"Azərbaycanda tanınıb-sevilməyimdən
qürur duyuram"
Türkiyəli Aktrisa
Yildiz Kültür: "Film Və Seriallarda Daha Çox Ana
Rollarina Çəkilməyim İşimi Xeyli
Asanlaşdirir"
Onun Bakıda olduğunu bilmirdim. Başqa bir müsahibəyə
gedərkən xoş bir təsadüf nəticəsində
qarşılaşdıq.
Əlbəttə,
çox azərbaycanlı tamaşaçı kimi mən də
onu "Aşka sürgün", "Küçük
sırlar", "Kocamın ailesi" və digər
seriallarla, "Issız adam" filmi ilə
tanımışdım. Ona görə də
bir növ hazırlıqsız olsam belə, Azərbaycanda da
geniş tanınan, çox sevilən türkiyəli aktrisa
Yıldız Kültürlə qəzetimiz üçün
söhbətləşmək şansını əldən
verə bilməzdim. Adətən,
müsahibəyə gedərkən öncədən
hazırladığım qara üzlü dəftərimin
Yıldız xanım üçün ayrılmış səhifəsi
olmasa da, mənim ürəyimdə onunla maraqlı söhbətə
yetəcək suallarım, fikirlərim çox idi. Bu təsadüfi
görüşümüz də, teatr, serial, aktyorluq sənəti,
mədəniyyət və Azərbaycan haqqında xoş bir
söhbətə çevrildi:
"Bu, Azərbaycana ilk səfərimdir. Bakını
çox sevdim. Azərbaycanın bizə dost və
qardaş ölkə olduğunu deyənlər
haqlıdırlar, həqiqətən də eləsiniz. İnsanlarınız çox səmimi, istiqanlı,
sevgiylə doludurlar. Məni gözləmədiyim
dərəcədə xoş qarşıladılar. İnanın ki, bu sevginin qarşısında
çox duyğulandım.
Demək olar ki, bütün Bakını gəzdik. Amma məni
daha çox burada sənətçiyə verilən dəyər
heyran elədi. Azərbaycanın mərhum
prezidenti Heydər Əliyevin, həyat yoldaşı Zərifə
Əliyevanın, bundan başqa, dəyərli sənətçilərin
məzarlarını ziyarət etdik.
İçərişəhər çox gözəldir. Gəzdikcə
çox bəyəndim. Ən çox da
tarixi binaları sökmədən, olduğu kimi
saxlamağınız xoşuma gəldi. Keçmişinizə
sahib çıxırsınız. Çünki
keçmişdə tikilən binaları, tarixi abidələri
qoruyub saxlamaq lazımdır.
Təəssüflər olsun ki, azərbaycanlı sənətçilərdən
heç kimi tanımıram. Bu, mənim
ayıbım olsun. Amma
mahnılarınızı çox sevirəm. "Ayrılıq" mahnısı
üçün ölürəm. Onun mənim
könlümdə ayrı bir yeri var.
Əslində, Azərbaycandan bir layihə ilə
bağlı təklif gəlmişdi. Amma həmin vaxt
çəkildiyim serialın rejissoru uzun müddət
üçün icazə vermədi. Gəlməyi
çox istəsəm də, alınmadı. Bu dəfə isə təklif gəlsə, qəbul
edəcəyəm".
Uzun illər
teatr aktrisası kimi çalışan 74 yaşlı
Yıldız xanımın seriallara bu qədər gec
başlamasının tarixçəsi də maraqlıdır:
"1962-ci ildə Ankara Dövlət
Konservatoriyasını bitirdim. Bizdə teatrlarda ən
çox konservatoriya məzunları işləyirlər.
Amma özəl teatrlarda kənarda təhsil
almış bir çox sənətçilər də var.
Onları da təqdirlə izləyirik. Teatr
çox çətin sənətdir. Çünki
orada tamaşaçıyla baş-başasan. Səhv etdiyində düzəltmək, yenidən
oynamaq şansın yoxdur. Son dərəcə
peşəkar olmalısan. Səhv etməməlisən.
Filmdə, serialda isə səhv edərkən
geriyə dönə bilirsən.
Mən ancaq təqaüdə çıxdıqdan sonra
seriallarda çəkilməyə başladım. Ankarada işləyirdim.
Həyat yoldaşımı isə İzmirə
qastrol səfərinə getdiyim zaman tanıdım. Həyat yoldaşım psixiatriya professoru idi. Orada işləyirdi. Evlənəndən
sonra İzmirə köçdüm. Ondan
sonra təsadüfən teatrın bir bölümünü
İzmirdə qurdular. Mən də həyat
yoldaşıma görə təyinatımı ora istədim.
Həmin vaxtlarda mənim seriala çəkilmək
şansım yox idi. Çünki bildiyiniz kimi, bütün
seriallar İstanbul və Ankarada çəkilir. Bizim isə hər axşam tamaşamız olurdu.
