Sahmansız kainatın şairi

Rəvan CAVİD

 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" nəşriyyatı tərəfindən Əli Kərimin məşhur şeirləri yenidən, "Metronun yaylı qapıları" adı ilə nəşr olundu.

Nəşrin tərtibçisi ön sözün müəllifi AYB-nin katibi Rəşad Məcid, redaktoru isə Yusif Rzayevdir. Bu yazı da Əli Kərimi son zamanlar yenidən, həm əhatəli oxumağıma səbəb olan həmin kitabın təsirilə yazıldı...

... O, əlli il əvvəl içində dolaşan sonuncu nəğmələri köçürüb getdi.

Şeirlərində dərin-dərin həsrətini çəkdiyi Ayın, Günəşin yanına. Onun yaradıcılığı kiminləsə etdiyi, edəcəyi söhbəti xatırlatdı. Danışır, danışır, susur, yenidən danışır, ancaq hamı kimi yox. Cümlələr ağzından şeir olub tökülüb elə bil. Həmsöhbətim Əli Kərim oldu. Sevgisini, həsrətini, gördüklərini, eşitdiklərini, hiss etdiklərini dünyanın şeir dilində danışıb bitirdi. Otuz səkkiz illik şair ömrünün tez-tez rastlanmayan çox qatlı, çox mərhələli yaradıcılıq yolu Yerdən başladı Aya qədər, Ayda da gəzdi, gəzdi planetləri, yol aldı Günəşə tərəf. Əli Kərim daha otuz səkkiz il yaşasaydı... Amma yox, yaşaya bilməzdi. Onun nəğmələrini duyan adamlar artıq bu dünyalı deyildilər. O, başqa şeylərdən danışırdı, adamlar başqa cür dinləyirdi.

Əli Kərim Azərbaycan ədəbiyyatında şeirə hadisə, əhvalat gətirən, onu öz ənənəvi qəliblərindən çıxarıb yeni üslub verən, forma eksperimentləri edən ilk şairlərdəndir. Şeirlərində təbiət mənzərələrini təsvir etməkdən doymayan çox şairimiz var. Realizmin natürmort üslublu bənzətmələri ilə öz fikirlərini ifadə etməyə çalışan əksər sovet şairlərimizdən fərqli olaraq Əli Kərim öz intellektindən istifadə edə bilirdi. Elmi terminlərə, o dövr üçün neologizm hesab edilə biləcək sözlərə, ifadələrə bədii əhval qatmaq onda alınırdı. Yaradıcılığının ilkin dövrlərində qələmə aldığı klassik üslublu şeirlərdə belə öz intonasiyası, öz səsi var idi. Bu, şair üçün qədər önəmlidirsə, Əli Kərim poeziyamızda o qədər önəmli yer tutdu.

Onun haqqında uzun-uzadı tərif yazmaq istəmirəm. Bir azdan əlavə edəcəyim şeirlər sizə kimdən danışdığımı aydın edəcək.

Müşahidə bacarığı istedadı ilə düz mütənasibdir. Yazdığı mövzuların rəngarəngliyi bunu kifayət qədər sübut edir.

Şəhərlidir. Şeirləri Bakı küləkləri ilə sovrulmuş, binaların tinində üşümüş, asfalt yollarda piyada gəzmiş kimidir. Kənd melanxoliyasından arınmış.

Öz dövrünün digər şairlərindən bir başqa fərqi onda idi ki, xatırlaya bilirdi.

Bədii konteksdə özünü keçmişə, keçmişini özünə qatmağı bacarır. Şeirlərindəki keçmiş zaman indiki zamanın estetik ağırlığı ağrılı xatirələri ilə doludur.

Əli Kərim böyük müstəvidə sevə bilir. Nədi o böyük müstəvi dediyim bəzəkli söz? Mistik bir abu-hava sezilir.

"Həsrətin araya atdı dağ, dərə..."

Adamın içinə vahimə düşür. Düşünə bilirsiniz bu böyüklükdə ayrılığı?! Ancaq şair üçün təkliyin bədəli daha amansızdı:

 

Qayıt, yerinə qoy Ayı, Günəşi,

Qayıt, sahmana sal bu kainatı.

