Bacarıqlı həkim, etibarlı dost
AZƏRBAYCAN
TİBB UNİVERSİTETİNİN DOSENTİ, RESPUBLİKANIN
ƏMƏKDAR HƏKİMİ TARYEL EYVAZOVUN 70 YAŞI TAMAM
OLUR
Mən Taryel Eyvazovu 1966-cı ildən - Azərbaycan Tibb
İnstitutunda birinci kursda oxuyandan, yəni artıq 53 ildir ki,
tanıyıram. O vaxtdan bugünə qədər fasiləsiz olaraq
dostluğumuz davam edir.
Taryel Əli oğlu Eyvazov 1949-cu ildə ziyalı bir ailədə
anadan olub.
1966-cı ildə Ağdam şəhər 5 nömrəli orta
məktəbi bitirib, elə həmin ildə də N.Nərimanov
adına Azərbaycan Tibb İnstitutunun
(hazırkı Tibb Universiteti) Müalicə-profilaktika
fakültəsinə qəbul olunub.
Atası
Əli Eyvazov Azərbaycanın ilk orden alan
müəllimlərindəndi. Bununla əlaqədar
olaraq Təhsil Nazirliyinin Muzeyində eksponat nümayiş
etdirilir. Onun Azərbaycan Təhsilinin
inkişafında böyük xidmətləri var. Uzun illər
həmçinin, Böyük Vətən Müharibəsi illərində
Ağdamda Maarif Şöbəsinə rəhbərlik edib.
Sonra yeni yaradılan Jdanov (indiki Beyləqan)
rayonunda təhsilin təşkili ilə əlaqədar oraya
Maarif Şöbəsinin müdiri vəzifəsinə
keçirilib. Sonda 20 ilə yaxın
Ağdamda yeganə beynəlmiləl orta məktəb olan 2
saylı şəhər məktəbinin direktoru olub. Ailə bütünlüklə həkim-müəllim
ailəsi kimi tanınır. Taryelin
böyük qardaşı Tibb İnstitutunu fərqlənmə
diplomu ilə bitirib, Qarabağ zonasında dəyərli həkim
kimi ad-san qazanıb. Mərhum Rizvan Eyvazovun
yerli camaat üçün göstərdiyi xidmətlər
unudulmazdır.
Taryel tələbəlik illərində dayanmadan
çalışırdı. Əla oxumaqla
yanaşı, tələbə elmi cəmiyyətində və
institutun ictimai işlərində də fəal iştirak
edirdi. Yuxarı kurslarda Semaşko adına
xəstəxanada (hazırkı Kliniki Tibbi Mərkəzdə)
gecə növbəsində işləyirdi. 1972-ci ildə
İnstitutu əla qiymətlərlə bitirən bu fəal,
savadlı tələbəyə nəzəri kafedralardan birində
qalması təklif olunsa da (ovaxtkı qaydalara görə
institutu yeni bitirənlər yalnız nəzəri kafedralarda
qala bilərdilər), Taryel öz doğma rayonu Ağdama həkim
təyinatı almağa üstünlük verdi.
Daima əlaqəmiz olduğundan, gözlədiyimiz kimi də
xəbərlər gəlirdi. Qısa müddət ərzində
Taryelin artıq "Taryel həkim" kimi məşhurlaşmasının
şahidi olduq. Qeyd etdiyim kimi, daima öz
üzərində işləmək onun ən müsbət
xüsusiyyətlərindən biri idi. Təkcə onu demək
kifayətdir ki, "rayon həkimi" olmasına baxmayaraq,
"Azərbaycan Tibb Jurnalı" və
"Sağlamlıq" kimi nüfuzlu mətbu orqanların
redaksiya şurasının üzvü seçilmişdi. Rayonda işlədiyi müddətdə də fəalliyət
göstərmişdi. O, komsomolun 30 və 31-ci
qurultaylarına nümayəndə, şəhər sovetinə
deputat seçilmişdi. Gözlənildiyi kimi, Taryel həkim
yenə də çətin bir işin də öhdəsindən
layiqincə gələrək yüksək müsabiqə
olmasına baxmayaraq, 1977-ci ildə "Daxili xəstəliklər"
ixtisası üzrə Azərbaycan Tibb İnstitunun qiyabi
aspiranturasına daxil oldu. Apardığı
elmi-tədqiqat işi çox maraqlı olmaqla yanaşı,
çox da praktik əhəmiyyək kəsb edirdi. O, kənd
əhalisi arasında ən çox rast gəlinən daxili xəstəlikləri
müəyyən etməklə bərabər, həm də
onların qarşısının vaxtında alınması məqsədilə
görülməli olan profilaktik tədbirlər barədə
metodik işlərə dair məqalələr də dərc
etdirdi.
