120 dövlətin mövqeyi: Ermənistan işğalçı dövlətdir

 

Qoşulmama Hərəkatinin Baki Zirvə Görüşü AzərbaycanIn ciddi diplomatik qələbəsidir

 

 

Bir neçə gün əvvəl paytaxt Bakı daha bir dünyamiqyaslı və əhəmiyyətli tədbirə - Qoşulmama Hərəkatının (QH) XVIII sammitinə ev sahibliyi etdi. İkigünlük sammitdə quruma üzv bütün dövlətlər, həmçinin, müşahidəçi ölkələr və beynəlxalq təşkilatlar təmsil olunurdular. 60 ölkə dövlət və hökumət rəhbəri səviyyəsində sammitə qatıldı.

Bu sammit zamanı həm də Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi. Məlumat üçün bildirək ki, ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Burada olduğu qısa müddət ərzində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanıb və cəmi 5 ildən sonra Hərəkatın Zirvə Görüşünə ev sahibliyi etdi, eyni zamanda, 2019-2022-ci illər üzrə sədrlik hüququna sahib oldu.

Özündə 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-nin Prezident İlham Əliyevin sədrliyi ilə 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Bakı Zirvə Görüşü dünya miqyaslı tədbirdir. Zirvə Görüşü 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə oldu, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu.

Azərbaycanın müstəqillik tarixində Qoşulmama Hərəkatının Zirvə görüşünün Bakıda keçirilməsi ən böyük siyasi tədbir idi. Zirvə görüşündə 159 nümayəndə heyəti dövlət və hökumət başçısı, parlamentin sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunmuşdu. Həmçinin, BMT Baş katibinin müavini, BMT Baş assambleyasının prezidenti Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda idilər.

Zirvə görüşünə sədrlik üzv dövlətlərin yekdil qərarı ilə Prezident İlham Əliyevə verildi. Dövlətimizin başçısı 120 dövləti, 38 müşahidəçi, qonaq dövləti və beynəlxalq təşkilatları özündə birləşdirən XVIII Zirvə toplantısına yüksək diplomatik peşəkarlıqla sədrlik etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışda Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin, ölkəmizin son 15 ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev QH-də sədrlik dövrü üçün əsas prioritetlərimizi də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Prezident İlham Əliyev Azərbaycanın QH-da sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi "Bandunq prinsipləri" üzərində quracağını qeyd etdi. Ölkəmizin QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafa və ədalətin təmin olunması üçün var gücü ilə çalışacağını qeyd etdi.

Qoşulmama Hərəkatının Zirvə toplantısı dünya dövlətləri Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirmişdir.

Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.  

Yekun sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.

Yekun sənəddə dövlət və hökumət başçıları Nasist hərəkatının, neo-nasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucadılması, Nasist keçmişi, Nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də antihitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: "Biz dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik".

Ermənistan və onun havadarlarının dəridən qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu.

Mövzu ilə bağlı fikirlərini bildirən politoloq Fikrət Sadıqov deyib ki, Bakıdakı Zirvə Görüşü Azərbaycanın dünyadakı yüksək nüfuzundan xəbər verir. Hərəkatda BMT-nin üzvü olan 120 dövlətin birləşdiyini xatırladan politoloq bunun kifayət qədər böyük qüvvə olduğunu vurğulayıb: "Qoşulmama Hərəkatının dünya siyasətində, beynəlxalq münasibətlər sistemində bir sıra qərarlara təsiredici effekti olmalıdır. Qoşulmama Hərəkatı bir neçə qitədə yerləşən dövlətləri özündə birləşdirən təşkilatdır və yüksək nüfuza malikdir. Onların bir sıra dünya siyasətində baş verən proseslərə təsir gücü artıq dərəcədə effektli ola bilər".

F.Sadıqov qeyd edib ki, Azərbaycanın sözügedən təşkilata 3 illik sədrliyi zamanı bizi narahat edən, maraqlandıran bir sıra məsələlər qaldırıla bilər: "O cümlədən, dünya siyasətində stabillik, təhlükəsizlik, separatçılığa, terrorizmə qarşı ciddi mübarizə və digər məsələləri qeyd edə bilərik. Artıq separatçılıq bir sıra qitələrdə müşahidə olunur və bizi də narahat edən məqamdır. Üzv dövlətlər bu istiqamətdə öz gücünü, öz effektivliyini göstərməlidirlər və göstərirlər. Artıq bir neçə qətnamə qəbul olunub. Azərbaycanın nüfuzlu təşkilata 3 il müddətinə sədrlik etməsi diplomatik və siyasi uğurdur. Çünki Azərbaycan təşkilatın gənc üzvlərindəndir və 2011-ci ildən hərəkata qoşulub. Bu təşkilata sədrliyin Azərbaycana həvalə olunması bizim yüksək nüfuzumuzdan xəbər verir. Artıq Azərbaycana inanırlar, etimad edirlər. Bir sıra məsələlərin gündəmə qoyulmasını və həll olunmasını gözləyirlər. Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlər daha da effektli olacaq. Ölkəmizin nüfuzu qalxacaq".

Politoloq hesab edir ki, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında hərəkat mühüm platformadır: "Bu qədər dövlətin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın reallıqları ilə tanış olması tam maraqlarımıza cavab verir. Biz bu meydandan effektli istifadə edib, öz maraqlarımızı bu ölkələrə çatdırmalıyıq. Eyni zamanda, reallıqları yaymaqla yanaşı, bizi maraqlandıran digər məsələlərlə bağlı qətnamələrin, qərarların qəbul olunmasına nail ola bilərik. İnanıram ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi həm bizim üçün, həm də təşkilat üçün faydalı olacaq".

Millət vəkili Aydın Hüseynov isə deyib ki, dünyada böyüklüyünə görə BMT-dən sonra ikinci beynəlxalq təşkilat kimi tanınan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşünə toplaşması son dərəcə böyük hadisədir. Belə ki, təşkilatın beynəlxalq siyasətə təsir imkanlarını və dünyada mövqeyini nəzərə alsaq, görüş bəşəriyyət üçün müsbət mühüm əhəmiyyət kəsb edəcək. Deputatın sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan 8 il sonra təşkilatın beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisidir: "Bu, eyni zamanda, Avropa qitəsində 30 ildə sonra təkrarlanan bir hadisədir. Dünya əhalisinin yarıdan çoxunun - təxminən 55 faizinin Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşadığını, yer kürəsində neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alaraq tədbirin Bakıda təşkili iqtisadi, siyasi və beynəlxalq baxımdan mühüm əhəmiyyət kəsb etməklə Azərbaycanın dünyaya açıq ölkə olduğunu və humanizm dəyərlərinə sadiq qaldığını təsdiqləyir. Çünki artıq hər kəsə yaxşı məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dinamik surətdə inkişaf edərək dünya birliyində qüdrətini durmadan artırır. Zirvə Görüşündə iştirak edən ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ölkəmizin sosial ədalət prinsiplərinə sadiq qalaraq son dərəcə sürətlə inkişaf etdiyini görməklə, Ermənistanın faşist siyasətinə bir daha yaxından bələd oldular. Görüş Azərbaycanın dünya birliyində rolunun genişləndiyinin və bunun xarici ölkələr tərəfindən də dəyərləndirildiyinin bir daha təsdiqidir".

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.7.