Dövlət idarəçiliyində tarix
və müasirliyin vəhdəti - Ənvər Əhmədin
yazısı
Son dövrlər, xüsusilə də Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra, həyatın bütün sahələrində olduğu kimi, elmi tədqiqat işlərinin də məqsəd və vəzifələri, tamamilə milli zəmində, yenidən araşdırılmağa başlamış və ötən qısa dövr ərzində çox qiymətli elmi-tarixi, fəlsəfi, nəzəri və elmi-təcrübi xarakterli əsərlər, monoqrafiyalar yazılmış, dissertasiyalar müdafiə olunmuş, müasir tələblərə cavab verən dərslik və dərs vəsaitləri, məqalə və tezislər nəşr edilmişdir.
Bu işlər təkcə AMEA-nın tabeçiliyində
olan müvafiq elmi-tədqiqat İnstitutlarının əməkdaşları
tərəfindən deyil, həmçinin, sahəvi universitet
və institutlarda çalışan, elmi ictimaiyyətin
yaxşı tanıdığı, ayrı-ayrı elm
adamları və tədqiqatçılar tərəfindən
də uğurla həyata keçirilmişdir.
Belə uğurlu tədqiqat işləri sırasında
Azərbaycanın dövlət idarəçiliyi, onun tarixi
inkişafı və müasir vəziyyətinə həsr
olunmuş mövzusunda yazılaraq müxtəlif dillərdə
nəşr olunmuş dəyərli elmi-nəzəri tədqiqat
işləri öz aktuallığı ilə fərqlənir. Bu cəhətdən
dövlət idarəçiliyinin nəzəri əsaslarına,
idarəetmə nəzəriyyəsinə, Dövlət idarəetmə
formalarına, idarəçilik nəzəriyyəsinin predmet
sahəsinə, dövlət idarəetmə formasının təsnifatı
və xüsusiyyətlərinə, dövlət idarəçiliyinin
hüquqi və təşkilatı formalarının mahiyyətinə,
dövlət və bələdiyyələrə, cəmiyyət
fəaliyyətinin tənzimlənməsində idarəetmə
prinsiplərinin aparıcı amilə çevrilməsinə
və vətəndaş cəmiyyətinin fəaliyyətinin
tənzimlənməsində idarəetmə prinsiplərinin
öyrənilməsinə həsr olunmuş elmi-tədqiqat
işləri xüsusi əhəmiyyət daşıyır.
Sadalanan tələb
və keyfiyyətləri özündə ehtiva edən belə
əsərlərdən biri də Rəşid Hüseynovun
müəllifi olduğu "Azərbaycan Dövlət İdarəçiliyi:
tarix və müasirliyin vəhdəti" (2018) adlı
monoqrafiyasıdır. Kitabda dövlət idarəçiliyinin
ərazi və sahəvi xüsusiyyətlərindən
tutmuş onun inzibati demokratik və analtik-praqmatik
metodlarının, sosial-iqtisadi, milli-psixoloji və
siyasi-ideoloji mahiyyətinə qədər bütün əsas
məsələlər xronoloji-məntiqi
ardıcıllıqla ətraflı şərh edilmiş və
konkret faktlarla təsdiqlənmişdir.
Azərbaycan
tarix elminin tanınmış nümayəndələrindən
olan tarix elmləri doktoru, professor Xaqani Məmmədov, fəlsəfə
elmləri doktorları Füzuli Qurbanov, Bəhruz Quliyev, Eyyub Kərimov
və hüquq elmləri doktoru Habil Qurbanovun xeyir-duaları ilə
çap olunmuş 475 səhifədən ibarət olan bu əsər,
ön söz, giriş, 4 fəsil, 14 bölmə, nəticə
və istifadə olunmuş ədəbiyyat siyahısından
ibarətdir.
Kitaba
çox dəyərli, elmi əsaslara söykənən
ön söz yazmış fəlsəfə üzrə elmlər
doktoru, professor Füzuli Qurbanov bu əsəri "intellektual
enerjinin sinfoniyası" adlandıraraq yazır: "Bu
kitabın problem sahəsi bütövlükdə Azərbaycanda
dövlət idarəçiliyinin sosial, fəlsəfi və
hüquqi məkanına aid olduğundan hər birimizin maraq
dairəsindədir".
