Milli mədəniyyətimizin
bilicisi və fədakar təəssübkeşi -
Ərtoğrul Cavid
KİVDF Layihəsi
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim
Azərbaycan ədəbiyyatının böyük
nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq
istedad sahibi Ərtoğrol şeirə, sənətə,
poeziyaya olan vurğunluğu hələ uşaq
yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə
oxuduğu zaman "Ay" adlı şeir yazmış və
bununla diqqət çəkmişdi.
Ərtoğrol
Cavid 1936-cı ildə Lenin adına Pedaqoji
İnstituta (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)
daxil olaraq, 1940-cı ildə isə ali təhsilini uğurla
başa vurur. Həmçinin, institutda oxuya-oxuya
korifey sənətkar Bülbülün rəhbərliyi ilə
fəaliyyət göstərən Musiqi Elmi-Tədqiqat
Kabinetində (METK) çalışıb. Hər iki elm ocağı Ərtoğrol Cavidin,
yuxarıda qeyd etdiyimiz kimi, filoloq-alim, dramaturq, tərcüməçi,
musiqişünas və ya bəstəkar kimi yetişməsinə
zəmin yaradıb. Əgər ali məktəbdə
Ərtoğrol Cavidə ictimai-pedaqoji hərəkatın əsas
simaları sayılan Mir Cəlal Paşayev, Əli Sultanlı,
Cəfər Xəndan, Məmməd Cəfər, Əkbər
Ağayev, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə
kimi Azərbaycan elminin klassikləri mühazirələr
oxumuşdularsa, musiqi sahəsində də Bülbül,
Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cabbar
Qaryağdı, Seyid Şuşinski, Rudolf kimi nəhənglərdən
dərs almış, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq
Quliyev və başqa parlaq şəxsiyyətlərlə
çiyin-çiyinə işləmişdi.
Ərtoğrol
Cavid ali təhsilini uğurla başa
vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil
olmuş (1941) və musiqi təhsilini daha da təkmilləşdirmişdi.
Yaradıcılığa "TOƏC" (Türk
Oğlu Ərtoğrol Cavid) imzası ilə
başlamışdır. Sovet rejiminin
tüğyanına, atasının repressiyaya məruz
qalmasına baxmayaraq, Ərtoğrol imzasını dəyişməyərək
milli kökə, milli ruha ömrünün sonuna qədər
sadiq qalmışdı.
"Göyərçinin
naləsi", "Sönük həyat", "Qalibiyyət
nəğməsi", "İspan qadını dilindən
layla" kimi adlı şeirlərində ömrünün
qayğısız nikbin günləri və yaşına
uyğun gəlməyən bədbinlik notları öz əksini
tapıb. Ərtoğrol Cavidin
çoxçalarlı yaradıcılığına nəzər
salan zaman görürük ki, onun
yaradıcılığında nəcib əxlaqi keyfiyyətlər
öz qabarıq əksini tapır. O nəcib əxlaqi
keyfiyyətlər də Azərbaycan xalqını, onun mədəniyyətini,
ədəbiyyatını, elmini yüksəklərə
qaldırmaq ideyası ilə birləşir. "Qalibiyyət
nəğməsi" şeirində oxuyuruq:
Mərd
iyidlər nərəsi, yaralıların səsi,
Hər ürəkdə doğursun qalibiyyət həvəsi.
Cəbhələrdən
səs gəlir, o səsdən həvəs gəlir,
Qalibiyyət bizimdir, "ura..." səsi yüksəlir.
Ərtoğrol Cavidin yaradıcılığında əsas
amal xalqını azad, müstəqil xalq görməkdir. Onun
bütün yaradıcılığı Azərbaycan
xalqını milli soykökə bağlılığa, milli
azadlığa, müstəqilliyə çağırır.
Yüksək mədəniyyətə malik vətənpərvər,
milli ideyalar carçısı, humanist, işgüzar, dərin
düşüncəli pedaqoq, fədakar mədəniyyət
xadimi Ərtoğrol Cavidin vur-tut 24 illik (1919-1943) ömür
yolu hər mənada gənclərə nümunə sayıla
bilər.
