Cıdır
düzü sənsiz qaldı...
ŞUŞA ŞƏHİDİ
RÖVŞƏN HƏSƏNOVUN ƏZİZ
XATİRƏSİNƏ
Hələ
məktəb illərindən çox eşitmişdim səhərlər
Cıdır düzündə at çapan oğlan barəsində...
Ürəyi
oğul dərdi ilə paralanmış anaya - Mənzər
müəlliməyə hər dəfə baş çəkəndə
Şuşadan və Rövşəndən söhbət
salırdıq.
Danışa-danışa bitmir bu acılı-şirinli
xatirələr ...Bu söhbətlərdə onun həsrəti
daha çox sezilir. Bəzən özünü saxlaya bilməyib
gözdən yaş axıdır və elə tez də silib
"Qarabağ" deyə ah çəkir. Qarabağ müharibəsi barədə televiziya və
mətbuat sayəsində xeyli məlumat alsam da, bu
ağrının mahiyyətini hələ dərindən dərk
edə bilmirdim. Ta ki, bir xalq olaraq nələr itirdiyimizin
fərqinə varanadək... Bəli, o zamanlar mən də fərqində
idim, Azərbaycan adlı Ananın canından bir can
ayrılıb. Onun əziz övladı
düşmən əlindədir, xalqın namusu tapdaq
altında qalıb. İçdən-içə
mən də yanırdım, izlədiyim kadrların təsiri
günlərcə keçmir, canlı şahidlərin
danışdıqları isə ağladırdı. Bəli,
mən də fərqində idim, oğul itirmək faciədir
ailə üçün, ana, bacı, dost-qardaş, qohum-əqrəba
üçün... Ancaq ana torpaq uğrunda qəhrəmancasına
döyüşən, vətən yolunda canından keçən
bir oğul itirmək el üçün böyük dərddir.
Şuşa uğrunda döyüşlər bitsə də,
qayıtmayan, illərcə barəsində heç bir xəbər
alınmayan Rövşən Həsənov da, sözsüz ki,
belə oğullardan idi. Bu cəsur vətən oğlunu daha
yaxından tanımaq və yenə Şuşadan
danışmaq üçün 39 nömrəli marşruta
minib Yeni Yasamala yollandım. Hələ iki
gün öncə Mənzər müəllimə ilə
telefonla əlaqə saxlayıb gün təyin etmişdik.
"Nə vaxt istəyirsən, gəl, arxivi
qoyacağam qabağına. Nə istəyirsən,
götür" demişdi. Mən isə
"Mənzər müəllimə, iki günə
bütün arxivi hazır qoyun, bir-bir baxarıq. Mən
mütləq gələcəyəm" dedim və
sağollaşdıq. Yolu gedə-gedə hey
düşünürəm nə soruşacağam, birdən
oğlunu xatırlayıb qəlbi incinsə, nə edəcəyəm?
Ən yaxşısı, mən həmişəki
təbəssümümü işə salım. Bununla, mən həm düşüncələrimi,
həm də duyğularımı ustalıqla gizlədə
bilərəm. Bir də mən söhbəti
optimist xətdə aparsam, elə də gedəcək.
Ancaq bir an özüm-özümdən şübhə
duyuram: ya birdən bunu bacarmasam?
Digər
tərəfdən içimdən bir səs: Həssaslığa
qapılmağın yeri yoxdur. Cəsur olmalısan!
Bacarmalısan! - deyə üstümə
çığırır. Səbrim daralır.
Məsafələrin qısalmağını və
bir an öncə mənzilə çatmaq istəyirəm.
Axı igid oğul anası məni gözləyirdi.
Qapının zəngini vurur və qıraqda
dayanıram. Əminəm ki, Mənzər müəllimə
açacaq. Elə də olur. Qapını da Mənzər müəllimə
açır. Hər qapı
çalınanda mənim gələcəyimi güman edib və
bəlkə neçə dəfə yanılıb. Eynilə
Rövşəni gözlədiyi kimi, bəlkə bu dəfə
məni də eyni həyəcanla gözləyib... Dik baxışlarla üzünə baxır və
gözlərindən anlayıram
yanılmadığımı. Ürəyimdə
öz-özümə "Gör indi bu qapıdan Rövşən
içəri girsə, o, nə edər, necə sevinərdi!"
deyirəm. Kimsənin bu sözləri
eşitmədiyini dəqiqləşdirmək üçün
ətrafa boylanıram. Məni bu dəqiqə
ancaq özümün eşitdiyimdən əmin olub rahatlıq
tapıram.
