Vətənə xidmət amalı ilə
yaşanan ömür
Çox
maraqlıdır, insan istəsə hər şeyi öyrənə
bilər, görə bilər, ala bilər, sata bilər. Amma
heç kəs bilə bilməz ki, sabah başına nə gələcək,
nə xəbər eşidəcək, vəziyyəti necə
olacaq. Yəni məlum tale adlı bir şey var, Allahın
yazdığı bir yazı var ki, onu heç kim poza bilməz,
ondan heç kim qaça bilməz.
Mənim
də ağlıma gəlməzdi ki, 40 ilə yaxın Slavyan
Universitetində (keçmiş M.F.Axundov adına Azərbaycan
Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) işlədikdən
sonra gəlib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Hərbi Akademiyasında müəllim işləyəcəm,
xalqımızın çox dəyərli insanları,
böyük oğulları ilə tanış, yoldaş
olacam, yol gedəcəm. Artıq bir ilə yaxındır ki,
burada çalışıram və özümü çox
rahat hiss edirəm: əvvəla, ona görə ki, əksəriyyəti
yaxşı kişilərdən ibarət bir kollektivdəyəm,
dərs dediyim insanlar da xalqımızın say-seçmə
oğullarıdır, nizam-intizamlı hərbçilərdir,
ikincisi, mən burada nə qədər lazımlı
olduğumu, mənə burada nə qədər ehtiyac
olduğunu hiss edirəm.
Bura ayaq
basdığım ilk günlərdən nəzər-diqqətimi
orta yaşlı, qarayanız, qartal baxışlı, aslan
duruşlu bir insan cəlb elədi. O, mənə köhnə
zamanların köhnə kişilərini
xatırladırdı, öz gur səsi, ötkəm
sözü, söhbəti ilə hamıdan fərqlənirdi,
üz-gözündən həyatın keşməkeşli
yollarından, çətin sınaqlarından keçib gəldiyi
oxunurdu. Bu, Silahlı Qüvvələrin Hərbi
Akademiyasının "Xarici dil və tərəfdaşlıq
mərkəzi"nin roman-german dilləri bölməsinin
baş müəllimi, istefada olan polkovnik-leytenant, əməkdar
müəllim Bayram Məmmədov idi. Çox keçmədi
ki, bu insanla dostlaşdım, doğmalaşdım,
çünki ruhumuz, əqidəmiz, amalımız uyğun gəlirdi,
eyni nəslin, təhsilin, tərbiyənin nümayəndələriydik.
Təxminən eyni vaxtda o, SSRİ-nin 50 illiyi adına Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər
Universitetini), mən isə onunla bir binada yerləşən
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirmişdik.
Adlı-sanlı müəllimlərdən, alimlərdən dərs
almışdıq. Bayram müəllimə Sədulla Babayev, Həcər
Nağıyeva, Abbas Rəhimov, Abbas Hacıyev, Hüseyn
Bayramov, Alim Yusifzadə, Minirə Qarayeva, Ənvər Rza kimi
Azərbaycanın çox məşhur və dəyərli
alimləri dərs demişdi. İndi də Bayram müəllim
onların adını böyük hörmətlə çəkir,
onlardan ürəkdolusu danışır.
Bayram
müəllimlə yaxın tanışlıqdan sonra
gördüm ki, bu insanın həyatı başdan-başa
igidlik, şərəfşanlıq nümunəsidir. Fikirləşdim
ki, nə üçün onun bu mənalı
ömrünü qələmə almayaq, gənc nəslə
çatdırmayaq, axı bu, onların tərbiyəsində,
formalaşmasında nə qədər faydalı olar. Niyə
indi Bayram müəllimə bir "eşq olsun, halal olsun bu
torpağın suyu, çörəyi sənə" deməyək?
Nə qədər şairdən, yazıçıdan,
aktyordan, müğənnidən danışmaq olar? Axı, ətrafımızda
elə qeyri-adi, lakin tanınmamış insanlar var ki,
onların həyatı, gördükləri işlər,
etdikləri yaxşılıqlar bir örnəkdir, bir məktəbdir.
Belə insanlardan biri də Bayram müəllimdir.
