Vətənə və xalqa məhəbbətdən
güc alan poeziya
Naxçivan Ədəbi Mühitinin Taninmiş
Nümayəndəsi Şair Muxtar Qasimzadənin Yaradiciliği
Haqqinda Qeydlər
Çoxəsrlik inkişaf yolu keçmiş, zəngin ənənələrə
malik Naxçıvan ədəbi mühitinin görkəmli
yetirmələrindən biri Muxtar Qasımzadədir.
Naxçıvanda poeziyanın inkişafında Muxtar
Qasımzadənin imzası və sənəti ona xüsusi yer
və nüfuz qazandırıb. İstedadlı bir
şair olan Muxtar Qasımzadə
yaradıcılığında müxtəlif mövzulara
müraciət etsə də, vətənə məhəbbət
və ana yurdun vəsfi, tərənnümü onun
yaradıcılığında daha başlıca yer tutub.
Bir neçə kitabla oxucularının
sevimlisinə çevrilən Muxtar Qasımzadə,
sözün əsl mənasında, kütləvi olaraq oxunan və
oxucuların qəlbində taxt quran, sevilən bir sənətkardır.
Vaxtilə Xalq yazıçısı Hüseyn İbrahimov da
onun haqqında demişdi ki: "Muxtar Qasımzadə az
yazır, ancaq yaxşı yazır. Deyilməmiş,
necə deyərlər, əl dəyməmiş mövzular
tapır". Bu "əl dəyməmiş"
mövzular arasında Vətənin tərənnümü və
vətənə məhəbbət qırmızı bir xətlə
keçir.
Görkəmli
elm adamı, akademik İsa Həbibbəyli Muxtar Qasımzadə
haqqında yazırdı: "Şair Muxtar Qasımzadənin
şeirləri göstərir ki, sənətin vəzifəsini
düzgün başa düşür, müəllif mövzu
dairəsinin genişliyi ilə nəzəri cəlb edə
bilir". Müasir şeir janrlarının tələbləri
çərçivəsində yazıb-yaradan şair
yaradıcılığında daha çox vətəndən,
vətənə məhəbbət və ona
bağlılıqdan söhbət açır. Onu şairləşdirən və
yaradıcılığa səsləyən də elə ana
yurda məhəbbət və vətənpərvərlikdir.
Vətən mülkünün təmənnasız
sevilməsi onun yaradıcılığının
özünəməxsusluğu, tale qisməti, şeirlərinin
alın yazısıdır. Necə ki, şeirlərindən
birində gözəl şair bu hisləri poetik şəkildə
bu cür ifadə edərək deyirdi:
And
içdim torpağa, and içdim göyə,
Andım çörək haqqı, duz haqqı oldu.
Allahın
verdiyi nemətdi deyə
Ən müqəddəs andım "söz
haqqı" oldu.
"Vətən
müqəddəsdir oğullar üçün, ucaldır
adını şərəfli adla", - deyən şair
Muxtar Qasımzadənin öz ürəyini yeddinci qitə
adlandırması ("Yeddinci qitə") həm də ona
görə öz həqiqətini yüksək poetik ifadə
ilə ortaya qoya bilir ki, onun
yaradıcılığının hər sözündən
vətənə məhəbbət hissi vulkanik bir eşq kimi
püskürür. Bu qəlbin - bu qitənin öz
dünyası, öz xasiyyəti, öz sakinləri, öz kəndləri,
şəhərləri, dağları, daşları və s.
var. Amma etiraf edək ki, bu qitənin - bu qəlbin paytaxtı,
baş yurdu Naxçıvandır, Azərbaycanın
alınmaz qalası kimi dünya mədəniyyətinə
beşiklik edən, görkəmli şəxsiyyətlər
yurdu olan Naxçıvan:
Canım,
gözüm, torpağım,
Laylam, nəğməm, beşiyim.
Yurdum,
yuvam, ocağım,
Salam, evim-eşiyim.
Haçadağ,
kürsüm olsun,
İlqarından
söz deyim
Atam
Naxçıvanımın,
Anam
Naxçıvanımın.
