Dünyaya fərqli poetik baxış
Və Ya Ən Doğma,
Munis Duyğularin Sorağinda
İndiki dünyada insanın sevinmək məqamları
nədənsə xeyli azalıb. Yəqin bu
qloballaşan dünyamızın diktə etdiyi psixoloji əhvalla
əlaqədardır. Mənim də
yaşımın bu çağında mühitdən gələn
impulslardan o qədər də əhvalım xoş olmur.
Uzun illərdir
ali məktəbdə pedaqoji fəaliyyət
göstərirəm, yüzlərlə tələbələrim
var, elm aləmində az-çox sayılan imza sahibiyəm. Bunlar, əslində, mənim yaşımda olan alimlər
üçün bir təsəlli qapısıdır. Çəkdiyin zəhmətdən zövq məqamlarıdır.
O da, həmişə olmur...
Amma etiraf
edim, ömrümün bu ahıl çağında elə bir
faktla qarşılaşdım ki, həqiqətən də
könüldən sevindim, bir az da
qürurlandım. Vaxtilə, 80-ci illərdə dərs dediyim,
tələbəm olan, bu gün elm aləmində
sayılan-seçilən dilşünas, poeziya aləmində
sevilən şairə, uğurlarından, mənəvi-əxlaqi
rəftarından həmişə məmnun qaldığım
filologiya elmlər doktoru, professor səviyyəsinə yüksəlmiş
Mahirə Nağı qızı Hüseynova indi ADPU-nun
filologiya fakültəsinin dekanı vəzifəsində
çalışır. Oxucularım təəccüblənə
bilər ki, burada qeyri-adi nə varki? Başqalarını
bilmirəm, mənim üçün bu fakt olduqca mahiyyətlidir,
sevindiricidir, qürurlandırıcıdır.
Çünki 60-70-ci illər dövrünün ustad müəllimi
olan professor, Əməkdar Elm Xadimi Həsən Mirzəyevin
(burada genoloji kod mühüm amildir) bacısı qızı
vaxtilə tələbəm olmuş, Mahirə xanım indi mənim,
bu ahıl professorun, müəlliminin birbaşa təhsil və
tədrisin idarəedici strukturunda rəhbərdir.
Mahirə
xanım bütün yaradıcılığı boyu bu
böyük şəxsiyyətə - Həsən Mirzəyevə
hörmətini, izzətini, məhəbbətini "Həsən
Mirzə yaşayır" şeirində olduğu kimi tərənnüm
edir, sanki onu Azərbaycan ziyalılığına nümunə
göstərir:
Bu
ayları onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə
yaşayır.
O nə
sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə
yaşayır.
Şeiri
oxuduqca oxucu Həsən Mirzəni hələ çox
yaşadacaq şərtlərlərin nədən ibarət
olduğunu öyrənir:
El
oğluydu, el adamı, - dedilər,
Tək qoymayıb bir adamı, - dedilər.
Ata,
qardaş, əmi, dayı, - dedilər,
Dağda, düzdə Həsən Mirzə
yaşayır.
Həmçinin,
o, doğmaca dayısı Həsən Mirzə yolunun
davamçısı olur, onun müəyyən etdiyi elm hədəfinə
doğru inamla irəliləyir:
İnandım
qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu
hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?
Mahirə xanım orta məktəbdə oxuduğu illərdən
şeir yazıb, nəşr olunub. Xüsusən də onun bədii
yaradıcılığı ali məktəbdə
oxuduğu illərdən ardıcıl şəkil alıb və
respublikanın müxtəlif mətbuatında dərc edilib,
müxtəlif nəşriyyatlarında 20-yə yaxın
şeir kitabı çap olunub. Bunlardan "Mənim anam",
"Su at dalımca, ana", "Ana sevgisindən doğan nəğmələr",
"Yaşadacaq anam məni", "Ana kəndim
Xalxalım", "Ömrün çıraqdır sənin",
"Sözün hikməti", "Analı dünyam",
"Haqqa çağıran səs",
"Bayatılar", "Bayatılar və üç
şeir", "Ruhuna beşiksə, tanı, Vətəndir"
kitab toplularını göstərə bilərik.
"Ruhuna beşiksə, tanı, Vətəndir"
kitabı hələlik onun sonuncu şeir toplusudur və buna
seçilmiş əsərlər də demək olar. Onun əksər
kitablarını oxumuşam, vərəqləmişəm.
Amma "Ruhuna beşiksə, tanı, vətəndir"
şeirlər kitabı ilə diqqətlə tanış oldum
və kitabi oxuduqca buradakı şeirlər öz lirik təsiri
ilə məni haldan-hala saldı və gördüm ki, bu kitab
Mahirə xanım haqqında, onun şeirləri, poetik
düşüncəsi barədə dolğun təsəvvür
yarada bilir...