"Etüd",
"Uğursuz gecə", "Bir obraz", "Vərəmli
qız", "Həyat", "Dostlar", "Professorun
ailəsi", "Eqoistin taleyi" kimi nəsr və pyeslərində
ictimai-sosial, mənəvi-əxlaqi məsələlər
geniş şəkildə öz əksini tapıb. Ərtoğrol Cavidin 1939-cu ildə
tamamladığı və oxucu gənclərin maraq dairəsinə
sahib olacaq ilk əsəri "Eqoistin taleyi" adlı birpərdəli
pyesidir. İlkin variantı "Emirqant,
yaxud vətən qatili" adlandıran Ərtoğrol
Cavidpyesdə iki qardaşın - Nəjmud və Bəkrinin həyat
yolunu və vətənə olan sevgilərini təsvir edir.
Nəjmudun təmənnasız şəkildə vətən
uğrunda apardığı mübarizə ancaq yurdunun tərəqqisi
naminədirsə, Bəkrinin mübarizəsi əsasən
öz iddiaları üçündür. Ağır
gündə Vətəndən qaçan Bəkri sonradan vətənə
qayıtsa da, vətənpərvər bir mübarizə
çevrildiyini göstərmək istəsə də, vətənin
istiqlalı üçün orator kimi odlu-alovlu
çıxışlar etsə də, Nəjmud
qardaşının belə qəflətən dəyişməsinə
inana bilmir. Çünki Nəjmud Bəkrinin
əvvəlki ömür yoluna yaxşı bələddir.
O qeyd edir ki, şəxsi ləyaqətinə hörmət etməyən,
qeyrətini, namusunu qorumayan şəxslər vətənin,
xalqın şərəfini heç vaxt müqəddəs
saya, vətəndaşlıq ləyaqətini qoruyub saxlaya bilməz.
Buna görə də Nəjmud Bəkri kimiləri heç
vaxt əxlaqlı adam hesab etmir, insanlarda mənəvi
zənginliyin və əxlaqı saflığın ən
mühüm əlaməti kimi qiymətləndirdiyi qeyrət,
namus və ləyaqəti qorumağa çalışır. Nəjmud vətəni Azərbaycanın mütərəqqi
qüvvələrinə əsaslanaraq qabaqcıl ideyalar təbliğ
etməklə insanlar arasında maarif, mədəniyyət, bərabərlik,
xoşbəxtlik və azadlıq uğrunda mübarizə
aparır və gələcəyi bu mübarizədə
görür.
Böyüməkdə olan gənc nəslin nəcib
keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara lap
aşağı yaşlardan müsbət əxlaq, mədəni
vərdişlər aşılamaq Ərtoğrol Cavidin ən
mühüm ideyalarından biri olmuşdur. Bu isə
Ərtoğrol Cavidin gənclərə vətənin,
xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid
çırağı kimi baxmasından irəli gəlirdi.
O, gələcəyin yüksək mədəniyyətli gənclər,
yeni vətənpərvər qüvvələr vasitəsilə
yaradılacağına ürəkdən inanıb. Ona görə də həssas qəlbli
şair-dramaturq Vətən övladlarının tərbiyəsi
ilə məşğul olmağı və onlardan gələcəkdə
yüksək mənəviyyatlı, saf əxlaqlı,
xalqın, ana torpağın qeydinə qalan şəxslər
yetişdirmək kimi çətin işi təxirəsalınmaz
bir məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl, bu işin çətinliyi
Ərtoğrol Cavidin yaşadığı dövr və qeyri
normal ictimai mühit ilə əlaqədar idi. O, elə
bir şəraitdə yaşayırdı ki, bu zaman uşaq və
gənclərin milli ruhda tərbiyəsi ilə məşğul
olmaq, onlardan Azərbaycan naminə yüksək ideallı
şəxslər yetişdirmək prioritet deyildi. Dövr və ictimai quruluş bu işin əleyhinə
idi, hadisələr bu baxımdan öz mənfi təsirini
göstərirdi.