Bu cəhətdən
professor Yavuz Axundlu şair Muxtar Qasımzadənin
yaradıcılığındakı vətəndaşlıq
motivlərini müşahidə edərək yazırdı:
"Çağdaş şeirimizdə vətəndaşlıq
lirikasının xüsusi əhəmiyyət kəsb etməsi
zamanın diktəsidir. Muxtar Qasımzadə
şeirində biz bunun parlaq ifadəsini görürük.
Bu şeirlərin arxasında yurdun
torpağına, daşına, onun tarixinə möhkəm tellərlə
bağlı olan şair dayanır". Ümumiyyətlə,
şair Muxtar Qasımzadənin
yaradıcılığında vətənə məhəbbət
nəğmələrini ümumiləşdirən
"Nuhçıxandan gəlirəm" kitabına toplanan,
demək olar, bütün şeirləri vətənə sevgi
nəğməsi deyən sənət nümunələrini
xatırladır. Burada "Vətən desəm", "Vətən
sevgisi", "Olmasın", "Dağlar da vətəndir",
"Naxçıvanımın" və digər şeirlərində
vətənə məhəbbətin ən gözəl
sözləri öz ifadəsini tapıb. Şair Şuşaya
həsr etdiyi, onu bütün gözəlliyi, mədəniyyəti
ilə vəsf edərkən bütün torpaqlarımıza,
Araza həsr olunan şeirlərilə didərgin düşən
vətən torpaqlarına kədərli sözlər
qoşur, dərddən, həsrətdən boy biçir, bir
azərbaycanlı olaraq öz kədərini, həsrətini,
nisgilini ifadə edir. Bu mənada şairin
bütün təbi eninə və uzununa Azərbaycana qoyun
açır, bağrına basaraq məhəbbət və vəfa
sərhədi cızır.
Şair Muxtar Qasımzadə Naxçıvan sevgisinin hərtərəfli
poetik səciyyəsini yaradarkən onun tarix-mədəniyyət
şöhrətinə, məşhur abidələri və
yurd yerlərinə diqqət kəsilir. Gəmiqaya,
Əshabi-Kəhf, Əlincə qalası, Haça dağ, Nuh
türbəsi, Mömünə xatın, Qarabağlar türbəsi
və başqa neçə-neçə dünya-bəşər
mədəniyyətinin inciləri, böyük tarix
danışan abidələri haqda da məlumat verir, ya onlara
söz qoşur, ya da onların dilindən danışır.
Peyğəmbərlər adını yaşadan,
İmamzadaların xatirəsini özündə qoruyan,
neçə-neçə pirlərə, tarixi abidələrə
məkan olan Naxçıvan haqqında şair Muxtar
Qasımzadə məhz bunları da nəzərə alaraq
böyük məhəbbətlə söz açır. Şairin
yaradıcılığı haqqında söz açan
akademik İsmayıl Hacıyev də haqlı olaraq yazır
ki, "hər şeir sanki poetik bir bələdçidir.
Şeiri oxuduqdan sonra sözü gedən qala,
yaxud türbə haqqında səndə böyük təsəvvür
və məhəbbət yaranır". Alim bunu da tamamilə
doğru müşahidə edir və haqlı olaraq deyir ki:
"Misralar boyunbağı kimi qatarlanan Naxçıvan abidələrinə
körpü salır elə bil. Hər şeirin
özünəməxsus vəzifəsi, xasiyyəti
vardır". Şair Duzdağ
möcüzəsinə də iki əsər - "Yaddaş
çırağı" silsiləsindən "Duz
saray" və "Duzdağın Fərhadları" əsərlərini
həsr etmişdir.
Doğrudan da, Naxçıvan Duzdağını tədqiq
edən zaman xüsusi bir otağa rast gəlinib ki, burada
xüsusi bir dizayn, memarlıq, sənət işi
özünü göstərib. Xüsusi memarlıqla
yonulmuş bu otaq elə el arasında da "Duz saray"
adlandırılıb. Şair də məhz
həmin Duz saraya müraciətlə əsər yaradıb.
