Vüsal Babayeva: "Ünsiyyət
qıtlığı cəmiyyət üçün çox
böyük problemə çevrilib"
İctimaiyyətlə
Əlaqələr Üzrə Gənc Mütəxəssis
Hesab Edir Ki, İnsanlarda Bir-Birinə Qarşi İnamsizliq Son
Zamanlar Xeyli Artib
Türkiyədə
yaşayan həmyerlimiz Vüsal Babayeva Azərbaycanda ingilis
dili tərcüməçisi ixtisası üzrə ali təhsil alandan sonra uzun müddət
müxtəlif televiziyalarda, qəzetlərdə
çalışıb.
Sonra Türkiyənin İstanbul Aydın Universitetində
İctimaiyyətlə Əlaqələr və Tanıtma
ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Geniş
dünyagörüşünə, aydın düşüncəyə
və yüksək biliyə malik müsahibimlə ailədaxili
münasibətlər, insanların cəmiyyətdəki
davranışları, başqa ölkədə təhsil
almağın müsbət və mənfi yönləri
haqqında geniş fikir mübadiləsi apardıq. Söhbətimizə isə əminəm ki, bu
cümlələri oxuyan hər kəsi ilkin maraqlandıran
mövzuyla - Vüsal xanımın adıyla başladıq.
Adından olduqca məmnun olan həmsöhbətim, onun
böyük bir eşq tarixçəsiylə
bağlılığından qürurla bəhs edir:
"Ta
uşaqlığımdan bəri adım hər kəsin təəccübünə
səbəb olur. Hətta bəzən mənimlə
mübahisə də edirlər. Adımın Vüsal
deyil, Vüsalə ola biləcəyini iddia
edirlər. Çünki dilimizdə qızlara
qoyulan ad Vüsalədir. Vüsal adında
isə daha çox oğlan var. İnsanlar gərəyindən
daha artıq reaksiyalar verirlər. Sanki mənə
adımı onlar qoyublarmış kimi. Hətta
mənə adımı dəyişməyi, cəmi bir "ə"
hərfini artırmaqla bu problemdən canımı
qurtarmağı məsləhət görürlər. Mənsə, heç zaman bununla bağlı bir
kompleks yaşamamışam. Əksinə
adımı çox bəyənirəm. Sadəcə
məsələ odur ki, hər yeni
tanışdığım insana məcburam adımı təkrar-təkrar
deyim və niyə Vüsal olduğumun tarixçəsini
danışım.
Adımın tarixçəsi keçmişə gedib
çıxır. Onda heç mən
doğulmamışdım, atamla anam evlənməmişdilər,
amma artıq övladlarına ad seçmişdilər. Onlar orta məktəb illərindən bir-birini seviblər.
"Vüsal"ı da qovuşmaq mənasında
seçiblər. Hətta bəzən mənə
deyirlər ki, yəqin oğlan gözləyiblər, amma
qız olmusan deyə, Vüsal qoyublar adını. Xeyr, elə deyil. Onlar elə əvvəldən
qız gözləyiblər və bu adı da
qoyacaqlarını planlaşdırıblar.
Adımla bağlı bir problemi də 11-ci sinfi bitirərkən
yaşamışdım. Sinif oğlanları həqiqi hərbi xidmətə
çağırışla bağlı hərbi
komissarlığa gedərkən orada deyirlərmiş ki, sizin
sinifdə Vüsal var, ona da deyin gəlsin. Onlar
da hər dəfə Vüsalın oğlan yox, qız
olduğunu deyiblər. May ayında məktəb
bağlanandan sonra bir gün həyətdə idim,
gördüm qapımızın qabağında hərbi
maşın dayandı, içindən bir neçə nəfər
düşüb məni adımla çağırdılar,
atamı xəbər aldılar. Ondan qabaq mənə
çağırış vəsiqəsi göndərmişdilər,
bir reaksiya olmayanda isə qapıya gəliblər. Dedilər ki, biz bilirik, sizin qızınızın
adıdır Vüsal, oğlan deyil. Amma
orada inandıra bilmirik. Bizə bir sənəd
verin ki, orada sübutumuz olsun. Atam da doğum haqqında
şəhadətnaməmi verdi,
apardılar".
