PETERBURQA
İLK SƏFƏR
Əhməd bəy Ağaoğlu-150
Vilayət QULİYEV
(ƏSASI QOYULMASININ 200
İLLİYİ MÜNASİBƏTİ İLƏ)
Əhməd bəy Ağaoğlunun
aşağıda oxuculara
təqdim olunan məqaləsi 1903-cü ilin
may ayında yazılıb
və elə həmin dövrdə də "Kaspi" qəzetinin həmin il 14 may tarixli
104-cü sayında dərc
edilmişdi. 1903-cü ildə bütün Rusiyada "Şimal paytaxtının" - Sankt-Peterburqun
əsasının qoyulmasının
200 illiyi qeyd olunurdu. Təbii ki, Əhməd
bəy də bu mühüm tarixə münasibət bildirməkdən kənarda
qala bilməzdi.
Üstəlik də, Peterburqun
onun həyat yolunun müəyyənləşməsində
və gələcək
seçimində mühüm
rolu vardı.
1887-ci ildə Şuşa real məktəbinin 7-ci sinfini,
növbəti ildə
isə Tiflis real məktəbinin
son sinfini birinci şagird kimi uğurla başa vuran gənc Əhməd bəy ali təhsilini Peterburqda, ənənələri
ilə məşhur olan Texnologiya institutunda almaq, Vətənə mühəndis
kimi dönmək qərarına gəlmişdi.
Dəqiq
elmlər sahəsindəki
əsaslı biliyi niyyətinə çatacağına
heç bir şübhə yeri qoymurdu.
Lakin sonuncu imtahanda məsələni
düzgün həll etməsinə baxmayaraq, triqonometriya fənnindən
imtahan götürən
professor, yaxud privat-dosentin
ona "3" yazması
Peterburqla bağlı
arzularını puça
çıxarmışdı.
Qızı Sürəyya Ağaoğlunun
yazdığına görə,
imtahanı götürən
professor qatı antisemit
imiş və zahiri görünüş
etibarı ilə Əhməd bəyi də yəhudiyə bənzətdiyinə görə
belə insafsızlığa
və haqsızlığa yol veribmiş.
Əhməd bəyin ilk bioqraflarından
bir kimi tanınan dostu Yusuf Akçura yazırdı ki, Peterburqun havası ona düşmədiyindən Rusiya
paytaxtında təhsil
almaq fikrindən daşınmışdı. Təbiət
etibarı ilə istehzaçı adam
olan Yusuf bəyin həmin sözləri ciddi anlamda dediyi
o qədər də inandırıcı görünmür.
Çox
güman ki, o, fiziki mənada havanı deyil, siyasi ab-havanı nəzərdə tutmuşdu.
Rus məsəlində
deyildiyi kimi, bədbəxtlik üz verməsəydi, xoşbəxtliyə
qovuşmaq da mümkün olmayacaqdı. Üzləşdiyi
ədalətsizliyə görə
öz sözləri ilə desək, bütün Rusiyanı bir
qaşıq suda boğmağa hazır olan Əhməd bəy xalq arasında
deyildiyi kimi, prinsipə düşüb
hər cəhətdən
"kirli Rusiyadan"
(Lermontov) daha üstün
səviyyədə dayanan
bir qərb ölkəsində ali təhsil almağa qərar vermişdi.
Fransız dilini bilməsə də, heç bir tanışı və əlaqələri olmasa da, Parisi
- dünya şöhrətli
Sorbonna universitetini seçmişdi.
Amma Fransa paytaxtına məqaləsində yazdığı
kimi biyabırçı imtahanın
ertəsi günü deyil, bir neçə
ay sonra - 1889-cu ilin yanvarında, cəmisi 60 manat rus pulu
ilə yola düşmüşdü...
Sonralar da Peterburqa yolu düşmüşdü. Bu gedişlər zamanı
"Şimal paytaxtı"
artıq onun nəzərində ilkin cəlbediciliyini, elm və
irfan məbədi olmaq cazibəsini itirmiş, bir çox ədalətsizliklərin
mənbəyinə, insanların
arzularına balta çalan quru və iddialı məmurların vətəninə
çevrilmişdi.
Amma
Peterburqun yubileyi qeyd olunanda bu
mühüm mədəni-tarixi
hadisəyə laqeyd qala bilməmişdi. Məsələyə gənclik
prizmasından baxmışdı.
"Kaspi"dəki "Peterburqun
200 illiyi münasibəti ilə"
adlandırdığı ikinci
yazısı da bayram
günlərinə təsadüf etmişdi.
Həmin məqalə qəzetin 21 may
1903-cü il tarixli
110-cu sayında dərc olunmuşdu...
525-ci qəzet 2019.- 7 sentyabr.- S.9.