Uşaq ədəbiyyatımızın
maarifçi-realist mərhələsinin uğurlu tədqiqi
(Sevinc Rəsulova. Azərbaycan
uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi
(XIX əsrin II yarısı-XX əsrin əvvəlləri).
Bakı, Elm və təhsil, 2018)
"Böyüklər üçün" ədəbiyyatda
olduğu kimi, "kiçiklər üçün" ədəbiyyatda
da müxtəlif sivil xalqlarda ədəbi məhsulların
yaranma tarixi zaman baxımından fərqlidir. Açığını
deyək ki, Avropanın bir sıra xalqları bu məsələdə
zaman etibarı ilə şərqi qabaqlamışlar. Doğrudur, hələ tarixin dərin qatlarından
başlayaraq şərq xalqları zəngin, dəyərli, bəşər
bədii təfəkkürünün qiymətli nemətlərindən
ibarət bir bədii xəzinə yaratmışlar. Bu xəzinənin tarixi min illərlə
ölçülür. 5-6 min il
öncə qədim şumerlərin möhtəşəm bir
ədəbiyyat ortalığa qoyduqları bəllidir. Qədim və orta əsrlər şərqində də
qüdrətli qələm sahibləri yetişmiş və
onlar dünyaya misilsiz əsərlər bəxş etmişlər.
Ancaq meydana gələn bu bədii nümunələrin
hamısı kütləvi oxucu üçün nəzərdə
tutulmuşdu. Bunların ünvanı
bilavasitə kiçiklər deyildi. İstedad
sahibləri əsər qələmə alarkan oxucu
aidutoriyasının yaş fərqini nəzərə almırdılar.
Bir növ "kim başa düşürsə,
o da oxuyub anlasın" prinsipi ilə hərəkət edirdilər.
Nəticədə şərq, xüsusilə də islam coğrafiyasında bu günün
nöqteyi-nəzərindən (əslində isə elə o
gün üçün də) naqis sayıla bilən bir mənzərə
yaranırdı. Bilavasitə kiçiklər
üçün əsərlər
yaradılmadığından məktəb uşaqlarına
oxudulacaq bədii əsərlər kütləvi ədəbiyyatın,
daha dəqiqi, "böyüklər üçün"
yazılmış bədii məhsulların içərisindən
seçilirdi. Bədii düşüncə
və fikir məkanında sanki uşaqlar unudulmuşdu. Bu unutqanlığı Avropa daha tez dərk və tərk
etdi. İntibah dövrünün (XIV-XVI əsrlər)
Avropa dahiləri deyilən məsələni də yeni,
mütərəqqi baxışlı nəsil, azad
düşüncəli vətəndaş, demokratik ruhlu cəmiyyət
yetişdirməkdə vacib amillərdən biri kimi önə
çəkdilər. XVII-XVII əsrlərin
maarifçiləri, XIX yüzilliyin romantikləri və
realistləri də bu gərəkli ənənəni ləyaqətlə
davam etdirdilər. Nəticədə
Avropada bilavasitə "kiçiklər üçün"
əsərlər yazılmağa başlanıldı və
konkret şəkildə desək, uşaq ədəbiyyatı ərsəyə
gəldi. Çox keçmədən onun şedevr
örnəkləri ortalığa çıxdı. Şərqdə isə bu yaranış bir neçə
əsr ləngiməli oldu. Əlbəttə,
bu ləngimənin səbəbləri var idi.
Ləngimənin səbəblərini
tədqiqatçı Sevinc Rəsulova özünün "Azərbaycan
uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi"
(Bakı, Elm və təhsil, 2018) adlı monoqrafiyasında
kifayət qədər dolğun, elmi, məntiqli və
inandırıcı şəkildə əsaslandırmış,
şərh etmişdir. Monoqrafiya XIX əsrin
II yarısı və XX əsrin əvvəllərində Azərbaycan
uşaq ədəbiyyatının tədqiqinə həsr
edilmişdir. Tam ədalətlə və cəsarətlə
deyə bilərik ki, bu elmi araşdırma bizim uşaq ədəbiyyatımızın
öyrənilməsi istiqamətində görülən ən
yaxşı işlərdən biridir.
