Poeziyanın Hidayəti
Yaradıcılıq, ümumən ictimai fəaliyyət sferası, miqyası elə gəncliyindən nə qədər geniş olsa da (və get-gedə nə qədər genişlənsə
də), Hidayət, birinci növbədə, şairdir.
Və onun poetik istedadı,
qüdrəti ən müxtəlif səviyyələrdə,
müxtəlif münasibətlərlə
(dəfələrlə!) etiraf
olunmuşdur...
Sevinclə kədərin qarışığında,
Umu-küsülərin barışığında,
Qövsi-qüzehlərin yaraşığında
Zirvəyə qalxıram, dağ
aşıram mən -
Bir nəğmə yazıram...
Yaşayıram mən!
Kifayət qədər gənc yaşlarında - keçən
əsrin 70-ci illərinin
əvvəllərində yazdığı
bu şeirində Hidayət yaşamağın
(həyatın!) onun üçün məhz nəğmə (şeir) yazmaqdan ibarət olduğunu deyir. Həm də yalnız demir... Şeirin bütün daxili
ritm- intonasiyası, ruhi-psixoloji ovqatı, ifadə-obrazlar sistemi ilə göstərməyə
çalışır.
Bir neçə il
sonra isə məşhur "Bir az gözləyin məni" şeirini yazmışdı...
Nəğmə kəhkəşanında
qəlbimdəki misralar
düşməyib dildən-dilə,
Sevincimin
nidası,
Ömrümün öz mənası,
Ürəyimin harayı
sizə çatmayıb
hələ -
Bir az gözləyin
məni!
Belə
də oldu... Və Hidayət adı, imzası müasir Azərbaycan poeziyasında
öz mövzuları,
ideyaları, dil-üslub
texnologiyaları ilə
əbədi qərar tutdu.
Akademik Kamal
Abdulla göstərir ki,
"Hidayətin şeirləri
qaynağı xalq yaradıcılığından gələn xəlqilik, klassik ədəbiyyatdan nəşət edən fəlsəfi dərinliklə
seçilir.
Hidayət yaşadıqlarını yazır,
yazdıqlarını yaşayır
və oxucunu da daxili axtarışa
təşviq edir".
Şairin yaradıcılığından bəhs edən mötəbər söz sahiblərinin, demək olar ki, hamısı
onun poeziyasında avtobioqrafik motivlərin aparıcı olduğunu qeyd etmişlər. Eyni zamanda,
onu da qeyd
etmişlər ki, bu avtobioqrafiklik bir şairin özünə (tərcümeyi-halına!)
heyranlığı deyil,
çox geniş etnoqrafik, milli, ictimai məzmun-mündərəcəyə
malikdir. Və Hidayət poeziyasında avtobioqrafikliyin həmin xüsusiyyətini vaxtında
görüb dəyərləndirən,
Azərbaycanın böyük
ədəbiyyat filosofu
Yaşar Qarayev vaxtilə yazmışdı:
"Çaylar zirvələrdən
baş alır, qayaların bağrından
keçir, dəryalara
qovuşur. Yollar isə, əksinə,
düzlərdən başlanıb
əlçatmaz, ünyetməz
zirvələrə doğru
üz tutur. Yazan, yaradan ilham və
qələm sahibinin -
şair dostumuz Hidayətin də ömür yolunu uca zirvələrə qalxan çəhlimə -
cığıra bənzətmək
olar. Şairin poeziyasında həm gerçək, həm də əfsanəvi bir dağ obrazı
var - Ələngəz
obrazı! Dünyanın hansı səmtinə
yola düşsə də, xəyal onu dolandırıb Ələngəzə qaytarır.
Şair nə zamansa bu zirvəni fəth edəcək.
Əlləri zümrüd quşunun
qanadlarına çatacaq
və bu qüdrətli qanadlar onu günəşə doğru yüksəldəcək.
İnanırıq ki, Ələngəz
yoxuşunda şair dostumun nəfəsi təngiməyəcək".
