İlk sistemli dövrləşdirmə konsepsiyası

Muxtar KAZIMOĞLU

 

Bu yazıda akademik İsa Həbibbəylinin bir ictimai xadim, elm təşkilatçısı və ədəbiyyatşünas-alim kimi yaradıcılıq faktları ilə zəngin olan, gərgin və genişmiqyaslı fəaliyyətinin əhəmiyyətli bir səhifəsindən söz açmağı nəzərdə tuturam.

İsa Həbibbəylinin gərgin və genişmiqyaslı fəaliyyəti haqda ümumi təsəvvür yaransın deyə xatırladım ki, millət vəkili İsa Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədridir, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. İsa Həbibbəylinin necə qaynar təbiət və nə qədər böyük məsuliyyət sahibi olduğunu bilənlər bu insanın gün ərzində hansı əzmkarlığa qatlaşdığını təsəvvür etməkdə yəqin ki, çətinlik çəkməzlər. Bu əzmkarlığın hesabınadır ki, İsa Həbibbəyli zəkası qeyd etdiyim fəaliyyət sahələrinin hər birində öz bəhrəsini eyni dərəcədə verə bilir.

Ədəbiyyatşünaslıq sahəsindəki ardıcıl, sistemli və məhsuldar fəaliyyətindən danışsam, İsa Həbibbəylinin son vaxtlar yazıb çap etdirdiyi, konseptual səciyyə daşıyan "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını xüsusi qeyd etməliyəm. Çünki bu tədqiqat əsəri ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixçiliyi və ədəbi tənqid istiqamətlərini üzvi şəkildə birləşdirən İsa Həbibbəyli yaradıcılığının sıradan bir faktı yox, bu vaxta qədərki neçə-neçə elmi məqalədən və neçə-neçə sanballı monoqrafiyadan keçib gələn uğurlu bir nəticəsidir. Belə bir elmi uğura gətirib çıxaran amillər sırasında İsa Həbibbəylinin bədii mətnlə üz-üzə qalmaq, mətnin görünən və görünməyən tərəflərini üzə çıxarmaq, mətn müəllifinin ədəbi prosesdəki yerini müəyyənləşdirmək və ənənələrə hansı tellərlə bağlanmasını nişan vermək sahəsindəki xidmətləri, heç şübhəsiz, mühüm roy oynayır. Mətnə, ədəbi hadisəyə münasibətdə diqqəti xüsusi olaraq cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli klassik və çağdaş ədəbiyyatımızın müxtəlif üslublu nümayəndələrindən özünəməxsus bir üslubda - İsa Həbibbəyli üslubunda bəhs edir. "Üslub insanın özüdür" kəlamını yada salıb İsa Həbibbəyli üslubundan İsa Həbibbəyli xarakterinin ifadə forması kimi danışmaq lazım gəlir. Professor Yusif Seyidov dərin rəğbət hissi ilə haqqında ayrıca monoqrafiya yazdığı İsa Həbibbəylinin xarakterindəki belə bir cəhəti xüsusi olaraq vurğulayır: "Ümumən, hər bir tədqiqatçı üçün vacib keyfiyyətdir ki, həyatda, insanlarda işıqlı cəhətləri görə bilsin, mənfiliklər üzərində müsbətin gücünü və qələbəsini görsün və göstərə bilsin. İsa Həbibbəylinin bütün yaradıcılığı bu amal üzərində qurulubdur".

Hər hansı bir sənətkardan, hər hansı bir ədəbi hadisədən bəhs edərkən İsa Həbibbəylinin bir ədəbiyyatşünas kimi üslubu məhz "müsbətin gücü"nü göstərmək üstündə köklənir. Müsbəti və işıqlı cəhətləri daha qabarıq şəkildə göstərmək amalı İsa Həbibbəyli üslubunda idealın öz plana çıxarılması ilə qırılmaz surətdə bağlı olur. Ayrı-ayrı sənətkarlardan, bütövlükdə ədəbiyyatımızın ümumi istiqamətlərindən danışarkən İsa Həbibbəylinin təhlil hədəfləri sırasında milli ideallar birinci sırada dayanır. Məsələn, Azərbaycan ədəbiyyatını öz oxucusuna İsa Həbibbəyli bu tərzdə təqdim edir: "Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayəsini təşkil edir. Bu - böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığını əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu - Azərbaycan xalqının özünəməxsusluğunun ədəbi kimliyidir. Bu - ümummmilli idealları əsrdən-əsrə yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu - Azərbaycançılıq idealının ədəbi manifestidir".

İsa Həbibbəyli üslubunda idealı ön plana çəkmək ədəbiyyatdakı idealları xatırlatmaqla məhdudlaşmır və ədəbi faktları qiymətləndirməyin tərzində də özünü göstərir. İsa Həbibbəylinin nəzərində "Kitabi-Dədə Qorqud" dünya epos sənətinin şah əsəridir. İsa Həbibbəylinin nəzərində dünya ədəbiyyatında "İsgəndərnamə" mövzusunda ən mükəmməl bədii əsəri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaratmışdır. İdealı ön plana çıxarmaq İsa Həbibbəyli üslubuna poetik ahəngdarlıq gətirir və bu, obrazlı-analitik mühakimələrlə danışmaq şəklində özünü büruzə verir: "Molla Pənah Vaqif Azərbaycan ədəbi-ictimai fikrində Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətəli Axundzadədən əvvəlki böyük ədəbiyyatın fərqli zirvəsidir... "Durnalar" şeiri mahiyyət etibarilə realizmi Azərbaycan ədəbiyyatına gətirən durna qatarı idi". Başqa misal: "Danabaş kəndinin əhvalatları" ilk addımlarını atan Azərbaycan tənqidi realizminin möhtəşəm müqəddiməsidir. Cəlil Məmmədquluzadənin məşhur "Poçt qutusu" hekayəsi milli tənqidi-realist ədəbiyyatın mükəmməl proqramıdır. "Poçt qutusu" hekayəsi ilə Azərbaycan realist tənqidi-satirik ədəbiyyat xəzinəsinin sehrli qutusu oxucuların üzünə açılmışdır. "Poçt qutusu" yeni epoxada, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında tənqidi realizmin paroludur". İstər klassik ədəbiyyatdan, istərsə də çağdaş yazıçılarımızın yaradıcılığından söhbət açarkən İsa Həbibbəyli obrazlı tezis-mühakimələrə ətraflı elmi təhlillərdən sonra gəlib çıxır. Yuxarıda xatırlatdığım özünəməxsus qənaətlərin - "Dədə Qorqud", Nizami, Vaqif və Mirzə Cəlillə bağlı obrazlı-analitik fikirlərin hər biri müxtəlif dəlil və sübutlara əsaslanan dərin elmi təhlil süzgəcindən keçib gəlir. Obrazlı-analitik ifadə tərzinin İsa Həbibbəyli nümunəsi əsərdən-əsərə təkmilləşib yeni-yeni çalarlar qazanır.

