Peterburq xatirələri
(Əsası qoyulmasının 200
illiyi münasibət ilə)
Peterburqda
iki dəfə olmuşam. Birinci dəfə 1888-ci ildə tələbə
kimi, daha doğrusu, tələbə
adına iddiaçı kimi! Ora müqəddəs yerlərə
ziyarətə yollanan bir mömin kimi, ülvi, munis hisslərlə
getmişdim. Mənim, başdan-başa heyranlıq hisslərinə
bürünmüş on doqquz
yaşlı gəncin qızğın təxəyyülündə
Pyotrun şəhəri fantastik, nağılvari xüsusiyyətlər
kəsb etmişdi. Mənə elə gəlirdi ki, bu şəhərdə
insanlar da, əşyalar da nə isə xüsusi, səmavi mahiyyətli, əlçatmaz
olmalıdır.
Bütün rus tarixindən yaddaşımda qalan məlumatlar yalnız Rusiya paytaxtının adını daşıdığı Pyotrla, onun Avropaya açdığı "məşhur pəncərə" ilə, Elmlər Akademiyası, universitet, ali məktəblərlə bağlı idi. Peterburq səfərinə hazırlaşanda elə güman edirdim ki, yalnız "əbədi həqiqət" axtarışında olan müdriklərin, şairlərin, alimlərin yaşadıqları bir məmləkətə yollanıram. Elmə qeyri-adi məhəbbətin vəcdə gətirdiyi şərqli təxəyyülümdə Peterburqu başlarını bəşəriyyətin "açılmamış sirləri " ilə dolu kitablar üzərində əyib mütaliəyə dalmış insanların toplandığı nəhəng bir "müdriklər evi" kimi təsəvvür edirdim. İndi də yadımdadır: məni uzaq səfərə yola salan yaxınlarımla, qohumlarımla necə bir daxili özündən razılıq hissi ilə, bu adamlar üzərində öz üstünlüyünü nümayiş etdirmə duyğusu ilə vidalaşırdım! Onları burada qoyub getdiyimə qətiyyən heyfislənmirdim. Yalnız yüngülcə təəssüf hissi keçirirdim ki, özümə yaxın saydığım bu adamlar heç vaxt mənim qovuşacağım yüksək və möhtərəm cəmiyyətin həndəvərinə belə düşə bilməyəcəklər.
Ah, ömrümün
yeganə xoşbəxt dövrü, sən
indi haradasan? O dövr ki, mən hələ
də insanlara və onların "həqiqət"
adlandırdığı məfhuma hədsiz inanırdım!
Daxilimdə
yaratdığım bu fantasmaqoriyalara başım o qədər
qarışmışdı ki, mənzil başına necə
çatdığımdan da xəbərim
olmamışdı. Nə dəmiryolları, nə Tiflis, nə
əzəmətli Hərbi Gürcüstan yolu, nə də
Moskva məni maraqlandırmış, diqqətimi çəkmişdi.
Mən Peterburqla, yalnız Peterburqla yaşayır, nəfəs
alırdım. Gənclik fantaziyamın
bütün gücü, qüdrəti ilə ona can
atırdım. Budur, nəhayət, Nikolay vağzalı. Həyəcanımdan
tir-tir əsirdim, ürəyim sevgilisi ilə ilk dəfə
görüşəcək bir gəncin qəlbi kimi
çırpınırdı. Ah, "müqəddəs
torpağa" necə saf və ilahi duyğularla qədəm
basırdım!
Vladimir
küçəsi, 10 ünvanında, qohumumun yanında yerləşdim.
Şəhərlə
elə həmin gün başlayan tanışlığım
təxəyyülümü daha da alovlandırdı.
Fikir verin! Şuşadan Peterburqa nə boyda məsafə var! Mən əsrarəngiz Nevski prospektində,
hər iki Morskaya (Peterburqun mərkəzindəki Bolşaya və
Malaya Morskaya küçələri nəzərdə tutulur -
V.Q,) küçələrində gəzir, xəyalımda
sanki sehrli "Min bir gecə" qəsrlərindən birinə
düşdüyümü
canlandırırdım. Saraylar, evlər, gur
işıqlı mağazalar - böyük şəhərin
başgicəlləndirici sürətlə dəyişən
bitib-tükənmək bilməyən mənzərələri
məni - ömrü boyu Şuşadan kənara ayaq basmayan bir
gənci heyrətlər içərisində
üzərək əldən salmışdı.