Bayram Heydər
oğlu Məmmədov 1956-cı ildə Azərbaycanın dilbər
guşələrindən biri olan Zəngilan rayonunun Canbar kəndində
anadan olub. O kəndin təmiz havası, suyu, çörəyi,
gözəl təbiəti ilə mayalanıb, nənə-babalarının
ona danışdığı nağıllar, dastanlar,
özünün də iştirakçısı olduğu
köç-ulaqlı dağ yolu, aran yolu silinməz iz qoyub
onun qəlbində, körpü salıb onun gələcək
uğurlarına, mətin addımlarına. Zəngilanın
kişi qeyrətli qızı, el ağbirçəyi,
şair təbiətli anası Məstan xanımın
laylaları, bayatıları, oxşamaları ilə ruhlanaraq
böyüyüb Bayram müəllim.
Məşhur
Zəngilan şəhər 1 saylı orta məktəbini yaxşı
və əla qiymətlərlə bitirən gənc üz
tutmuşdu 1973-cü ildə Bakıya, qəbul olunmuşdu Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutuna. Təhsilinin ilk günlərindən
nizam-intizamlı, çalışqan tələbə kimi
müəllimlərinin sevimlisinə çevrilmiş,
institutun ictimai-siyasi həyatında həvəslə
çalışmışdı. Qarşımda həmin
institutun tərcümə kafedrasının müdiri, Azərbaycanın
unudulmaz şair, filologiya elmləri namizədi, dosent, mərhum
Ənvər Rzanın Bayram Məmmədova 1978-ci ildə
yazdığı xasiyyətnamə durur. Burada tələbəlik
dövründə onun nə qədər çalışqan,
məsuliyyətli, mədəniyyətli bir gənc olduğu
vurğulanır, əsasən vətənpərvərliyi və
hər işdə liderlik istəyi ön plana çəkilir.
Elə də olur.
İnstitutu
qurtarandan sonra Bayram Məmmədov ixtisası üzrə bir
neçə ay ingilis dili müəllimi işlədikdən
sonra keçmiş Sovet İttifaqının Silahlı
Qüvvələrində həqiqi hərbi xidmətə
çağırılıb və Qırmızı Bayraq
ordenli Uzaq Şərq Hərbi Dairəsində hərbi xidmət
keçib. Nizam-intizamına, başçılıq etdiyi
bölmənin əsgərlərinin qazandığı
yüksək nailiyyətlərə görə, onu o zaman
partiya sıralarına qəbul etmişdilər. Xidmətini
başa vurduqdan sonra o, doğma Vətənə - Zəngilan
rayonuna qayıtmışdı.
Zəngilan
şəhər qiyabi orta, Keçikli və Canbar kənd 8
illik məktəblərində Bayram müəllim ingilis dili
müəllimi işləmiş, lakin çox keçmədən
onu rayonda irəli çəkmiş, rəhbər vəzifələrə
təyin etmişdilər. Öncə Zəngilan rayonu komsomol
komitəsində idman və kütləvi-müdafiə
işləri şöbəsinin müdiri, ardınca Azərbaycan
Kommunist Partiyası Zəngilan rayon komitəsində siyasi
maarif kabinetinin müdiri, Bakı Sosial İdarəetmə və
Politologiya İnstitutunu fərqlənmə diplomu ilə
bitirdikdən sonra isə Zəngilan rayon Xalq Deputatları
Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə
irəli çəkilmişdi. Bütün bu vəzifələrin
öhdəsindən Bayram Məmmədov çox böyük
məharətlə, bacarıqla gəlmiş, xalq arasında
böyük nüfuz qazanmışdı.
Vətənin
ağır günündə namərd, nanəcib
qonşularımızın öz havadarlarının dəstəyi
ilə torpaqlarımıza təcavüzü zamanı Bayram Məmmədovu
da Müdafiə nazirinin əmri ilə Zəngilan rayonu ərazi
özünümüdafiə taborunun komandiri təyin
etmişdilər. Bu, o zaman idi ki, respublikamızda hərc-mərclik
tüğyan edirdi, rəhbərlik uğrunda qırğın
gedir, hamı mənəm-mənəm deyirdi. Vətən,
torpaq, Qarabağ qan ağlayırdı, nizami ordumuz yox idi, ermənilər
də sürətlə öz işlərini
görürdülər.