İlk elmi araşdırmalarını XX əsrin əvvəllərindəki ədəbiyyatımızın iki möhtəşəm cərəyanına - romantizm və tənqidi realizmə həsr edən və bu araşdırmaların nəticəsi olaraq "Romantik lirikanın imkanları", "Cəlil Məmədquluzadə: mühiti və müasirləri" adlı monoqrafiyalar ortaya qoyan İsa Həbibbəyli elmi fəaliyyətinin ilk vaxtlarından etibarən çağdaş ədəbi prosesi daim diqqət mərkəzində saxlayıb, bu günün ədəbiyyatında özünü göstərən aparıcı təmayülləri ədəbi tənqid müstəvisində təhlil-təqdir predmetinə çevirib. İsa Həbibbəylinin Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Çingiz Aytmatov, Sabir Rüstəmxanlı, Rəşad Məcid haqqında kitabları, Anar, Nəriman Həsənzadə, Elçin, Yusif və Vaqif Səmədoğlular, Kamal Abdulla, Zəlimxan Yaqub, İsa İsmayılzadə, Nurəngiz Gün, Rüstəm Behrudi, Yunus Oğuz, Əjdər Ol, Səyyad Aran və b. yazıçılar haqqında məqalələri onun görkəmli ədəbiyyatşünas-tənqidçi kimi fəaliyyətinin səciyyəvi göstəriciləridir.

Ədəbi prosesi ardıcıl və sistemli izləməyin, ədəbi prosesdə müşahidə olunan məzmun, forma və üslub axtarışlarını vaxtaşırı ədəbi tənqid müstəvisində saf-çürük etməyin nəticəsidir ki, 2016-cı ildə İsa Həbibbəylinin həmmüəllifliyi və elmi redaktorluğu ilə 2 cilddən, 1880 səhifədən ibarət "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı kitab ərsəyə gəlib çap olundu. Nəzəri məqalələr, icmallar və portet oçerkləri əsasında yazılmış bu kitabda İsa Həbibbəyli qələmindən çıxan yazılar yönverici, istiqamətləndirici funksiya daşıyır. Bu funksiya İsa Həbibbəyli tərəfindən yazılan nəzəri bölmələrdə özünü daha qabarıq şəkildə göstərir. Həmin bölmələr ayrı-ayrı mövzuların və janrların dinamikasını, yazıçıların forma axtarışlarını izləməyə, ədəbi təmayülləri və cərəyanları aşkar etməyə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mərhələləri arasındakı hərəkət fərqini üzə çıxarmağa yaxından kömək edir. Mürəkkəbliyi ilə seçilən bir dövrün ədəbiyyatı haqda ümumi təsəvvür yaratmaqla, bu dövr ədəbiyyatının əsas konturlarını cızıb oxucuya təqdim etməklə nəzəri yazılar kitabın vahid bir orqanizmə çevrilməsində mühüm rol oynayır.

Kitabın vahid orqanizmə çevrilməsinin başqa mühüm şərti çağdaş ədəbiyyatın özünü vahid orqanizm kimi görmək və məhz bu şəkildə təqdim edə bilməkdir. İsa Həbibbəyli yaradıcılığı üçün səciyyəvi olan müsbətin gücünü və işıqlı tərəflərini qabarıq şəkildə ifadə etmək amalı bu məqamda da öz təsirini göstərir. Həmin təsirin hesabınadır ki, vətəni vəsf etmək və cəmiyyətdəki nöqsanları tənqid etmək üsullarının eyni məsləkə bağlı olmasını iki mühüm istiqamət kimi sovet dövrü Azərbaycan ədəbiyyatında da görən İsa Həbibbəyli bu dövrün şeir, nəsr və dramaturgiyasına ümumi nəzər salarkən ədəbi irs və varislik məsələsinin ən həssas bir nöqtəsinə toxunmuş olur. Nöqtənin həssaslığı ondadır ki, sovet quruluşunu inkar edən ədəbiyyat bu quruluşu vəsf edən ədəbiyyatla eyni bir müstəvidə araşdırılmalı, ortaq məxrəc başqa bir yerdə yox, məhz inkarla təsdiq arasında axtarılmalıdır. Digər məsələlərdə olduğu kimi, bu həssas məsələdə də İsa Həbibbəyli bütöv ədəbiyyat konsepsiyasına əsaslanaraq ədəbiyyatın bir mərhələsini o biri mərhələsinə, bir nümayəndəsini başqa bir nümayəndəsinə qarşı qoymaq meylindən uzaq olur. Bütün mərhələləri və fərqli-fərqli təmayülləri ilə eyni bir ədəbiyyat - vahid Azərbaycan ədəbiyyatı! Məsələyə bu cür yanaşmağın nəticəsidir ki, sovet Azərbaycanını vəsf edən Səməd Vurğunla Azərbaycanda sovet sisteminin dağılması prosesində öz qələmi ilə iştirak edən şairlər (məsələn, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı) arasında üzvi varislik əlaqəsini görmək və göstərmək mümkün olur.

İsa Həbibbəylinin bilavasitə təşəbbüsü, həmmüəllifliyi və elmi redaktorluğu ilə çap olunan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsərinin ortaya çıxmasına, söz yox ki, əsaslı təsir göstərdi. Digər müəlliflərlə birlikdə ədəbiyyatımızın müasir mərhələsi haqda dolğun elmi-nəzəri təsəvvür yaradan İsa Həbibbəyli ədəbiyyatın dövrləşdirilməsi kimi son dərəcə aktual bir problem ətrafındakı neçə illik araşdırmalarını, nəhayət ki, keçən il yekunlaşdırdı və Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk sistemli dövrləşdirmə konsepsiyasını ortaya qoydu.

