İsi Məlikzadənin "Qatarda" kitabı təqdim olundu
Ötən gün Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin
təşəbbüsü ilə çap olunmuş "İsi Məlikzadə. Qatarda" hekayələr kitabının təqdimat
mərasimi keçirilib.
Kitab Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar
Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə çağdaş
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
İsi Məlikzadənin
anadan olmasının
85 illik yubileyi münasibətilə nəşr
edilib.
Təqdimat mərasimdə Yazıçılar
Birliyinin rəhbərliyi,
millət vəkilləri,
tanınmış yazıçılar,
ədəbiyyatşünaslar, İsi Məlikzadənin ailə üzvləri, oxucular və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov İsi Məlikzadənın yaradıcılığından,
onun əsərlərinin
dərin məzmunundan,
dilinin sadəliyindən
danışıb. Direktor kitabın
əhəmiyyətini xüsusilə
qeyd edərək bildirib ki, gənc
nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında böyük təsəvvür yaranacaq.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
İsi Məlikzadəni
60-cı illər Azərbaycan
nəsrinin tarixində
öz izini qoymuş yazıçı
kimi qiymətləndirib,
onun hekayələrini
Əbdülrəhim bəy
Haqverdiyevin hekayələri
ilə müqayisə
edib. O, çıxışında yazıçının əsərlərinin
əsas mövzusunun Qarabağ mühitinə
aid olduğunu, əsərlərinin
obrazlarını əyalətin
sadə insanlarından
seçdiyini, onların
canlı obrazını
yaratdığını söyləyib:
"Mən İsi Məlikzadəni bir dost kimi də xatırlayıram.
O, həm bədii təfəkkürə malik,
çox istedadlı, ağıllı, həm də bənzərsiz yumor hissinə malik olan insan
idi. Həyatdan erkən köçməsinin
bir səbəbi də Qarabağ dərdi oldu. Qarabağın itirilməsi ona
çox ağır təsir etdi. O, bu dərdi sözdə,
dildə yox, ürəkdən yaşayırdı.
Təəssüf ki, biz bu cür aydın təfəkkürlü insanı
çox tez itirdik. Yazıçılar Birliyinin təşəbbüsü
ilə çap olunan bu kitab
bizim ona olan mənəvi borcumuzun bir hissəsidir. Mənə elə
gəlir ki, hələ yaxın gələcəkdə İsinin
başqa əsərləri
də çap olunacaq, ekranlaşdırılacaq.
Və onun xatirəsi biz dostlarının, eyni zamanda, azərbaycanlı oxucunun qəlbində əbədi yaşayacaq".
Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru, jurnalist Rəşad Məcid kitabın ərsəyə gəlməsilə
bağlı məlumat
verərək, bu işdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O, çıxışında İsi Məlikzadənin Ağcabədidə xatirə
muzeyinin yaradılmasının
vacibliyini xüsusilə
qeyd edib.
Millət vəkili, yazıçı
Aqil Abbas İsi Məlikzadənin şəxsiyyəti və
yaradıcılığı barədə fikirlərini
bölüşüb, əsərlərindəki
sadə xalq danışıq üslublu
dilin zənginliyindən
söhbət açıb.
Milli Məclisin deputatı, şair Tahir Rzayev ədibin "Qatarda" povestindən, Dadaşov obrazının koloritindən danışıb
və yazıçının
"İki günün
qonağı" povestində
öz həyatını
qələmə aldığını
söyləyib.
Filologiya
elmləri doktoru,
professor Asif Rüstəmli
kitab haqqında geniş danışaraq bildirib ki, bu
ad zamanın qatarı,
həyatın qatarıdır.