Bəs
müdriklər haradadır? Evə qayıdarkən istər-istəməz
öz-özümdən soruşdum.
Və
sual dərhal məni düşüncələrə qərq
etdi. Peterburqu böyük bir məbəd, onun sakinlərini isə
başlarını "əbədi sirlər" dolu kitablar
üzərində əymiş müdriklər kimi təsəvvür
edən şərqli təxəyyülüm artıq məyusluğa
qapılmağa başladı. Daxilimdə səbəbini anlaya bilmədiyim bir təəssüf
və pərtlik hissi baş qaldırdı. Lakin təbiət
etibarı ilə mücərrədliyə meylli
olmadığımdan çıxış yolunu yenə də
gerçəkliyi özümdən qovub uzaqlaşdırmaqda,
düşüncəmdə yaratdığım xəyallar aləmində
yaşamaqda tapdım. Xoşbəxtlikdən ertəsi gün
qohumum məni Ümumi kitabxanaya apardı və həmin vaxtdan
etibarən bütün Peterburq nəzərimdə bu ecazkar məbədin
simasında təzahür etməyə başladı. Artıq
müdriklərin toplaşdığı yeri
tapmışdım! Bundan sonra məni başqa heç bir
şey maraqlandırmırdı. Burada özümü
çox yaxşı hiss edirdim, kitabxana divarlarından kənardakı
həyata isə "öz" Peterburquma heç bir dəxli
olmayan uzaq, yad və əhəmiyyətsiz bir yer kimi
baxırdım.
İmtahanlara
qədər günlərimi beləcə heyranlıq içərisində
keçirdim. Nəhayət, imtahan başlandı. İndiyə
qədər Texnoloji İnstitutun ilk imtahanına necə bir
ürək çırpıntısı və şövqlə
yollandığımı xatırlayıram. İnstitutun əzəmətli
binası nəzərimdə böyük və müqəddəs
bir məbədə bənzəyirdi. Bu məbədin
kandarını öpməyə, sütunlarını
qucaqlamağa hazır idim. Sanki
pilləkənlərin hər pilləsində, koridorların hər
qarışında bir müqəddəslik və
toxunulmazlıq möhürü vardı. Ürəyimdə
qutsal, dini hisslər baş qaldırmışdı.
Auditoriyaya
girəndə mənə elə gəldi ki, müqəddəs
mehraba yaxınlaşaram.
Həyəcanım
mistik bir ayini icra etməyə hazırlaşan möminin həyəcanından
qat-qat artıq idi.
Ayaqlarım
sanki yerdən üzülmüşdü. Nə
özümü, nə də ətrafdakıları
görürdüm. Birdən qulağıma uzaq əks-səda kimi
"Professor!
Professor!" sözü dəydi. Ağappaq ağardım, bədənimdən
qəribə gizilti keçdi. Gözlərimi qapıya zilləyib
dayanmışdım. Mənə elə gəlirdi ki, indicə
"Professor" deyilən həmin sirli varlıq qarşımda mövcudluğun bütün
sirlərini, həyatın
bütün mənasını
açacaq. "Professor!"
O zaman düşüncələrimdə
bu tək bircə kəlmə söz özündə nə qədər möcüzəli qüvvə,
nə qədər dərin fikirlər, nə qədər əlçatmaz gizlinlər
ehtiva edirdi! "Professor!" - o müdriklər müdrikidir,
elm carçısıdır, dünyaya həqiqətin əbədi çağırışlarını
çatdıran səma
sakinidir! Ürəyim
elə şiddətlə
döyünürdü ki,
indicə huşumu itirib yerə yıxılacağımı düşünürdüm.
Professorlar auditoriyaya daxil oldular. Ah, onlarla eyni havanı tənəffüs
etmək nə böyük həzz, nə böyük səadətdir! Mən indi özümü bütünlüklə xoşbəxtliyimin
əllərinə təslim
etmişidm və professorları az
qala gözlərimlə
yeyirdim. Özümü elə unutmuşdum
ki, adım çağırılanda belə
eşitməmişdim. Sıramın gəldiyini mənə
yanımda oturanlar dedilər. Necə böyük həyəcanla,
necə munis ürək çırpıntıları
ilə uzun, sıx saqqalı dalğa-dalğa sinəsinə
yayılmış orta
yaşlı, dolu bədənli, bütün
görkəmi ilə adamda özünə hörmət təlqin edən cənaba yaxınlaşdım. İndi
həmin dəqiqələri
xatırlayır və
heyrət edirəm: az qala özümdən bixəbər
vəziyyətdə olduğum
halda triqonometriya imtahanını necə vermişəm?! Hələ imtahandan əvvəl
yoldaşlarım artıq
instituta daxil olmağım münasibəti
ilə məni təbrik edirdilər.