Dissertasiya
işini Respublikanın əlaqədar Elmi Şuraları ilə
yanaşı, aparıcı elmi təşkilat kimi müəyyən
edilmiş N.İ.Piroqov adına Lenin ordenli
2-ci Moskva Tibb İnstitutunda da müzakirə edilərək
müsbət rəy alındıqdan sonra 1987-cı ildə
müvəffəqiyyətlə müdafiə edərək
"Tibb elmləri namizədi" elmi dərəcəsi
aldı.
1988-ci ilin əvvəlindən Qarabağda başlanan məlum
hadisələr nəticəsində artıq Taryel
üçün bütün məsələlər, o
cümlədən, elmi işin davamı, doktorluq işi arxa
plana keçdi. Tam cəsarətlə bildirirəm ki,
müasir tariximizdə ən çətin illər olan
1990-1999-cu illərdə Ağdam rayonunun baş həkimi
işləyən Taryel Eyvazovun rəhbərliyi ilə
Ağdam tibb işçiləri əsl fədakarlıq, qəhramanlıq
göstərmişdilər. Əsrin faciəsi
Xocalı Soyqırımının dəhşətlərini
ilkin olaraq yaşayan məhz onlar oldular. Ağdam
şəhər xəstəxanası o dəhşətli gecədə
Xocalıdan 368 yaralı qəbul etdiyini, kütləvi
ölüm halları olduğunu ilkin olaraq açıqlayaraq
bəyan etdi. O günlərdə Taryel həkim tibbi xidmət
baş leytenantı hərbi rütbəsində, hərbi
formada fəaliyyət göstərirdi. Müharibənin
miqyasının sürətlə genişləndiyini görən
təcrübəli baş həkimin əlaqədar təşkilatlarla
birlikdə Ağdam rayon səhiyyəsinin nəzdində olan Mahrızlı
kənd xəstəxanasında respublikanın ilk hərbi səhra
hospitalının yaradılmasında da böyük xidmətləri
oldu. İş o yerə
çatmışdı ki, artıq rayon rəhbərliyi tərəfində
xüsusi dəfn komissiyası yaradılmışdı və
bu komissiyaya rəhbərlik də ona həvalə edilmişdi.
Bu ərəfədə T.Eyvazov dəfələrlə
rayon İH-nin, Səhiyyə Nazirliyinin və hərbi hissə
komandanlığının təşəkkürlərini
alıb.
T.Ə.Eyvazov
sonrakı illərdə də heç bir belə təcrübə
olmadığı halda çadır şəhərciklərində,
xüsusilə ilk çadır şəhərciyi olan Bərdədəki
"Ərəb-1"dən başlayaraq sonrakılarda da tibbi
xidmətin təşkilində yüksək səhiyyə təşkilatçılığı
göstərmişdir. Bütün bu keşməkeşli
illərdə dəfələrlə məcburən yerdəyişmələrə
məruz qalsalar da, Ağdam səhiyyəsi öz fəaliyyətini
bir gün də olsun dayandırmamışdır.
2000-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat
Mərkəzində baş elmi işçi kimi fəaliyyət
göstərən T.Eyvazov bu sahədə də yeni
uğurlara imza atmışdır. Xaricdə və
ölkəmizdə dərc olunmuş 61 elmi işin, 2 metodik vəsaitin
müəllifidir. 2014-cü ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişaf
Fondunun keçirdiyi Məqsədli Qrand layihələri
müsabiqəsinin qaliblərindən biridir. O, həmçinin,
müntəzəm olaraq bir çox respublika və Beynəlxalq
əhəmiyyətli simpozium və konfranslarda iştirak etməklə
müvafiq Sertifikatlar almışdır. 2017-ci
ildə Sankt-Peterburqda çap olunmuş
"Patobioximiçeskie izmeneniya v tkanyax pri işemii"
monoqrafiyasının həmmüəllifidir. Hazırda professor Ramiz Axundovla birgə "Xroniki
yorğunluq sindromunun korreksiyası" üzrə apardıqları
elmi-tədqiqatlarla əsaslı elmi nəticələr əldə
edilməkdədir.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının qərarı ilə
Eyvazov Taryel Əli oğluna "Daxili xəstəliklər"
ixtisası üzrə dosent elmi adı verilmişdir.