Hər şeydən əvvəl, onu qeyd edək ki, Sevinc
xanım özü uzun illərdir ki, təhsil, maarif sahəsində
çalışır. Uşaq ədəbiyyatının məktəblə,
maariflə bağlı bir məsələ olduğunu, məktəbin
ehtiyacları ilə əlaqədar yarandığını
yaxşı dərk edir. Təlim-tərbiyə
sahəsində həssas bir məsələ olduğunu əyani
olaraq görür, dərk edir. Elə buna
görə də araşdırmanın özünə də
həssas yanaşır. Nəyi nə
üçün etdiyini yetərincə anlayır. Müəllifin bir tədqiqatçı kimi
uğurları da buradan başlayır. Çünki
gördüyü işin mahiyyətini anlamadan, həm də
onu sevmədən heç bir işdə uğur qazanmaq
mümkün deyil. Sevinc xanım
gördüyü işin mahiyyətini həssas bir duyğu ilə
anladığı kimi, onu sevə də bilmişdir. Uzun illər maarif sahəsində
çalışıb şagirdlərin nəyə, nə
cür mənəvi sərvətə, tərbiyə vasitələrinə
ehtiyacı, marağı olduğunu da öyrənə
bilmişdir. Mövzu obyekti kimi
götürdüyü dövrdə ərsəyə gələn
uşaq əsərlərinin sərrast, səriştəli
analizi bunu aydın şəkildə sübut edir.
Əlbəttə, belə bir araşdırma
aparmağı qarşısına məqsəd qoyan filoloq alim
uğur qazanmaqdan ötrü bir neçə keyfiyyətə
malik olmalı idi. Bu keyfiyyətləri təxminən
aşağıdakı şəkildə xülasə etmək
mümkündür: Birincisi, XIX əsrdə və XX əsrin əvvəllərində
Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni gerçəkliyində
baş verən prosesləri, hadisələri, onların
baş vermə səbəblərini, mahiyyətini,
gedişatını öyrənməli idi; İkincisi, Azərbaycanda
bu dövrdə baş verən məktəb və maarif hərəkatını,
onun dinamikasını, yeniliklərini mənimsəməli,
doğru-dürüst şəkildə anlamalı idi.
Çünki uşaq ədəbiyyaının yaranma prosesi
bilavasitə yeni tipli məktəblərin, yeni meylli maarif hərəkatının
doğurduğu ehtiyacın nəticəsi kimi təzahür
etmişdi; Üçüncüsü, uşaq ədəbiyyatının
spesifikasını, özünəməxsus cəhətlərini,
böyüklər üçün ədəbiyyatdan fərqini,
pedaqoji-psixoloji əlamətlərini duymalı, lazımi
kriteriyalarını bilməli idi; Dördüncüsü,
maarifçi-realist ədəbiyyatın estetikasına, dəyər
və olçülərinə, tələblərinə,
ideya-nəzəri baxışlar sisteminə bələd
olmalı idi; Beşincisi, XIX yüzilliyin II yarısında və
XX yüzilliyin əvvəllərində nəşr olunan
çoxlu sayda məktəb dərsliklərini, uşaq
mütaliə kitablarını, uşaq mətbuatı
orqanlarını diqqətlə nəzərdən keçirməli
idi; Altıncısı, nəhayət, göstərilən sahədə
bilgiləri elmi təfəkkürün sağlam süzgəcindən
keçirib ümumiləşdirmələr, məntiqli təhlillər,
inandırıcı şərhlər aparmağı
bacarmalı ıdi.
Biz tam məsuliyyət və inamla deyə bilərik ki,
monoqrafiya müəllifi deyilən bu keyfiyyətləri öz
alim "mən"ində, axtarışçı şəxsiyyətində
layiqincə ehtiva edə bilmişdir. Monoqrafiya ilə
tanışlıq bunu deməyə yetərincə əsas
verir. Onun hər səhifəsində
müəllifin axtarışçı
bacarığının, ruhunun, cəfakeşliyinin izləri
görünür.