"Öz
içini qazan biri..."
"Adətən, müsahibələrin əvvəlində
"özünüzü təqdim edin" fəsli olur. Biz öyrəşmişik
adımızın qabağında epitetlər, statuslar işlətməyə.
Türkiyədə nəsil
araşdırmaçısı var - Evrim Kuran. Kanadada yaşayır, Türkiyədə
seminarları, görüşləri olur. "Teleqrafdan
tabletə" adlı bir kitabı da var ki, beş
nəsil dəyişməsini araşdırır. O deyir ki, biz
özümüzdən sonra gələnlərə fildişi
qalalarından baxırıq. Halbuki, onlar
başqa nəslin nümayəndələridir. O,
Türkiyə haqqında "biz gənclərimizi sevməyən
ölkəyik" deyir. Həmçinin, o,
müsahibələrinin birində özünü təqdimatla
bağlı deyir ki, çoxmu lazımdır XXI əsrdə
adımızın önündəki titulları, sifətləri
sadalamağa? "Mən öz içini
qazan biriyəm. Çox qapılar
üzümə bağlansa da, çox məyusluqlar yaşasam
da, öz içimdəki enerjimə bələd idim. O
tanıdığım enerjiylə də istədiyimi
qazandım. Bizim özünümüzə
daşlar atanlar bilmədilər ki, biz o daşlarla
özümümzə daha möhtəşəm qalalar,
saraylar tikdik". Onun bu sözləri hər
zaman məni təqib edir. Mən də
özümü Vüsal Babayeva - "öz içini qazan
biri" kimi təqdim edərdim.
Başqa ölkədə yaşamaq, təhsil almaq
çətin məsələdir. Neçə
tanışlarımız oldu ki, davam edə bilmədilər,
yarımçıq qoyub gəldilər. Mənsə,
oraya gedərkən bir şeyi məqsəd seçmişdim:
oxumalı, istədiyim mövqeyə çatmalıyam. Bunun üçün də zəhmət çəkməli
idim. Bu düşüncələrlə
tez bir zamanda oraya adaptasiya oldum, təhsilimi də, işimi də
paralel şəkildə davam etdirdim. Biz bir şeyi nəzərə
almalıyıq ki, kim
olmağımızdan asılı olmayaraq,
ayağımızı sərhəddən çölə
qoyduqsa, Azərbaycanın adını təmsil edirik. Mən də bu illərdə həm
davranışım, həm təhsilim, həm də
mövqeyimlə ölkəmin adını layiqincə təmsil
etməyə çalışmışam.
Türkiyədə İctimaiyyətlə Əlaqələr
ixtisası üzrə oxuyandan sonra onun bizdəki
anlayışından nə qədər fərqləndiyini
gördüm.
Bizdəki PR anlayışı tamam
başqadır. Sonralar yaxşı ki, bu fakültəni
bitirmişəm dedim. Çünki həqiqətən
də bu dəqiqə dünyada insanlar arasında əlaqələr
çox zəifləyib, hətta yox səviyyəsindədir.
Sağlam
münasibətlər az qala tarixə
qovuşub. İnsanlar doğru bədən dilindən
istifadə edə, ünsiyyət qura bilmirlər. Çox adi qaydaları belə bilmirik. Diplom işimi isə qlobal bir markanın
regionlaşdırılması haqqında yazıb müdafiə
etdim. İyul ayında elmi rəhbərimlə
bərabər yazdığım ilk elmi məqaləm akademik dərgidə
çap olundu.
Hazırda marketinq, bazar, reklam haqqında akademik bir kitab
hazırlanır. Kitabda cəmi on məqalə yer alacaq ki,
onlardan biri də bizim məqaləmiz olacaq".
İnsanlar
arasındakı ünsiyyətsizlik
bizim
evimizin içərisindən başlayır.
