Var olmaq üçün düşünək:
fəlsəfi məsləhətləşmə
III yazı
Cogito,
ergo sum - Düşünürəmsə, deməli, varam.
Rene Dekart
İlk iki yazımızda cəmiyyətimizdə problem
yaradan faktorlardan, onların mahiyyətindən və bu kontekstdə
fəlsəfənin rolundan, daha doğrusu, əhəmiyyətindən
danışdıq. Nəhayət, sıra mövzunu konkretləşməyə
gəldi - təklifimizə! Təklifimiz isə
fəlsəfi məsləhətləşmədir - XX əsrin
sonunda aktuallaşmış bir cərəyan. Termin ingilis dilindəki philosophical counselling söz
birləşməsindən hərfi tərcümə olsa da, məzmunu
tam əks etdirir. Onu tətbiqi fəlsəfə
və ya fəlsəfi terapiya adlandıranlar da var. Bu,
asılıdır məsələyə yanaşma tərzindən
- kimsə bunu fəlsəfi ideyaların, nəzəriyyələrin
gündəlik həyata tətbiqi kimi, bir başqası da fəlsəfəni
müalicə metodu olaraq qəbul edir. Fəlsəfi
məsləhətləşmə ən azı iki şəxsin
- filosofun və məsləhətə ehtiyacı olan şəxsin
fəlsəfi müstəvidə ünsiyyəti,
miqyasından asılı olmadan istənilən problemin həllini
də orada axtarmaqdır. Təbii ki, tibbi
müdaxilə zərurəti olan problemlər istisna edilir.
Başqa sözlə desək, bu, məhz düşünmək,
öz şəxsiyyətini təsdiq etmək istəyən
şəxsə fəlsəfənin qapısını
açan bir məktəbdir. Bu səbəbdən
biz terapiya, tətbiq sözünə deyil, məsləhətləşmə
sözünə üstünlük veririk.
Məqsədimiz Azərbaycan elmi mühitində sensasiya
yaratmaq deyil. Onsuz da hər hansı bir fəlsəfi ideyanın
kor-koranə tətbiqi yalnız problem yaradır və tezliklə
sönməyə məhkumdur. Söhbət
mövcud fəlsəfi potensialı passiv haldan
çıxarmaqdan, ondan istifadə edərək insanı
düşünməyə vadar etməkdən gedir. Və bu, barmağını gicgahına qoyub hansı
isə mücərrəd bir mövzunu deyil, öz həyatını,
varlığını, getdiyi həyat yolunu düşünməkdir.
Fəlsəfi
məsləhətləşmə - ilk tanışlıq
İlk dəfə
XX əsrin 70-ci illərində Kaliforniyanın San-Xose Ştat
Universitetinin professoru Peter Koestenbaumun "İnsanın yeni
siması: Klinik fəlsəfənin nəzəriyyəsi və
təcrübəsi" adlı əsərində fərdin
problemlərinin həllində fəlsəfi düşüncənin,
müzakirənin tətbiqi təklif edilir. Onun
fikrinə görə, "klinik fəlsəfə dünyada
insan kimi var olmağın şərtsiz (bu, nə qədər
mümkündürsə) izahıdır". Kostenbaum klinik fəlsəfəni psixoterapiyaya əlavə
kimi qəbul edir və bu səbəbdən bəzi filosoflar tərəfindən
fəlsəfi məsləhətləşmə kimi qəbul
edilmir. Psixologiyadan və psixoterapiyadan tamamilə
ayrılmış və öz metodları ilə fəaliyyət
göstərən fəlsəfi məsləhətləşmə
isə ilk dəfə 80-ci illərin əvvəlində alman
filosofu Gerd B. Achenbachın yaratdığı Alman Fəlsəfi
Praktika və Məsləhətləşmə Cəmiyyətində
təcrübədən keçirilib. Bu səbəbdən
dünyada fəlsəfi məsləhətləşmə
Peter Kostenbaumun deyil, məhz Gerd B. Achenbachın adı ilə əlaqələndirilir.
Lakin bu fəlsəfi məktəb Avropada deyil, məhz Birləşmiş
Ştatlarda geniş vüsət qazanıb və ilk dəfə
orada 1992-ci ildə Elliot D. Cohen, Paul Sharkey, Thomas Magnell kimi
filosoflar tərəfindən Milli Fəlsəfi Məsləhətləşmə
Assosiasiyası (NPCA) yaradılıb. Hazırda belə
assosiasiyalar, cəmiyyətlər artıq Avropanın bəzi
ölkələrində, o cümlədən, Türkiyə və
Rusiyada da yaradılıb, bu sahədə geniş
araşdırmalar aparılır, təcrübələr
keçirilir, konfranslar təşkil edilir. Yəni
özünü təsdiq etməkdədir.