Diqqət yetirin, bu kitabların adlarının əksəriyyətində
"ANA" kəlməsi əksini tapıb. Hətta
kitabın birinin adı "Ana kəndim"dir. Belə ki,
gördüm ki, Mahirə Nağıqızının poeziyasının
baş obrazı ANAdır. Özü də, təkcə
müstəqim mənada deyil, bu obraz daha geniş məna kəsb
edir - ana kənd, ana torpaq, Ana Vətən, ana yurd və s. Həyatın
ən mühüm cəhətləri Mahirənin şeirində
Ana obrazında təcəssüm edir. Və mənə elə
gəlir ki, O, nəyi şair ruhu ilə hiss edirsə, ona Ana
gözü, Ana fəhmi ilə baxır və dərk edir,
şeiri də Nazlı ananın
pıçıltısına çevrilir, başını
ana dizinin üstünə qoyub əminlik tapır:
Hər dəfə
başımı dizinin üstə -
Çəkərdi, saçımı oxşardı
anam.
Bir onu,
birdə ki, qulac saçıma
Dəyən nəfəsini unudammıram.
... Sonra
ulduzlardan gözüm çəkmədim,
Deyirdim ordasan, bəlkə də gördüm.
Yoxuydun, hər
dəfə atıb sinəmə,
Saçımı deyil ki, dərdimi hördüm.
("Saçların
balladası")
Onun lirikası xüsusi əxlaqi gücə malikdir. Həm də,
ictimai rəyə, ictimai fikrə yönəlik olan bir
lirikadır və bu cəhətdən də xoşagələndir.
Bu lirika ən kədərli mövzularda da,
nikbin notdadır, gələcəyə ümidlidir, gələcəyə
ümid hissi yaradır. Mahirə
xanımın yaradıcılığı üzərinə
heç bir öhdəlik, missiya götürmür, təbii
axarındadır. İddialı deyil, həyat,
gerçəklik necədirsə, o cürdür.
O, poetik
vicdanı və gücü ilə ailəsinin, ailəsinin
mühiti olan cəmiyyətin, cəmiyyətin mühiti olan
dövlətinin yanındadır. Bunlar bir-birini
şərtləndirən zəncirin həlqələridir.
Mahirə xanımın estetik idealını,
lirik qəhrəmanını xarakerizə edən, şərtləndirən
cəhətlər - həyatda, cəmiyyətdə
vicdanlı, əxlaqlı olmağın, həqiqəti deməyin,
yaltaqlığın qarşısına sipər çəkməyin,
yalanlara və manipulyasiyalara qarşı durmağın
hesabına qazanılan cəhətlərdir, mənzərə
budur. Onun lirik qəhrəmanı qeyd
etdiyimi bu əxlaqı, bu ruhu, bu düşüncəni
daşıya bilir. Yalançı nikbinlikdən
uzaqdır. Daş olsa da, öz hörgüsünə
hörülüb qalmaq istəyindədir:
Bu
dünya deyilən nə idi bildim,
İstəməm büksən də qumaşa, qalım.
Baş
alıb göylərə çoxdan gedərdim,
Dedim bitənəcən
tamaşa, qalım.
... Yenə Mahirəni dara çəkirsən.
Hardan gətiribsən, hara çəkirsən?
Bilirəm
qəlbində qala tikirsən,
Atılmış bir daşam, hör daşa, qalım.
("Qalım")
Beləcə onun şeirləri, lirikası
torpağı, vətəni, xalqı, milləti, dövləti,
dövlətin ilkin modeli hesab edilən ailəsi
üçün şirin pıçıltılara, ürəyinin,
könlünün pıçıltılarına
çevrilir.
Yuxarıda misal gətirdiymiz lirik parçalar Mahirəni
həm də, ruh adamı kimi səciyyələndirir. Onun "Tanrı yolu",
"Bu dünya", "Beləmi, dağlar, beləmi",
"Elegiya", "Tövbə qapısı",
"Vaxtı tanrı verir" qəbildən şeirləri
bu cəhətdən səciyyəvidir. Bu şeirlər mistik əhvalda
deyil, həyatın iç dünyasına, insanın
inamına, ruhuna, Allahına tapınaraq mənəviyyatca təmizlənməsinə
xidmət edir.
Məlum həqiqətdir ki, insan öz qismətinə
düşən ömür payını yaşayır. Lakin söhbət
o payı, o qisməti necə yaşamaqdan gedir. "Necə yaşamaq" deyəndə isə, əlbəttə,
madddi təminat yox, sağlığında insanın
özünün qazandığı hörməti, sonra mənəvi
varlığa dönüb ürəklərdə, hafizələrdə,
yaddaşlarda yaşamaq səlahiyyətini qazanmasını nəzərdə
tuturam. Bu isə hər kəsin hünəri
deyil. Belə adamların ürəyini isidən
mehr-ülfət, halallıq, zəhmət, saflıq olur ki,
tövbə qapısına dirənişdə bunların gərəkliyi
ortaya çıxır ki, Mahirə
Nağıqızının lirik qəhrəmanı bu istəyə
yüksək anlayışla, böyük ürəklə
çatmağa cəhd edir, bu məramla, bu libasla tövbə
qapısına - tamarzı qaldığı göy
üzünə yön alır. Bu da, bir şair
kimi Mahirə Nağıqızının öz variantı,
özünün incə və kövrək ruhlu söz
variantıdır.