İrs və varislik məsələsinə son dərəcə həssaslıqla yanaşan İsa Həbibbəyli sistemli dövrləşdirmə konsepsiyasını işləyib hazırlayarkən bu sahədə özünəqədərki səmərəli elmi fikir və mülahizələrin iki əsas mənbəyi üzərində dayanır: a) müxtəlif vaxtlarda yazılmış ədəbiyyat tarixi kitabları; b) ədəbiyyatın dövrləşdirilməsi ilə bağlı elmi-nəzəri əsərlər. İlk sırada qeyd edilən mənbə müxtəlif təzkirələri, Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərindəki bir bölməni, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabını, Abdulla Sur, İsmayıl Hikmət, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Salman Mümtaz, Fuad Köprülü, Bəkir Çobanzadə, Həmid Araslı, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Mir Cəlal Paşayev, Firidun Hüseynov, Əlyar Səfərli, Xəlil Yusifli, Bədirxan Əhmədov, Yaqub Babayev, Təyyar Salamoğlu və başqa müəlliflər, həmçinin, müəlliflər kollektivi tərəfindən yazılmış ədəbiyyat tarixlərini əhatə edir. Müxtəlif vaxtlarda müxtəlif müəlliflərin qələmindən çıxan ədəbiyyat tarixlərində ədəbiyyatın hansı şəkildə və hansı prinsiplər əsasında təqdim edilməsi, təbii ki, dövrləşdirmə məsələsinə münasibətin əyani göstəricisidir. İsa Həbibbəyli nəzərdən keçirdiyi ədəbiyyat tarixlərində coğrafi, tarixi, ideoloji yanaşma, həmçinin, ədəbi cərəyanlar üzrə təsnifat kimi mühüm istiqamətlərin əsas yer tutduğuna diqqəti yönəldir, ədəbiyyatı həmin prinsiplər üzrə təqdim etməyin üstünlükləri ilə yanaşı, bəzi zəif cəhətlərini də diqqətdən kənarda saxlamır. Akademik nəşrlərə və ali məktəb dərsliklərinə daha çox diqqət yetirən İsa Həbibbəyli belə hesab edir ki, "XX əsrin böyük dövrü ərzində (1928-1980-ci illərdə) Azərbaycanda meydana çıxmış akademik nəşrlərdə və ali məktəb dərsliklərində dövrləşdirmə sahəsində olan müxtəliflik, pərakəndəlik, sərbəstlik və fərqli yanaşmalar bu sahədə vahid elmi konsepsiyanın olmamasının göstəricisidir".

Dövrləşdirmə konsepsiyasının hazırlanmasında özünəqədərki nəzəri araşdırmaları ikinci mühüm mənbə sayan İsa Həbibbəyli belə araşdırmaların XX əsrin 90-cı illərində daha çox meydana çıxmasına təbii hal kimi baxır. Məsələ burasındadır ki, xalqın tarixi kimi ədəbiyyatın da tarixini obyektiv şəkildə yazmaq milli düşüncənin sərbəstliyindən və ölkənin istiqlaliyyət qazanmasından xeyli dərəcədə asılıdır. XX əsrin 90-cı illərində ədəbiyyatın dövrləşdirmə problemi ətrafında müzakirələrin intensivləşməsi Azərbaycanın siyasi müstəqillik qazanması ilə birbaşa bağlıdır. Yaşar Qarayev, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Nazıf Qəhrəmanlı, Nizami Cəfərov və başqa ədəbiyyatşünasların dövrləşmə ilə bağlı nəzəri araşdırmaları məhz müstəqillik dövründə ortaya çıxıb. Sovet dövründə ədəbiyyatın dövrləşdirilməsi sahəsində hansı əyintilərə yol verilməsini üzə çıxarmaq da məhz dövlət müstəqilliyinin əldə edilməsindən sonra mümkün olub. Əyintilərin ümumi mahiyyətini İsa Həbibbəyli belə izah edir: "Sovet ədəbiyyatşünaslıq elmində Zamana obyektiv elmi münasibət deyil, siyasi-ideoloji yanaşmalar əsas kimi qəbul olunduğu üçün ədəbiyyat və dövran münasibətləri dəyərləndirilərkən gerçəklikdən çox hakim sinfin prinsiplərinə üstünlük verilmişdir. Elmi fikirdə Zaman faktoru ictimai-tarixi reallıqlarına görə yox, ideoloji cəhətdən diqqət mərkəzinə çəkilmişdir. Bu da Azərbaycan ədəbiyyatının, o cümlədən də, keçmiş sovet cəmiyyətində təmsil olunan digər xalqların ədəbiyyatının tarixi inkişaf yolunun əsl mahiyyətinin şərh edilməsində və dövrləşdirilməsində, əsasən, ideoloji amillərə istinad olunmasını şərtləndirmişdir. Bundan başqa, sovet ideologiyasındakı tarixi keçmişin unutdurulması, xalqların yalnız bolşevizm dövründən sonra əsl inkişafa çatması ideyasının geniş təbliğ olunması çoxəsrlik ədəbiyyat tarixinin elmi cəhətdən dövrləşdirilməsi məsələsini arxa plana keçirmişdir".

Sovet dövründə ədəbiyyatın dövrləşdirilməsi formasiyalar nəzəriyyəsinə daha çox əsaslanırdı və bu nəzəriyyəyə görə, ədəbiyyat tarixi qədim dövr (ibtidai icma dövrü və ilkin feodal dövlətlərinin yarandığı dövr), orta əsrlər dövrü (feodalizmin inkişaf etdiyi dövr) və müasir dövr (kapitalist münasibətlərinin yaranıb formalaşdığı dövr) mərhələləri üzrə öyrənilirdi. Qərb ölkələrinin inkişaf tarixinə əsaslanan formasiyalar nəzəriyyəsi Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının keçib gəldiyi tarixi prosesləri doğru-düzgün əks etdirmirdi. Belə olduğu halda ədəbiyyatın dövrləşdirilməsinə formasiyalar nəzəriyyəsinin yalnız müəyyən qədər yardımçı olmasından danışmaq olar. Ədəbiyyat tarixində baş verən və ədəbiyyatın daxili qanunauyğunluqlarından irəli gələn dəyişmə və yeniləşmələrin formasiyalar nəzəriyyəsi ilə izah edilməsi isə, söz yox ki, mümkün olmayan bir işdir. Cəmiyyətdəki və ədəbiyyatdakı qanunauyğunluqları əhatə edə bilməyən formasiyalar nəzəriyyəsi bu gün müstəqillik dövrünün prinsiplərinə, xüsusən də milli məfkurə tələblərinə cavab vermirsə, bu, ədəbiyyatın dövrləşdirilməsi ilə bağlı sistemli elmi konsepsiyanı işləyib hazırlamağı zərurətə çevirən əsas amillərdən biridir. Başqa bir amil ədəbiyyat tarixinin sovet dövründə müəyyən edilmiş mərhələlərindən bügünkü akademik nəşrlər və dərsliklərdə istifadə edilməsi, dövrləşdirmə meyarlarında pərakəndəliyin olmasıdır. Bütün bu kimi amilləri və dünyada gedən ədəbi-tarixi prosesləri nəzərə almaq, dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixi üzrə dövrləşdirmənin vahid sistemini yaratmaq mühüm ədəbiyyatşünaslıq vəzifəsi kimi qarşıya çıxır. İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsəri həmin vəzifənin yerinə yetirilməsində tarixi bir addımdır.