S.Rəsulovanın elmi əsərində bizi qane edən, xoşumuza gələn ən yaxşı cəhətlərdən biri təhlillərin "ideologiyasızlıq", daha doğrusu, "həqiqətpərəstlik" prinsipi ilə aparılmasıdır. Biz diqqəti bu istiqamətə cəlb edəndə sovet dövründə aparılan ideoloji təhlilləri nəzərdə tuturuq. Bəlli həqiqətdir ki, sovet dönəmində hakim siyasi rejimin diktəsindən irəli gələn ideoloji qəliblər, şablonlar mövcud idi. Bunlar yalnız ictimai-siyasi gerçəklikdə deyil, ədəbiyyat tarixçiliyində, ədəbi əsərlərin təhlilində, ədəbi tənqiddə də özünü ciddi şəkildə büruzə verirdi. Həm də zərərli bir ideoloji doktrina kimi ədəbiyyat sahəsindəki bütün təhlilləri, bədii fakta münasibəti öz təsiri (daha dəqiq şəkildə ifadə etsək, öz əsarəti) altına almışdı. Çox təəssüf ki, rejimin dağılmasından üç onillik ötsə də, həmin stixiya bir başqa şəkildə, cildini bir qədər dəyişmiş formada yenə də öz ömrünü davam etdirir. Bu məziyyət yalnız böyüklər üçün deyil, balacalar üçün ədəbiyyatı da öz ağuşuna alır. Nəticədə bir sıra uşaq əsərləri yanlış təhlil edilir. Onların ideya-məzmun xüsusiyyətləri, obrazlar aləmi oxuculara illüziyalı şəkildə təqdim edilir. Ona görə də balacalar həmin əsərləri yanlış başa düşürlər, oradakı həqiqətləri fəhm etməkdə çətinlik çəkirlər. Əlbəttə, belə bir hal ədəbi əsərlərin tərbiyəvi missiyasının, sənətkarlıq siqlətinin, bədii-tarixi dəyərinin da qeyri-obyektiv dərkinə gətirib çıxarır. Deməli, hər bir bədii nümunənin, o cümlədən, uşaq əsərlərinin obyektiv təhlili bədii mətnin düzgün fəhm olunmasında, oradakı bədii-estetik dəyərin üzə çıxmasında zəruri şərtdir. Filoloq alim S.Rəsulova mövcud monoqrafiyasında belə bir obyektiv yol tutmuşdur. Yəni tədqiqatçı elmi analiz prosesində ideologiyanın həqiqətindən yox, bədii mətnin həqiqətindən çıxış etmişdir. Elə buna görə də onun təhlilləri daha təsirli, daha inandırıcı görünür. Bu, Sevinc xanımın tədqiqatçı obyektivliyinin mühüm göstəricilərindən biridir.
Əlbəttə, alimin mövzu obyekti kimi götürdüyü XIX əsrin II yarısı və XX əsrin əvvəllərində ərsəyə gələn uşaq ədəbiyyatımızın elmi istiqamətdə araşdırılması ilə bağlı ədəbiyyatşünaslığımızda xeyli işlər görülmüşdür. Tədqiqatçı araşdırma zamanı öz həmkarlarının ortalığa qoyduğu işlərə, çəkdikləri zəhmətə hörmət və ehtiramla yanaşır. Onlardan faydalandığını, görülən işlərin səmərəsini nəzərə çatdırır. Bununla bərabər görülməli işlərin miqyası, istiqamətləri barədə də məlumat verir. Göstərilən zaman kəsiminə məxsus "kiçiklər üçün" bədii təsərrüfatın, məhsulların öyrənilməsi sahəsində mövcud olan boşluqları da göstərir. Öz monoqrafiyasının həmin boşluğu doldurmaq istiqamətində müəyyən təşəbbüs olduğunu qeyd etməklə onu da vurğulayır ki, bu istiqamətdə gələcəkdə də işlər davam etdirilməlidir. Bu cür təşəbbüslər uşaq ədəbiyyatımızın keçmişini, tarixi inkişaf yolunu öyrənməyə, daha yaxşı dərk etməyə xidmətdir.
