İlham Namiq Kamal: "Aktyor qürurunu
itirdisə, deməli, hər şeyini itirdi"
"BU
VAXTA KİMİ İMTİNA ETDİYİM ROLUM OLMAYIB"
Bu il 70 yaşını qeyd edən Xalq artisti,
professor, sevilən sənətkar İlham Namiq Kamala doğum
günü təbrikləri səngimək bilmir.
Bu günlərdə TÜRKSOY tərəfindən
mükafatlandırılan sənətkarla
görüşüb həm yubileyindən, gördüyü
işlərdən, teatrdan, həm də incəsənətdə,
mədəniyyətdə aparılan islahatlardan
danışdıq. Ümumi mənzərədən elə də narazı
olmayan Xalq artistini narahat edən məsələlər də az deyilmiş. Söhbətimizə isə
xoş hadisələrdən - yubiley təbriklərindən
başladıq:
- Əlbəttə, bu cür xoş münasibət nəinki
mənim yaradıcılığıma, eyni zamanda, Azərbaycan
teatrına verilən yüksək qiymətdir. 70 illik
yubileyimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə
çalışdığım Akademik Dövlət Musiqili
Teatrın möhtəşəm səhnəsində, fəaliyyətimə
dəyər verən sənət dostlarımın əhatəsində,
təntənəli şəkildə qeyd etdim. Ondan başqa, Azərbaycan Dövlət
Televiziyası "Görüş yeri" verilişini mənim
yubileyimə həsr elədi.
Fürsətdən istifadə edib bu gözəl
anları mənə yaşadan, zəhməti olan hər kəsə
yenə də minnətdarlığımı bildirirəm. O vaxtdan bir neçə ay
keçib, amma hələ də təbriklər almaqda davam
edirəm. TÜRKSOY-un rəhbəri Düsen
Kaseinov təşkilatın mükafatını təqdim etdi.
Belə bir qurumun diqqətində olmaq məni
daha da fərəhləndirir.
Mən əslində, işimlə məşğulam.
Yenə də teatrda məşqlərim, tamaşalarım
davam edir. Səid Rüstəmov-Ordubadinin "Beş
manatlıq gəlin" tamaşasında baş rol olan Kəblə
Hüseynəlini məşq eliyirəm. Çox
maraqlı, qəribə obrazdır. Digər
tərəfdən, Azərbaycan Dövlət Televiziyasında
Əməkdar İncəsənət Xadimi Məhərrəm
Bədirzadə tərəfindən Nəcəf bəy Vəzirovun
"Yağışdan çıxdıq, yağmura
düşdük" əsəri əsasında film-tamaşa
hazırlanır. Mən də orda Hacı
Qənbəri oynayıram. Universitetdə -
kafedrada işlərim davam edir.
Məndə heç vaxt boşluq olmayıb, rejissorlar da
həmişə məni tamaşalarla, əsərlərlə
məşğul ediblər. Elə bundan sonra da
yalnız öz işimlə məşğul olacam.
Boş vaxtlarımda isə ailəmlə birlikdə
Şamaxıya gedirəm. Əslimiz
Şamaxının Sarıtorpaq məhəlləsindəndir.
Oranın təbiəti, havası tamam
başqadır. Qəlbən də ora
bağlıyam. İstər-istəməz,
dədə-baba yurdu insanı çəkir. İnsanları da çox sadə, öz işləriylə
məşğul olan adamlardılar. Yadıma gəlir ki,
babam həmişə nəvələrinə, yəni bizə
deyərdi ki, böyüyəndə bilmirəm kim
olacaqsız, amma hanbal olsanız da, yaxşısından olun. Biz əvvəl bu sözü anlamır, pis qəbul
edirdik. Sonradan isə gördük ki, həqiqətən
də onun sözlərində doğruluq çoxdur. Biz də elə hambal olduq, sənətin hambalı
(gülürük)".