Müəllifin qarşısına qoyduğu məqsəd,
əhatə etdiyi dövrə, xronoloji çərçivəyə
görə çox genişdir. Qəti demək olar ki, kitabda Azərbaycanın
dövlətçilik tarixinin təkcə son 300 ili deyil, qismən
də olsa, beş min illik tariximizin bütün dövrlərini
özündə ehtiva edir və elmi qaynaqlardan gətirilən
faktlar bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin
özünəməxsus idarəçiliyi mövcuddur. Bu
prinsipi əsas tutaraq müəllif də tarixin müxtəlif
mərhələlərində Azərbaycanda yaranmış
dövlətlərin idarə edilməsinin spesifik xüsusiyyətlərini
araşdıraraq etibarlı elmi ümüləşmələr
söyləməyə nail olur.
Kitabla
tanış olduqda məlum olur ki, Azərbaycan dövlət
idarəçiliyi, onun tarixi, müxtəlif vaxtlarda inkişaf
ənənələri və müasir vəziyyəti
qarşılaşdırılaraq belə bir zəngin mənzərənin
aşağıdakı bölgünü müşahidə
edirik: əvvəla Azərbaycan dövlət tarixinin xronoloji
inkişafı, Azərbaycan dövlət idarəçiliyinin
tarixi məsələləri, bu ərazidəki ilk dövlətlər,
III-VIII əsrlərdəki dövlətlər, Sasanilər,
Ərəb xilafəti, Şirvanşahlar, Sacilər, Salarilər,
Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Azərbaycan
Atabəyləri, Hülakülər, Cəlairilər,
Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Nadir
şah Əfşarın yaratdığı dövlətlərin
nümunəsində, Azərbaycan dövlət idarəçiliyinin
mərhələləri elmi-nəzəri tədqiqata cəlb
olunur və bu haqda dəqiqləşdirilmiş elmi nəticələr
ümumiləşdirilmişdir. Həm eradan əvvəl,
həm də bizim erada Azərbaycan ərazisində mövcud
olmuş tarixi dövlətlərdəki idarəçilik
sistemini müəllif həm spesifik, həm də ümumiləşmiş
dünya dövlətlərinin idarəçilik təcrübəsindən
bəhrələnərək müqayisəli nümunələrə
istinad edir.
Məlumdur ki, Azərbaycanın orta əsrlər tarix
eramızın III-XVIII əsrlərini əhatə edir. Bu yüzilliklər
ərzində Azərbaycanın dövlət idarəçilik
təcrübəsində siyasi, ictimai-iqtisadi, dini-ideoloji və
mədəni əlaqələri daha da inkişaf etmişdir.
İkinci mərhələdə müəllif Nadir
şahın öldürülməsindən (1747) sonra Azərbaycanda
müstəqil xanlıqların yaranması və onların
feodal dövlət kimi müstəqil idarəçilik sistemli
nəzərdən keçirilir, onların idarəetmə
formaları, quruluşu, beynəlxalq əlaqələri və
digər xarakterik cəhətləri araşdırılır.
Üçüncü mərhələdə müəllif
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda
baş vermiş ictimai-siyasi hadisələr və bu dövrdə
idarəetmənin fərqli cəhətlərindən bəhs
olunur. 1917-ci ilin fevral burjua inqilabından AXC-nin yaranana qədər
olan idarəetmə mexanizmi nəzərdən keçirilir.
Dördüncü
mərhələdə kitabda Şərqdə ilk demokratik
dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin (28 may 1918-ci
il 28 -aprel 1920-ci illər) fəaliyyəti
dövründə mövcud olmuş müstəqil dövlətdə
idarəetmənin məqsəd və vəzifələri,
görülmüş işlər tədqiqata cəlb olunur. Beşinci mərhələdə isə SSRİ-nin tərkibinə
işğal nəticəsində daxil edilmiş Azərbaycan
SSRİ-nin idarəetmə forması, quruluşu və sosialist
dövlət idarəçiliyi barədə ətraflı məlumatlar
yer alır.