Gəlin görək, valideynlər evin içərisində
öz övladlarıyla ünsiyyət qurur, söhbət edirlərmi? Əgər
Türkiyəylə müqayisə etsək, bu problemə Azərbaycanda
daha çox rast gəlirik. Ünsiyyət
qıtlığı cəmiyyətimiz üçün
çox böyük problemə çevrilib. Bakıya nəzər salanda şəhər mənə
kökdən düşmüş musiqi alətini
xatırladır. Haraya baxsaq, nəsə
çatmır. Mağazada
satıcı-alıcı münasibətlərindən
başlamış, müdür-işçi münasibətlərinə
kimi və sair bu problem özünü göstərir. Məsələn, valideyn 1-2 yaşlarındakı
uşaqlara telefon verib, özləri işlərini
görür, söhbətlərini edirlər. Uşaqlar rəqəmsal dünyaya o qədər aludə
olublar ki, ətraf aləmdən təcrid olunublar. Hamılıqla bundan qurtulmağın
yollarını tapmalıyıq. Mənim
müəllimlərimdən birinin "Rəqəmsal
dünyada uşaq böyütmək adlı" kitabı da
çap olundu. Məqalələrdən
ibarət bir kitabdır. Çox dəyərli
bir nəşrdir.
Məncə, bu dövrdə bütün valideynlərin
stolüstü kitabı olmalıdır. Həqiqətən
də günümüzdə rəqəmsal xəstəlik
yaranıb. Bunun əsas səbəbi də
ünsiyyətsizlikdir. Hazırda ölkəmizdə
gənclər, yeniyetmələr arasında intiharın
sayı qorxunc şəkildə artıb. Bunlar
da məhz bu problemdən qaynaqlanır. İnsanlar
bir-biriylə söhbətdən, bir-birinin problemlərini, dərdini
dinləməkdən qaçırlar. Ona
görə də özləri öz içlərində məhv
olurlar. Uşaq dünyaya gətirməklə
analıq olmur. Onlarla məşğul
olmalı, onların dünyalarına varmalıyıq. Bədən dili, səs tonu belə ünsiyyətdir.
Mütləq bunlara fikir verməliyik. İnsanların bir-birinə
inamsızlığı, güvənsizliyi son zamanlar xeyli
artıb. Bunu hər addımda, hər yerdə
hiss etmək olur. Bunlar da ünsiyyətsizlik
yaradır.
Ünsiyyətsizliyə adət-ənənə,
mentalitet də səbəb olur. Keçmişdən gəlmə
belə bir fikir formalaşıb ki, böyüyün
yanında kiçik danışmaz, kiçiyin fikri nəzərə
alınmaz, heç soruşulmaz da. Bu da
insanların içərisindəki eqodan qaynaqlanır. Sanki insanlar da məhz buna görə evlənirlər.
O qədər evlərində görürlər ki, valideynlər
söz sahibidirlər, özləri də tez evlənib,
uşaq dünyaya gətirib onun üzərində söz
sahibi olmağa çalışırlar. Bir yerdə
oxumuşdum ki, maşın sürmək imtahanla olduğu kimi
valideyn olmaq da imtahanla olmalıdır. Evlənmək,
ana-ata olmaq istəyən insanlar mütləq psixoloji analizdən
keçməlidirlər. Cəmiyyətin əsas
problemlərindən biridir erkən nikahlar. Çünki ana qızını gələcəyin
qadını, anası kimi yetişdirir, ziyalısı, müəllimi,
həkimi, yaradıcısı kimi yox. Məncə,
bunlar vaxtı keçmiş, köhnəlmiş
düşüncələrdir və biz bunları mütləq
aşmalıyıq. Ən azından
sağlam cəmiyyət naminə".
