İsi Məlikzadənin ruhuna ehtiram naminə...   

 

Görkəmli Yaziçinin Ağcabədidəki Ocağinin Onun Ev Muzeyinə Çevrilməsi Mədəni İctimaiyyətin, Ölkə Ədəbiyyatsevərlərinin Və Rayon Sakinlərinin Çoxdanki Arzusudur

 

 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, qüdrətli qələm sahibi olan nasir, dramaturq İsi Məlikzadə ötən əsrin 60-cı illərinə məxsus ədəbi nəslin parlaq nümayəndələrindəndir.

 

Onun zəngin, orijinal yaradıcılığı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Sənətkarın böyük ustalıqla qələmə aldığı, milli dəyərlərə söykənən, müasir insanın dünyasını, əxlaqını, dünyagörüşünü, həyat tərzini inandırıcı cizgilərlə əks etdirən hekayə, roman povestləri, ssenariləri, filmlərə köçürülmüş, səhnələşdirilmiş əsərləri həm sovet dönəmində, həm müstəqillik illərində ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, yüksək dəyərləndirilib. Öz yüksək bədii dəyəri, ideya əhəmiyyəti ilə seçilən həmin əsərlərə oxucular tərəfindən daim xüsusi önəm verilir, sevilə-sevilə müraciət olunur. Bununla belə, görkəmli yazıçının ədəbi irsinin ətraflı araşdırılması, öyrənilməsi, əlyazma halında yaxud çap edilərək diqqətdən yayınmış əsərlərinin toplanılaraq nəşr olunmasına bu gün zəruri ehtiyac yaranıb. Əlbəttə, təqdim etdiyimiz bu yazıda İsi Məlikzadənin yaradıcılığı barədə geniş söhbət açmaq fikrində deyilik. Burada əsas məqsəd sənətkarın həyatının doğulub boya-başa çatdığı Ağcabədi bölgəsilə bağlı bir sıra məqamlarına toxunmaq, əldə etdiyimiz bəzi məlumatları oxucularla bölüşməkdir.

 

İsi Abbas oğlu Məlikzadə 1934-cü ilin may ayının 1-də Üzeyir Hacıbəyli, Həmidə xanım Cavanşir, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov başqa parlaq şəxsiyyətlərin dünyaya göz açdıqları qədim Ağcabədi torpağında doğulub. Onun atası Abbas Məlikov sadə bərbər peşəsi ilə məşğul olsa da, dövrünün ziyalı, müdrik, xeyirxah şəxslərindən sayılıb. Qarabağda, ətraf bölgələrdə Dəllək Abbas adı ilə məşhur olan bu el ağsaqqalı öz şəxsi mütaliəsi hesabına dərin biliyə yiyələnib. O, hazırcavablığı, zarafatları, məzəli söhbətləri ilə əhali arasında böyük hörmət nüfuz qazanıb. Abbas kişinin müdrik kəlamları, şux zarafatları, məzəli söhbətləri bu gün Ağcabədi camaatı arasında zərb-məsəl, atalar sözü, lətifələr kimi dolaşır. Abbas əmi həyat yoldaşı Zəriş xala ilə birgə 7 qız, 1 oğul böyüdüb, boya-başa çatdırıb. Onların yeganə oğlu olan görkəmli yazıçı ictimai xadim İsi Məlikzadə uşaqların sayca beşincisidir. Fizzə, Xanım, Aftab, Bikə, Validə, Firidə, Vəzifə adlı 7 bacıdan hazırda yalnız Vəzifə xanım həyatdadır.

 