Fəlsəfi məsləhətləşmənin
psixoterapiya ilə eyniləşdirilməsi halları
Koestanbaumla bitməyib, təbii ki. Məsələn, 2010-cu ilin noyabr
ayında YUNESKO-nun İnsanın təhlükəsizliyi,
demokratiya və fəlsəfə departamenti əsas mövzusu
"Ruhun fəlsəfəsi və dərmanı" olan
"Yeni fəlsəfi təcrübələr" adlı
simpozium təşkil etmişdi. Burada əsas məqsəd
"fəlsəfə və psixoterapiya"
cütlüyünün, bir növ tandeminin mahiyyətini təhlil
etmək idi. Həmin mötəbər tədbirə mən
"Sufizm ruhun dərmanı kimi" mövzusu ilə
qatılmışdım və dinlədiyim məruzələrdə
iki hal müşahidə etdim: nisbətən yeni cərəyan
olan fəlsəfi məsləhətləşmə
özünü təsdiq etmək üçün artıq
kifayət qədər tanınan, qəbul edilən
psixoterapiyaya söykənmək istəyir, eyni zamanda,
psixoterapiya da kifayət qədər potensialı olan bu cərəyanı
öz təsir dairəsindən buraxmaq niyyətində deyil. Bununla belə, Koestanbaumdan fərqli olaraq fəlsəfənin
öz gücünü dərk edən filosoflar belə bir əlaqəni
qətiyyən qəbul etmirlər. Məsələn, fəlsəfi
məsləhətləşmənin tanınmış
nümayəndəsi Ran Lahav yazır: "Psixoterapiya və fəlsəfi
məsləhətləşmə kəsişmir və
bir-birini tamamlayan sahələr deyillər. Onlardan
hər biri həyatın fərqli aspektlərinə yönəlidir".
Belə ki, fəlsəfi məsləhətləşmə
"keçmişə baxan ənənəvi psixoterapiyadan fərqli
olaraq gələcəyə baxır". Ən
vacibi isə, psixoterapiya insanın psixi halı, hissləri,
inancları, gizli həyəcanları, uşaqlıq xatirələrinə
istinad edir, fəlsəfi məsləhətləşmə isə
insanın varlığı, müəyyən vəziyyəti
ilə əlaqəli olan abstrakt ideyalara. Belə
məlum olur ki, hər ikisi insanın probleminin həllinə
çalışsa da və bu, əsasən söhbət, məsləhətləşmə
(psixoterapiyada həm də dərmanlar) vasitəsi ilə
aparılsa da, məsələyə yanaşma kökündən
fərqlənir. Bu fərqin böyüklüyünü
göstərmək üçün fəlsəfi məsləhətləşmənin
başqa bir tanınmış nümayəndəsi Lou Marinoff
özünün bu sahəyə aid ən böyük əsərini
"Prozak yox, Platon! Əbədi Hikmətin
gündəlik problemə tətbiqi" adlandırır.
Prozak antidepresan, propilamin əsaslı dərmandır.
Məhz bunu nəzərdə tutaraq filosof öz
müsahibəsində qeyd edir ki, "bizim müştərilərə
təklif etmək üçün olduqca faydalı ideyalardan
ibarət böyük bir dəstimiz var - 2500 illik
yığılmış müdriklik". Bəli, fəlsəfi məsləhətləşmənin
ən böyük silahı da, ən faydalı metodu da, ən
incə yanaşması da yalnız fəlsəfi ideyalar, hikmətlərdir
və məqsədi insanı öz problemini çözmək
üçün düzgün istiqamətdə
düşündürməkdir.
Fəlsəfi
məsləhətləşmə - yaxşı unudulmuş
keçmiş
Tarixdən də məlumdur ki, qədimdə
insanların gündəlik həyatını dəyərləndirmək,
mövcud problemləri, sualları həll etmək, olan hadisələrin
mahiyyətini açıqlamaq məhz filosofların işi
olub. Nümunə üçün Platonun
"Dialoqlar"ını xatırlamaq yetər. Marinoff
bir müsahibəsində deyir: "Antik dünyada fəlsəfə
həyatın və daha yaxşı yaşamağın bələdçisi
idi. Fəlsəfi praktika həmin şeyi təkrar
səhnəyə qaytarır. Beləliklə, bizə elə
gəlir ki, biz çox qədim bir iş görürük,
yeni tərzdə olsa da". Lakin sual yaranır: bu metoddan
yalnız Sokratmı istifadə edib?!