İlham Namiq Kamal Musiqili Teatrdakı yubiley tədbirində
bütün gecə boyunca səhnədə oldu, mərasimi
özü idarə etdi. Səhnədə iki saat ərzində həm yubilyar, həm
aparıcı, həm aktyor, həm qonaq, həm müəllim
olmaq heç də asan iş deyildi:
"Mən əvvəllər də monotamaşalar
çox oynamışam. Yubiley gecəsinin rejissoru Cavid
İmamverdiyev çox geniş düşüncəli, bol
fantaziyalı insandır. Onun da fikrində
o var idi ki, mən səhnədə tək olum, gecəni
özüm aparım. Çünki bu günə kimi
görmüşük yubiley gecələrinin hamısı az qala bir-birinə oxşayır: yubilyar kənarda
oturur, səhnəyə çıxanlar onu tərifləyir,
mahnılar oxuyurlar, vəssalam. Gecənin ssenari
müəllifi Qasım Səfəroğlu idi. Çalışdıq ki, insanlar
darıxmasınlar. Görünən də
o idi ki, darıxmadılar. Mənə 7-8
müğənni təklif olunmuşdu. Amma
razılaşmadım. Bircə dostum, sevilən
müğənni Azər Zeynalovu seçdim. Yubiley yubilyarın sanki bir hesabat tədbiridir. Biz də bu hesabatı lazımınca verməyə
çalışdıq. Sonradan 2-3 dəfə
Mədəniyyət kanalında da nümayiş olundu.
Bircə çatışmazlıq zalın
balacalığı idi. Öncə Heydər Əliyev Sarayında
keçiriləcəyi düşünülmüşdü,
sonradan isə dedilər ki, elə öz işlədiyin teatrda
keçirilsin. O da gələn insanlara nəzərən
çox balaca, dar oldu. Qapıda qalanlar,
ayaqüstə izləyənlər çox idi. Neynək, bu da bir xatirə oldu.
İndi bölgələrdən də təkliflər
var. Onlar da keçirtmək istəyirlər. Karkas bu olacaq, amma bir az dəyişikliklə.
Bu illər ərzində bir aktyor kimi fəaliyyətim
davamlı olub.
35 il Akademik Milli Dram Teatrında
çalışmışam. Böyük
rejissor Tofiq Kazımovun rol almadığım tamaşası
olmayıb. Sonradan Musiqili Teatra gəldim.
Bunlardan başqa isə özəl "İlham
miniatür teatrı"m da vardı axı. Orada da çox dəyərli işlər
görürdük. Heyf ki, yer olmadı,
dayandırmalı olduq. Eyni zamanda, müxtəlif
teatrlara da dəvət alıram. Məsələn,
Opera və Balet teatrında bu yaxınlarda Soltan bəyi
oynadım, Kukla Teatrında tamaşa hazırladıq. Kukla Teatrı o demək deyil ki, ancaq uşaqlar
üçündür. Dünyanın hər
yerində Kukla Teatrının axşam tamaşası var.
Sadaladığım kimi, işlərimiz çoxdur. Allah can
sağlığı verdiyi müddətcə də
bunları layiqli şəkildə davam etdirməyə
çalışacam.
Son zamanlarda təkcə teatr sahəsində deyil,
ümumrespublikada islahatlar keçirilir.
Öncə onu qeyd etmək istəyirəm ki, hazırda
Azərbaycanda 26 dövlət Teatrı fəaliyyət göstərir. Nəyə
lazımdır bu? Niyə dövlət bu qədər
böyük xərclər çəkməlidir? Yaxın qonşularımız Türkiyəyə,
Rusiyaya, başqa ölkələrə baxaq. Onlarda belə, bu qədər deyil. Əvəzində bələdiyyə teatrları fəaliyyət
göstərir. Bizdə niyə olmasın
ki? Kimə lazımdır ki, dövlətin
bu qədər vəsaiti hər dəfə göyə
sovrulsun? Təkcə tamaşa
hazırlanması külli miqdarda vəsait tələb edir.
Hər tamaşaya nə qədər pul
ayrılır. Bəzən isə olur ki,
bir tamaşa hazırlanır və cəmi bir dəfə
oynanılıb, repertuardan çıxarılır. Onlarla belə tamaşalar var. Hər belə
tamaşa nə qədər boş məsrəf deməkdir.
Sonra da islahatlar tələb edirik. Belə vəziyyətdə islahatlar da köməyimizə
çatmaz axı. Bu halda nazirlik də
yüklənir. Məncə, artıq bələdiyyə
teatrlarının yaradılmasının vaxtıdır.
Hər şeyi dövlətin üzərinə
yıxmaq lazım deyil.
Teatrların inkişafı üçün orada
yaşından asılı olmayaraq, sağlam insanlar işləməlidirlər.