İ.Məlikzadə 1952-ci ildə Ağcabədi şəhər orta məktəbini bitirib. O, lap kiçik yaşlarından məktəbdə bilik bacarığı ilə yaşıdlarından fərqlənib. Dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ictimai işlərində, dram dərnəklərində fəal iştirak edib. Elə ona görə müəllimlərin şagirdlərin sevimlisinə çevrilib. Deyilənə görə, ailənin tək oğlu olduğuna üçün, İsi ərköyün uşaq olub, hamı tərəfindən əzizlənib. Odur ki, heç kim onun xətrinə dəyməyib. Orta təhsilini əla qiymətlərlə başa çatdıran istedadlı gənc Bakı şəhərinə gedərək, ali məktəbə qəbul olmaq qərarına gəlib. Abbas kişi oğlunun bu qərarı ilə razılaşmalı olub. Qəbul imtahanları uğurlu alınıb. İsi keçmiş Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsinə daxil olub. Beləliklə, o, qaynar paytaxt həyatına qovuşub. Burada sevdiyi Lətifə adlı bakılı qızla ailə qurması bu bağlılığı daha da artırıb. O, 1957-ci ildə ali təhsilini başa vuraraq, Bakıda qalıb, işə düzəlib. Bir müddət istehsalatda sıravi işlərdə, sonralar isə mühəndis kimi fəaliyyət göstərib. Həmin dövrdə qələmə aldığı maraqlı kiçik hekayələr gənc mühəndisi bədii yaradıcılığa sövq edib. Bu sahədə qazandığı ilk uğurlar onu ədəbiyyat aləmi ilə yaxından bağlayıb. Gənc yazarın qələmə aldığı əsərlər, nəşr etdirdiyi kitablar ədəbi mühitdə geniş rezonans doğurub. Sənətkarın yaradıcılığının ən məhsuldar dövrü 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə əsərləri dünya dillərinə tərcümə olunub, teatrlarda tamaşaya qoyulub, haqqında mətbuatda sanballı məqalələr dərc edilib. Ədəbi aləmdə öz sözü, yeri olan yazıçı keçmiş SSRİ məkanında, onun hüdudlarından kənarda məşhur sənətkar kimi tanınıb, sayılıb-seçilib. O, bununla bərabər, "Ulduz", "Azərbaycan" jurnalı redaksiyalarında, "Mozalan" satirik kinojurnalında, Azərbaycan Dövlət Nəşriyyatında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul vəzifələrdə çalışıb. Nüfuzlu qələm sahibi 1990-1994-cü illərdə respublika Mədəniyyət Fondu Qarabağ filialının sədri vəzifəsində işləyib. Həmin vaxtlar o, bir müddət Ağcabədidə yaşayıb. Yazıçı 1994-cü ildən ömrünün sonuna kimi "Azərbaycan" jurnalında fəaliyyətini davam etdirib.

 

İsi Məlikzadə gənc yaşlarında mühəndislik ixtisasına dərindən bələd olan mütəxəssis kimi diqqəti çəkib. Ancaq o, həmişə bədii yaradıcılıq fəaliyyətinə üstünlük verib. Odur ki, bu məsələ bir müddət müzakirə mövzusuna çevrilib. Müsahibələrinin birində o, verdiyi tutarlı cavabla bu mübahisəyə birdəfəlik son qoyub. Müxbirin "Yəqin ki, ədəbiyyata təsadüfən gəlmisiniz" sualının müqabilində yazıçı: "Xeyr, mühəndisliyə təsadüfən gəlmişəm" deyib. Sonralar həyat sənətkarın söylədiyi sözlərin doğruluğunu təsdiq edib.

 

İsi müəllim qayğıkeş ailə başçısı, fədakar həyat yoldaşı kimi tanınıb. Lətifə xanımla izdivacdan onların bir oğul, iki qız ovladı dünyaya gəlib. Oğlu Saleh keçmiş Xalq Təsərrüfatı İnstitutunu bitirib. Bakıda müxtəlif işlərdə çalışıb 2003-cü ildə dünyasını dəyişib. Qızları, Xatirə Məmmədli Bakıda, Arzu Məlikzadə isə Sumqayıtda orta məktəb müəllimi işləyirlər. Ədib həmişə istedadlı şair yazıçılara, xüsusilə gənc yazarlara qayğı ilə yanaşıb, onların əsərlərinin mətbuatda dərc edilməsinə yaxından köməklik göstərib.

 

İ.Məlikzadə torpağa, bütün ömrü boyu el-obaya möhkəm tellərlə bağlı bir insan olub. O, tez-tez ürəkdən sevdiyi doğma Ağcabədiyə gəlib, ata-anasına, qohumlarına, dostlarına baş çəkib, xeyir-şər məclislərində iştirak edib. Bəlkə, elə bu səbəbdən onun əsərlərinin əksəriyyətinin mövzusu Ağcabədi həyatından götürülüb. Bu əsərlərin əsas qəhrəmanları müəllifin rastlaşdığı, yaxından tanıdığı ağcabədililərdir. Ona görə qələmə alınan bu cür bədii nümunələrdəki əhvalatlar, obrazlar daha canlı, təbii təsir bağışlayır.

