulu gül - tərc.) sən. Açmağı gözləyirsən, həm də anbaan.

Xoş söylənişlər sənə təsir etməsin, Süveydam.

Güzərgahımız bəlli, bu seçilmiş yolda qibtə ediləcək aşiqlərik, bunu bil və arxayın ol.

Füzulinin iztirabı bizim iztirabımızdır, xəstəyik, amma qəlbimizi örtən sevinc gülüstanı belə, qısqandırır.

Dərgahıma gəldin, könlümü məst etdin, amma müridim olmağı heç qəbul etmədin sən.

Həvəsin gözlərindən daşsa da, əllərin və bar-maqların qarşımda titrəsə də, həyəcanını gizlədib qarşımda möhkəm bir qala kimi dayansan da, səndə olanı gizlədə bilmədin, Süveydam.

Sözlərindən və baxışlarından, səndə olan eşq istedadını görməyim qaçılmazdı, Süveydam.

Məndə əks olunanları səndə gördüyüm gün, məni özünə heyran etdin.

Əndamın nə olursa olsun, qəlbin və məhəbbətin qarşısında özümü aciz hiss etdim. Dünyanın yaradılış qayəsinin eşq olduğunu yenidən xatırlatdın mənə.

Taleyin bizi birləşdirdiyi kimi ayıracağını bilməzdik, Süveydam.

Bilərək yaşamaq və bayrama çatmamaqdı bizim dərdimiz.

Yaradılışımızın mahiyyəti eşqə aid tükənməyən güclü istək idi və gözləmək kamilləşmənin digər bir adıydı, Süveydam.

16-cı məktub

Qəmzəndə gizli bir dünya, qaşından daha uzaq yolmu var?

Məqsədsiz və elə-belə yaşayarkən, taleyin cilvəsiylə başıma gələn ən gözəl hadisə oldun sən, Süveyda.

Səni, o ilk gördüyüm andan etibarən məftunedici gözəlliyin qarşısında için-için əridiyimi və möhkəm deyə bildiyim könül qələmimin yavaş-yavaş sarsıldığını hiss etdim.

Saçlarının, yanaqlarının və dodaqlarının cazibədarlığı qarşısında özümü birdən-birə bir sərgüzəşt fırtınasının astanasında tapdım.

Dərgahından içəri girmək istəyənlərin çoxluğu qarşısında çaşıb qaldım.

Söyləsənə, Şahlıq quşum: bu gözəl camalınla daha öncə gözümə görünmüşdünmü? Sənin ətrafına yaydığın bu gözəl qoxunu daha əvvəl heç qoxlamışdımmı?

Məst oldum gözəlliyin qarşısında, çarəsiz dərdlərə düşdüm mən.

Oxuduğum sevgi hekayələrində halına güldüyüm və mənə heç də inandırıcı gəlməyən aşiqlərdən betər oldum mən.

Mənə bir dəfə gül, ruhumu dilşad eylə, gözəl! Sənin üçün bir çox şeydən imtina edib, qapında qul, kölə olmağa hazır olan bu qədər aşiqdən fərqliliyimi kəşf edib halımı anla artıq.

Təbiət də sənin qarşında diz çökmüş, gülşənə qayıdışını gözləyir.

O şux qamətin əşyanın hər görüntüsünə əks olunmuş, gəlişinlə birlikdə canlanmaq istəyir. Xəyalın ruhuma əks olunduqca, camalında gizlənən o əfsun, sükutdan əks olunan işıq dəstələri ilə toy günümüzə hazırlanır.

Kimsənin duymadığını mən duyuram, Süveyda. Aşiqlərin içində məni ayrı bir yerə qoy, çünki mən digərlərindən başqayam.

Çəməndəki güllər səndən aldıqları güclə gö-zəlləşir. Sən, güllərin sultanısan, sən bu dünyanın yaranma sirrisən.

Məlum olan tək bir şey var ki, vüsala gedən yolda sən açarsan.