Vətənpərvər şair-dramaturq Ə.Cavid
özünün məslək eşqinə, əqidəsinə
müvafiq tərzdə, bütün həyatı və
yaradıcılığı boyu izlədiyi vətənpərvərlik
ideyasını yeni formada, yeni məzmunla ifadə etməyə
çalışırdı. O, vətənpərvərlik
haqqında özünəcən söylənilən fikirləri
daha da zənginləşdirmək eşqilə qələmə
sarılmışdı.
Ə.Cavidin vətənpərvərlik ideyası
demokratizm nöqteyi-nəzərindən də düzgün
istiqamətlidir. Çünki o, atasının yolunu
tutaraq həmişə ictimai mübarizədə məzlum təbəqələrin
tərəfində olmuş, onda zəhmətkeş kütlələrə
dərin rəğbət, vətənin mütərəqqi
qüvvələrinə böyük inam, başqa xalqların
mədəni nailiyyətlərini yüksək qiymətləndirməklə
yanaşı, xalqı əzən yadlara qarşı dərin
nifrət hissi çox güclü idi. Bu
keyfiyyətlər arzu və ideyalarının görüş
səciyyəsini müəyyənləşdirməkdə, vətənpərvərlik
ideyasını aydınlaşdırmaqda rəhbər rol
oynayan demokratizm təliminə uyğundur. Ə.Cavidin vətənpərvər
qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi
və təhlili sübut edir ki, onun vətənpərvərlik
ideyaları zorakılığa, istismara, ədalətsizliyə,
cəhalətə, nadanlığa qarşı
çevrilmiş, doğma vətənin, xalqın taleyi ilə
bağlı olan, mütərəqqi məna daşıyan, həqiqi
vətənpərvərlik duyğularıdır.
Ə.Cavidin vətənpərvərlik mövzusuna daha
çox müraciət etməsi təsadüfi deyil. Bu, yuxarıda
qeyd etdiyimiz kimi, onun geni, qanı ilə bağlı idi, ailə
tərbiyəsindən irəli gəlirdi. Mövcud
ictimai-siyasi vəziyyətlə barışmadan öz əqidəsini
yaradıcılığında da əks etdirirdi.
Ərtoğrol Cavidin atası Hüseyn Cavid
"Həsb-hal" əsərində yalnız öz
ambisiyalarına xidmət edənləri "buqələmun"
adlandırır. Hüseyn Cavid yazır ki, bu
kimi buqələmunlar "Araz kənarına varır-varmaz bir
kərrə düşünər, hər şeydən əvvəl
özü üçün bir sərmayə arar... İşi
yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı
coşub-daşaraq qızğın, dəhşət-nak nitqlər
söyləməyə başlar, iştə kiçicik
bir nümunə: "Cəmaət, cəmaət! Vətən,
məmləkət xərab oldi".
Göründüyü kimi, əxlaq
tərbiyəsindən bəhs edərkən Ə.Cavid
atasının yaradıcılığındakı ideya və
amalı üstün tutaraq öz əsərlərində də
acgözlüyü, mənsəbpərəstliyi, fərdiyyətçiliyi,
xəsisliyi, tamahkarlığı, lovğalığı,
paxıllığı, yaltaqlığı,
riyakarlığı, kobudluğu və digər mənfur
cəhətləri kəskin tənqid etmişdir.
Bildiyimiz kimi, xalq
yaradıcılığının öyrənilməsi qədimdən
bəri milli mədəniyyətimizin zirvəsində dayanan
böyük bir sferanı əhatə edir. Ə.Cavidin folklor mədəniyyəti
ilə bağlı araşdırmaları olduqca təqdirəlayiqdir.