 

Bunu nəzərdə tuturdum. Məişət səviyyəsindən dünyəvi, fəza səviyyəsinə qədər öz hisslərini ucalda onun ağırlığını şeirə gətirə bildi Əli Kərim.

"Fraqmentlər", "Bir gecəlik Kür olmuşam", "Muğamı dinləyirəm" bu kimi şeirləri başdan ayağa fikir axını, modern düşüncə selidir. Bəzən əlaqəsiz cümlələr, qafiyə xətrinə istifadə olunan sözlər, məişət yorğunluğu sezilsə , bədii təxəyyülün ən həqiqi tərəfindən keçib gələn şeirləri yazmışdı o. Ancaq həm bu cür sıradan görünən həyat hekayələrinə, kiçik müşhidələrə şair kimi anlam vermək istedadında idi.

"Metronun yaylı qapıları" şeirini oxuyuruq:

Adam var, bu qapıları açar,

Bir az

saxlayar, deyər:

"Birdən,

Arxadan gələnə dəyər".

Bəzən

heç dönüb baxmaz da

Heç özü bilməz

Kimdir: dostdur,

yoxsa düşmən.

Qapını yavaş-yavaş

buraxar əlindən.

Eləsi olur ki,

Tələsik özünü içəri soxur,

Elə bil

Heç arxada adam yoxdur.

Kimliyi yazılmayıb ki,

insanların alnına.

Qapılar

Açılır, örtülür,

Gah sürətlə,

gah asta;

Gah bu geniş dünyaya,

gah da yerin altına.

 

Məni bu şeirdəki fəlsəfi qatdan daha çox müşahidənin təsviri heyrətləndirdi. Qapı bir az gec örtülsün deyə əllərimizlə güc gəlməyimiz, özümüzü içəri atmağımız, qolları qanırmağımız, arxadan gələnlərin kimliyinə fikir vermədən onlara yer eləməyimiz və qapıların bağlanması. Bu, artıq prozadı. Əli Kərim şeirə proza qata bilmişdi. O, şeirdə əhvalat danışa, hekayə qura bilirdi.

Bu, vacib məqam idi o dövr üçün. Çağdaş nəsrin konturları bəlli olurdu. Roman sənəti öz hegemonluğunu qazanmışdı. Xüsusən bizim ölkədə isə hekayə və povest ənənəsi getdikcə öz təməlini atırdı. Hələ o zamanlar 60-cılar nəsli yenicə üzə çıxırdı. Bütün qərbdə şeir nəsr epoxasının estetik detalına çevrilirdi. Şeiri xilas etmək üçün "poem-proza" yarandı. Şeirdə hekayəçilik. Əgər Azərbaycan ədəbiyyatında Qərb şeirində olduğu kimi bir "poem-proza" məktəbi varsa, onun yaradıcılarından, sütunlarından biri kimi hökmən Əli Kərimin adını çəkməliyik.

"Coğrafiya müəllimin şəhadət barmağı haqqında ballada". Bu, Əli Kərimin kitabdakı müharibə motivli şeirlərindən biridir. "Şəhadət barmağı" və "ballada" ifadələri bəs edir ki, şairin yaratdığı atmosferə düşəsən. Sözün metafizik xüsusiyyətlərinə bələd şairdir. Canlıdır. Qorxudur. Sevdirir. Kin yaradır. Ağladır. Onun bütün yaradıcılığı boyunca nə qədər müxtəlif mərhələlər varsa, bir o qədər də fərqli intonasiya, fərqi qəliblər var.

 

vaxt görüşmüşük?

Harda? Nə zaman?

Doğrusu, elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündən,

Dayandın ehmalca əlimi sıxıb.

 

Öz obrazlarını tanıyır, onları fiziki olaraq təsvir edə bilir. Xarakterlərini birbaşa dilə gətirir. Atasına yazdığı şeir bütün mahiyyəti ilə ata obrazlarını özündə cəmləyən bircə cümlə ilə ifadə olunur:

O, sərt idi!

 

Adamları yaxşı tanımaq həyatın ən çətin tapşırığıdı. Əli Kərim bu tapşırığı çoxdan həll etmişdi. Həyatda tanımadım, amma şeirləri bunu deyir.

525-ci qəzet  2019.- 7 sentyabr.- S.17.