Düşüncəsi də, bədəni də
sağlam olmalıdır. Rusiya teatrlarında 105
yaşında aktyor səhnəyə çıxır. Bizdə isə müəyyən yaşa
çatdınsa, artıq işləyə bilməzsən.
Bu, paradoksdur. Yəni səhnənin
yaşlı aktyora ehtiyacı yoxdur? O insan ki,
sağlamdır, o, səhnəyə
çıxmalıdır.
Biz aktyoruq, səhnədə iki saatlıq kiminsə həyatını
oynayarkən qan təzyiqimiz qalxır, bir müddət
özümüzə gələ bilmirik. Bir də var həyatda
rol oynayanlar. Onlar yaxşı adam
rolunu oynayırlar, amma yorulmurlar. Bizim sənət
də insanlara məhz bu adamları göstərir,
yaxşını pisdən, xeyiri şərdən
ayırmağın yollarını öyrədir. Aktyorluğun qayəsi budur.
Əsl mənada sənət adamları insani xüsusiyyətlərə
malik olmalıdırlar. Bu haqda danışanda həmişə
gözümün qabağına Ağasadıq Gəraybəyli,
Əliağa Ağayev, Barat Şəkinskaya, Səməndər
Rzayev, Yaşar Nuri, Əlabbas Qədirov, Fuad Poladov gəlir.
Onlar hamısı ali insanlar idilər. Bir də var "nə yoğurdum, nə yapdım,
hazırca kökə tapdım" stiliylə, müəyyən
dəstələrə qoşulmaqla, özünü
ağıllı kimi təqdim etməklə üzdə
olmağa çalışanlar. Quranda da
var ki, beşikdən məzara kimi öyrən. Öyrənirsən, amma yenə də "bilirəm"
deyə bilmirsən. Elə insanlar isə
olur ki, onlar heç nə bilməyə-bilməyə, özlərini
ağıllı göstərirlər. Bəziləri
var ki, əslində, müxalifdirlər, amma müəyyən
məqsədlər ucbatından dövlətsevərliyə
bürünürlər. Onlar çox
qorxulu adamlardır.
Mən niyə hər zaman rahat, başıuca olmuşam? Çünki
məni instituta Adil İsgəndərov qəbul edib, Rza Təhmasib
dərs deyib. Uzun illər isə ən
böyük novator rejissor Tofiq Kazımovla işləmişəm.
Baş rejissorumuz olub, bizə müəllimlik də
edib, yetişdirib. Elə insanlar var ki,
bilinmir nə müəllimi olub, nə yiyəsi olub? Bax, cəmiyyət bunların qarşısını
almalıdır. Bəzən cəmiyyət
tanıyır onları, bəzənsə elə oynayırlar
ki, tanımaq olmur.
Həyatda "oynamaq" çox murdar xislətdir.
Sənət təfəkkürsüz, yalançı insanlar səhnəyə çıxanda, lazımsız hərəkətlər edəndə itirir. Kim olmağından asılı olmayaraq, hər kəs öz sənətinə ailəsindən aldığı tərbiyəsilə gəlir. Tərbiyəsiz adamdan nə gözləmək olar? O, cəmiyyətdə də tərbiyəsizdir, səhnədə də, sənətdə də. Nazim Hikmətin bir sözü var: "insan hamını aldada bilər, amma özünü əsla". O, öz içiylə təkbətək qalanda kim olduğunu yaxşı bilir.
Xalq sənətçisini hər kəsdən yaxşı tanıyır. Sənət adamı yaxşı mənada dövlətçiliyinə qulluq eləməlidir. Özünü, xarakterini qoruyub-saxlamaqdan çətin heç nə yoxdur. Amma bunu bacarırsansa, sabah cəmiyyətdə də, dövlətdə də, ailə içərisində də rəhmət qazanırsan.
İnsanları güldürmək həmişə çətin olub.
Aktyor sənəti bilavasitə əsəb-sinir
sistemiylə bağlıdır. Gülüş yaratmaq
üçün isə sinirlər daha çox işləyir,
gərilir. Daha çox
komik rollar oynasam da, dramatik, faciəvi rollarım da az olmayıb. Hamısı çətindir.