Gəl
indi bu şəraitdə bu ağır və çətin məsuliyyətin,
yükün altından çıx görüm. İnsanda nə
qədər cürət, cəsarət, fərasət
olmalıdır ki, bu ağır, son dərəcə çətin,
lakin şərəfli işin öhdəsindən gəlmək
üçün bu addımı atsın? O, bu addımı
şərəf və ləyaqətlə atdı, özü
də fikirləşmədən, qorxmadan, çünki o zaman
onun beynində ancaq bir fikir dolanırdı: nəyin
bahasına olursa olsun Vətəni qorumaq; bir də ki
özünə, öz daxili potensialına, təşkilatçılıq
qabiliyyətinə əmin idi Bayram Məmmədov. Beləcə
Bayram müəllim çiyninə götürdüyü
ağırlığı hiss edərək, birinci növbədə
Koroğlu kimi öz dəlilərini axtardı, Zəngilanın
qeyrətli oğlanlarından təşkil olunan bir tabor
yaratdı. Beləcə Bayram müəllim çiyninə
götürdüyü ağırlığı hiss edərək,
Zəngilanın qeyrətli oğlanlarından təşkil
olunan bir tabor yaratdı. Bura ehtiyatda olan zabitlər Süleyman
Nuriyev, Cümşüd Əbilov, Rasim Əhmədov, Cabbar Məmmədov,
İntiqam Məmmədov, Ceyhun Məmmədyarov, Rza Rəsulov,
Yusif Quliyev, Mirməhəmməd Cəfərov, Sabir Nəsibov,
Ənvər Məmmədov, Mahir Qocayev, Barat Xanlarov, İsmixan
Məmmədov, Mustafa Həsənov, Mahmud Hüseynov, Pənah
Rzaquliyev kimi vətənpərvər oğullar daxil oldular. Belə
oğulların və bir də yurdsevər Zəngilan
camaatının köməyi ilə Bayram müəllim tez bir
zamanda çox çevik, nizami bir tabor yaratdı. Bu tabor
yuxarıdan heç bir kömək görmədən və
gözləmədən Vətənin müdafiəsinə
qalxdı, dəfələrlə müasir silahlar və texnika
ilə silahlanmış və öz havadarlarının
köməyindən istifadə edən erməni
dığalarının həmlələrini qəhrəmancasına
dəf etdi. Ölənlər, yaralananlar oldu, amma düşmən
qarşısından geri çəkilən olmadı. Lakin təəssüflər
olsun ki, o zaman respublikada hökm sürən
başsızlıq, hakimiyyət davası, vahid idarəçiliyin
olmaması, Zəngilana yaxın rayonların bir-bir verilməsi
hamının əl-qolunu boşaldır, onları ruhdan
salırdı. Belə bir vəziyyətdə axıra qədər
vuruşmaq, tab gətirmək və buna rəhbərlik etmək
hər oğulun işi deyildi. Zəngilan alayı bunu mərdanəliklə
edirdi, alayın əsgərləri gecə-gündüz əsl
qəhrəmanlıq nümunələri göstərirdi.
Cəbrayıl
arxasınca, Qubadlı rayonlarını düşmən
işğal etdikdən sonra bütün umidlər
qırıldı, arzular puç oldu. Az qala mühasirədə
qalan Zəngilan əhalisi geri çəkilmək məcburiyyətində
qaldı.
Gəlin
təsəvvür edin o zaman komandirlərin halını. O
vaxtkı vəziyyət barədə Bayram müəllim
yana-yana, qovrula-qovrula danışır. Deyir qorxduq ki, ikinci
Xocalı faciəsi baş versin. Lakin çox istedadlı hərbçi,
olduqca vətənpərvər və bütün zəngilanların
inam və ümid yeri olan alayın komandiri polkovnik Firudin
Şabanovun komandanlığı altında mərd və
qorxmaz oğulların düşmənlə qeyri-bərabər
və amansız döyüşlərdə göstərdikləri
qəhrəmanlıqlar sayəsində əhalinin az itki ilə
Arazın o tayına keçirilməsi təmin edildi.