Hazırda da o, fəal və səmərəli fəaliyyət
göstərməkdədir. ATU-nun İctimai Səhiyyə
fakultəsinin Elmi Şurasının üzvüdür. Elmi-Tədqiqat Mərkəzinin metodik
şurasının və həmçinin, həmkarlar təşkilatının
büro üzvüdür. Ali dərəcəli
Səhiyyə Təşkilatçısı və Səhiyyə
Əlaçısıdır. 1997-cı
ildən YAP-ın üzvüdür.
Uzun illər
səmərəli fəaliyyəti və yubileyilə əlaqədar
olaraq fakultə dekanı, professor A.Ağayev Elmi Şura
iclasında T.Eyvazovu hörmətli rektorumuz, professor G.Ç.Gəraybəylinin
və fakultənin kollektivi adından "Fəxri Diplom"la
təltif etdi. Bu münasibətlə T.Eyvazov, həmçinin,
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin rəhbərliyi və həmkarlar
təşkilatı tərəfindən də Fəxri Fərmanla
təltif edilmişdir.
Ona
2016-cı ildə Qarabağ Əlilləri, Veteranları və
Şəhid ailələri İB tərəfindən "Vətən
Naminə", 2019-cu ildə Azərbaycan Müharibə
Veteranları İB-nin Ağdam rayon şöbəsi tərəfindən
Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi
Yubley Medalları verilmişdir.
Taryel həkim həm də gözəl ailə
başçısıdır. Həyat yoldaşı
İradə xanım Bakı şəhər 5 saylı klinik
doğum evində ginekoloq həkimdir. Üç
övladları, altı nəvələri vardır. Böyük qızı Nigar xanım, ATU-nu Fərqlənmə
Diplomu ilə bitirib, tibb üzrə fəlsəfə
doktorudur, hazırda ATU-da baş müəllimdir. İkinci qızı Əsmər xanım ingilis dili
ixtisası üzrə bakalavr təhsilini Azərbaycan Dillər
Universitetində Fərqlənmə Diplomu ilə bitirdikdən
sonra, elə həmin ixtisas üzrə magistratura təhsilini
ABŞ-da tamamlamışdır. Oğlu Bəxtiyar
isə BDU- hüquq fakultəsini bitirib və sonra yenə həmin
universitetin magistraturasını Fərqlənmə Diplomu ilə
bitirərək birbaşa Dövlət İmtahanından
seçilərək DİN sisteminə işə qəbul
edilmişdir. Hazırda DİN nəzdindəki
baş idarələrdən birində polis
polkovnik-leytenantı və şöbə rəisidir.
Taryel həkimin yubleyinə ən gözəl hədiyyəni
nəvəsi Nəzrin verdi. Belə ki, o,
bu il Heydər Əliyev adına Müasir Təhsil
Kompleksini əla qiymətlərlə bitirərək, yüksək
bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına qəbul olundu.
Göründüyü kimi, ailənin əvvəldən
təməli necə qoyulubsa, gənc nəsil də onu şərəflə
və ləyaqətlə davam etdirir.
Ayrıca
olaraq onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşləri
zamanı Taryelin qardaşı oğlu, MN-nin mayoru Eyvazov Anar Rəhman
oğlu möhtərəm Prezidentimizin Sərəncamı ilə
"Hərbi Xidmətdə Fərqlənməyə Görə"
medalı ilə (hazırda polkovnik-leyteinantdır), yenə həmin
ildə oğlu, polis mayoru Eyvazov Bəxtiyar Taryel oğlu
"İgidliyə Görə" medalı ilə
(hazırda polkovnik-leytenatdır) təltif olunmuşlar.
T.Eyvazov 2005-ci ildə "Qafqaz Media" İB-nin "Qızıl Fenendoskop", 2012-ci ildə "Əsrin Ziyalısı" XİB tərəfindən "Əsrin Ziyalısı", 2014-cü ildə İBN SİNA adına İB "Mərhəmət Elçisi" diplomlarına layiq görülmüşdür.
Hazırda Taryel Eyvazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü və katibidir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Taryel Əli oğlu Eyvazov Azərbaycan Respublikasının "Əməkdar Həkim"i fəxri adına layiq görülmüşdür.
Əzizimiz Taryel səni bütü kollektivimiz adından ürəkdən təbrk edir, uzun omür, cansağlığı, səmərəli fəaliyyət arzulayırıq və inanırıq ki, sənin növbəti ad günlərini Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə tezliklə azad olunacaq doğma Qarabağımızda keçirəcəyik.
Qalib QARAYEV
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru,
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.23.