 

Yazıçının bacısı oğlu Mahir Ağayevin dediklərinə görə, İsi müəllim bacılarını hədsiz dərəcədə çox istəyib. Bakıda da, rayonda da onlarla daim əlaqə saxlayıb, ailələri, övladları ilə maraqlanıb. Onların problemlərini həll etmək üçün əlindən gələni əsirgəməyib. O, Ağcabədiyə gələndə Mahirin anası Xanımla da görüşüb dərdləşərmiş. Bacısının sözləri həmişə onu ruhlandırıb. Yazıçı 1985-ci ildən ondan yaşca xeyli kiçik olmasına baxmayaraq, Mahirlə yaxından yoldaşlıq edib, birlikdə görüşlərə, tədbirlərə gedib. Özünün dediyi kimi, o, heç vaxt dayısını unutmayıb, onunla fəxr edib, qürur duyub. Bacıoğlu indi də dayısını - görkəmli ədibi hörmət və məhəbbətlə xatırlayır, ehtiramla yad edir. Yazıçının xatirəsinə həsr etdiyi məqalələrdə bu hörmət və ehtiram aydın ifadə olunur. Mahir sadə və təmənnasız insan olan dayısının heç vaxt şöhrət, ad-san ardınca qaçmadığını dilə gətirərək, onun ədəbiyyatımızda xidmətlərinin lazımınca qiymətləndirilmədiyini bildirərək, dərindən təəssüflənir. Lakin o, haqqın gec-tez öz yerini tutacağına inanır.

 

Müstəqillik dönəmində xalqımızın başına gətirilmiş müsibətlər, amansız erməni təcavüzü İ.Məlikzadənin həyatında da təsirsiz ötüşməyib. Torpaqlarımızın, xüsusən Qarabağın işğalı onu daxilən sarsıdıb. Yazıçı bununla heç vaxt barışmayıb. Vətənini canından əziz tutan, ölkəmizin məşhur elm və sənət xadimləri Xudu Məmmədov, Fərman Kərimzadə, Hamlet Xanızadə və digərləri kimi onun da qəlbi Qarabağ itkisinə dözməyib. Vətənpərvər insan, fədakar yazıçı 5 dekabr 1995-ci ildə 61 yaşında, müdriklik dönəminin astanasında ikən ürək tutmasından vəfat edib. Özünün vəsiyyətinə əsasən yazıçı ata-baba yurdunda, Ağcabədi şəhərindəki Xəlfərəddin qəbiristanlığında torpağa tapşırılıb. Həyat yoldaşı Lətifə xanım və oğlu Salehorada dəfn olunublar. Yaşadığı küçəyə yazıçının adı verilib. Həmin küçənin başlanğıcında, onun doğulub-yaşadığı evin yaxınlığında xatirə lövhəsi var.

 

Əvvəllər bir müddət məcburi köçkünlərin məskunlaşdığı həmin ünvanda hazırda yazıçının Gülnar adlı bacısı nəvəsinin ailəsi yaşayır. Bir vaxtlar baxımsızlıq üzündən bərbad vəziyyətə düşən bu ev onların vəsaiti ilə təmir olunub. Lakin təmir işləri hələ başa çatmayıb. Dəllək Abbasİsi Məlikzadənin haçansa əkdikləri meyvə ağaclarının bir çoxu həyətdə hələ də qalmaqdadır. Xüsusilə, binanın qarşı tərəfində ucalan tut ağacı buraya daxil olanların diqqətini daha çox cəlb edir. Neçə-neçə dəyərli illərin, mənalı günlərin şahidi olan evağaclar, elə bil ki, intizar çəkir, sahiblərinin yolunu gözləyir...

 

Neçə müddətdir ki, görkəmli ədibin doğmalarının, eləcə də bütün Ağcabədi ictimaiyyətinin, rayon sakinlərinin mühüm bir arzusu var: qüdrətli yazıçının xatirəsini əbədiləşdirmək üçün onun doğulduğuuzun illər yaşadığı ünvanın "İsi Məlikzadənin Ev Muzeyi"nə çevrilməsi, məhz belə bir layiqli ünvan kimi tanınması. Mədəniyyət Nazirliyi və digər əlaqədar qurumların bu yöndə müvafiq addımlar atması, görkəmli yazıçımız İsi Məlikzadənin ruhuna ehtiramın təzahürü kimi belə bir muzeyin yaradılması hər kəsin, bütün ölkə ədəbiyyatsevərlərinin ürəyincə olardı. Beləliklə, mədəniyyətimiz, mənəviyyatımız üçün doğma ocağa çevrilmiş ünvanların sırasına bu adla bir ünvan da qoşulardı: İsi Məlikzadənin Ev Muzeyi.

 

Yəhya PAŞAZADƏ

Ağcabədi

 

525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.13.