Çətinliklərlə dolu bu yolun qapısı da qəmzəndəki sirlə açılır. Eşqinlə yanan könüllərə sanki müəyyən fasilələrlə yaradılışın qayəsini pıçıldayırsan, lakin biz anlamırıq.

Söylə mənə Süveydam...

O dodaqlarında gizlənmiş eşqə dair olan müəmma, hicrandamı gizlidir? Qaşından daha uzaq yol varmı?

17-ci məktub

Kəhkəşanımda bənzərin yox, nurunla aydınlat məni.

Qiymətini bilmədim, qərarından xəbərim yox idi, Süveydam.

Ayrılıq dənizində bərabəri olmayan bir tufan yaşayıram.

İçimdəki nəğmələr və ahlar, göy üzündə indiyə qədər bənzərinə rastlanmamış bir fəryad qoparsa da, sənin eşqinlə inləyən aşiqinə niyə hələ də bir yad kimi baxırsan.

Xurafatlara inanma, aramızı vurmağa çalışırlar. Eşq yolunda ən fədakar adamın, inan ki, mənəm.

Daha əvvəllər, məndən ehtiramla bəhs edərkən, kimlərə inanıb mənə arxa çevirirsən.

Bilmirsənmi səndən başqa güzərgahım yoxdur, qürbət, ancaq sevgimi və acımı böyüdür mənim.

Səni, qızıl alma kimi görənlər sənin gözəlliyinin fərqində ola bilməzlər, çünki sən bir nəzəriyyə deyilsən.

O güldən gözəl üzünü və yaradılışının sirrini saxlayan sevgini bizlərdən əsirgəmə, Süveyda. Səndən əks olunan işıq olmasa, biz qaranlıqda qalarıq.

Bəlkə nə vaxtsa, bir qəflət yuxusu içində səni qırdığımı bilmədən, hal və hərəkətlərimlə səni incitmiş ola bilərəm.

Sən bağışlayansan, sən elə böyüksən ki, sənə üz tutanları geri döndərməzsən və mütləq mükafatlandırarsan.

Səhvlərimi bağışla, lüzumsuz davranışlarımı xoş gör və dəliliyimə yaz. Süveyda deyə atan qəlbimi ağrılardan təmizlə və nə olar vüsalı bizim üçün qurtuluş elə.

Mənə güvən, Süveydam, arxayın ol.

Evimdə və könlümdə yalnız sən varsan, qurtuluş sənsən, kövsərim də sən.

Nə yazsam bil ki, sevgin içindədir. Sevdaya dair yazacağım kitabə, eşq yolunda sənin hökmranlığını dəyərsiz görənləri belə, qısqanqıracaq qədər ülvi olacaq.

Səni kiçik görən və sənə inanmayanlar bilsin ki, Kəhkəşanda bənzərin yox.

Cazibən, nəfsimi və gözlərimi kor edir, gözəlli-yindən əks olunan işıq ruhumu aydınladır və səndə qeyb olarkən, qoxunu təqib edərək hər an sənə qaçı-ram.

18-ci məktub

Hər gecə tənhalıq, hər gecə sükut.

Əqrəb gecə yarısını keçdikdə quyruğundakı zəhəri sanki mənə axıdır və başlayan yuxusuzluq içində mən, peşmanlıq oxları böyrünə sancılmış bir dərd kimi səssiz-səssiz inildəyirəm.

Belə axşamlarda incə bir məlal ruhumu dolduraraq, dərd üstünə dərd vurur və başımı güvənlə dayamadığım bir çiyin boşluğunu, qaçacaq heç bir qapısı qalmayan bir ovun ruh halı içində gözləyirəm.

Gözlənən xəyalsa və insan xəyalın içindəki xəyalla özünə təsəlli verirsə; ruhuna toxunacaq o kəlməni, tale yayından çıxacaq və əzab-əziyyətlərinə son qoyacaq bir oxu gözləyirsə fələkdən, faydasızdır.

Nəhayət ki, anladım, sevgili, ömür məngənəsindəki nəfəs batırsa insanın ciyərlərinə, öz-özümüzə söyləyə bilmədiyimiz vaqiə boğazımıza düyünlənən bir həqiqət olur sonunda.