Bu
ölüm-dirim mübarizəsində zabitlərdən Xəqani
Cəbrayılov, Sərvər Cəbrayılov, Sahib Abbasov, Yavər
Məcidov, Saleh Məmmədov, Mahir Məmmədov, Sabir Həsənov,
Aydın Cəfərov, Nəhayət Məmmədov, Qoşqar
Məmmədov, Əbil Məmmədov, İlqar Məmmədov,
Surxay Məmmədov, Habil Camalov, İkram Tahirov, Fərrux Məmmədov,
Sərdar İsmixanov, Əsgər Quliyev, gizirlərdən
Tahir Məmmədov, Elman Süleymanov, Səhiyəddin Abbasov,
Namiq Əsgərov, İlyas Cəfərov, Eldar Məmmədov,
Etibar Cəfərov, Allahverdi Mehdiyev, Əli Əliyev, Ələsgər
Əhmədov və digərləri bütün şəxsi
heyəti çətin və ağır döyüşlərə
ruhlandırırdılar. Bu döyüşlərdə
Baloğlan Süleymanov, Emin Nəsibov, Qasım
Mönsümov, Bəhram Adıgözəlov, Əlibaba Məmmədov
və digərləri düşmənlə döyüşlərdə
qəhrəmancasına həlak oldular, onlarca əsgər
ağır yaralandı. Qorxu bilməyən
döyüşçülər Mehdi Mirzəyev, Sabir
Hacıyev, Həzrətəli Tahirov, Pənah Cəbrayılov,
Allahverdi Məmmədov, Elşad Vəliyev, Üzeyir
İbrahimov, Namiq, Yura, Rafiq, Rəhim, Müşfiq, Vüqar və
digərləri əsl qəhrəmanlıq nümunəsi
göstərdilər. Zəngilan rayon Daxili İşlər
Şöbəsinin cəsur polis əməkdaşları da əvvəlki
döyüşlərdə olduğu kimi, yenə də sonadək
mövqelərindən geri çəkilmədilər və bu
ağır döyüşlərdə həyatlarını əfsanəyə,
bir qəhrəmanlıq hekayətinə çevirdilər.
Onlardan 7 nəfəri - leytenant Sabir Paşayev, baş
çavuş Elşad Nərimanov, çavuşlar
İsmayıl İsmayılov, Aqil Quliyev, İlham Quliyev, Fazil
Bəşirov və Möhlət İsmayılov Cəbrayıl
rayonunun Dərzili kəndi ətrafında gedən qeyri-bərabər
döyüşdə itkin düşdü. Çox təəssüflər
olsun ki, belə qəhrəmanlıq nümunələri
acı sonluqla bitdi, torpaqlarımız işğal edildi.
Bu acı
məğlubiyyətdən və doğma torpağını
itirdikdən sonra Bayram müəllim uzun müddət
özünə gələ bilmədi. Deyir, heç atamı,
anamı itirəndə belə ağrımamışdım.
Başa düşürəm Bayram müəllimi, o, indi də
dözə bilmir bu dərdə, vətənsizliyə, hər
oturub söhbət edəndə kəndlərindən,
dağlarından, yamaclarından, yaylağa necə
qalxıb-endiklərindən, Zəngilanın, Qubadlının
köhnə kişilərindən, o yerlərin
sayılıb-seçilən ərənlərindən biri,
Qaçaq Nəbinin də yaxınlarından biri olmuş
İldırım babasından kövrələ-kövrələ
danışır.
Tabeliyində
olmuş cəbhə yoldaşlarının qəhrəmanlığından,
Vətən uğrunda şəhid olan dostlarının,
yaxın qohumları Fəxrəddinin, Ramizin, Sabirin vaxtsız
itkisindən, bunlarla bərabər, o vaxtlar yuxarıda
oturmuş şərəfsiz rəhbərlərin onları yiyəsiz,
köməksiz qoyduğuna görə onların əldə
silah yurdu tərk etməyindən Bayram müəllim ürək
ağrısı ilə söhbət açır. Və bu
yanğı, sızıltı Bayram Məmmədovun nə qədər
vətənpərvər, yurdsevər bir insan, şəxsiyyət
olduğundan xəbər verir.