Əslində, qədim dövrdə həm Şərqdə,
həm də Qərbdə filosoflar hikməti müzakirələr
və söhbətlər vasitəsilə axtarıb,
cilalayıblar.
Öz vətənlərində öyrəndikləri
ilə kifayətlənməyənlər hətta uzaq ölkələrdəki
ustadların da görüşlərinə gedər,
onların müzakirələrinə qoşular, sonra
bütün biliklərini öz xalqının milli təfəkkürünə
uyğunlaşdırıb yeni bir hikmət təqdim edərmişlər.
Buna nümunə kimi istər antik dövr Yunan, istərsə
də qədim Hind və Çin filosoflarını göstərmək
olar. Qısa desək, onlar həqiqəti
söhbətlərdə, canlı ünsiyyətdə
axtarıb tapıblar, çünki zaman-məkan
fövqündə olan düşüncələr, ideyalar
milliyyətindən, dinindən asılı olmadan hər
insanın axtardığını ehtiva edir. Burada
bütün dövrlər üçün keçərli əhəmiyyətli
bir məqamı vurğulayaq: filosofla söhbət, ünsiyyət
zamanı iki istiqamətdə proses gedir: bir tərəfdən
söhbət zamanı dinləyici ona lazım olan həqiqəti
dərk edir, düzgün istiqaməti görür, digər tərəfdən
filosof yeni təcrübələr vasitəsilə öz fəlsəfəsinə
daha bir qat əlavə edə bilir.
Aristoteldən başlayaraq bu ənənəyə yenilik
gəldi. O,
Platonun söhbətlərində yetişsə də, hətta
özü də bir məktəbin - məşşailərin
yaradıcısı olsa da, Aristotel fəlsəfəsi bu ənənənin
sonunun başlanğıcı oldu. Ensiklopedik təfəkkürə
sahib filosofun fəlsəfəsinin bətnində yeni elmlər
doğuldu və hər biri müstəqil həyat qazanıb
ayrılmağa başladı. Sonda fəlsəfəyə
quru nəzəriyyə qaldı və o, reallıqla əlaqəsi
itmiş, mürəkkəb prinsip və kateqoriyalarla
danışan, yalnız Universumla, Mütləqlə,
transsendent dünya ilə maraqlanan bir sahəyə
çevrildi. Nəticədə get-gedə
filosoflar təklənir, öz hikmətlərini
yalqızlıqda, yalnız bu zirvəyə qalxa bilənlər
üçün yaradır, xalq isə fəlsəfəsiz
qalırdı. Burada qorxulu məqam onda idi ki, bu proses bir
qanunauyğunluq olaraq qəbul edilirdi.
Bəli, fəlsəfi məsləhətləşmə
Sokrat ənənəsinə qayıdışdır. Ancaq burada əhəmiyyətli
bir incəlik var: söhbət heç də gündəlik həyatı
"fəlsəfiləşdirməkdən", yaxud hər kəsi
filosofa çevirməkdən, yüksək həqiqətləri
bayağılaşdırmaqdan yox, əksinə, həyatın
özünə fəlsəfə zirvəsindən, filosofun
gözü ilə baxa bilməkdən gedir. Ran
Lahavın qeyd etdiyi kimi, "burada dar mənada deyilən
filosofluq etmək həyata və dünyaya daha müdrik bir
yanaşma göstərməkdir, yəni əsas həyati
problemlərə daha tənqidi, geniş və dərin
münasibət formalaşdırmaq. Bu mənada
filosofluq etmək və müdriklik anlayışları
sıx əlaqəlidir". Metaforik dillə desək,
bir dəmir qılınc olub öz qınına - təkliyə,
düşüncələr aləminə çəkilməzdən
əvvəl, ən vacibi isə öz düyününü
açmaq iqtidarında olmaq üçün çəkic və
zindanla mütləq ünsiyyətdə olmalıdır!
Fəlsəfi məsləhətləşmə Azərbaycanda lazımdırmı?!