Ədəbiyyat tarixinin yenidən dövrləşdirilməsində istinad ediləsi ümumi prinsiplərin müəyyənləşdirilməsi ən vacib məsələlərdəndir. İsa Həbibbəyli həmin prinsipləri belə müəyyənləşdirir: 1. Azərbaycançılıq məfkurəsi; 2. sivilizasiya faktoru; 3. ədəbi-tarixi prosesin reallıqları; 4. Azərbaycanda ədəbi cərəyanlar.

Azərbaycan ədəbiyyatını ümümşərq, xüsusən də ümumtürk kontekstində götürməyi diqqət mərkəzində saxlayan, ədəbiyyatımızın tarixi inkişaf istiqamətlərindən bəhs edərkən həmin konteksti ciddi şəkildə nəzərə alan İsa Həbibbəyli üçün Azərbaycan məfkurəsi dövrləşdirmənin təməl prinsipidir. Maraqlıdır ki, İsa Həbibbəyli Azərbaycan məfkurəsini Azərbaycan milləti, Azərbaycan dili istilahlarının meydana çıxdığı və möhkəmləndiyi XIX-XX əsrlər ədəbiyyatı ilə məhdudlaşdırmır və "səbki-Azərbaycan" üslubunun orta əsrlər Şərq ədəbiyyatında özünəməxsus bir üslub kimi fərqlənməsinə, həmçinin, XVII-XVIII əsrlər ədəbiyyatımızda Azərbaycan coğrafiyasının millətə məxsus məkan kimi təsvir edilməsinə xüsusu diqqət yetirir. Sivilizasiya faktoru dedikdə İsa Həbibbəyli, ilk növbədə, türk və ərəb-islam sivilizasiyasını nəzərdə tutur. Müəllifin fikrincə, türk tanrıçılıq sistemi islam dünyagörüşü ilə qaynayıb-qarışıb və din faktoru ədəbiyyatın formalaşmasında mühüm rol oynayıb.

İsa Həbibbəyli belə hesab edir ki, "İslam təlimindəki mənəvi bütövlük və humanizm ideyaları, maarifçiliyə böyük dəyər verilməsi yazıçıların dünyagörüşünün inkişafında mühüm yer tutmaqla bərabər, həm də onların bədii yaradıcılığında elmi cəhətdən əsaslandırılmış milli və bəşəri idealların xüsusi önəm daşımasına meydan açmışdır". Əlbəttə, Azərbaycan ədəbiyyatında, xüsusən bu ədəbiyyatın XIX-XX əsrlər mərhələsində dini fanatizmə etiraz motivi geniş yer tutub. Bu motiv əsasında yazılmış "Kəmalüddövlə məktubları" və "Ölülər" kimi kəskin ruhlu əsərlər ədəbiyyatımızın bənzərsiz nümunələridir. Amma bu kimi ədəbi faktlar məsələyə birtərəfli yanaşıb ədəbiyyatmız tarixində mühüm rol oynamış islam faktorunu inkar etməyə əsas vermir. Din faktoruna birtərəfli yanaşmağın nəticəsidir ki, sovet dövründə Xaqani, Nizami, Nəsimi, Füzuli yaradıcılığının Quran motivləri, islam mifologiyası ilə qırılmaz surətdə bağlı olan poetik sistemini ortaya qoya bilən sanballı elmi əsər yaranmadı. Odur ki, ədəbiyyatın yenidən dövrləşdirilməsi məsələsində İsa Həbibbəylinin din faktorunu xüsusi nəzərə alması tamamilə təbiidir.

Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət və Abdulla Şaiq lirikasından namizədlik, Cəlil Məmmədquluzadə, onun Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz və başqa müasirləri və məsləkdaşları ilə əlaqələrindən, onların bədii-publisist yaradıcılığından doktorluq dissertasiyası yazan, çağdaş Azərbaycan ədəbiyyatındakı müxtəlif təmayülləri ardıcıl olaraq izləyən və bu sahədə nüfuzlu ədəbiyyatşünas-tənqidçi sözünü deyən İsa Həbibbəyli üçün ədəbi cərəyan mühüm əhəmiyyət daşıyan, ədəbiyyatın ümumi inkişafına əsaslı təsir göstərən faktorlar sırasındadır. Ədəbi cərəyanı dövrləşdirmənin əsas prinsipləri sırasına daxil edərkən İsa Həbibbəyli cərəyan anlayışını daha geniş bir çərçivədə təqdim edir. Onun qənaətinə görə, maarifçi realizm, tənqidi realizm, romantizm, sosialist realizmi, modernizm, postmodernizm, dekadentizm, magik realizm ədəbi cərəyanları ilə yanaşı, klassik ədəbiyyatımızda dərin iz buraxmış əxilik, sufizm, hürufizm kimi ədəbi-fəlsəfi cərəyanlar da dövrləşdirmə konsepsiyasında öz yerini tutmalıdır.

Erkən realizm, modernizm, neorealizm, postmodernizm, magik realizm, dekadentizmdən ədəbi cərəyan səviyyəsində ilk dəfə əsaslı şəkildə söz açan İsa Həbibbəyli ədəbiyyatımızda mövcud olmuş ədəbi cərəyanlara dair də yeni baxış meydana qoyur. Bu, çoxəsrlik ədəbiyyat tarixinin dövrləşdirilməsində ədəbi cərəyanlar faktorundan əsas prinsiplərin biri kimi bəhs etməkdən başqa, həm də ilk dəfə olaraq Azərbaycan ədəbi-ictimai fikrindəki bütün ədəbi cərəyanları ayrı-ayrılıqda, həm də bütöv halda, kompleks şəkildə tədqiq edib, hər birinin özünəməxsusluqlarını göstərməklə bərabər, elmi-nəzəri cəhətdən ümumiləşdirilməsi kimi mühüm bir vəzifənin yerinə yetirilməsi deməkdir. Bu vaxta qədər Azərbaycan ədəbiyyatşünaslığında yalnız romantizm, realzim və sentimentalizmdən ədəbi cərəyan səviyyəsində elmi əsərlər yazıldığını nəzərə alsaq, İsa Həbibbəylinin apardığı işin çevrəsi, miqyası və əhəmiyyəti aydın olar.