Şair bunu təbiətin deyil, insan əməyi,
zəkası və qabiliyyətinin nəticəsi olaraq bir
memarlıq incisi, sənət tarixi və nümunəsi olaraq
səciyyələndirir.
Muxtar Qasımzadənin "Duzdağın Fərhadları"
poeması da maraq doğurur. Poemanın girişində
Duzdağı "yeraltı yeni dünya" adlandıran
şair adamları bu qəribə, ecazkar yerin seyrinə,
tamaşasına çağırır. Şair
Duzdağı insan zəkası və əməyinin əzəmətli
nümunəsi kimi təqdim edir. Şair: "Orda əmək
ulduz olub şan-şöhrəttək adamların
döşündədir" misrası ilə həm
Duzdağı möcüzəyə çevirən insan zəkası
və onun qırılmaz əməyindən bəhs edir, həm
də insanlara əməyi müqabilində verilən qiymətləndirici
mükafat-Ulduzları, nişanlara işarə edir. Şair çox məharətlə "duz"
sözünün təkrarını yaratmaqla həm də
maraq doğuran məna çalarları da ifadə edir.
O elə
bir dünyadır ki,
Havası
duz, səması duz,
Hər yanı duz.
Sərvəti
də elə duzdur,
Şöhrəti
də elə duzdur -
deyən
şair diqqəti Duzdağa cəlb edərək "yeri,
göyü, altı, üstü, havası, rəngi,
qoxusu" duz olan bir dünyadan - Duzdağ mağarasından
söhbət açır. Adiliyə bir
qeyri-adilik qatır, möcüzəvilik verir. Duzdağın sözdən qurulmuş möcüzəsini
təqdim və təcəssüm etdirir.
Əsrlərdən qalıb Duzdağ.
Daş kahalar deyir bunu.
Uçqunlardan
beli sınan
Duz zağalar deyir bunu.
...
Kişilərin axırıncı zərbəsindən
Yerə
girən
daş
alətlər deyir bunu.
Bədii ədəbiyyat nümunələrində
Duzdağ qəhrəmanlarına - mədənin qəhrəman,
zəhmətkeş işçilərinə tərənnüm,
vəsf, alqış bu əsərlərdə başlıca
yer tutan məsələlərdəndir. Təsadüfi
deyil ki, şairlər Duzdağ əfsanəsinə diqqəti
çəkən zaman onu bir abidə olaraq "yonub-düzəldən"
insan əməyi və əqlinə də nəzərləri
cəlb edirlər. Bu mədənin zəhmətkeş,
əməksevər insanlarını da oxuculara
tanıtmağı yaddan çıxarmırlar. Şair Muxtar Qasımzadə də əsərlərində
məhz bu qəhrəmanlardan bəhs edir, onların faydalı
əməyi və qəhrəmanlığından rəğbətlə
danışır.
Əlincə
qalasının tarixi şöhrəti, onun əzəmət və
vüqarı bir çox şair və
yazıçılarımızdan biri kimi Muxtar Qasımzadənin
də diqqətini cəlb edib, "Əlincə" əsərində
Əlincə qalası özünün tarixi və əhəmiyyətli
möyqeyi, əzəməti və möhtəşəmliyi
ilə sənətə gətirilib, vəsf və tərənnüm
olunub. İstedadlı şair Muxtar Qasımzadənin
yaradıcılığında bu mövzu daha çox
aparıcı, daha çox qabarıq yer alıb. Şairin "Nuhçıxandan gəlirəm"
başlıqlı kitabına toplanmış müxtəlif səpkili
əsərlərində Naxçıvan abidələrinin tərənnümü
də başlıca yerdə gəlir. Şairin
bir sıra şeirləri var ki, konkret tarixi abidələrə
həsr olunub. Şairin "Gəmiqaya", "Fərhad
evi", "Əshabi-Kəhf", "Oğlan qala - Qız
qala", "Duz saray", "Çalxanqala",
"Əlincə", "Köhnə qala haqqında
ballada", "Xaraba Gilan", "Gülüstan",
"Xanəgah", "Şərq hamamı",
"Buzxana", "Qarabağlar türbəsi", "Babək
qalası", "İmamzada" və başqaları məhz
bu əsərlərdəndir. Bu əsərlərin
hər birində bir abidə söhbət mövzusu təşkil
edir. Şairin "Gəmiqaya" tarixi-əfsanəvi
poemasından:
Nuh
çıxandan gəlirəm,
Bura Nuhun
öz eli.