Professor çıxışında
"Qatarda" kitabının
nəşrinin İsi
Məlikzadənin yubileyinə
ən sanballı töhfə olduğunu və kitaba Rəşad Məcid tərəfindən səmimi,
içdən gələn
hisslərlə ön
söz yazıldığını
xüsusi qeyd edib: "Hər birimizin yaxşı tanıdığımız, bu
kitabın da adını aldığı
hekayənin baş qəhrəmanı olan Dadaşov obrazında adi, sadə insanın düşüncələri
əks olunub. Onun hadisələrə, insanlara
münasibəti özünəməxsusdur.
Sanki əsərdəki balaca
qatar kupesi
böyük səhnəyə
çevrilir. Və o səhnədə
aktyor tamaşaçı,
tamaşaçı isə
aktyor rolundadır.
Bu kitab sübut edir ki, İsi
Məlikzadə yaradıcılığının
qatarı heç zaman dayanmayıb. Və nə qədər
ki, Azərbaycan ədəbiyyatı var, İsi Məlikzadə sadəliyi, səmimiliyi, cazibədarlığı hər
zaman yaşayacaq".
AYB Ədəbiyyat fondunun
direktoru Əjdər Ol çıxış edərək ədibin
"Qırmızı yağış"
əsərindən, işlətdiyi
məcazların əhəmiyyətindən
danışıb. O bildirib
ki, belə kitabların çapdan buraxılması gənc nəslin İsi Məlikzadə yaradıcılığına
olan marağını
daha da artıracaq:
"Hər bir yazıçı əsərləri
vasitəsilə öz
dövrünün şəklini
çəkir, ruhunu ifadə edir. İsi Məlikzadə də mənsub olduğu, yaşadığı dövrü
əsərlərində güzgü
kimi əks etdirən, həmin dövrün daşıyıcısı,
təmsilçisi olan
sənətkardır. Amma bütün bunlarla yanaşı, onun toxunduğu mövzular hər zaman aktualdır".
Tənqidçi Əsəd Cahangir çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq "Ədəbiyyat" qəzetində çap etdirdiyi "Qatarda keçən 30 il" məqaləsindən danışıb. Bildirib ki, İ.Məlikzadənin yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub. Ədibi "realist-psixoloji yazıçı" kimi dəyərləndirən tənqidçi deyib: "İsi Məlikzadənin bu kitabının çapına bilavasitə təşəbbüs göstərdiyinə görə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyi, özəlliklə də, Rəşad Məcidə və bu təşəbbüsü müsbət qarşılayıb, kitabın çapına verdiyi dəstək üçün Anar müəllimə təşəkkürümü bildirirəm. "Qanun" nəşriyyatında işıq üzü görən "Qatarda" hekayələr kitabını yazıçının yeni nəsil oxuculara təqdimi yolunda konkret və vaxtında atılmış bir addım kimi səciyyələndirmək lazımdır".
Onun fikrincə, yazıçının nəsr dilinin folklordan və xalq ruhundan gələn təbiiliyi var ki, bədii yaradıcılığa yeni başlayan gənclər ondan çox şey öyrənə bilərlər: "Bunu görmək üçün onun bəzi hekayələrinin eləcə adına baxmaq yetərlidir: "Neçə ilin qonşuları", "Dağlarda quzu mələr", "Bu dağlar qoşa dağlar"... Lakin əsas məsələ sadəcə başlıqlar yox, bu hekayələrin məzmunu və ən ümumi ruhundadır. İsi Məlikzadə xalq deyimlərini bədii mətnə paltarın üstünə etiket kimi vurmur. O, öz hekayələrini 60-cıların bəziləri kimi yalnız müəyyən bölgə üçün səciyyəvi olan dialektoloji elementlərlə yükləmək və bununla da "ağır oxunan" yazıçı olmaq iddiasından da uzaqdır. Ümumən hər cür aşırı sınırlara varmaqdan yan keçərək ədəbi dillə xalq dili arasında təbii və ideal tarazlığa nail olur. Onun nəsr dilinin əsas gözəlliyi və özəlliyi bundadır. Bu anlamda o, qızıl ortanı ən yaxşı tutan nasirlərimizdən biridir. Bu məsələdə hara qədər getmək və harda dayanmaq lazım olduğunu fitri dil duyumu özü ona diktə edir. İsi Məlikzadənin hekayələrinin əsas məkanı 60-90-cı illərin Azərbaycan kəndi, əsas qəhrəmanları sadə kənd adamları, şəhərdən kəndə gələn ziyalılardır. Onun hekayələri müharibənin dağıntılarından çıxmış kənddəki güzəran sorunlarının doğurduğu mənəvi aşınmalar, əxlaqi təbəddülatları bir güzgü kimi göstərir. Bəzən deyirlər ki, İsi Məlikzadə yalnız özünü yazıb. Əslində, bu, onun uğurudur. Çünki o, təkcə özünü yox, özündə olan insanların ümumiləşmiş obrazını yaradıb. Bununla da İsi Məlikzadə həmişəlik ədəbiyyat faktına çevrilməyi bacarıb".