Beləcə İstanbula gedib çəkilişlərə
qatılmağımız mümkün deyildi. Ona görə də mən ekrana çox gec
çıxdım. Teatrda hər kəs
tanıyıb sevsə də, ekranda çox gec məşhur
oldum (gülür). Təqaüdə
çıxmağıma iki il
qalmışdı, serial üçün gələn təklifi
qəbul elədim. İlk serialım
"Aşka sürgün" oldu. Bakıda
da hər kəs məni o serialda oynadığım rolla
tanıdı. Serialın bu qədər
sevildiyini bilmirdim. Amma "Issız adam"dan
da tanıyanlar oldu. Bilirəm ki, Azərbaycanda
Türkiyə serialları çox izlənilir. Şəxsən özümə gəldikdə, Azərbaycanda
tanınıb-sevilməyimdən qürur duyuram".
Türkiyə seriallarından danışarkən son
zamanlar müşahidələrimə əsasən gəldiyim
qənaəti Yıldız xanımla da paylaşdım. Mənə
görə seriallar artıq mövzu, sujet və aktyor
seçimi ilə bir-birinə bənzəyirlər.
Görünür, müsahibim də o fikirdədir:
"Tamamilə haqlısınız. Çəkilən
bütün serialları izləmək şansımız
yoxdur. Çünki biz özümüz də
gərgin qrafiklə işləyirik. Çox
zaman çəkildiyimiz serialı belə izləyə
bilmirik. Amma sənin sözlərinlə
razıyam. Həqiqətən də 3-5
seriyadan sonra filmlər bir-birinə bənzəməyə
başlayır. Hansısa serialda reytinq
yığan səhnəni fərqli şəkildə
yazırlar, ona görə də bənzəməyə
başlayırlar. Sanki artıq mövzu
bitir. Məncə, bir serial bir
mövsüm getməli və vaxtında bitməlidir. Məsələn, "İkinci bahar"
serialını çox sevərək izləmişdim. Həmin vaxtlarda teatrda işləyirdim. Onun bircə seriyasını qaçıranda belə
çox məyus olurdum. Həmin serial o qədər
doğru zamanda bitdi ki... Bir də elə bir
serial çəkilmədi.
Hazırda "Bir zamanlar Çukurova"
serialını izləməyə çalışıram. Həmçinin,
"İstanbullu gəlin" serialını izləmişəm,
Aslı Ənvəri çox bəyənirəm.
Ümumiyyətlə, məncə, seriallar, filmlər
maarifləndirici olmalıdır. Çünki
onların cəmiyyətə birbaşa təsiri var. Əgər
dərindən araşdırsaq, o qədər cahil insanlar var
ki, bu xalqın içərisində. Biz boşunamı
illərdir yorulmadan "təhsil, təhsil" deyirik?! Xalq televizora baxır, "ordakı bunu edirsə, mən
də edə bilərəm" deyir. Ona
görə də seriallar, proqramlar maarifləndirici
olmalıdır. Maarifləndirici
verilişlər artmalıdır.
Ədəbiyyatı, kitabı çox sevirəm. Gənckən
Dostoyevskini çox sevərdim. Onun demək
olar ki, bütün kitablarını oxudum. Nazim Hikməti çox sevirəm. Onun həyatı həmişə məni
hüzünləndirib. Bu qədər
böyük bir dəyərin sağlığında o qədər
ağrılar çəkməsi, təzyiqlərə məruz
qalması çox kədərlidir. Həmişə
onun şeirlərini hüznlə oxuyuram. Kaş
ki, Nazim Hikmətin anası rolunda çəkilmək
şansım olaydı. Onu
canlandırmağı çox istərdim.
Yazıçılarımızdan Əziz Nesinin,
Yaşar Kamalın adını çəkə bilərəm. Teatrdaykən
Əziz Nesinin bir pyesində rol almışdım. Yaşar Kamalın əsərlərini xəstəlik
dərəcəsində çox sevirəm. Orxan Pamukun əsərləri də
yaxşıdır, amma nədənsə, mənə həmişə
uzun təsiri bağışlayır. Sanki
gərəksiz detallara çox yer verir. Bəlkə
də yazıçının dilindən asılıdır.
Bəzi yazıçıların əsərləri
uzun gəlir adama, bəzilərinki isə oxuyarkən sanki
şeir kimi axır. Əslində,
oxuduğum, bəyəndiyim çox şairlər,
yazıçılar var. Azərbaycan ədəbiyyatından
Nizamini, Füzulini, Nəsimini, klassiklərinizi
tanıyıram, oxumuşam".
Müasir
rejissorlarla bağlı isə olduqca yüksək fikirdədir
həmsöhbətim:
"Rejissorlardan
Çağan Irmakla, Mahsun Kırmızıgüllə birgə
işləmək çox gözəldir, zövqlüdür.
İkisi də işinin peşəkarıdır.
Ümumiyyətlə, çəkilişlər
zamanı məni çətinə salan demək olar ki,
heç nə baş vermir. Çünki
o obraza girirəm, onun hisslərini yaşayıram. Yaşamasam, onu mənimsəməsəm, obraz yarada
bilmərəm, yalandan ağlamağı bacarmıram. Film və seriallarda daha çox ana rollarına
çəkilməyim işimi xeyli asanlaşdırır.