Vüsal
xanım onu Türkiyəyə aparan yolların buradakı
iş təcrübələrindən uğradığı məyusluq
olduğunu dedi:
"Ən böyük arzularımdan biri televiziyada işləmək idi. Dörd il "Xəzər" Televiziyasında işlədim. Oraya da təsadüfən gedib çıxmışdım. Ona qədər artıq televiziyalardakı haqsızlıqlardan yorulmuşdum. Bir televiziya kanalında altı ay ən yaxşı təcrübəçi kimi işləyib sonra heç bir səbəb göstərilmədən çıxarılmışdım, digərlərində yenə də müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdım. Artıq televiziyaya olan inamım və həvəsim sönmüşdü. Amma bir gün anamla birgə elə oradan keçərkən girdim, müraciət elədim, xəbər aparıcılığı istədiyimi dedim. Dedilər ki, hazırda rejissor asisstentliyinə vakansiya var. Mən də düşündüm ki, elə işi mətbəxindən öyrənmək ən yaxşısıdır, sonra zaman-zaman istədiyim pilləyə qalxaram. Bu da mənim içərimdəki məsuliyyətdən gələn bir düşüncə idi. Çünki mən heç bir yerə birdən-birə gedib çıxmağı istəməmişəm. Olduğum yeri özüm zəhmətimlə qazanmaq istəmişəm. Dörd ildən sonra "daha bu qədər kifayətdir" deyib çıxdım. Sonra isə iki il Azərbaycan Televiziyasındakı Teleradio akademiyasında çalışdım.
Onun məqsədi həm AzTV-dəki, həm də
başqa televiziyalardan gələn işçilərin
ixtisasartırma, ixtisas təkmilləşdirmə və dil
kurslarında inkişafına dəstək olmaq idi. Rektoru Etibar
Babayev idi. Azərbaycandakı
son iş yerim isə ora oldu. Bütün
bunları xatırlayanda bir şeyə əmin oluram ki, mən
yerimdə deyildim. Çox yerdə o qədər
qapılar üzümə qapandı ki, mən artıq
yoruldum, davam etmək istəmədim. Ondan
sonra da mediada işləmədim. Amma
bütün bunlar mənim daha böyük işlər
görməyim üçün stimul oldu".
Vüsal Babayeva tanınmış şair Şahnaz
Şahinin qızıdır. Bir şair ailəsində
doğulub şeir yazmamaq mümkünsüzdür, məncə.
Həmsöhbətimin bioqrafiyasında şeirlə qovuşan
dövrü varmış:
"Ədəbiyyata, incəsənətə maraq ailəmizdən
gəlirdi. Biz gözümüzü açanda evimizdə kitab
gördük, şeir eşitdik. Valideynlərim
bütün çətinliklərə rəğmən bizi
konsertlərə, tamaşalara, söz məclislərinə
aparardılar. Biz də belə
böyüdük. Uşaqlıq, gənclik
illərimdə şeirlər yazırdım. Amma anam Şahnaz Şahin şairdir, söz
bilicisidir. Ona görə də mən daha
yazmadım, yazdıqlarımı da sandıqda saxladım
(gülür). Əvvəllər mənsur
şeirlər, esse tərzində yazılar yazırdım.
Hətta bəzi qəzet və jurnallarda da çap
olunmuşdum:
Fikirlər
qəlbimi didib-dağıdır,
Nə qədər
qayğılı insan görürəm,
Bu gün
şən gördüyüm neçə adamı
Sabahsa saralıb-solan görürəm.
Gördükcə
dünyanın yüz sifətini,
Əyri
sifətini, düz sifətini,
Daddıqca
həyatın naz-nemətini
Çoxunu yolundan azan görürəm.
20 yaşımda tələbəykən
yazdığım bu şeir indiyə kimi də
yadımdadır. Ondan sonra isə yazmadım. Çünki söz yığını yazmaq istəmirəm.
Hazırda Türkiyədə tərcüməçi
olaraq çalışıram. Magistraturanı yeni
bitirdim. Yorulduğumu hiss eləmişəm. Amma gələcəkdə doktorantura təhsilimlə
bərabər həyatımı Türkiyədə davam etdirməyi
düşünürəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.12.