Müəllif
haqlı olaraq Azərbaycan dövlətçiliyinin idarə
olunmasından bəhs edərkən, müasir Azərbaycanın
memarı, Ümummilli Lider Heydər Əliyevə və onun
siyasi varisi, Azərbaycan Pespublikasının Prezidenti İlham
Əliyevin Azərbaycana rəhbərlik etdikləri
dövrü xüsusi tədqiq edərək, Azərbaycan
Respublikasında keyfiyyətcə yeni idarəetmə mərhələlərinin
başlanmasını, Azərbaycan respublikası
üçün daha məqbul idarəetmə olan - prezidentli
idarəetmə formasının Ulu Öndər Heydər
Əliyev tərəfindən seçilməsinin
labüdlüyünün elmi əsaslarını, vətəndaşların
dövlət idarəçiliyində iştirakını, Azərbaycanda
dövlət idarəçiliyinin səciyyəvi xüsusiyyətlərini,
insan amilinin milli sərvətə çevrilməsini,
vitse-prezidentlik institunun dünya təcrübəsini və
dövlət idarəçiliyinin digər arqumentlərini,
Heydər Əliyev və Aəzrbaycan dövlətçiliyinin
digər məsələləri oxucuların nəzərinə
çatdırılır. Bütün bu qeyd
olunanlar kitabın məzmununda aşağıdakı kimi izah
olunur.
Kitabın
"Giriş" hissəsində müəllif Azərbaycanda
dövlət idarəçiliyinin üsul və metodlarından
ehtiva edərək, tarix və müasirliyin vəhdətdə
işlənməsini zəruri edən amillərin
aktuallığından bəhs edən monoqrafiyada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dövlət
idarəçilik sistemini daim təkmilləşdirməsi və
bu istiqamətdə ardıcıl və davamlı
islahatların uğurla həyata keçirilməsi məsələlərinə
həsr olunmuş tədbirlərdən bəhs edərək,
kitabın yazılmasını zəruri edən amillər barədə
qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Monoqrafiyanın "İdarəetmə
anlayışı, onun özəllikləri və
funksiyaları" adlanan birinci fəsli dörd bölmədən
ibarətdir. Burada idarəçilik elminin nəzəri əsasları
araşdırılır, dövlət idarəçiliyi
anlayışı, onun vəzifə və funksiyaları, vətəndaşların
dövlətin idarə olunmasında iştirakı, şəxsiyyətin
idarəetmədə rolu, qloballaşmanın idarəetmədə
ifadəsi və informasiya cəmiyyətindən bilik cəmiyyətinə
keçilməsi kimi məsələlər
araşdırılır və müəyyən elmi-nəzəri
nəticələrə gəlinir. Qeyd
olunur ki, idarəetmə anlayışının tarixi aspektdən
araşdırılması, onun funksiyalarının təhlili,
və vətəndaşların idarəetmədə
iştirakı kimi sosial-fəlsəfi və hüquqi
xüsusiyyətlərin əlaqələri analiz edilməlidir.
Problemin qoyulması ümumfəlsəfi
baxımdan daha qabarıq şərh edilsə də, birinci fəsildəki
məsələlər əsasən ümumiləşdirici və
istiqamətverici məzmun daşıyır. Daha maraqlı cəhət bundan ibarətdir ki, Azərbaycanın
dövlət idarəçiliyinin tarixini və müair vəziyyətini
araşdırarkən müəllif, mövcud idarəetmə
fəlsəfi ilə xarici dövlətlərin idarəetmə
fəlsəfəsi arasındakı əlaqəni də
araşdırmışdır. Beləliklə
də, idarəçilik elminin həm tarixi, həm də
müasir fəlsəfi, sosial-politoloji və hüquqi aspektdən
öyrənilməsinin mahiyyəti xüsusi qeyd olunur və bu
anlayışların hər birinin mahiyyəti öz aspektində
oxucuya çatdırılır.