Çünki həyatda da anayam və analıq
duyğusuna çox yaxşı bələdəm. Bir ananın, qadının psixologiyasını da
bilirəm. Bizim işimiz müşahidələrə
əsaslanır. Mən də hər zaman
müşahidə edirəm. İnsanları, həyatı...
Sabah ona bənzər xarakter gələndə
onu canlandıra bilim deyə.
"Rejissorların söylədiklərinin
hamısını edirik" deyə bilmərəm. Daha
doğrusu, rejissorlar da bizim işimizə çox müdaxilə
etmirlər. Bəzən ssenaridə
razılaşmadığımız məqamlar olursa, çəkilişdən
öncə danışıb, təkliflərimizi edirik. Rejissor da uyğun görürsə, dəyişib o
cür edirik. Bu, çəkiliş əsnasında
baş vermir. Adətən, çəkilişdən
öncə artıq nəyi necə edəcəyimizi bilirik.
Mən hər zaman rejissora hörmətlə
yanaşıram. Çünki əsas
şəxs odur. Heç vaxt rejissorlarla
mübahisə etməmişəm.
Başqa rejissorlardan Nuri Bilgə Ceylanla işləməyi
çox istərdim. Əslində, o, məni bir işlə
bağlı görüşməyə
çağırmışdı. Amma həmin
vaxt həyat yoldaşım rəhmətə getdi və mən
onunla görüşə gedə bilmədim. Sonra isə bir fürsətimiz olmadı. Əgər olarsa, məmnuniyyətlə qəbul edərəm.
Zəki Dəmirkubuzla heç işləməmişəm,
tanımıram, amma işlərini çox bəyənirəm.
Hamısı mükəmməldir. "Aşka sürgün"ü ilk çəkən
Camal Şanı çox sevirəm. Övladım
kimidir. Peşəkarlığına da həmişə
güvənirəm".
Yıldız xanımı ekranda ailəsinə, övladlarına bağlı, ailəsinin şərəfini hər zaman uca tutan ana rollarında tanıyıb-sevmişik. Görəsən, həyatda necə bir anadır?
"Həyatda da yaxşı ana olduğumu düşünürəm. Ən azından həmişə buna çalışmışam. Bir oğlum var. Ona qoyduğumuz ən böyük miras yaxşı təhsildir. Mühəndisdir. Amerikada böyük bir firmada praktika keçdi. Bir də balaca nəvəm var. Sevgi dolu ana, şəfqətli bir nənəyəm. Onu da oynadığım filmlərdə, seriallarda ekrandan tamaşaçıya ötürə bilirəmsə, xoşbəxtəm.
"Issız adam" filmindəki ana obrazını çox sevərək, halına yanaraq oynadım. Hətta ilk dəfə izləyəndə oturub ağladım və "yaxşı ki də mənim belə bir oğlum yoxdur" dedim. Hələ də belə bir oğlum olmadığı üçün şükür edirəm. Çox uzun müddət çalışmadım o rol üçün, çox böyük əmək vermədim. Çünki rejissor Çağan Irmakın tərzi də budur. O, bir səhnəni dəfələrlə çəkməz. Aktyoru da çox yormaz. Amma mən rolumu sevərək oynadım. Bəlkə ona görədir ki, insanlar da onu çox sevdilər".
Söhbətimizin sonunda Yıldız Kültür sevənlər üçün müjdəli xəbər də aldıq. Dediyinə görə, bir müddətdir seriallarda görmədiyimiz aktrisa, bu mövsüm yenidən ekranlara dönəcək. Ondan öncə isə Türkiyədə sənətə, sənətçiyə verilən dəyərlə maraqlandıq. Deyəsən, aktrisanın razı olmadığı bəzi məqamlar var:
"Sənətçi sağ ikən mükafatlandırılmalıdır ki, o da zəhmətinin bəhrəsini görsün. Bir sənətçiyə öləndən sonra verilən dəyər yersizdir. Özüm görməyəndən sonra mənə verilən dəyər nəyimə lazımdır?
O ki
qaldı yeni seriala... Qaziantepdə çəkilən
seriallardan birindən təklif gəlsə də, ora gedib-gəlmək
mənim üçün çətin olduğundan qəbul
etmədim. Çəkilişləri
İstanbulda olan seriallarda rol almaq istəyirəm.
Çünki yaşım az deyil. Hazırda danışıqlar gedir.
Sentyabrdan tamaşaçılar məni yeni serialda
görə biləcəklər. Sadəcə, hansı
serial olduğunu özüm belə dəqiq bilmirəm. İşləmək məni həvəsləndirir.
Özümü daha enerjili hesab edirəm. Hələ gənclərlə birgə işləmək,
onlarla yaxşı mənada ayaqlaşmaq məni daha
güclü və gümrah hiss etdirir.
Keçən il heç bir iş görmürdüm, elə o zaman da xəstələndim. Ağlıma yaşadığım pis hadisələr gəlirdi. İşləyəndə isə daha dinamik oluram. Həm də idmanı çox sevirəm. Üstəlik, yeməyimə də fikir verirəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.16.