"Xan bağı"nın dərdləri

GƏNCƏNİN BU QƏDİM VƏ MÖHTƏŞƏM TƏBİƏT GUŞƏSİNİ, ELƏCƏ DƏ BURANIN ZİYARƏTÇİLƏRİNİN HƏYATINI TƏHDİD EDƏN SƏBƏBLƏR HANSILARDIR?

172 il əvvəl salınmış, tarixən "Sərdar bağı" kimi tanınan, hazırda "Xan bağı" deyilən bu füsünkar parkda gəzərkən, hətta yanından keçərkən, gərək ayıq-sayıq olasan! Yoxsa bədbəxt "sürprizlər"lə üzləşmək mümkündür!

Bugünlərdə bağdakı böyük bir çinar xəfif bir yelin havasına, yaxında dayanmış bir avtomobilin üstünə aşdı. Yaxşı ki, hadisə xəsarətsiz ötüşdü.

Bəli, təəssüf ki, 6 hektarlıq “Xan bağı”nın hüdudlarında tamamilə gövdəsi və ya yuxarı hissələri qurumuş ağacların sayı get-gedə çoxalır. Səbəb - ağacların lazımi miqdarda suvarılmaması və onlara düzgün qulluq göstərilməməsidir! Qurumuş ağaclar və ya budaqlar isə insanların həyatı üçün potensial təhlükə mənbəyinə çevrilib. Ən acınacaqlısı odur ki, bu problem yeni deyil, onun bəlkə də 10-15 il tarixi var. Bu müddət ərzində "Xan bağı" ərazisində qurumuş iri budaqların hündürdən qoparaq, konstruksiya və bitkilər bir yana, burda gəzən, yaxud oturan insanlara bu və ya digər dərəcədə xəsarət yetirməsi ilə bağlı bir neçə bədbəxt hadisə baş verib, bir nəfər gəncəli isə ömürlük şikəst qalıb...

İndi isə bir neçə on metrlik ağaclar öz çürümüş köklərindən qoparaq, güclü və sanki fəryad səsli bir zərbə ilə yerə çırpılırlar. Maşının üstünə aşmış 40-45 metrlik çinardan bircə gün sonra bağın içində 37-38 metrlik bir göynüş ağacı da yıxılaraq, öz üzülmüş "canını tapşırıb".

Bu unikal təbiət guşəsinin necə deyərlər, göz görə-görə məhvə doğru getməsi hər bir vicdanlı vətəndaşı üzməyə bilməz. Bu mövzuda həmsöhbət olduğumuz, lap uşaqlıqdan bu bağın sevdalısı olan 80 yaşlı təbiətşünas alim, aqrar universitetin professoru Zaur Həsənov da artıq həyəcan təbili çalmağın vacibliyi qənaətindədir. O, bir mütəxəssis kimi yaranmış vəziyyəti necə deyərlər, əyani misallarla, aşmış ağacların qaralmış gövdələrini, eləcə də içi ovulub, qabıq hesabına ayaqda duran "amanat" çinarları nümayiş etdirməklə izah edir.

"Təəssüf ki, bağda çinarların və digər ağacların heç də az olmayan qismi bu gündədir. Onların aşması üçün xaricdən hansısa təkan və ya orta sürətli külək kifayətdir. Uzun müddətdir ki, bağda hökm sürən susuzluq yavaş-yavaş öz işini görüb və artıq ağacların belə kritik zamanı yetişib", - deyə Zaur Həsənov bildirir.

Qocaman təbiətşünas ta qədimdən son onilliklərədək bu bağın davamlı suvarma sisteminin mövcud olduğunu, hazırda isə bu sahədə işlərin pərakəndə hal aldığını dilə gətirir.