Söhbətə Şuşadan başlayıb o illərə
və Rövşənə keçid alırıq. Şuşanı bir də təsvir
edir - İsa bulağını, Şuşa
qalasını, Topxana meşəsini, Cıdır
düzünü... Gah Qarabağın tarixinə
baş vurur, gah musiqisi, ədəbiyyatından bəhs edir, gah
da müharibədən söz açırıq. Mənzər müəllimə dediyi kimi, arxivi qoyur
qabağıma. Şəkillərlə
danışırıq... Hər şeydən -
Qarabağdan, Şuşadan, Xocalıdan, Ağdamdan ...
olanlardan ... bitənlərdən. Rövşən sayəsində
Şuşanın hər şeyinə daha yaxından bələd
oluram, o dövrü, mühiti ilə, Şuşanın qəhrəman
oğulları və Şuşa müdafiəsinə
Azərbaycanın hər bölgəsindən gələn
igidlərlə!
Şəkillər
danışır... Rövşəni də ilk
dəfə bu şəkillərdə görürəm.
Şuşa, Qarabağ idmanını yüksəltmək
uğrunda böyük əmək sərf edən insanın hər
şəkli onun barəsində hamıdan əvvəl
danışır. Sanki, bax, bura
Moskvadır. Təcrübə keçdiyim
dostlarla birgəyəm. Yaxud bura o məşhur
gözoxşayan Topxanadır. Hələ
bir buna bax, bura Natəvan bağıdır, Xan
qızının əmanəti. Hələ
bir də bu şəklə bax - bura müharibədə minarələri
dağıdılmış Qoşaminarə məscididir.
Özümdən asılı olmadan
gülümsünür və hər dəfə onun şəkillərinə
toxunanda məni qəribə bir həyəcan
bürüyür. Ən ciddi
baxışlarla baxdığı şəklində belə
mehribanlıq duyulur. Əlbəttə,
şuşalı olmayan, Şuşanı heç görməyən
biri kimi bu yerlərin adını Mənzər müəllimədən
soruşuram. Özü barədə hamıdan əvvəl
özü danışır dedim, yox, səsi eşitmirəm.
Ancaq pıçıltı aydın eşidilir.
Hər şəkli ilə danışıram...
Şəkillərə baxdıqca qəribə bir
yaxınlıq da duyuram. Mənzər müəllimə
danışdıqca bu duyğunun haradan
qaynaqlandığını daha yaxşı ayırd edə
bilirəm. Xasiyyətdə xeyli
oxşarlıq varmış. Mənim xoş təbəssümlə
baxdığımı görüb Mənzər müəllimə
onun xarakterindən söz açır:
- Elə
dostcanlı, zarafatcıl idi ki... Hər səhər
Cıdıra gedib məşq edir, at çapırdı.
Bir də çox sevirdi səliqəli geyinib
şəkil çəkdirməyi.
Mənzər
müəllimə əlinə keçən şəkillərdən
birini göstərib: "Bura Meydan bulağıdır,
Rövşən bunun yanında İdman festivalı
keçirmişdi" - deyir.
-
Rövşən hey çalışırdı vətəni
üçün, xalqı üçün nəsə etsin. Bir dəqiqə dayanmırdı. İdman məktəbi açdırır,
sağlamlıq korpusu tikdirdi. Respublikanın
bütün pəhləvanlarını bir araya gətirib idman
festivalı, tədbirlər keçirirdi. Küçədə
veyil-veyil gəzən uşaqları o, idmana cəlb edirdi.
Tələbələri onun canı idi.
Hamının hər səhər Cıdır
düzündə at çapan oğlan kimi
tanıdığı Rövşənin o məşhur
fotoları ilə qarşılaşıram. Sözsüz,
kəlməsiz susuram. Qaraqaş,
qaragöz, 1.70 boyunda məğrur baxışlı, cüssəli
bir oğlan işıq saçan gözləri ilə
baxır, mehriban təbəssümlə gülümsəyir.
İçdən-içə buruluram - "biz
belə oğlanları itirdik hə?!" Bu
gözləri bir də yəqin ki, çətin unudam. Cəsarət, mübarizə, güc, əzm
yağır bu gözlərdən. Vətən
uğrunda min can fəda olsun deyərdim,
amma əldə təsəlli üçün Vətən də
yox!
Söhbət müharibədən düşəndə onun ağrısını hiss etməmək, acı həsrətini duymamaq olmur. Kərkicahanda və Daşaltı əməliyyatından sonra çəkilən şəkillərlə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan, yandırılan, cəsədi ələ gəlməyən, itkin düşən neçə-neçə igidlə tanış oluram. Qəhər insanı elə boğur ki, nəfəs almağa cürətin çatmır. Gözündən bir damla yaş axmır, ancaq ağrını ürəyinin tam ortasında hiss edirsən.