Emosional olduğu qədər də səmimiyyətlə
və səmimi olduğu qədər də ciddiyyətlə deyilmiş bu sözlər şairin
70-ci illərdən başlayan
yaradıcılıq axtarışlarının,
bədii ağrılarının,
estetik əzablarının
fəlsəfəsini aydın
ifadə edir.
Hidayətin vətənpərvərliyi doğma
ocağa, el- obaya məhəbbətdən başlayıb
yüksəlir. Və çox böyük
mənəvi, ictimai-siyasi,
ideoloji məzmun kəsb edir.
Şairin
Türkiyədə nəşr
olunmuş "Ata qəbri"
kitabına yazdığı
ön sözdə jurnalist-tədqiqatçı Seyfəddin
Altaylı təsadüfən
demir ki, "şeirlərindən bir çələng hazırlayıb
təqdim etdiyimiz
"Ata qəbri" adlı
kitabda sizləri Hidayət bəyin iç dünyası ilə az da
olsa tanış edə biləcəyimi zənn edirəm. Orada Vətənindən, xatirələrlə dolu ata-baba yurdundan uzaq düşmüş bir ürəyin hayqırtılarını görəcəksiniz".
Hidayətin poeziyasında Vətən
anlayışının bir-
birilə sıx bağlı olan ən azı üç ideya - estetik mənası, məzmunu var:
1) doğulub boya-başa
çatdığı kəndləri
Maralzəmi, Mığrı
bölgəsi, bütövlükdə
Zəngəzur mahalı;
2) gənclik illərini
yaşadığı, hər
çölünə-düzünə, dağına-dərəsinə, gülünə-çiçəyinə, havasının istisinə-soyuğuna,
insanlarının yaxşısına-pisinə,
mərdinə- namərdinə
bələd olduğu,
şair-mütəfəkkir, vətəndaş kimi formalaşdığı Ermənistan
- qədim Azərbaycan
torpaqları;
3) siyasi baxımdan
ayrılsa da, mənəvi mənada hər bir azərbaycanlının
təsəvvüründə (ürəyində!) həmişə
bütöv olan Azərbaycan!..
Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öləcəyəm.
Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər
nəğməyə dönəcəyəm.
Bir yaddaş istəyirəm -
Bacara bilsə əgər -
Ömrümün yarasını,
ağını, qarasını,
çətən-çətən təzadlı
saatları, günləri
vura, çıxa, cəmləyə...
Yoxsa bütün həyatım,
ömrüm, müqəddəratım
sığışar beş cümləyə.
Şairin "Avtoportret-83"ündən alınmış bu misralarda üç konkret məkan var: Zəngəzur, İrəvan, Bakı. Və bu üç konkret məkan şairin tərcümeyi- halından bütöv Vətənin bir Vətəndaş taleyindəki "qeyri-səlis" iyerarxiyası kimi keçir...
Azərbaycan ədəbiyyatşünaslığı Hidayətin poeziyasındakı yüksək vətəndaşlıq ruhunu (və mövqeyini!) həmişə qeyd etmişdir... Akademik İsa Həbibbəyli yazır:
"Şairin avtoportret səpgili şeirlərinin hamısında yüksək əxlaqi-mənəvi dəyərlər, şəxsiyyətin bütövlüyü və əsl vətəndaş mövqeyi ifadə olunur. Geniş mənada, Hidayətin yaradıcılığı onun ömrünün, taleyinin poetik monoloqudur. Lakin şair bu taleyin monoloqunu millətin monoloquna çevirməyi bacarmışdır. Və bu monoloq həmişəki sabit, təmkinli tempi, milli qayəsi, ictimai dəyərləri, həqiqi vətəndaşlıq yanğısı ilə çağlamaqda davam edir".
Hidayət şeirinin bir mühüm keyfiyyəti
etnoqrafik zənginliyi, milliliyi,
vətənpərvərliyidirsə, digər məziyyəti də
humanizmi, müxtəlif xalqların dostluğuna (özü də,
xalqı da çox nankorluqlar görmüş
olsa belə!) inamı, ümumbəşəriliyidir.
Və onun yaradıcılığı bir daha sübut
edir ki, ümumbəşəri
olmayan milli poeziya (ümumən ədəbiyyat) yoxdur.
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.11.