"Tarixən bağın su ehtiyacı həm onun altından keçən və nəhəng ağacların köklərini qidalandıra bilən yeraltı kəhrizlər, həm də bura Gəncəçaydan ayrılan Xan arxından çəkilmiş xətlər vasitəsilə ödənilib. Təəssüf ki, son dövrlərin rekonstruksiya işləri bağı bu mənbələrdən məhrum edib. İndi burada daş döşəmələr ilə çəmbərə alınmış böyük ağacların dibində suyu çox vaxt gəlməyən kranlar görərsiniz. Bu, elə bil, dəvəni qaşıqla yemləmək kimi bir şeydir. Həmçinin, bağın guşələri boyu ensiz beton arxlar çəkilib ki, oradan da su çox vaxt heç bitkiləri "görmədən" axıb gedir. Digər yandan, bəzi guşələrdə durğunlaşıb göllənən sular da ağacların köklərini çürüdür. Məhz bunun nəticəsində burada unikal ağaclardan, Aralıq dənizi sahillərindən gətirilmiş hər birindən yeganə nüsxə olan iki ağac - "Osmantus" adlı ətirli zeytun məhv olmaq təhlükəsi ilə üz-üzədir, Qaracöhrə isə artıq quruyub" - deyə Z.Həsənov narahatlıq izhar edir.

Mütəxəssis Xan bağı kimi unikal obyektlərə başdansovdu deyil, elmi əsaslarla yanaşmanın vacibliyini bildirir.

"Aqrotexniki məsələlər də acınacaqlı durumdadır. Bağı basmış dağ sarmaşığı ağac və kollara dolanaraq, onları qurudur. Mövsümi qulluq və profilaktik işlər ürəkaçan deyil. Nəticədə bu unikal təbiət guşəsində mövcud olmuş 180-ə yaxın bitki növündən bu günümüzə yalnız 80-ə yaxını gəlib çatıb. Barı qalanları qoruya biləydilər. Ən pisi odur ki, bağın xusiyyətləri və ona qulluqla bağlı mütəxəssis rəyini dinləyən yoxdur. Bağa xidmət etməli olan qurumlar isə nə suyu başqa məqsədlərlə özəl sahələrə axıdılan Xan arxının xətlərinin yenidən bura yönləndirilməsinin, nə də bitkilər üçün adi budama və digər aqrotexniki qulluğun ardıcıllığının vacibliyini anlamaq istəmirlər"- deyə təbiətşünas alim qeyd edir.

Mütəxəssis bağda insan həyatı üçün potensial təhlükə yaradan amillərin təcili olaraq bərtərəf edilməsinin vacibliyini vurğulayır.

"Xüsusən, insanların daha çox gəzişdiyi və skamyalarında oturub istirahət etdiyi çinarlı xiyabandakı ağacların hündürdəki iri budaqları olduqca təhlkəlidir. Xiyabanın yuxarısındakı "Yaşıl teatr"ın lap yaxınlığında da çox möhtəşəm bir çinar tam quruyub. Hər an onun teatrın içərisinə, yaxud digər səmtə aşma ehtimalı var! Yəni bu təhlükə mənbələrini kəsib bağdan çıxarmaq indiki zamanda böyük bir zəhmətmi tələb edir? Gərək Şəkidəki kimi faciəmi baş versin, tərpənək?" - deyə, qocaman professor xəbərdarlıq edir.

Bağın daimi ziyarətçiləri olan qocalı-cavanlı sadə sakinlər də bu sevimli məkanlarının indiki halətindən narahatdırlar.

"Bağa baxarsan, bağ olar axı... Ağaclar su həsrətilə yanır, qulluq-filan da gözə dəymir. Nə torpaq, nə peyin verilir. Odur ki, bağ əldən gedir. Bütün ömrüm boyu burda gəzmişəm, indi səksəkədəyəm", - deyə 78 yaşlı Gəncə sakini Mikayıl Cəfərov gileylənir.

"Bizim "Xan bağı"nı təkcə Azərbaycanda deyil, dünyanın bir sıra yerlərində də tanıyırlar, gələn qonaqlar da mütləq bura baş çəkirlər. Bu bağ bizim milli dəyər anlayışımıza daxildir. Onu bizim övladlarımız da, onların övladları da görməlidir. Əlaqədar qurumların da bu məsələyə həssas yanaşmalarını istəyirik", - deyə gənc sakin Bəhlul Verdiyev fikirlərini bölüşür.