Monoqrafiyanın
"Azərbaycanda dövlət idarəçiliyinin tarixi məsələləri"
adlanan ikinci fəslində Azərbaycanda dövlət idarəçiliyinin
xronoloji baxımdan çox mürəkkəb və ziddiyyətli
bir dövrü, XIX əsrin əvvəllərindən
başlayaraq sovet dönəmi də daxil olmaqla, Azərbaycanın
dövlət idarəçiliyi hərtərəfli
araşdırılaraq nümunə olaraq belə bir dəlil də
gətirilir ki, təbəqələşmə və sinifli cəmiyyətin
formalaşması üst-üstə düşən Azərbaycan
ərazisində hər yerdə, eyni zamanda baş vermişdir.
Həmçinin, adından
göründüyü kimi, bu fəsildə Azərbaycan
dövlət idarəçiliyinin inkişafı, bu ərazilərdə
formalaşmış dövlətlərin və siyasi hakimiyyətin
təhlili ilə paralel olaraq tədqiq olunur. İnsanların qəbilə-tayfa birləşməsindən
başlayaraq, idarəetmənin ilkin formalarının ibtidai
icma quruluşuna təsadüf etdiyi qeyd olunur, quldar və
feodalizm dövründə mövcud olan idarəetmənin
tarixi-nəzəri məsələlərindən ətraflı
bəhs olunur. Həmçinin, Azərbaycanın
ərəb xilafəti dövründəki idarəetmədə
İslam dini və idarəçilik məsələləri də
müəyyən mərhələlər ilə
araşdırılmışdır. Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərinin idarə
olunmasından maraqlı faktlar gətirilir, xüsusilə də
onların xarici siyasət fəaliyyətlərindən daha ətraflı
bəhs olunur.
Müəllif Azərbaycan Səfəvilər dövlətinin
idarə olunmasında xüsusi idarəçilik sisteminin
olması və buradakı qızılbaş
tayfalarının qüdrətli siyasi birliyə çevrilərək,
Azərbaycanda mərkəzləşmiş vahid dövlətin
yaranması və Azərbaycan dilinin dövlət dili kimi
istifadə dairəsinin genişlənməsinə diqqət
yetirir. Bu fəsildə
feodal dövlətlər olan xanlıqlardan, həmçinin,
Rusiya-Azərbaycan münasibətlərindən, Kürəkçay
(1805), Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrindən sonra Azərbaycanda yaranan Komendant
üsul-idarəsi, distansiyalar, quberniya, əyalət, qəza və
dini məhkəmələrin və bu sahədə çar
Rusiyası tərəfindən həyata keçirilən
islahatların əsl mahiyyəti izah olunaraq diqqətə
çatdırılır ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində
çar hökümətinin Azərbaycanda həyata
keçirtdiyi müstəmləkə siyasəti əhali
arasında ciddi narazılıqlarla qarşılanır və
milli dirçəlişin ilk qaranquşları olan yerli
üsyan və ixtisaslar baş vermişdir. Bu
cür milli hərəkatlara isə əsasən milli
burjuaziyanın və ziyalıların nümayəndələri
başçılıq edirlər.
Beləliklə,
müəllif bəhs olunan dövrdə, xüsusən də,
XX əsrin əvvəllərində Azərbaycanda dövlət
idarəetmə sahəsində baş vermiş əsaslı dəyişikliklərə
monoqrafiyada ayrıca yer verərək, belə bir nəticəyə
gəlir ki, Azərbaycanın ilk dünyəvi dövlət
olan AXC dövrü də, sovetlər birliyi dövrü də
idarəçiliyin, tarixi, fəlsəfi və sosial mərhələlərini
keçmişdir. Maraqlıdır ki, AXC və
sovet dövründəki idarəçilik sistemini təhlil edərkən
belə bir nəticəyə gəlinir ki, Azərbaycan
Respublikasının müasir idarəetmə sisteminin tarixi
keçmiş SSRİ-nin dağılması ilə
üst-üstə durur. Bunun nəticəsi
olaraq Azərbaycan dövlət müstəqilliyi bərpa
olunur və bazar iqtisadiyyatına keçid yeni dinamik dövlətçilik
mexanizmlərinin yaranmasına gətirib
çıxartmışdır. Çünki
siyasi vəziyyət nə qədər çətin olsa da, Azərbaycanda
mahiyyətcə yeni, sosial-siyasi, iqtisadi və mədəni
münasibətlərə keçid və bunun nəticəsində
dünyaya inteqrasiya məsələləri özünü
göstərməyə başlamışdır.