Köhnəqala
- məzarı,
Gəmiqaya
- heykəli! -
misralarını Naxçıvanın tarixi emblemi adlandırmaq olar. Şair Nuhun tufanı ilə bağlı mövcud
olan və eləcə də Naxçıvanda geniş
yayılmış əfsanələri diqqətlə gözdən
keçirərək Gəmiqaya əfsanəsinin poetik salnaməsini
yaratmışdır. Nuh peyğəmbərin
dünya tufanı ilə bağlı Allahdan aldığı
xəbər, gördüyü hazırlıqlar, başına
gələn əhvalatlar, nəhayət, sonunda gəmisinin
Naxçıvandakı Gəmiqayada dayanması və bu ətrafda
yerləşməsi əsərin əsas mövzusudur.
Şairin maraq doğuran digər şeirlərindən
biri "Əshabi-Kəhf" adlanır. Qədim dini
kitablarda adı keçən, haqqında çoxsaylı əfsanə
və rəvayətlər dolaşan Əshabi-Kəhf
haqqında Naxçıvanda da yetərincə sözlü ədəbiyyat,
bilgi və məlumatlar vardır. Dağyunus
haqqında rəvayətlər, əfsanələrdə qeyb
olduqları deyilən yeddi kimsənə və onların qeyb
olduqları müqəddəs məkan Əshabi-Kəhf
Naxçıvan folkloru üçün çox
doğmadır. Şair də bu müqəddəs
məkana şeir qoşaraq digər başlıqlı əsərlərilə
Naxçıvanı dinin yeri, imanın bütöv olduğu
məkan, imam yurdu kimi səciyyələndirib. Təsadüfi deyil ki, Naxçıvanda mövcud
olan bir çox pir məhz İmamzada adlanır və imam
övladlarının dəfn olunduqları müqəddəs
yer kimi inanılır. Şairin söz
qoşduğu pirlər arasında bu abidələrin də yer
alması naxçıvanlıların iman və inam
bütövlüyünə sahib olduqlarına işıq
tutur.
Yaxşı
haldır ki, şair Naxçıvanın böyük mədəniyyət
abidələrindən olan və dünyada nadir incilərdən
birini təşkil edən Mömünə xatun türbəsi
haqqında Əcəmi Əbubəkr oğluna həsr etdiyi
"Əbubəkrin oğlu Əcəmi" əsərində
də bəhs edir. Şair Böyük Atabəy
hökmdarı Məhəmməd Cahan Pəhləvanın bu
abidənin tikintisi ilə bağlı məşhur memar Əcəmiyə
verdiyi tapşırığı bu cür poetik şəkildə
təsvir edir:
Əyan-əşrəflə
Qəbul
eylədi
Bəkir
oğlunu
Cahan pəhləvan.
Söylədi
ona:
...bir
türbə yarat, -
Ana türbəsi.
Üzündə
olsun
ismət
pərdəsi.
Memar
Əcəmi isə "Yüz on beş aya türbə
ucaltdı, Anaya layiq qiblə yaratdı", - deyə cavab
verir.
Beləliklə, Naxçıvan ədəbi mühitinin
qəlbində Muxtar Qasımzadə poeziyası özünəməxsus
bir söyləmdir. O, öz zəngin yaradıcılığı ilə
İnsanın ən böyük obrazını yaradıb, hər
şeydən əvvəl özünü aşiq kimi
tanıdıb - Vətən və İnsan aşiqi kimi.
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 6 sentyabr.-
S.15.