Bizdən isə bir daha diqqəti bu bağın tarixçəsinə çəkmək qalır. 1847-ci ildə Çarın Qafqaz canişini (el dilində sərdarı) Mixail Semyonoviç Vorontsovun sərəncamı ilə salındığından bura gəncəlilərin dilinə "urus sərdarının bağı" kimi düşüb.

"Sərdar bağı" Gəncənin Rus Çar qoşunları tərəfindən işğalı zamanı tamamilə xarabazara çevrilmiş qalanın önündə, işğaldan 43 il sonra salınıb. 1804-cü ildə Gəncəyə hücum edən Sisianov qoşununun aparıcı zabitlərindən biri də məhz Vorontsov olub. Kim bilir, bəlkə də Qafqaza sərdar təyin edildikdən sonra o, Gəncədə axıtdıqları qanlara görə peşmanlıq hissləri səbəbindən bu şəhərə öz töhfəsini gözəl bağ yaratmaq yolu ilə vermək istəyib...

Tezliklə Rusiya imperiyasının, eləcə də bir sıra digər ölkələrin meşə və parklarından bura nadir ağac, kol və güllər gətirilməsi ilə bura unikal təbiət-arxitektura nümunəsinə çevrilir. Çinarlı xiyabanın salınması ilə yanaşı, Vermut şamı, Himalay sidri, Amerikan qozu, Palma, Tuya, Qaracöhrə, Ətirli zeytun, Palmayarpaq ağcaqayın, Dəfnəgilas, Lənkəran akasiyası və digər onlarla növ ağaclar əkilməsi burada çox maraqlı flora, onun nəticəsi kimi isə bir sıra quş və digər canlıların bağda özünə yurd-yuva salması ilə özünəməxsus fauna yaranıb.

"Sərdar bağı" Gəncə ilə bağlı yaradıcı insanların da ilham mənbəyi olub. Milli ruhlu şairimiz Əhməd Cavad da Gəncəni, onun yurd yerlərini vəsf edərkən bu kəlmələri işlədib:

 

Bura Şahsevəndir, bura Bağmandır,

Bura Sərdar bağı, Bura Ozandır.

Görənlər, duyanlar sənə heyrandır,

Açılsın güllərin Gəncəm, Gəncəm hey!

 

Onu da deyək ki, "Sərdar bağı" sovet dövründə V.İ.Lenin adına Mərkəzi Mədəniyyət və İstirahət parkı adlandırılıb.

"Sərdar bağı" tarixi bir deyim olsa da, hazırda buranın "Xan bağı" adlandırılması da xüsusən Gəncənin sonuncu hökmranı, cəsur Cavad xana olan ehtiramın təcəssümü sayılmalıdır. Həm də Gəncədə tarixi "Xan bağı" da mövcud olub axı. Ziyadoğlu xan nəslinə aid həmin istirahət yeri Gəncənin hazırda "Mahrasa" adlandırılan hissəsidə olub. O, işğal ərəfəsində Gəncənin ruslar tərəfindən tərtib olunmuş xəritələrində də göstərilib. Bağa aparan yol isə "Xan küçəsi" kimi qeyd edilib. Rus qoşunlarının şəhərə hücumu zamanı həmin bağ tamamilə dağıdılıb.

Həqiqətən də bu qədim bağ tarixi bir miras, milli bir sərvətdir. Bu baxımdan "Xan bağ"ı kimi bu möhtəşəm təbiət abidəsinin gələcək nəsillərin də həyatında mövcudluğunu təmin etmək üçün hər kəs öz öhdəsinə düşən vəzifə borcunu dürüst yerinə yetirməlidir.

 

Zakir MURADOV, Gəncə

525-ci qəzet  2019.- 7 sentyabr.- S.16.