Bayram
müəllim həm də çox güclü, iradəli bir
insan olduğundan heç vaxt sınmadı, bir hərbçi
kimi o illərdən sonra böyük işlər
gördü, uğurlar qazandı. Lakin heç vaxt ürəkdən
gülmədi, sevinmədi, həmişə Zəngilanı,
Qubadlını, Laçını, Ağdamı, Kəlbəcəri,
Cəbrayılı, Fizulini, Şuşanı - Qarabağı
düşündü. O torpaqları qaytarmaq arzusuyla
ömrünün bu günə qədərki kəsiyində
də çox şərəfli və ibrətamiz bir yol
keçdi: hərbi hissə komandiri, hərbi hissə
komandirinin müavini, alay komandirinin arxa cəbhə üzrə
müavini, hərbi hissə komandirinin şəxsi heyətlə
iş üzrə müavini, Silahlı Qüvvələrin
Arxa Cəbhəsinin kadrlar bölməsinin baş zabiti, Beynəlxalq
Hərbi Əməkdaşlıq İdarəsinin hərbi
attaşelər və hərbi nümayəndəliklərlə
işlər şöbəsinin baş zabiti, NATO-nun Sülh
Naminə Tərəfdaşlıq proqramının həyata
keçirilməsi bölməsinin rəisi, Silahlı Qüvvələrin
Təlim-Tədris Mərkəzinin Xarici dillər
kafedrasının baş müəllimi, Silahlı Qüvvələrin
Hərbi Akademiyasının Xarici dillər kafedrası rəisinin
müavini - baş müəllimi, Silahlı Qüvvələrin
Hərbi Akademiyasının Milli Təhlükəsizlik və
Humanitar Elmlər kafedrasının Xarici dillər silsiləsinin
rəisi - dosent və Xarici dillər bölməsinin rəisi,
nəhayət, Akademiyanın Xarici dil və tərəfdaşlıq
mərkəzinin roman-german dilləri bölməsinin baş
müəllimi. Bu uzun yolun hər bir kəsiyində Bayram
müəllim öndə oldu, öncül oldu, neçə-neçə
ümumxalq və beynəlxalq tədbirlərin
iştirakçısı, təşkilatçısı
oldu, dünyanın bir çox ölkələrində Azərbaycanı
ləyaqətlə təmsil etdi.
Polkovnik-leytenant
kimi ehtiyata buraxılsa da, Bayram müəllim bu gün də
yorulmaq bilmədən peşəkar hərbçi kadrların
hazırlanmasında öz əvəzolunmaz töhfələrini
verir. Onun əmək fəaliyyəti həm də
çoxşaxəli olmuşdur. Bayram müəllim çox
gözəl dilçi, diplomsuz alim, tərcüməçi,
tədqiqatçıdır.
Akademiyaya
gəlişimin ilk günlərində gördüm ki, Bayram
müəllim bir lüğət üzərində işləyir.
Öyrəndim ki, bundan əvvəl o, ingilis dilində Hərbi
qısaltmalar lüğətini, eyni zamanda, "Azərbaycanca-ingiliscə,
ingiliscə-azərbaycanca hərbi lüğət"i
hazırlayıb. Bir neçə ay bundan əvvəl başa
çatdırılmış lüğətə
dilçi-alim kimi mən də rəy verməli oldum. Bu məqsədlə
lüğətlə yaxından tanış oldum və
gördüm ki, Bayram müəllim bu işdə nə qədər
bilik, zəka və zəhmət ortaya qoyub. Çünki
dilçilik sahəsində ən çətin işlərdən
biri lüğət işidir, tərcümə və izah
işidir. Bayram müəllim bu ağır işin öhdəsindən
məharətlə gəlib və hesab edirəm ki, onun tərtib
etdiyi bu lüğətlər hərbi
qulluqçularımızın stolüstü kitablarından
biri olacaqdır.
Bayram
müəllim həm də gözəl jurnalistdir və Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür. Onun özünəməxsus
müşahidə qabiliyyəti, analitik düşüncəsi,
ensiklopedik təfəkkürü, Azərbaycan ədəbiyyatını,
tarixini, mədəniyyətini dərindən bilməsi, səlist,
aydın ifadə bacarığı ona müxtəlif zamanlarda
respublikanın bir sıra mətbu orqanlarında maraqlı məqalələrlə
çıxış etməyə imkan verir, bir ziyalı kimi
həyatımızda baş verən ictimai-siyasi hadisələrə
biganə qalmır.
2000-ci
ilin əvvəllərindən Bayram Məmmədov həm də
Azərbaycan Hap Ki Do Federasiyasının vitse-prezidenti kimi bu
idman növünün respublikamızda inkişaf etməsində
yaxından iştirak edir.
Onun indiyə
qədər sadaladığımız xidmətləri
dövlətimiz tərəfindən dəfələrlə dəyərləndirilib.
Bayram müəllim SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli
medalı, ölkəmizin medalları, döş
nişanları, Müdafiə nazirinin qiymətli hədiyyələri
və fəxri fərmanları ilə
mükafatlandırılıb. 2015-ci ilin iyununda Bayram müəllim
Azərbaycan Respublikasının prezidentinin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülüb.