Bu mənada "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası həm də Azərbaycan ədəbiyyatşünaslığında ədəbi cərəyanlar haqqında müstəqillik dövründə yaranmış ilk ümumiləşdirilmiş elmi-nəzəri əsər kimi yeni və əhəmiyyətlidir. Akademik İsa Həbibbəyli bu tədqiqatı ilə özünü həm də ciddi bir ədəbi cərəyanşünas alim kimi də təqdim edir.

Heç şübhəsiz, Azərbaycan ədəbiyyatı özünün tarixi inkişaf yolunu ümümşərq və ümumdünya ədəbi prosesi ilə qarşılıqlı əlaqə şəraitində keçib gəlib. Ümumşərq və ümumdünya ədəbi prosesində baş verən dəyişmə və yeniləşmələr bu və ya digər dərəcədə Azərbaycan ədəbiyyatında da əks-səda tapıb. Bununla bərabər, Azərbaycan ədəbiyyatının tarix boyu özünəməxsus reallıqları da olub. Bu reallıqlar İsa Həbibbəylinin sözləri ilə desək, ədəbiyyatın təbii məntiqindən, daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsinə əsaslanır.

İsa Həbibbəylinin dövrləşdirmə konsepsiyasında ümumi prinsiplərdən biri kimi nəzərdə tutulan ədəbi-tarixi prosesin reallıqları faktorunun vacibliyi ondadır ki, həmin faktor kənardan (Şərqdən və Qərbdən) gəlməyən və yalnız ədəbiyyatın öz daxili təkamülü hesabına ortaya çıxan inkişaf istiqamətlərini üzə çıxarmağa yaxından kömək edir.

İsa Həbibbəyli Azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi cərəyanlar, ədəbi - tarixi prosesin reallıqları kimi prinsiplərdən çıxış edərək və ilk dəfə olaraq Azərbaycan ədəbiyyatının tarixi inkişafında 10 əsas mərhələnin olması qənaətinə gəlir: 1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər); 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər); 5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər); 6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr); 7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək); 8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər); 9. Milli-mənəvi özünüdərk və istiqlal mərhələsi. Modernizm (1960-1980-ci illər); 10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Özünəqədərki dövrləşdirmə təcrübəsini qədirşünasılıqla nəzərə alan İsa Həbibbəylinin bu bölgüsündə kifayət qədər fərqli yanaşma məqamı vardır. Fərqli məqamlardan biri ilk tarixi mərhələnin müəyyənləşməsində özünü göstərir. Bunu İsa Həbibbəyli təsnifatına qədərki bölgülərlə müqayisədə daha aydın görmək olur.

Məlumdur ki, akademik nəşrlərdə və ali məktəb dərsliklərində qədim dövr adı altında, əsasən, XIII əsrə qədərki yazılı ədəbiyyatımız təqdim edilib və qədim dövr bölməsinin lap əvvəlində şifahi xalq ədəbiyyatına da ümumi şəkildə yer verilib. İsa Həbibbəylinin fərqli yanaşması qədim dövrü başdan-başa mifologiya və şifahi xalq ədəbiyyatı ilə əlaqələndirməsindədir. Bu cür yanaşma, xüsusən də mifologiyadan ümümtürk mifoloji sistemi kimi bəhs etmə ədəbiyyatımızın boy atıb yüksəldiyi əsas kökün və qaynağın hərtərəfli araşdırma predmetinə çevrilməsində mühüm rol oynayır. Mərhələnin adında etnos və epos sözlərinin yanaşı işlədilməsi heç də təsadüfi səciyyə daşımır. Konsepsiya müəllifi həmin sözləri başlığa çıxarmaqla türk mifologiyasının və türk eposunun (konkret olaraq "Dədə Qorqud"un) hər şeydən əvvəl, soykök və əcdad haqda süjetlər üzərində qurulmasını əldə əsas tutur və bununla ədəbiyyat tarixinin ikinci mərhələsi üçün ciddi elmi zəmin yaratmış olur. Ümumtürk mifologiyasından, arxaik folklordan, parlaq bir nümunəsi "Dədə Qorqud" eposu olan klassik folklordan geniş şəkildə bəhs etməklə konsepsiya müəllifi Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrünə möhkəm özüllü körpü atır. Birinci bölmədə mifoloji sistem, arxaik və klassik folklor üzrə izlənilən ümümtürk ortaqlığı, ikinci bölmədə yazılı ədəbi örnəklər üzrə nəzərdən keçirilir, VII-VIII əsrlərdə yaranan Orxon-Yenisey kitabələri ümumtürk ədəbiyyatının, o cümlədən, Azərbaycan ədəbiyyatının ortaq abidəsi hesab edilir.

İkinci mərhələdən bəhs edilərkən ədəbiyyatımızın başqa dillərdə yaranan nümunələrinə də konsepsiyanın ümumi prinsipləri baxımından aydınlıq gətirilir: "Ədəbiyyat tarixçiliyində yazılı ədəbiyyatın başlanması mənasında yalnız ana dilində yaranan ədəbiyyat faktorunun əsas kimi qəbul edilməsi dünya elmi fikrində öz isbatını tapmış obyektiv məntiqə uyğun gəlmir. Belə ki, Avropa xalqlarının bir çoxunun qədim elmi və ədəbi irsinin latın dilində, əksər Asiya xalqlarının ədəbiyyatının isə ərəb və fars dillərində yaranıb inkişaf etməsi heç də həmin ölkələrin milli ədəbiyyatının olmaması kimi başa düşülmür". Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, İsmayıl Hikmət və Fuad Köprülünün vaxtilə ədəbiyyat tarixini anadilli poeziyadan (Məhəmməd Füzulidən, İmadəddin Nəsimidən, İzəddin Həsənoğludan və ya Qazi Bürhanəddindən) başlaması, sovet dövründə ümümtürk kontekstinin kök və qaynaq kimi nəzərə alınmaması dil məsələsinə bir daha qayıtmağı zərurətə çevirir.

Orxon-Yenisey kitabələrinin ortaq türk dilində qələmə alınmasını və ümumtürk, o cümlədən, Azərbaycan ədəbiyyatı örnəkləri sırasına daxil olmasını xüsusi vurğulayan İsa Həbibbəyli ərəbdilli Azərbaycan "məvalı" ədəbiyyatını, alban şeir nümunəsi və "Avesta"nı da ortaq başlanğıc faktorları sırasına daxil edir.