O, doğulduğu yurdun el adət-ənənələrini,
mədəniyyət nümunələrini, xalq
nağıllarını, musiqisini "Xalq poeziyasında yeni
mündəricə", "Müdafiə tematikası",
"Koroğlu" dastanı haqqında", "Muqum
şah" nağılının təhlili" kimi məqalələrində
diqqət mərkəzinə çəkmişdi. R.Şəfəq "Şimşək
ömrü" adlı məqaləsində ("Mədəniyyət"
qəzeti, 25 aprel 1991) qeyd edir ki, "Ə.Cavid vaxtilə 200-dən
artıq el havasını və xalq mahnısını
toplayıb çapa hazırlamışdı. Əfsus ki,
onlar işıq üzü görmədi". Müştərək işlənərək
yığılan və tərtib edilən atalar sözləri,
almanaxlar, xalq musiqisi notaları kitab halına salınaraq nəşr
olunan zaman Ə.Cavidin adının orada verilməsi ya
"unudulmuş", çıxarılmış, yaxud da
pozulmuşdu. Çünki kitablara "xalq düşməni"nin
oğlunun adının yazılması kimlər
üçünsə təhlükə doğura bilərdi.
Əlbəttə, bütün təhlükələri
göz önünə alaraq Ərtoğrol Cavidə mənəvi
və maddi dəstək göstərən Ə.Şərif,
R.Rza, M.C.Paşayev, Ə.Sul-tanlı, Bülbül,
Ü.Hacıbəyov, M.Sidqi, L.M.Rudolf kimi böyük
şəxsiyyətlər də olmuşdur.
Ərtoğrol Cavid həm də rəssamlıq
sənətinə yiyələnmişdi. İşıq və
kölgə tənasübü, kolorit ustalığı,
nikbin və sağlam ruh Ərtoğrol Cavidin
fırçasında öz əksini tapmışdır. Bu
gün "Hüseyn Cavid ev muzeyi"ndə qorunan Mişkinaz
Cavidin portreti Ərtoğrol Cavidə məxsusdur. Bununla
yanaşı, gürcü aktrisası Nata Vaçnadzenin,
güləşçi Verderin, Şekspirin, Bethovenin, A.M.Şərifzadənin
Şeyx Sənan və İblis obrazları Ərtoğrol
Cavidin fırçaya bələdliyinin aşkar təsdiqidir.
Ərtoğrol Cavid
yaradıcılıq yolunda Hüseyn Cavid zirvəsində
dayana bilməsə də, yaşayıb fəaliyyət
göstərdiyi mühiti, ictimai-siyasi
baxışlarını və
yaradıcılığının ideya mənbələrini
müəyyənləşdirmiş; işlədiyi
mövzuları elmi-pedaqoji aspektdən təhlil etmiş;
əxlaq, əmək, vətənpərvərlik, humanizm,
dostluq-yoldaşlıq tərbiyəsi ilə bağlı fikirlərini
sistemləşdirməyi layiqli şəkildə
bacarmışdı.
Bütün bu yüksək keyfiyyətlərə görə, Ərtoğrol Cavid bu gün də ədəbiyyatımızda, musiqişünaslığımızda, eləcə də rəssamlıq sənətimizdə özünəməxsus yer tutur. Ərtoğrol Cavid şəxsiyyətini və irsini diqqət mərkəzində saxlayan dövlətimiz, ümumilikdə, Cavidlər irsinin qorunması, yaşadılması, öyrənilməsi məqsədilə paytaxt Bakıda və Naxçıvanda Hüseyn Cavidin ev-muzeylərini təşkil edib. Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavid şəxsiyyəti uca tutularaq onun adı musiqi və bədii sənətkarlıq məktəblərindən birinə verilib, Hüseyn Cavidin Ev-Muzeyində zəngin irsindən nümunələr toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ərtoğrol Cavid şəxsiyyətini, irsini uca tutaraq "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında" 2019-cu ilin aprel ayında Sərəncam imzalamışdır. Bu mühüm dövlət sənədi haqsız təqiblərə məruz qalmış, repressiyaya uğramış ulu Cavidin ailəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsini ifadə edir.
525-ci qəzet 2019.- 7 sentyabr. - S.20.