Çünki triqonometriya "mənim
fənnim" idi.
Bu fəndə necə güclü olduğumu hamı bilirdi. Lakin görünür, tale kitabımda
əvvəldən yazılıbmış
ki, məhz yaxşı bildiyim, sevdiyim həmin fənn həyatda aldığım ən böyük zərbənin
baiskarı olsun! Bütün müdriklərə,
hətta Peterburqun özünə də münasibətimi kökündən
dəyişdirsin!
Məndən triqonometriya imtahanını
gənc bir professor, bəlkə də privat-dosent qəbul edirdi.
Gənc professor əyninə mundir geymişdi. Bu da
onu çevrəsindəki
həmkarlarından fərqləndirirdi.
Rəsmi
mundiri, üstəlik də qaşlarının
altından acıqlı
nəzərlərlə baxan
gözləri təbiət
etibarı ilə çəkingən olduğuma
görə məni dərhal qorxutdu, fikrimi qarışdırdı.
Verilən məsələnin həllini tapmaq elə bir çətinlik
törətmədi. Üstəlik də,
işimi asanlaşdırmaq
üçün orta təhsil müəssisələrinin
tədris proqramına
daxil olmayan düsturdan istifadə etdim.
- Bu düsturu haradan götürmüşünüz? - deyə imtahan
qəbul edən müəllim kobud səslə soruşdu.
- Xatırlaya bilmirəm.
- Elə isə, onu hesablayıb məsələdən çıxarın.
- Bacarmıram.
- Aha, deməli, istifadə etdiyiniz düsturu hesablayıb tapmağı
bacarmırsınız?
- Xeyr.
- O zaman "3"
alırsınız.
Gözlərim
qaraldı, başım fırlandı. Elə bil kimsə
küt bir predmetlə gicgahımdan vurmuşdu. Bir anda instituta
daxil ola bilməməyimin
doğuracağı dəhşətli mənzərə gözlərimin
önündə canlandı. Valideynlərimin bu xəbərdən
çəkilməz bir dərdə, ələmə
düşdüklərini gördüm. Dostlarımın
qarşısında necə alçaldığımı hiss
etdim. Xəyallarımda yaşatdığım "fantastik
dünya" bir an içində uçulub
dağıldı. Utanmaq hissini, ləyaqət və izzəti-nəfsi
duyğusunu unudub ağlamağa başladım. Bütün
auditoriyanın gözü qarşısında ucadan
ağlayır və professora
başqa suallar soruşması üçün
yalvarırdım. Lakin onu rəhmə gətirmək
mümkün olmadı, bir-birinə sıxılmış
dodaqlarının arasında laqeyd və rəhmsiz səslə:
"Bunu edə bilmərəm, gedin!" - dedi.
Əzilmiş,
alçaldılmış, xar olmuş halda auditoriyadan
çıxdım. Ürəyim sıxılır,
başım od tutub yanır, sinəm göynəyirdi. Evə
gəlib üzüqoylu yatağıma uzandım və uzun
müddət ağladım. Deyəsən, son damla göz
yaşım bitənə qədər
ağlamışdım. Bu acı hissləri öz həyatımda
yaşadığım üçün indi başa
düşürəm ki, belə məqamlarda insanın
özünə əl qaldırması o qədər də
çətin məsələ deyil. Ertəsi gün Peterburqu
tərk edib Parisə yola düşdüm. Lakin həmin vaxtdan
başlayaraq Peterburqda son dəfə səfər etdiyim 1900-cu
ilə qədər bu şəhər yaddaşımda iki
anlayışla qalmışdı.
Məmur-professor
və sinus-kosinus!
Son səfərim zamanı
mən bu anlayışların mövcud
olub-olmadıqlrını bir
də yoxladım və təəccübümə
rəğmən onların
sanki bütün Peterburq üzərində
rəsm edildiyini gördüm.
Lakin bu barədə növbəti
yazımızda.
Əhməd bəy
Ağaoğlu
Rus dilindən tərcümə etdi: Vilayət Quliyev
525-ci qəzet 2019.- 7 sentyabr.- S.9.