Azərbaycan ədəbiyyatında Xaqani Şirvani və Nizami Gəncəvinin yaşayıb-yaratdığı dövrün intibah dövrü sayılması ədəbiyyatşünaslıqda sovet dönəmindən mövcud olan elmi mövqedir. Bu mövqeyə münasibətdə İsa Həbibbəylinin fərqli yanaşması Azərbaycan intibahının Avropa intibahı ilə heç də eyniyyət təşkil etməməsinə diqqəti yönəltməkdədir. İsa Həbibbəyli, hər şeydən əvvəl, dil məsələsinə diqqəti yönəldir: "İntibah mədəniyyətinin yaranması üçün zəruri olan inteqrasiya proseslərinin genişlənməsi baxımından bədii əsərlərin və elmi traktatların ərəb-fars dillərində yazılması və yayılması da mühüm faktor idi. Azərbaycan şairlərinin fars dilində əsərlər yazması Şərq miqyasında mövcud olan ədəbi ənənədən gəlirdi". Bəs Avropa intibahında dil baxımından vəziyyət necə idi? Doğrudur, "Avropa renessansını əhatə edən ölkələrin də bir çoxunda ədəbiyyat ana dilində yox, bir vaxtlar ümumi ünsiyyət vasitəsi olan latın dilində, ya da yaşadığı coğrafiyadakı hakim xalqın dilində yaradılmışdır". Amma bu fikri irəli sürərkən İsa Həbibbəyli qətiyyən inkar etmir ki, Avropa intibahının aparıcı nümayəndələri (Dante, Şekspir, Rable, Servantes...) öz əsərlərini ana dilində yazdıqları halda, Xaqani və Nizami öz əsərlərini fars dilində yazıb. İsa Həbibbəyli Azərbaycan intibahı ilə Avropa intibahı arasında başqa mühüm fərqi ədəbi metod məsələsində görür: "Avropada intibah hadisəsi kimi meydana çıxmış realizmi Azərbaycanda klassik romantik ədəbiyyat əvəz etmişdir.

Realizm Qərb mədəniyyəti və ədəbiyyatının inkişafı üçün hansı miqyasda meydan açmışdırsa, romantik bədii metod da Şərq ədəbiyyatı və Azərbaycan poeziyası üçün hər cəhətdən ondan da geniş magistrallara çıxmağa şərait yaratmışdır".

İntibahın Şərq və Qərb tipləri arasında müqayisələr aparılması, fərqli cəhətlərin üzə çıxarılması son nəticədə hər iki mədəniyyət hadisəsini birləşdirən ortaq nöqtənin tapılmasına xidmət edir. Belə bir nöqtə Xaqani, Nizami, Məhsəti, Dante, Şekspir, Rable, Servantes kimi söz ustadlarının insan qüdrətini əks etdirən ölməz əsərlər yaratmasıdır. Mənsub olduğu xalqın mənəvi aləmi ilə qırılmaz surətdə bağlı olub dünya miqyaslı əsərlər yaratmaq İsa Həbibbəylinin nəzərində istər Şərq, istərsə də Qərb intibahının ən mühüm göstəricisidir. Konkret tarixi mərhələdə elmin, şəhərlərin və tranzit əlaqələrin xüsusi inkişafı da Avropa və Asiya coğrafiyalarında, o cümlədən, Azərbaycanda intibah hadisəsinin ortaq prinsipləri kimi təqdim olunur. Bundan başqa, indiyədək Azərbaycan ədəbiyyatşünaslığında yalnız XII əsrdən intibah hadisəsi kimi bəhs edildiyi halda, İsa Həbibbəylinin bu dövrü XI-XII əsrlər kimi çevrələməsi də dövrləşmə baxımından fərqlidir.

Orta əsrlər ədəbiyyatının mübahisəli məsələlərindən biri XVII-XVIII əsrlərin bu dövrə aid edilib-edilməməsi üstündədir. Son vaxtların elmi dövrləşdirilməsində XVII-XVIII əsrlərin ayrıca mərhələ kimi fərqləndirilməsini təqdir edən İsa Həbibbəyli məsələyə Məhəmməd Füzuli ətrafındakı məşhur mübahisə vasitəsilə aydınlıq gətirir. Mirzə Fətəli Axundzadənin müxtəlif yozumlara səbəb olan "Füzuli şair deyil, nazimi-ustaddır" fikrinə İsa Həbibbəyli XIII-XVI əsrlər ədəbiyyatı ilə XVII-XVIII əsrlər ədəbiyyatı arasındakı əsaslı keyfiyyət fərqi baxımından qiymət verir: "Ədəbiyyat Məhəmməd Füzuli olmağın imkansızlığından Molla Pənah ola bilməyin mümkünlüyünə doğru addımlar atmağa məhkum idi. Çünki hətta klassik romantik şeirin ustadı olan Füzuli də, Mirzə Fətəli Axundzadənin sözləri ilə desək, qarşıdan gələn yeni realist şeir üçün "nazim" idi. Son illərin təqdiqatlarında (İsa Həbibbəylinin öz tədqiqatları nəzərdə tutulur - M.K.) Mirzə Fətəlinin Füzuliyə münasibətdə işlətdiyi "nazimi-ustad" məsələsinə yenidən baxılmış və belə bir qənaətə gəlinmişdir ki, Məhəmməd Füzuli klassik romantik şeirin ustadı, yeni realist ədəbiyyatın nazimidir". Bu o deməkdir ki, orta əsrlər Azərbaycan ədəbiyyatının ən əzəmətli zirvəsi olan Məhəmməd Füzuli şeiri XVII-XVIII əsrlərin erkən realizm adlı mərhələsində müəyyən qədər qərib təsiri bağışlayır. Odur ki, romantik metoddan realist metoda doğru dəyişmənin başladığı XVII əsri və həmin dəyişmənin qabarıq özünü göstərdiyi XVIII əsri birlikdə xüsusi inkişaf mərhələsi kimi götürmək məntiqəuyğun və zəruridir.