Xoşbəxtlik harada? Hansı qitədə, hansı yerdə?

Yuxu harada?

Bədənin yorğunluğu önəmli deyil, amma könül və hissiyyata aid olan yorğunluğum heç vaxt sakitləşməyəcək bir fəryad kimidi içimdə.

İçimdəki məntiq adlı bir süvari eşq düzənliyindəki gəmi, ümidsizlik olan bir ata minmiş, duyğu qoşunlarının hamısına qarşı təkbaşına çaparaq irəiləyir.

Əlində sükutla sərtləşmiş hicran qoxan eşq qılıncını, önünə gələn hər kəsə batırıb ölmədən yol almağa çalışır.

Tənhalıq və sükut oxunu böyrünə alsa da, bu süvari yavaş-yavaş ölür və vüsalın xəyalıyla ayaqda durmağa çalışır.

Xəyalın olmasa Süveyda, o süvarini bir çırtma belə, yerə yıxa bilər.

Həyat həngaməsi içində bəzən xəyal qurmağı unudur və iç dünyamızı zülmətdə buraxırcasına xəyalı alışdırırıqmı görəsən?

Xəyal qurmursunuzsa, yaşamırsınız deyir, Yəhya Kamal və mükafatlandırır düşüncəsini "İnsan xəyal etdiyi müddətcə yaşar" - deyə.

Bədəni yaşadanlar məlum, amma ruhun yaşaması üçün vacib olan şey atəşli eşqdir.

Mübaliğə kimi qəbul etmə, amma oddan dənizləri şamdan gəmilərlə keçən aşiqin istedadı məndən artıq deyil.

Mən ki Süveyda, hər gecə səni tapmaq ümidiylə oddan mürəkkəb eşq dənizini axtarır və bir pərvanə kimi dəryana çatmağın xəyalını qururam.

Ey Fələk!

Uğur da, mal da, mülk də, pul da, hiddət də istəyənin olsun, mənim istədiyim bu deyil ki.

Kənardan görünən aldadıcıdır çox zaman.

Mənim istədiyim riyakar olmayan, mənfəəti söz olaraq belə unutmuş, saflığı səmimiyyətlə qardaş, eşqi fədakarlıq və gözəl əxlaqdan bəslənən, məni heç olmasa bir az da olsa, anlaya biləcək bir yar.

Qəlbi qəlbimin ritminə uyğun atan və könlü könlümün dilinə tərcüməçi; ruhu ruhumun bənzəri, gözü az da olsa mənim gözümlə aləmi görən bir məşuq...

Çox şeymi istəyirəm?

Mənə bəzən məndən yaxın, bəzən məni kənardan görən bir gözə sahib; bəzən bir ruh, bəzən bir sevgili, bəzən bir dost, bəzən də ən amansız tənqidçi ola biləcək xəyalla həqiqət arası bir pəri-surət axtarıram.

Zaman dəyirmanı gecələr heç susmur və ömür adlanan cövhəri amansızlıqla üyüdür, sevgili.

Ruhum da, xəyallarım da yalnız və kimsəsiz qalmağa məhkum kimi görünsə də, haqqı nə olursa olsun, içimdəki savaşın qalibi mən olacağam.

Axtarmaq tapmaqla eynidir.

Təvəkkül və şükür yoldaşım olduqca, dilimdə dua niyyətinə bu iki misra, inam atıyla hər gecə sənə doğru qaçaraq yol alacağam.

Hər gecə yalnızlıq, hər gecə sükut,

Könlümün aradığı təbəssüm edən umut.

19-cu məktub

Könlümün açarı kimdə?

Bir müəmmadan fərqsiz bu dünya. İnsanlar riyakar, dost kimi görünənlər mənfəətpərəst.

Dərdimlə dərdlənəcək; yaşadıqlarıma aid duyğusallıqla bir az olsun məni anlayacaq və mənimlə gülə biləcək kimsə yoxdurmu, dünya adlanan zindanda?

