Kürdlər
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin
icrasına başlayıb.
İyul-noyabr ayları ərzində
icra olunacaq layihə Şuranın
2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda
yaşayan milli azlıqların mədəni
irsinin təbliğinə
dair təşəbbüslər"
istiqaməti üzrə
qalib olub.
Layihə
çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti,
müasir yaşayış
tərzləri barədə
konkret faktlara əsaslanan yazılar
"525-ci qəzet"də dərc edilir.
Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya
Mərkəzinin əməkdaşları
tərəfindən hazırlanır.
10 yazının mətbuat
orqanı vasitəsilə
oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət
kitabça nəşr
edilərək, KİV orqanlarına
hədiyyə veriləcək.
Sizə layihənin səkkizinci yazısını təqdim
edirik. Yazı kürdlər haqqındadır.
Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü
məqalə saxur, dördüncü məqalə
avar, beşinci məqalə Şahdağ
xalqları, altıncı
məqalə yəhudi,
yeddinci məqalə ingiloylara həsr olunmuşdu.
Azərbaycanda yaşayan kürdlər ölkənin qərb hissəsində - Kiçik
Qafqaz dağlarında
yaşayırlar. Azərbaycan kürdlərinin əsas hissəsi Laçın, Kəlbəcər,
Qubadlı və Zəngilan rayonlarında məskunlaşmışdılar. Laçın və Kəlbəcər
rayonlarda kürd əhalisi əsasən Ağcakənd və Leninkənd kəndlərində
yaşayırdılar. Həmin rayonların Ermənistan tərəfindən işğal
edilməsi nəticəsində
bu ərazilərdə
yaşayan bütün
əhali kimi, kürdlər də ölkənin digər hissələrinə köçmüşlər.
Özlərini "kurmanc" adlandıran
bu etnos XIX əsrin mənbələrinə
əsasən həm də tarixi Azərbaycanın Cəbrayıl,
Cavanşir, Zəngəzur
qəzalarında və
qismən Naxçıvan
ərazisində də
yerləşirdilər. Azərbaycanda yaşayan kürdlərin böyük
əksəriyyəti islam dininə mənsubdurlar.
Kürd dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Bu dil Şimal
(kurmancı), cənub
(surani) dialektlərinə
ayrılır. Azərbaycan kürdləri
əsasən kurmancı
dialektində danışırlar.
Tarixi məlumatlara
əsasən, 1807-ci ilin
sonlarında Mehmed Səfi-sultan adlı kürd qəbilə başçısının rəhbərliyi
ilə təxminən
600 ailə Şimali Azərbaycan ərazisinə
İrandan keçərək
Qarabağ xanlığında
məskunlaşır. Cənubi Azərbaycanın
Qaradağ ərazisində
yaşayan minə yaxın kürd ailəsi də Şimali Azərbaycan ərazisinə köç
edib. 1826-1828-ci illərdəki Rusiya-İran
müharibəsindən sonra
isə İrandan Hüseyn xanın başçılığı altında Zilan tayfası köçürülüb.
Kürdlərin tarixən yayılmış
olduqları Yaxın Şərq ilə Azərbaycanın qonşu
olması ayrı-ayrı
kürd qruplarının,
eləcə də bütöv kürd tayfalarının buraya mühacirət etmək imkanları açıb.
Beləliklə, Azərbaycanın müasir kürd əhalisi uzun tarixi dövr ərzində formalaşıb.
Kürdlərin əsas məşğuliyyəti
ta qədimdən maldarlıq, eləcə də qismən əkinçilik olub. Ənənəvi xalq peşə nümunələrindən xalçaçılıq
və keçə aşılayıb hazırlamaq
sənəti indi də davam etdirilir.
Keçən əsrin 20-ci illərinin
əvvəllərinə qədər
kürdlər köçəri
və yarım köçəri həyat
tərzi keçirirdilər.
Hər bir nəslin öz yaylaq və qışlaq yeri olurdu. Köç zamanı kürdlər bir neçə ailənin könüllü
birliyi olan "obalara" birləşirdilər.
"Obalar" iki növ olurdu: daxil olan üzvlərin
tam bərabərlik prinsipi
əsasında formalaşan
"obalar" və bir varlı maldar tərəfindən yaradılan və başqa üzvlərin sonradan onun tərkibinə
daxil olan "obalar". Hər iki növ
"obalara" rəhbərliyi
"obabaşı" adlanan
varlı və nüfuzlu maldar həyata keçirərdi.
Kürdlərdə yun məmulatı istehsalı, xalçaçılıq
inkişaf edib. Bu təsərrüfat sahələri
kürdlərin ənənəvi
məşğuliyyəti olan
maldarlıq ilə sıx bağlı idi. Kürd qadınlarının toxuduğu
corablar, xurcunlar, buğda saxlamaq üçün çuvallar,
yataq ləvazimatı,
qadın kəmərləri
(beppeşt) və s. özünəməxsus cizgiləri
ilə seçilirdi.
Kürdlərin əvvəllər yaşayış
evləri əsasən
qazma və qaradamlardan ibarət olub. Bu qəbilli yaşayış evlərində
pəncərə olmazdı.
İşıq damın ortasından
açılmış oyuqdan
düşürdü. Həmin oyuq qaradamdan həm də tüstünün çıxmasını
təmin edirdi. Ənənəvi qaradamda əhalinin
ev-məişət avadanlığı
ilə yanaşı,
mal-qarası da saxlanardı. Qazma və qaradamlarla yanaşı, ənənəvi
kürd evləri gil və
ya daşdan da tikilirdi. Ev
beş hissədən
ibarət olurdu.