Beləliklə, İsa Həbibbəylinin tədqiqatlarında Azərbaycan ədəbiyyatında orta əsrlər mərhələsi bu vaxta qədər qeyd olunduğu (xüsusən formasiyalar nəzəriyyəsinə əsasən göstərildiyi) kimi XIII-XVIII əsrləri deyil, XIII-XVI əsrləri əhatə edən bir dövr kimi müəyyənləşdirilib. Əvəzində XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının erkən realizm dövrü kimi səciyyələndirilib. Qeyd edilib ki, orta əsrlər dövrü üçün romantik poeziya, erkən realizm dövrü üçün isə realizm faktoru aparıcı mövqe tutub. İsa Həbibbəyli konsepsiyasında XVII əsr erkən realizmin hazırlıq dövrü, XVIII əsr isə erkən realizm mərhələsi kimi müəyyənləşdirilib.

Mirzə Fətəli Axundzadənin tənqidi realizm nümayəndəsi sayıldığı vaxtlarda belə Abbasqulu ağa Bakıxanov və Mirzə Şəfi Vazeh tərəddüdsüz-filansız maarifçi realist sənətkarlar hesab edilib. Azərbaycan realizminin inkişaf mərhələləri barədə Yaşar Qarayev konsepsiyası ortaya çıxandan sonra Mirzə Fətəli Axundzadənin də maarifçi realist olması ilə bağlı tərəddüdlərə son qoyulub. Bu, öz yerində. Amma XIX əsrin maarifçi realistləri ilə bağlı bəzi qaranlıq məqamlar qalmaqda davam edir. Məsələn, belə bir məqama diqqət yetirək: Abbasqulu ağa Bakıxanovu və Mirzə Şəfi Vazehi eynilə Mirzə Fətəli Axundzadə kimi sırf realist sənətkarlar saymaq doğrudurmu? Tədqirəlayiq haldır ki, ədəbiyyatımızın digər mərhələlərində olduğu kimi, XIX əsr mərhələsində də elmi həllini gözləyən bu cür məsələlər İsa Həbibbəylinin diqqətindən yayınmır: "XIX əsr Azərbaycan ədəbiyyatı tarixində maarifçi realizm dövrü olsa da, bu mərhələnin realist olmayan ədəbiyyatında da maarifçilik ideyaları öz əksini tapmışdır... XIX əsrin romantik-realist istiqamətdə yaranmış lirikasında - Mirzə Şəfi Vazehin, Bahar Şirvaninin, Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Abdulla bəy Asinin, Fəqir Ordubadinin lirik şeirlərində maarifçi ədəbiyyatı düşündürən gerilik və tərəqqi məsələlərinə aydın münasibət ifadə olunmuş, müəyyən çağırışlar səslənmişdir". İsa Həbibbəylinin sözünə qüvvət olaraq xatırladaq ki, XIX əsrin ikinci yarısında Mirzə Şəfi Vazehi Avropada məşhurlaşdıran onun realist üslublu şeirləri yox, romantik üslublu şeirləri olub. Mirzə Şəfi Vazehin, həmçinin, yuxarıda adı çəkilən sənətkarların yaradıcılığında romantik üslubun mövcudluğuna işarə edilməsi onu göstərir ki, İsa Həbibbəyli XIX əsr maarifçi realizmini heç də yekcins ədəbi metod yox, çoxçalarlı, çoxşaxəli ədəbi metod hesab edir və elmi təhlilləri məhz o yöndə aparır.

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm qoşa addımlayan iki müstəqil cərəyan kimi ortaya çıxır. Mollanəsrəddinçilərin və füyuzatçıların adı ilə bağlı olan bu ədəbi cərəyanlar 1920-ci ildən formalaşmağa başlayan Azərbaycan sovet ədəbiyyatına öz təsirini göstərir. Tənqidi realizmin və romantizmin sovet dövründə də az-çox yaşayıb fəaliyyət göstərən nümayəndələri (xüsusən Cəlil Məmmədquluzadə və Hüseyn Cavid) 1920-ci ildən əvvəl yazdığı əsərlərlə yanaşı, həm də sovet dövründə yazdığı əsərlərlə (məsələn, "Dəli yığıncağı, "Topal Teymur" kimi mövcud siyasi sistemə zidd olan pyeslərlə) ədəbi prosesdə dərin iz buraxırlar. Ədəbiyyatda dünən və bu gün əlaqələrinin qırılmazlığını sovet dövrünə münasibətdə də ciddi şəkildə nəzərə almağın nəticəsidir ki, İsa Həbibbəyli bu dövrün ədəbiyyatını iki istiqamətdə öyrənməyi daha məqsədəuyğun sayır: 1. sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı; 2. sovet dövründə yaranan, lakin Azərbaycan gerçəkliyini əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı. İkinci istiqamətə aid olan sovet dövrü Azərbaycan ədəbiyyatı, İsa Həbibbəylinin fikrincə, "kökləri etibarilə XX əsrin əvvəllərinin ədəbiyyatı, inkişaf perspektivlərinə görə isə gələcək müstəqillik dövrü ədəbiyyatı ilə səsləşir". Milli ədəbi ənənəyə sadiq qalıb müstəqillik dövrü üçün zəmin yaratmaq əlamətlərini İsa Həbibbəyli altmışıncı illərdən sonrakı ədəbiyyatda daha çox müşahidə edir və təsadüfi deyil ki, 1960-1980-ci illər ədəbiyyatını "milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı" adlandırır.

Akademik İsa Həbibbəyli sovet dövrü Azərbaycan ədəbiyyatında sosialist realizmi yaradıcılıq metodunun formalaşdırılması məsələsinə müstəqillik dövrünün yaratdığı imkanların işığında yenidən nəzər salır, həm keçmiş Sovetlər İttifaqı miqyasında, həm də Azərbaycan masştabında sosialist realizmi modelinin ətrafında aparılan axtarışların aydın elmi mənzərəsini "Xruşşov mülayimləşməsindən" sonra sosialist realizminin mövqeyinin sınması, tədricən arxa plana keçməsi, yəni bu metodun bütün sovet dövrü boyu əsas və ya vahid yaradıcılıq metodu ola bilməməsi qənaətini irəli sürür. O, inandırıcı dəlillərlə əsaslandırır ki, Azərbaycan "əllinciləri" özlərindən əvvəlki ideologiyaya üz tutmağa məcbur edilmiş 20-30-cu illərin yazıçılarından "altmışıncılara" keçid üçün "ara nəsil" funksiyasını yerinə yetiriblər. Azərbaycan "əllinciləri" ədəbi nəslini "ara nəsil" adlandırmaq yeni olmaqla bərabər, həm də "altmışıncılar" nəslinin meydana çıxmasını əsaslandırmaq üçün kifayət qədər əhəmiyyətlidir. Tədqiqat əsərində Azərbaycan "altmışıncıları"ndan "sosialist tənqidi realistləri" və ya modernizm cərəyanının yaradıcıları qismində söz açılması da ədəbiyyatşünaslıq elmimizdə ilk addım kimi qiymətləndirilə bilər.