Mənzər müəllimə bu məqamda Rövşənə, o illərə aid qələmə aldığı şeirlərini də oxuyur. Yazmaqla azaldığını düşündüyü ağrısı bu şeirlərdə bir də dil açır.
Hər şeyi soruşuram onun barəsində. Ancaq hiss edirəm ki, yetmir. Bu səbəbdən Rövşən Həsənovdan
da bəhs edilən Təranə Muxtarovanın
"Şuşa harayı" kitabını, Heydər
Əliyev Fondu tərəfindən çap olunan Şuşaya
dair kitabları bir də nəzərdən keçirirəm.
Əlavə olaraq, Mənzər Məhərrəmovanın və
oğlu İlham Həsənovun da qonaq olduğu Azərbaycan
radiosunda baş tutan "Əsgər istəyi"
verilişinin səs yazısını götürürəm.
Bu materiallar onun barəsində məlumatları
dəqiqləşdirməyə kömək etsə də,
etiraf edim ki, o şəkillərin mənə dediyini onlar
çatdıra bilmir. Öyrənirəm
ki, hər səhər Cıdır düzündə at
çapan oğlan Rövşən Əjdər oğlu Həsənov
ailənin üçüncü övladıdır. O,
1963-cü ilin dekabrın 1-də Şuşada dünyaya gəlib.
Məktəb illərində dərs əlaçısı
olan Rövşən fənn müəllimi Namiq Babayevin sayəsində
ədəbiyyata dərindən bələd olur. Ondan buraxılış imtahanı götürən
müəllim təkid edir ki, sənədlərini Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə versin.
Ancaq Rövşən meylini idmana salır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman İnstitutunda təhsil alıb yenidən
Şuşaya qayıdır. Burada 2
saylı internat məktəbində idman müəllimi işləyir.
Onun yenilikçi ideya və təşəbbüsləri
rayon rəhbərliyinin diqqətindən kənar qalmır.
Belə ki, Rövşən əvvəlcə Şuşa Rayon
Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri,
müharibə illərində isə Yuxarı Qarabağ
Ərazi Bədən Tərbiyəsi və İdman Komitəsinin
sədri vəzifələrində çalışır. O,
fəaliyyəti dövründə Şuşada ilk dəfə
şahmat, cüdo məktəbləri açdırır. Məşq üçün idman salonları, stadion,
sağlamlıq korpusunun tikilməsi üçün
böyük işlər görür. İlk
dəfə Şuşada "İdman bayramı" da məhz
onun təşəbbüsü və təşkilatçılığı
ilə keçirilir və Respublikanın pəhləvanları
buraya təşrif buyurur. R.Həsənov Rusiyada,
İranda, keçirilən tədbirlərə,
yarışlara gəncləri cəlb edir. Əbəs yerə
onun barəsində veteran döyüşçü
Əşrəf Əşrəfov "Rövşənə qədər
Şuşa idmanını bu qədər yüksəkliyə
qaldıran olmamışdı" demir.
Özlüyümdə düşünürəm: hər səhər Rövşəni Cıdıra aparan səbəb nə idi? Dərhal gözlərimin önündə Cıdır obrazı canlanır. Qarabağ uğrunda gedən tarixi savaşlara şahid olan, əzəmətli Şuşa dağları, gözoxşayan Topxana meşəsi ilə əhatələnən Cıdır düzü. O, Şuşanın tarixini, gözəlliyini, əzəmətini özündə cəmləmiş, bəlkə də neçə-neçə igid oğula qəhrəmanlıq ruhu, mübarizə əzmi və işıqlı gələcəyə inam aşılamışdı. Bəlkə Rövşən də arzularına çatmaq üçün misilsiz gücü Cıdırdan almış, inamla, əzmlə xalqı üçün çalışmışdı. İndi isə əldə nə Qarabağ var, nə Cıdır var, nə də rövşənlər...! Biz Şuşasız, Qarabağsız, Cıdır isə rövşənlərsiz qaldı.
Mənzər müəllimə "Yadlar bizim
torpağımıza yiyə dura bilməz" deyərək
xalqı mübarizəyə və öz haqqımızı
geri almağa səsləyir. Mübarizə isə yeri gələndə
sözün, elmin və yeri gələndə isə qol
gücü ilə aparılmalı, mütləq Qələbə
qazanılmalıdır. Əlbəttə, el və güc
birliyi ilə!
Təhminə
VƏLİYEVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat
tarixi və publisistika şöbəsinin kiçik elmi
işçisi
valiyevatahmina@gmail.com
525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.22.