Amma əlbəttə ki, komik vəziyyəti
oynamaq daha çətindir. Həmişə müəllimim
Tofiq Kazımov deyirdi: "Biri var fiziki cəhətdən
gülməli adam, ona elə baxanda kimsə
güləcək. Biri də var, normal insan səhnədə
gülüş yaratsın. Bu, artıq
aktyor sənətidir". Sənin daxilin,
için o qədər doğru yönlənməlidir ki, həm
dramı, həm də komediyanı oynaya biləsən.
Bu vaxta kimi imtina etdiyim, ya da həvəssiz, sevgisiz qəbul
etdiyim rolum olmayıb. Rejissorun etimadını öldürmək
lazım deyil. O, bu gün sənə etimad göstərir
və sən imtina edirsənsə, sabah o
etimadı göstərməyəcək. Aktyorluq
hər yerdə asılı sənətdir. Verilən
rolu elə cani-dildən oynamalısan ki, rejissor sabah
bir də sənə müraciət etsin. Aktyor
yaradılmış tabloda bir çiçəkdir. Tablo isə rejissorundur. Sənin
çiçək ola-ola tablonu korlamaq ixtiyarın yoxdur.
Obrazda özünü axtarıb, tapa bilməyəndə
oynamamaq qeyri-peşəkarlıq, lovğalıq və sənətə
olan anormal münasibətdir. Deməli, onun
özülü yoxdur. Belə
çıxır ki, o, ancaq özünü oynaya bilər.
Peşəkar əsl mənada savadlı, alicənab
bir şəkildə sakitcə obrazın üzərində
işləməkdir. Bir obraz təsbehdir,
ayrı-ayrı epizodlar isə o təsbehi yaradan muncuqlar.
Sən aktyor olaraq o muncuqları bir-birinin
yanına elə düzməlisən ki, tamaşaçı
sona qədər səndən bezməsin.
Aktyor qürurunu itirdisə, deməli, hər şeyini
itirdi. Xarakterində qulluq olan aktyor necə xanı,
ağanı oynaya bilər? Qürurunu,
ağayanalığını saxlamayandan aktyor olmaz. Onu saxlamaq isə çox dəhşətli hadisədir.
İndi çox vaxt ya səhnədə, ekranda əvvəldən
axıra kimi qışqırırlar, ya da söyürlər. Tamaşaçını
da zamanla elə zəhərləyiblər ki, onun da tərbiyəsi
pozulub. Ona görə də reytinqi onlara
qazandırırlar. İndi verilişlərdə
nələr eləmirlər. Kim olduğunu
yaxşı bildiyimiz sənətçi çıxıb
efirdə namus, əxlaq, ailə, vətənpərvərlik dərsi
keçir. Sən müğənnisən, oxu, get də.
Axı bilirik ki, sənin heç vətəndən
xəbərin yoxdur. Başa düşə bilmirsən də
ki, bunlara meydanı kim verir? Hər
kəs yaxasını qırağa çəkir, "mənlik
deyil" deyir.
Etiraf edim ki, çəkilən seriallara, kinolara çox
baxa bilmirəm. Özüm də çəkilmirəm.
Çünki həm təklif etdikləri məbləğ
o deyil, həm də ən absurdu odur ki, öz paltarınla,
kostyumunla çəkiləcəksən deyirlər. Yəni sizin kostyumlarınız yoxdurmu? Niyə aktyor öz paltarıyla çəkilməlidir?
Mən belə şey görməmişəm.
Biz hər filmə çəkiləndə
xüsusi paltarlar hazırlanardı, sonra da o paltarlar növbəti
filmlər üçün saxlanardı. Hətta
"Mozalan"da belə aktyorlar üçün kostyumlar
tikilirdi. İndi dövlətimiz həm
teatrların, həm də kinostudiyanın fonduna müəyyən
qədər məbləğ ayırıb. Düşünürəm ki, kinostudiya ilk növbədə
bu problemləri həll etməlidir.
Amma ümumilikdə filmlərin, serialların çəkilməsinə qarşı deyiləm. Xüsusən, gənc aktyorlar üçün bu, əlverişlidir. Aktyor özünü, simasını harda tanıtsın? Mən gəncləri çox sevirəm, onlara inanıram. Özüm qəbul elədiyim tələbələrimə ilk növbədə iki söz deyirəm: ağıllı və tərbiyəli olun. Ondan sonra istedadını cilalaya bilər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.15.