XX əsr Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində ən həssas məsələlərdən biri Cənubi Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərini doğru-dürüst müəyyənləşdirmək, mərhələlərin adında həmin inkişaf istiqamətlətini ehtiva etməkdir. Əsrin əvvəllərində Cənub və Şimal ədəbi prosesləri arasında özünü göstərən oxşarlıq (məsələn, Mirzəli Möcüz, Bayraməli Abbaszadə, Cabbar Əsgərzadə, Məmmədəli Manafzadənin tənqidi realizmi, Səid Səlmasinin isə romantizmi təmsil etməsi kimi cərəyanlararası paralellik) əsrin sonrakı onilliklərində heç də qabarıq hiss olunmur. Şimalda "sosialist realizmi" dövrü adını daşıyan 1920-1960-cı illəri, heç şübhəsiz, Cənubda həmin adla səciyyələndirmək özünü doğrultmur.

Tutalım, Azərbaycan gerçəkliyini sosialist realizmi prinsipləri əsasında ifadə etməli olan Səməd Vurğuna yanaşdığmız meyarlarla sosialist realizmi prinsiplərindən uzaq olan Məmmədhüseyn Şəhriyara yanaşmaq qeyri-mümkündür. Belə bir çətinlik mühacirət ədəbiyyatının da dövrlər və mərhələlər üzrə təsnif edilməsində meydana çıxır. İsa Həbibbəyli çətinlikdən çıxış yolunu hər mərhələ daxilində Cənubi Azərbaycan və mühacirət ədəbiyyatından ayrıca danışıb müqayisələr aparmaqda görür: "XIX əsrdən etibarən Cənubi Azərbaycan ədəbiyyatının yaranması və sonrakı dövrlər üzrə inkişafı hər mərhələnin daxilində ayrıca qeyd olunur. Eyni zamanda, Azərbaycan mühacirət ədəbiyyatı da XX əsrin ictimai-siyasi reallığı kimi, dövrləşdirmənin uyğun mərhələlərində öz əksini tapır". Bundan başqa, Azərbaycan sovet ədəbiyyatında olduğu kimi, XX əsr Cənubi Azərbaycan ədəbiyyatında da ortaq problemlərin olması, milli kimlik və ana dili uğrunda mübarizə məsələlərinin həmin dövr Azərbaycan ədəbiyyatının hər iki qolunda - Şimalda və Cənubda ön mövqeyə çıxarılması paralel ortaqlıq kimi səciyyələndirilir.

Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasında irəli sürdüyü dövrləşmə modeli müstəqillik dövründə ölkə miqyasında ədəbiyyat tarixlərinin yaradılmasında, dərsliklərin hazırlanmasında nəzərə alınması vacib olan konseptual metodoloji modeldir. Həm ideoloji, həm də elmi-nəzəri baxımdan problemə münasibətdə geniş dünyagörüş və aydın elmi mövqe ilə yanaşı, ictimai rəy də mühüm şərtlərdən biridir. Bunu nəzərə alan İsa Həbibbəylidövrləşdirmə konsepsiyasının əsas müddəalarını, ədəbiyyatın konkret tarixi inkişaf və təkamül proseslərinə dair müəyyənləşdirdiyi mərhələlərə aid mülahizə və təkliflərini Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, Humanitar Elmlər Bölməsinin iclaslarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında, hətta Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasında türk dünyası ölkələrinin Ədəbiyyat İnstitutları direktorlarının iştirakı ilə keçirilmiş seminarda geniş müzakirələrə çıxarıb, mütəxəssislərin fərqli münasibətlərini öyrənərək konsepsiyasını daha da təkmilləşdirib.

Neçə illik gərgin elmi axtarışların nəticəsi kimi ərsəyə gələn, yalnız İsa Həbibbəyli yaradıcılığının yox, bütövlükdə Azərbaycan humanitariyasının ciddi bir uğuru sayıla bilən "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası bu gün öz elmi-təcrübi səmərəsini verməkdədir. İsa Həbibbəylinin dövrləşdirmə konsepsiyası əsasında çap olunması planlaşdırılan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin 1-ci cildi artıq oxucuların ixtiyarına verilib və növbəti cildlər öz nəşrini gözləyir. 1-ci cild kimi sonrakı cildlərin də hər birində İsa Həbibbəylinin bir konsepsiya müəllifi kimi, icmallar, oçerklər müəllifi kimi, elmi redaktor kimi iştirakı şəksiz-şübhəsizdir. Demək, görülən işlər nə qədər çoxdursa, görüləcək işlər də az deyildir. Bütün bunlara görə akademik İsa Həbibbəylinin çoxillik elmi axtarışlarının məhsulu olan "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını mühüm nəzəri və təcrübi əhəmiyyət daşıyan ciddi elmi hadisə adlandırmaq olar. Qeyd etmək lazımdır ki, çoxcildlik Azərbaycan ədəbiyyatı tarixlərini nəzərə almasaq, indiyədək Azərbaycan ədəbiyyatının çoxəsrlik bütün dövrlərini, əsas proseslərini, görkəmli yaradıcılarını ədəbi cərəyanlarla əlaqəli şəkildə tədqiq edib ümumiləşdirən ikinci bir bu tipli monoqrafik tədqiqat əsəri yazılıb nəşr edilməyib. İsa Həbibbəyli bu çətin və məsuliyyətli vəzifəni həyata keçirmək üçün var qüvvə ilə çalışaraq, mühüm bir elmi nəticə əldə edib. Əsərdəki müəyyən məqamlar mübahisə doğursa belə, bütövlükdə görülən işin böyük miqyası bu işin əhəmiyyətini qətiyyən azaltmır.

Akademik İsa Həbibbəyli 70 yaşını belə bir şəraitdə qarşılayır: arxada - milli maraqlar naminə görülən böyük işlər, irəlidə - azərbaycançılıq, müstəqil dövlətçilik və elm naminə görüləcək işlər. Şübhə yoxdur ki, arxada qalmış onilliklər kimi, irəlidəki onilliklərdə də akademik İsa Həbibbəyli gecəni gündüzə qatıb yeni-yeni yaradıcılıq uğurları ilə öz sözünü deyəcəkdir.

 

525-ci qəzet 2019.- 7 sentyabr.- S.10;14.