Müəllif çox haqlı olaraq ölkədəki
müasir idarəçiliyin bərpa inkişafını
olunmasını və da Ümummilli Lider Heydər Əliyevin
adı ilə bağlayır.
Bu fəslin sonuncu bölməsində müəllif Azərbaycan
dövlət idarəetmənin müasir vəziyyətini təhlilə
cəlb edərkən, Cənubi Azərbaycanda da dövlət
idarəçiliyinin bir sıra özəllikləri üzərində
ciddi təhlillər apararır və müəyyən
yekunlaşdırıcı təkliflər verir.
"Azərbaycanda
dövlət idarəetmə sisteminin müasir vəziyyəti"
adlanan üçüncü fəsil "Müasir Azərbaycanın
memarı olan Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda
yeni idarəetmə mərhələlərinin
başlaması, hakimiyyətin bölünməsi prinsipi,
qanunvericilik hakimiyyəti", "Yerli özünüidarəetmə,
qeyri-hökümət təşkilatları və idarəetmənin
yeni növləri" və "Regional siyasətin idarəetməyə
təsiri" bölmələrində Heydər Əliyevin
dövlətçilik konsepsiyasının elmi əsaslarından
və dövlətçilik irsindən, onun uğurla davam
etdirilməsi dialektikasından bəhs olunur və onların
qarşılıqlı əlaqəsi şərh edilir. Doğrudur, XX əsrin əvvəllərinə kimi
Azərbaycanda dövlət idarəçiliyinin vəziyyət
müxtəlif ziddiyyətli məqamlarla bağlı
olmuşdur. Amma Ümummilli Lider Heydər Əliyev
çox böyük peşəkarlıq və siyasi
uzaqgörənliklə Azərbaycanda dövlətin maddi
texniki və milli-nəzəri bazasının inkişaf
etdirilməsi, bu sahə üzrə milli kadrların
yetişdirilməsi, milli idarəetmə fəlsəfəsini
müasir şəraitə uyğunlaşdırılması
istiqamətində gördüyü işlərdən bəhs
olunur və müəllif haqlı olaraq yazır ki, bu gün
dövlət idarəçilik aparatının başında
dayanan möhtərəm Prezidentimiz İlham Əliyevin
apardığı milli düşüncə və ideyalarla zənginləşmiş
müasirləşmə siyasətinin əsasları vaxtı
ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Ona görə də kitabın
müəllifi belə bir qəti qərara gəlir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin hazırkı
idarəçilik siyasəti möhkəm təməllər
üzərində qurulmaqla Ümummilli Lider Heydər
Əliyevin siyasi irsinin uğurlu davamıdır.
Bu fəsildə, həmçinin, "Azərbaycan
Respublikası Konustitusiyası və dövlət idarəçiliyinin
təşkili", "Hakimiyyətin bölünməsi
prinsipi: qanunvericilik hakimiyyəti, regional siyasətin idarəetməyə
təsiri və bu konteksdə dövlət hakimiyyətinin digər
qollarından da bəhs olunur.
Əsərin
dördüncü fəsli "Qloballaşma şəraitində
Azərbaycanda vitse-prezidentlik institunun təşəkkülünü
sosial-fəlsəfi və hüquqi aspektlər" adlar və
"Vitse-prezidentlik institutu, dünya təcrübəsi və
dövlət idarəçiliyinin təkmilləşdirilməsinin
özəllikləri", "Azərbaycanda vitse-prezidentlik
institutu, müstəqil dövlətçiliyin təkamülü
və idarəetmədə islahatlar", "Dövlət
idarəçiliyinin təkmilləşməsi və insan
kapitalı, fəlsəfi-hüquqi təhlili" adlı
üç yarımbölmədən ibarətdir. Hər bölmədə vitse-prezidentlik institutunun təhlili
dövlət idarəetməsində yeri, funksiyası, məqsəd
və vəzifəsi, hüquq və vəzifələri barədə,
həm də bəzi müasir dünya dövlətləri ilə
müqayisəli şəkildə araşdırılır,
qazanılmış uğurlar barədə elmi təhlillər
aparılır.