Daha sonra kitabın redaktoru, şair və publisist Şahanə Müşfiq çıxış edərək bildirib ki, indiyə kimi İsi Məlikzadə yaradıcılığında bir sükut var idi, artıq keçirilən belə tədbirlər bu sükutun pozulmasına səbəb oldu: "İsi Məlikzadəni "Qatarda" tele-tamaşasıyla tanıyıb, "Quyu" povestiylə sevib, digər əsərləriylə bağlanmışam. Amma etiraf etməliyəm ki, onu ən yaxşı şəkildə məhz sözügedən "Qatarda" kitabının toplanması, oxunması və redaktəsi prosesində öyrəndim. Baxmayaraq, təhsilim, sahəm və marağım etibarilə Azərbaycan ədəbiyyatı, onun bir qolu olan İsi Məlikzadə yaradıcılığı hər zaman diqqətimdə olub. Amma düşünürəm ki, uzun illərdir bu adın və bu əsərlərin üzərində qəribə bir sükut var idi. Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyiylə çap olunan bu kitab, İsi Məlikzadənin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məhz bu sükutu aradan qaldırdı. Sürətli zamanda insanların qalın-qalın kitablar, uzun-uzadı romanlar oxumağa səbri və marağı qalmayıb. Məhz belə bir dövrdə İsi Məlikzadənin kiçik hekayələrindən ibarət kitabı onu nəsildaşlarıma və bizdən sonrakılara daha yaxşı tanıtmaq yolunda atılmış ən uğurlu addım hesab edirəm. Müəllifin dili, hadisələrə baxışı və onları anlatmaq tərzi o qədər sadə, rəvan, axıcıdır ki, insan ilk cümləyə başladısa, sonuncu cümləni tamamlamamış kitabdan ayrıla bilmir. Öz nəsildaşlarım adına bu gözəl kitaba görə Yazıçılar Birliyinin sədri Anar müəllimə, təşəbbüskar Rəşad Məcidə ürəkdən təşəkkür edirəm".
Sonda ailə adından yazıçının qızı Xatirə Məmmədli çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib: "İsi Məlikzadə ailədə də çox gözəl insan idi. Necə ki, bu gün burada dəyərli söz adamları onun yaradıcılığıa haqqında xoş fikirlər səsləndirdilər, eləcə də ailə başçısı kimi ən gözəl sözlərə layiqdir. Biz onun adına, əsərinə, fikrinə harda rast gəlsək çox sevinirik, atamın zəhmətinin dəyərləndirilməsindən xoşbəxt oluruq. Bu kitab da bizi son dərəcədə məmnun etdi, sevindirdi. Zəhməti olan hər kəsə təşəkkürümüzü bildirirəm. İsi Məlikzadənin tezliklə Ağcabədidə Ev Muzeyinin yaradılmasını arzulayırıq".
Daha sonra tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət "İsi Məlikzadə - 85" adlı sərgi ilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.
MEHRİ
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.11.