Onun sadə, səmimi dillə yazdığı bu poetik
nümunələrdə əslində, elə fəlsəfi məqamlar
açıqlanır ki, bu sadəlikdə ifadə etdiyi
böyüklüyə heyranı qalmaya bilmirsən. Şeirlərdən
görünür ki, Mahirə Nağıqızı son illərdə
sözə vurulduğu qədər heç nəyə
vurulmayıb; o, qəlbinin daxilindəki gizli incəlikləri
açıb-ağartmağa meylli deyil və özü də
qadının şeir yazmasının bir
ölçüsü, qadağası olmasının tərəfdarıdır,
çünki qadının daxili dünyası
başqalarına sirr olaraq qalmalıdır. Şeir isə elədir ki, müəllifinin gizlin və
örtülü, eyni zamanda, ən əziz qapalı hissləri
aşkara çıxarır. Şeir onun
üçün özü ilə dərdləşmək
vasitəsidir. Fikirlərində kəsərlidir və hər
şeyə gözəllik və nəciblik prizmasından
yanaşır; insan və dünya, mələk və iblis,
haqqındakı deyimlərində pərdəaltı heç
nə saxlamır, insanlığın - dünyanın göz
yaşını silməyə, dünya adlı tapmacaya cavab
tapmağa çalışır:
Nə dərindi,
nə ucadı,
Yer quyudu, göy bacadı.
Dünya
özü tapmacadı,
Cavabını
bilən yoxdur...
Ümumilikdə Mahirə Nağıqızının şeir yaradıcılığına nəzər salanda aşkar görsənir ki, onun lirik qəhrəmanı dövrümüzün, günümüzün, nəfəsimizin, hisslərimizin ən ağır və dərdli məzmununu özündə saxlayır. Şairənin "lirik "Mən"i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an gizli qalmış sirləri açmağa müntəzirdir. Burada sevginin tərənnümündən çox, insanın daxili aləminin iztirabları önə çıxır: bu da təsadüfi deyil, bu, mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə əksini tapan müxtəlif çalarlarıdır:
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox
olanı, kimdi yay çəkir,
Kimdi qazan
asan, kimdi pay çəkir?
Neçə
min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi. ("Birdi")
Onu da, mühüm bir əlamət kimi qeyd edim ki, Mahirə
xanımın şeirlərindəki söz seçimində
önə çıxan bədii obrazlıqdır. Ən
uğurlu cəhətlərindən biri isə hisslərin səmimiyyətidir,
onun şeirlərində bütün məna və bənzətmələr
səmimi olduğuna görə təsirlidir. Onun "Azərbaycan",
"Vətəndir", "Şəhid nəğməsi",
"Xocalı üçün elegiya", "Son
döyüşə hazır ol" kimi şeirlərində
milli-vətənpərvərlik hissinin səmimiyyətlə
ifadəsi oxucunu gələcəyə səsləyir.
Mahirə Nağıqızının poetik deyimlərində
pıçıltıları eşitmək
mümkündür. Bu pıçıltılardakı poeziya xalq ədəbiyyatında
bayatı və gəraylı axarından, Aşıq Ələsgər,
Aşıq Alı kimi şairlərin söz təsirindən
gəlmədir, bu şeirlər sadəcə olaraq, mərhəm
duyğuların lirik axarıdır - büllur söz
bulağı kimi axıb gedir və mənsəbinə
çatır.
Mahirə Nağıqızının kitablarına daxil
olan şeirlərinin əksəriyyətində insana,
insanlığa, övlada, övladlığa, Vətənə
olan məhəbbət sönməz, dönməz və
güclüdür. Şairənin şeirlərini oxuyanda
duyursan ki, o, dünyanı hamıdan fərqli, şairanə
bir tərzdə, yeni duyğularla qavrayır və səlist Azərbaycan
dilində - aşiqlər dilində ifadə etməyi
bacarır.
Şeir və
sənətin dostu, Professor Buludxan Xəlilov demişkən:
"Hər iki kəlmə - Azərbaycan dili və aşiqlərin
dili kəlmələri bir bahar günəşi kimidir. Bu kəlmələr bir-birinin yanında həm də
bahar günlərini xatırladır.
Qəlbimizdə bəyaz və parlaq duyğular
oyadır".
Bunlar Mahirə Nağıqızının da
poeziyasından qaynaqlanan duyğulardır.
Tərlan NOVRUZOV
Filologiya elmlər doktoru, profossor
525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.14.