Bəli,
Bayram Məmmədov ən mötəbər vəzifələrdə
Azərbaycan torpağının qorunması uğrunda, gənc
nəslin təlim-tərbiyəsində əlindən gələni
edib. Onun həyatı xalqını, torpağını sevən
hər bir Azərbaycan vətəndaşı
üçün örnək, nümunə ola bilər. Bunu da
qeyd etmək lazımdır ki, bu qədər vəzifələrdə
olan, var-hal qazanmaq imkanı olan Bayram müəllimin nə bir
maşını, nə bir fərli mənzili, nə bağ
evi, nə arxasında bir az ehtiyatı-filanı var. Ona Mehdiabad
qəsəbəsində qaçqın şəhərciyində
bir sığınacaq veriblər. O, heç bu barədə
danışmır, şikayət də eləmir,
çünki nəfsitox, qəlbisaf, təmənnasız
insandır, "dünya malı dünyada qalar" fəlsəfəsini
yaxşı bilir. Çoxları kimi, əlinə imkan
düşəndə bu milləti talamaq, soymaq, pula-mala görə
hər şeyə getmək, hər şeyi satmaq fikrindən
uzaq olub. Ona görə də sapı özümüzdən
olan baltalar neçə dəfə Bayram Məmmədov kimi
qeyrətli bir Azərbaycan oğlunu ləkələmək,
gözdən salmaq, sındırmaq istəmişlər. Lakin
bacarmamışlar, çünki haqq nazilər, üzülməz
demiş atalar. Çünki Bayram müəllimin, birinci
Allahı, ikinci ağlı-kamalı, dəmir iradəsi, təmiz
əqidəsi qarşısında əl qaldırıb məğlub
olmuşlar bu namərdlər, nanəciblər.
Bayram müəllim hazırda 64 yaşının içindədir, ancaq indi onun hansı həvəslə, enerji ilə öz işlərinə yanaşdığını görəndə, ona heç 40 yaş da vermək olmur. Mən onun bir dəqiqə belə boş dayandığını görmürəm, o, daim öz üzərində çalışır, axtarır, yaradır.
Bayram müəllimin həm də bu qədər ağır, məsuliyyətli və şərəfli yol keçməsində onun həyat yoldaşı, Zəngilan-Qubadlı elinin məşhur Paşayevlər nəslinin ziyalı qızı Xalidə xanım Əziz qızının rolu danılmazdır. Deyirlər, hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Bu, doğrudan da belədir. Müharibədə də arxa cəbhəsiz, arxasız-köməksiz ön cəbhə heç nə edə bilməz.
Hər bir valideynin şah əsəri onun böyütdüyü övladıdır. Qadir-qabil övlad valideynə hörmət, elə şöhrət gətirər. Bayram müəllimin iki oğlu və bir gözəl qızı var. Böyük oğlu, mayor Rəhman Məmmədov atasının yolunu layiqincə davam etdirir, Dövlət Sərhəd Xidmətində ləyaqətlə Vətənin keşiyində durur.
Kiçik oğlu ehtiyatda olan zabit Orxan Məmmədli idmançıdır, taekvando üzrə Avropa çempionu, Hap Ki Do üzrə dünya çempionu və əlbəyaxa döyüşlər üzrə üçqat dünya çempionudur. Azərbaycan Respublikasının idman ustasıdır. Qızı Mədinə xanım Bakı Slavyan Universitetini bitirib, ali təhsilli müəllimdir.
Deyirlər, ömrü daha şirin edən, gözəlləşdirən həm də nəvələrdir. Maşallah, Bayram müəllimin 8 nəvəsi var, hamısı da bir-birindən ağıllı, qabiliyyətli. Axı, ot kökü üstə bitər, deyib atalar. Bayram müəllim deyir: "Vaxt olduqca yığıram başıma onları, həyat dərsi keçirəm onlara, keçmişimiz, indimiz, gələcəyimiz barəsində danışıram".
Danış, Bayram müəllim, həm də təkcə öz nəvələrinə, balalarına yox, bütün gənclərimizə, millətimizə elə bu söhbəti, çünki sənin danışdığın adi söhbət deyil, onun hər biri bir mənəviyyat, mədəniyyət dərsidir, vətəndaşlıq, vətənpərvərlik dərsidir. Sənin kimi ağsaqqallara, ziyalılara bu gün xalqımızın çox böyük ehtiyacı var. Heç zaman ruhdan düşməyin, ümidiniz üzülməsin. Zəngilanı, Qubadlını, digər həsrətli torpaqlarımızı da mütləq qaytaracağıq.
Valeh NƏSİBLİ
Filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2019.- 4 sentyabr.-
S.20-21.