Bu monoqrafiyanın elmi naliyyətinin açılmasında və ayrı-ayrı fəsillərdə elmi tədqiqata cəlb olmuş problemlərin dərk olunmasında kitabın "Giriş"i ilə yanaşı, onun "Nəticə"sinin də çox böyük əhəmiyyəti var.
Belə ki, müəllif əsərin girişində qarşısına qoyduğu məqsədi və vəzifələri izah edirsə, nəticədə gəldiyi qənaətləri sistemləşdirərək, doqquz bənddən ibarət yekunlaşdırıcı tövsiyyələr verir və əsas mənbə kimi də Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi prinsiplərinə və bu təməl prinsiplərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdiyinə istinad etdiyini xüsusilə vurğulayır. Bu istinadların içərisində respublikada gənc siyasətçilər nəslinin yetişməsi, Azərbaycanda dövlət idarəçiliyimizin qloballaşma və regional siyasətlə əlaqələnməsi, dövlət idarəçiliyində neft amili, dövlət idarəçiliyində menecmentin yeri, dövlət idarəçiliyi sitemində qadınların rolunun artması və nəhayət, Azərbaycan dövlət idarəçiliyində Azərbaycan Respublikasın Prezidenti İlham Əliyev mərhələsinin əsas yer tutduğu xüsusi qeyd olunur.
Monoqrafiya geniş məlumat axtarış aparatına
malikdir. Burada bir neçə dildə çoxsaylı
elmi-kütləvi ədiyyatd və mənbələrdən
istifadə edilmişdir. Bundan başqa, qeyd
etmək yerinə düşər ki, əsər çox
mötəbər elmi mənbələrlə zəngin olub, Azərbaycanda
dövlət idarəçiliyinin tarixi və müasir vəziyyəti
müqayisəli təhlil şəklində
yazılmışdır. Təqdirəlayiq
cəhətdir ki, müəllif nəinki ayrı-ayrı fəsilləri,
hətta bölmələri belə yekunlaşdıra,
tamamlaya, nəticələr verməklə yanaşı, əsərə
sonda geniş əhatəli "Nəticə" yazılmaqla
maraqlı fikir bitginliyi yarada bilmişdir.
Məlumdur ki, cəmiyyətin tənzimlənməsində
idarəetmə prinsiplərinin aparıcı qüvvə
olması elmi ictimaiyyətə çoxdan məlum olsa da, onun
inkişafı və əsas prinsipləri müasir dördə
də hələ kifayət qədər tam
araşdırılmamışdır. Lakin XX əsrin ilk illərindən
başlayaraq bu sahəyə böyük zərurət
yaranmış, hətta Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
yaradılmışdır. Hesab edirik ki, bu
kitab nəinki bu sahə ilə məşğul olanlar, eyni
zamanda, elmi işçilər, tələbələr
üçün də dəyərli bir tədris vəsaitidir.
Hazırda dövlət idarəçiliyində
çalışan müfəttişlər üçün
də etibarlı istinad mənbəyi ola
bilər.
Fikrimizcə, monoqrafiyanın gələcək nəşrlərində
aşağıdakı tövsiyələr də nəzərə
alınsa, daha yaxşı olar.
Mündəricat kitabın əvvəlində verilsə,
ondan istifadə zamanı vaxt itkisi olmazdı. Ədəbiyyat
siyahısı dillərə görə, həm də əlifba
sırası ilə verilsə, ondan istifadə daha təkmil
olardı, tədqiq olunan məsələlərdə
müvafiq arxiv materiallarından və dövrü nəşrlərdən
də istifadə etmək olardı. Lakin bu
tövsiyələr kitabın texniki tərtibatına aid olub,
heç də monoqrafiyanın elmi-nəzəri əhəmiyyətinə
xələl gətirmir. Arzu olunur ki, müəllif
başladığı bu xeyirxah işi gələcək də
də davam etdirsin.
Ənvər ƏHMƏD
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.- 4 sentyabr.-
S.18-19.