Alimin tədqiqat hədəfinə çevirdiyi tarixi dövr uşaq ədəbiyyatımızın inkişafında xüsusi bir mərhələdir. Həmin mərhələnin mahiyyətini, ədəbi-mədəni xüsusiyyətlərini, əgər belə demək mümkünsə, fəlsəfəsini yetərincə anlayan müəllif haqlı olaraq qeyd edir ki, XIX əsrin II yarısı və XX əsrin əvvəlləri Azərbaycan uşaq ədəbiyyatının təşəkkül və ilkin inkişaf mərhələsidir. Bu dövrdə uşaq ədəbiyyatımızın istər təşəkkülü, istərsə də inkişafı bütünlüklə maarifçi-realist ədəbi düşüncənin və ədəbi-mədəni mühitin təsiri altında olmuşdur. Haqlı olaraq müəllif də öz araşdırmalarını və təhlillərini deyilən həqiqətin prinsipləri əsasında qurur. Elə buna görə də hər iki istiqamətdə, yəni həm konkret bədii faktın üzə çıxarılmasında, həm də faktın analizində, elmi-nəzəri təhlilində obyektiv nəticələrə gəlib çıxır.
Araşdırma zamanı tədqiqatçının qarşısında dayanan ciddi çətinliklərdən biri də materialın bolluğudur. Belə ki, bu dövrdə monoqrafiya müəllifinin də qeyd etdiyi kimi, bizim milli uşaq ədəbiyyatımız müxtəlif kanallarla intişar tapmış, oxuculara çatdırılmışdır. Kəmiyyət baxımından da bu nümunələr kifayət qədər çoxdur. Əlbəttə, bu nümunələrin hamısı seçmə əsərlərdən ibarət deyil. Onların içərisində orta və yuxarı səviyyəli əsərlər olduğu kimi, aşağı səviyyəli nümunələr də kifayət qədər çoxdur. Lakin tədqiqatçı bütöv mənzərəni yaratmaqdan və təqdim etməkdən ötrü cəfaya qatlaşmalı, irili-xırdalı yüzlərlə (hətta minlərlə) nümunəni nəzərdən keçirməli, yaxşını yamandan, südü sudan ayırmalı, ümumiləşdirmələr aparmağı bacarmalıdır. Bu, həqiqətən, xeyli mürəkkəb məsələdir. Lakin S.Rəsulova deyilən bu işin öhdəsindən ləyaqətlə gəlmişdir. Şübhəsiz ki, deyilən missiya uzunmüddətli zamanın və axtarışın, ciddi tədqiqatçı əməyinin, saf-çürük etmək bacarığının hesabına başa gəlmişdir.
Monoqrafiyada bizim diqqətimizi cəlb edən məsələlərdən biri də burada uşaq ədəbiyyatımızın maarifçi-realist mərhələsində həm nəsr, həm də poeziya nümunələrinin bir kompleks halında tədqiqata cəlb edilməsidir. Yəni uşaq nəsrinin, həm də uşaq poeziyasının eyni monoqrafiyada tədqiqi və təhlili dövrün uşaq ədəbiyyatının mənzərəsini, gedişatını, xüsusiyyətlərini, dəyərini bütöv halda anlamağa imkan verir.
Müəllif o dövrdə kiçiklər üçün yaranan əsərlərin uşaq ədəbiyyatımızın sonrakı inkişafına təsiri üzərində də dayanır. Haqlı olaraq söyləyir ki, balacalardan ötrü sonrakı tarixi dövrdə yaranan bədii xəzinəmiz məhz XIX-XX yüzilliklərin hüdudlarında ərsəyə gələn fundamentin üzərində yüksəlir. Uşaq ədəbiyyatımızın sonrakı bütün gedişatı öz qidasını əvvəlki münbit zəmindən alır. Monoqrafiya boyunca tədqiqatçı göstərilən sahədəki təsirin konturlarını cızır. Bu fonda maarifçi-realist uşaq ədəbiyyatımızın dəyərini daha da qabartmış olur.
Əlbəttə, monoqrafiyanın müsbət
məziyyətləri çoxdur. Bir məqalədə
bunların hamısına toxunmaq imkan xaricindədir. Daha
dolğun təsəvvür əldə etməkdən
ötrü ən yaxşısı monoqrafiya ilə
tanış olmaqdır. Bu zaman oxucu həm
müəllifin çəkdiyi zəhmətin miqyası, həm
də XIX əsrin II yarısı və XX əsrin əvvəllərində
meydana gələn uşaq ədəbiyyatımızın
faydası, çəkisi, sanbalı barədə dolğun təsəvvür
əldə edə bilər. Əminik ki, elmi ictimaiyyət bu
elmi əsəri maraqla qarşılayacaq.
Mahmud ALLAHMANLI
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet.- 2019.- 30 oktyabr.-
S.16.