Bütün otaqların qapısı bir yerə - sevdara, yəni dəhlizə açılırdı. Evlərdə pəncərə yerinə
damda deşik açılırdı. Ocaq evin
ortasında qalandığından
damda açılan baca, həm də tüstü çıxması üçün
nəzərdə tutulurdu.
Köçəri kürdlərin mənzilləri
kom və ya çadır adlanan alaçıqlardan ibarət olurdu.
Azərbaycanda yaşayan kürdlərin mədəniyyətləri başqa
sahələrdə olduğu
kimi, azərbaycanlıların
mədəniyyəti ilə
çox yaxındır. Hələ XIX əsrdə kürdlərin
geyimləri azərbaycanlılardan
demək olar ki, fərqlənmirdi.
Lakin fərqli cəhətlər
də var. Məsələn,
kürd qadın geyimləri öz ənənəviliyi ilə
seçilir. Kürd qadınlarının
geyimində müxtəlif
rəng çalarlarına
malik olan parçalardan, həm də çoxlu bəzək əşyalardan
istifadə edilirdi.
Məhz bu əlvanlıq və zəngin bəzəklərlə əhatə
olunması, qismən də üst geyimlərinin biçim forması kürd qadınlarının seçilməsinə,
yəni onun kürd olmasını deməyə əsas verirdi. Kürdlərdə
qadın geyimi bunlardan ibarətdir: Şalvar, köynək, qolsuz köynək, tuman, bane və ya beşte adlanan
yun qurşaq, kofi adlı baş geyimi, yun corab. Müsəlman kürd qadınları hündür kofi geyirdilər.
Digər fərqləndirici xüsusiyyət
baş geyimləri və bəzəklərində
görünürdü. Kürd qadınlarının
bəzəkləri içərisində
gümüş və
qızıldan hazırlanan
əşyalar daha çox üstünlük
təşkil edib.
Qadınlar müxtəlif sırğa,
bilərzik, muncuq taxırdılar. Sinə bəzəyi
kimi sədəfdən,
ayaq bəzəyi kimi xırxal adlı muncuqdan istifadə edirdilər.
Kürd kişiləri qurşaqlarına
xəncər keçirirdilər.
Özünün xüsusi ənənələri,
lokal ədəb-ərkan
qaydaları ilə seçilən kürd ailəsində ata başlıca sayılardı. Onun göstərişi
ailənin bütün
üzvləri tərəfindən
sözsüz yerinə
yetirilərdi. Kürdlər arasında ailənin
"mala mazən" - yəni
böyük ailə və "mala beçuk"
- yəni kiçik ailə formaları var idi. Çox vaxt bir dam altında
bir nəslin nümayəndələri yaşayırdılar.
Ümumiyyətlə, kürdlər arasında
nəsli-tayfa münasibətləri
çox səciyyəvi
xarakter daşıyıb.
Bu xüsusiyyət kürdlərin yaşayış
məskənlərinin formalaşmasına
da öz təsirini göstərib.
Yaşayış məskənləri əsasən tayfa-qəbilə
prinsipləri əsaında
salınıb. Həm
də qəbilə-tayfa
daxili qayda-qanunlarına
müvafiq olaraq bir tayfanın, bir nəslin digərinə qarışması,
onlara məxsus ərazidə ev
tikməsi qəbul edilməz hal sayılırdı. Çox vaxt
hər bir nəslin hətta özünəməxsus qəbiristanlığı
olardı.
Qəbilə-tayfa münasibətləri şəraitində
hər bir tayfanın şeyxi olardı. Şeyx tayfanın dini
başçısı olub,
həm də başqa qəbilə-tayfa
daxili sosial məsələlərin həllində
əsas rol oynayırdı. Məsələn, müəyyən səbəblər
üzündən malını,
qoyununu itirmiş qəbilə üzvünün
olduğunu bilən şeyx, tayfanın ağsaqqallarını yanına
çağırıb, bunu
onlara elan edir və imkan
daxilində kasıb düşmüş soydaşlarına
köməklik göstərməyi
onlara məsləhət
görürdü. Şeyxin təklifi
ilə hər bir qəbilə üzvü öz imkanı daxilində kasıba mal və qoyun verməklə köməklik edirdi.
Ümumiyyətlə, kürdlər arasında
şeyxin bir sözü bütün qəbilənin və ya tayfanın ayağa durmasına kifayət edirdi. Döyüşə gedən kürd
hökmən şeyxin
hüzuruna gəlməli,
onun xeyir-duasını
almalı idi.
Azərbaycanda yaşayan kürdlərin zəngin xalq yaradıcılığı mövcuddur. Kürd
xalqının tarixən
yaratdığı epik
folklor əsərlərindən
"Mam və Zin", “Zambilfroş",
"Dımdım”, "Kar
və Kuluk" dastanlarını qeyd etmək olar.
1918-1920-ci illərdə Azərbaycan dövlətinin
yaradılmasında, 1989-1992-ci illərdə onun bərpasında kürd etnik kökləri olan çoxsaylı insanlar iştirak ediblər. Hazırda Azərbaycanda kürd
dilinin qorunması və kürd xalqının mənəvi
mədəniyyətinin inkişaf
etdirilməsi sahəsində
müəyyən addımlar
atılır. Bu məqsədlə Mədəniyyət
Fondu nəzdində kürd milli mədəniyyət mərkəzi
yaradılıb.
Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya
Mərkəzi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasına təqdim edilmək üçün
hazırlanıb
525-ci qəzet 2019.- 7 sentyabr.- S.8.