Baş verənlərə dair gözlənən, yoxsa xarici bir aləmdədir? Dilimə yapışan, "Könlümün açarı kimdə?" sualının cavabı, könül kitabından başqa heç bir kitabda yazılmır.

Sevgi kitabxanasında bəşəriyyətin Leyli və Məcnuna, Fərhad ilə Şirinə, Romeo və Cülyettaya və ya Monalizaya verdiyi kimi, mənə də bir məkan təsis etmə ehtimalı yaşadıqlarımı düşündükdə çox da zəif görünmür.

Könül diyarının açarı əlimdə, bir də qapıların nəyi gözlədiyini bilsəm; taybatay açılacaq mənə bütün qapılar və sənə bir addım daha yaxınlaşacağam, Süveyda.

İçimdə bəlkə də xoşbəxt deyiləm, amma həyatla mübarizəm və xəyallarım məni ayaqda tutur.

Gəlməyəcək bir sevgilinin olmayacaq bir xə-yalını qurmaq da gözəl.

Bəzi şeylərin ruhuyla özümə təsəlli verməsəm, peşmanlıq dənizindəki kaş ki balıqları bir piranya (Cənubi Amerikadakı axar sularda yaşayan, kiçik amma yırtıcı balıq növü - tərc.) kimi məni min dəfə parça-parça etmişdi.

Allaha şükür ki, indiyə qədər yalnız bir neçə yerdən sanca bildilər; bundan artığını da vermək niyyətim yoxdu doğrusu.

Özümüzə hər an sağlıqla baxmağımız üçün onun ara-sıra xəyal əmziyini sormamıza izin verməyimiz lazım.

Ah bir də yata bilsəm...

Yuxusuzluq halı içində yorğun düşən gözlərimin önünə bəzən işıq dəstələrini xatırladan görüntülər gəlir və sevgiliyə aid istəyim beynimlə bəzi xəyal oyunları oynayır.

Bəzən sevgili günəş, mən ay; bəzən mən günəş, o ay surətinə çevrilir.

Pərvanə-şam məzmununda ara-sıra yer dəyişməyimiz olur.

Özümü bəzən bir pərgar kimi hiss edirəm və çəkdiyim dairə bütün göyüzünü içinə alır; amma Süveyda anladım ki, əsl dairə sənsən və mən sənin dairənin içində gəzib dolaşıram.

Bu dünyada yerin cazibə qüvvəsinə qalib gələ biləcək tək güc, "Məhəbbət və sevda"dır hər halda.

Aşiq olanların ayaqları torpağa basılmaz və onlar sanki başqa bir dünyaya aiddir.

Sevgili üzünü göstərməsə də, uzaq diyarlarda olsa da, müxtəlif təbiət hadisələri ilə; bəzən qar, bəzən yağış, bəzən də külək olub mənimlə danışır.

Ahmed Haşimin, "Nərdivan" şeirindəki:

 "Bu bir dilin xəbəridir ruha dolmaqda,

Qızıl havaları seyr et ki, axşam olmaqda"

- deyəndə o qədər haqlıdır ki...

Sevgili danışdıqca, mən susuram. Mən danışdıqca onun dili lal kəsilir.

Onunla aramızdakı bağ, tellə akkord arasındakı rabitəyə bənzəyir.

Dil susunca qəlb danışır; qəlb susunca ruhlarımız çiçəklə arının görüşməsi kimi sükutla örtülən bir sevincin eyvanında bir-birinə serenada oxuyur.

Özümü niyə həmişə astanada hiss edirəm?

Açar əlimdə və eşq diyarına açılan o qulpsuz sirli qapı qarşımdadır.

"Sehirli sözü söyləyərək açarı çevir" - deyir qapının üstündəki qeyd.

Yalnız bir haqq tanınmış sehrli sözlə; birdən səhv kəlmə söyləyib, uzun illər boyu sıxıntılardan keçərək əldə etdiyim açar, doğru sözü demədiyim üçün kilidi içində qırılarsa.

Söylə mənə Süveyda, sehrli söz sənin adından başqa bir şey ola bilərmi?

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.17.