Birmənalı şəkildə təkrar edək ki, milli ruha söykənməyən, onun üzərində bərqərar olmayan istənilən fəlsəfi cərəyan böhrana məhkumdur. Bunu bildiyimiz halda uzaq Amerikada uğur qazanan bir təcrübənin Azərbaycanda tətbiqini necə təklif edə bilərik?! Sadə. Bunu təqribən, elə həmin Amerikada istehsal olunan iPhone vasitəsilə öz doğmalarınla söhbət etməyə bənzətmək olar.
Beləliklə, hər şeydən əvvəl, fəlsəfi məsləhətləşmə aparan filosof milli ruhu və milli təfəkkürü çox yaxşı bilməlidir. Məsələ burasındadır ki, bir çox hallarda məhz düşüncənin alt qatında yatan bir hikmətdə çıxış yolunu tapmaq mümkün olur. Lou Marinoff "Prozak yox, Platon" əsərində gətirdiyi nümunələrdə bu və ya digər fəlsəfi ideyaların necə yardım etdiyini göstərir. Bir gəncin öz işindən heç cür zövq almaması, bir xanımın ailə həyatını heç cür öz axarına sala bilməməsi, yəni gündəlik, ilk baxışda adi görünən, amma gerçəkdə ağacı içindən yeyən qurda bənzəyən belə problemlər məhz ağıllı münasibət nəticəsində həll olunur. Lakin bu da nəzərə alınmalıdır ki, məsələn, Hegel fəlsəfəsi hər nə qədər mükəmməl bir sistem olsa da, gündəlik həyatında düyün düşmüş bir azərbaycanlı üçün onun bir faydası yoxdur. Bu baxımdan, biz iddia edirik ki, fəlsəfi məsləhətləşmə ilk növbədə məhz şəxsin altşüurunda mövcud olan hikmətləri aktivləşdirməkdir. Sokratın dediyi kimi, "araşdırılmamış həyatı yaşamağa dəyməz". Bir həyatın araşdırılmasında isə onun fitrətində olan hikmətləri bilmək və onları oyatmaq lazımdır.
İkincisi, fəlsəfi məsləhətləşmə filosofdan fəlsəfə tarixinin, zaman və məkana sığmayan fəlsəfi ideyaların yüksək səviyyədə bilməsini tələb edir. Məhz bütün ideyalar fonunda aparılan müzakirə və söhbətlər vəziyyətin düzgün anlaşılmasına və dəyərləndirməsinə imkan verir. Xatırladaq ki, bugünün insanı yalnız öz cəmiyyətinin deyil, bütün dünyanın, xüsusilə məqsədyönlü yürüdülən ideoloji hücumların təsirinə məruz qalır, deməli, onun problemlərinin həllində də fəlsəfə tarixinin bütün səhifələri səfərbər olunmalıdır.
Üçüncüsü, fəlsəfi məsləhətləşmə keçmiş, indi və gələcək arasında müqayisə aparmaq imkanı verir. Son 30 ildə Azərbaycanda siyasi, iqtisadi, hətta milli məsələlərdə də sürətli dəyişikliklər oldu, azərbaycanlı bütün bu halları bilavasitə yaşadı, gərginləşdi, çaş-baş qaldı, faciə yaşadı, sevindi. Bu mənada Azərbaycanda yaşlı, orta və gənc nəsilin hər birinin özünə məxsus problemləri var ki, birinin həlli digəri üçün qətiyyən uyğun gəlmir. Bu mənada fəlsəfi məsləhətləşmə hər insana fərdi yanaşmanı təmin edən, düşüncələrdə yaranmış ziddiyyətləri həll etmək, həyatı öz axarına salmaq üçün bir tətbiqdir. Burada ən vacib məqamlardan biri də budur ki, fəlsəfi məsələhətləşmə müasir dünyanın mürəkkəb vəziyyətinə uyğun gəlməklə yanaşı, problemin zəif halqasını görməyə də yardım edə bilir.
Beləliklə, apardığımız tədqiqatın
nəticəsini qısaca yekunlaşdıraq. İstər fəlsəfə
tədrisində yaranmış boşluq, istərsə də
bugünün xaosunda yaşanan problemlər insanı
olduğundan daha zəif vəziyyətə salıb. Fəlsəfi məsləhətləşmə
insana düşdüyü vəziyyətə fərqli bucaq
altında, daha dəqiq desək, fəlsəfə zirvəsindən
baxmaqla çıxış yolunu görməyi öyrədir.
İstənilən düyün məhz düşüncə
vasitəsilə açılır. Fəlsəfi məsələhətləşmənin
missiyası da budur, yəni insana düşünərək
öz mahiyyətini anlamağı öyrədir.
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.14.