Səssiz hekayələr
Hekayə janrı Türk leksikonunda həm də "düzyazı"
anlamını verir. Türk ədəbiyyatı
nəzəriyyəsində epik növü anladan bu ifadə
Azərbaycan türkcəsində
sadə, düz, hamar yazı mənasını ifadə
edir.
Yaqub Öməroğlunun
hekayələrini oxuyarkən
ağlımdan keçir
ki, bu hekayələr
doğrudan da, elə düz yazılardır. Onun hekayələri istər
məzmun, istərsə
də, forma baxımından
düzdür, hamardır.
Əsas görünən isə budur ki, Yaqub
Öməroğlunun hekayələri
həyatın özüdür,
bu hekayələrdə
o baş verənlərdən
bir addım da kənara çıxmır. Hadisə personajın özüylə
bir yaranır, özüylə yol gedir, çözələnir,
hadisəçilikdən çıxır,
müşahidəyə çevrilir.
Düşüncədə təhkiyə yaratmaq, yaxud düşüncənin
gözüylə hadisələrə
işıq salmaq, müəllifin diliylə hadisələri nəql etmək, bu hekayələrin yazı texnologiyasıdır.
Burda bir haşiyə çıxım
ki, Yaqub Öməroğlunun hekayələrini
Azərbaycan türkcəsinə
çevirmək çox
asandır.
Deyəcəksiniz ki, yaxın, qohum dildir, ona
görə də asandır. Mənimsə öz rakursum
var. Mənə elə
gəlir ki, bu hekayələr bizə uzaq, yad olan bir
dildə yazılsa belə, yenə də çevirmək işi bu qədər
asan olacaqdı. Çünki məzmun, məntiq,
psixoloji məqamlar oxucuya çox tanışdır. Məzmundakı yaxınlıq formadakı
fərqi unutdurur.
Ədəbiyyatın ən sadə və çox yayılmış
düsturu budur ki, əgər oxuduğun əsər oxucuya tanış
gəlirsə, personajları
özün kimi hiss edirsənsə, deməli,
əsər alınıb.
Yaqub Öməroğlunun
hekayələrini oxuduqca
hiss edirsən ki, müəllifin təqdim etdiyi obraz, yaxud
xarakter sənə çox yaxındır, onun keçdiyi yol elə sənin
keçdiyin yoldur, bəlkə də, bu obrazlar elə
sən özünsən
desək, daha doğru olar.
Yaqub Öməroğlunun
hekayələrindəki xarakterlər
bir-birinə oxşardır. Hekayələri oxuyarkən adama elə gəlir ki, bütün hekayələrin təhkiyəsi
eyni adamın dilindən formalaşıb.
Amma düşüncənin yaratdığı
situasiya fərqlidir.
Bu situasiya təbii insan xarakterini ortaya qoyur və
bu insan bir az da praqmatik, bir
az da vasvası,
bir az da
dünyanın işlərindən
baş açmağa
meylli insandır. Bu insan həm
də ətraf mühitdə baş verənlərə qarşı
çox həssasdır.
Məsələn, "On
dollar" hekayəsindəki Qədirlə, "Oxucu səssizliyi" hekayəsindəki
Sərdar bir-birinə
bənzər xarakterlərdir. Amma başqa-başqa
situasiyalarla qarşılaşırlar.
Qədir sadə, mədəni, savadlı bir insandır. Tez-tez səfərlərdə olur. Həm də gözəl
müşahidəçidir. Qədir bir obraz olaraq
psixoloji məqamları,
düşüncələri, xarakteri ilə özünü aydın şəkildə oxucuya tanıda bilir. Eyni zamanda, müəllif hekayədə cəmiyyətin
neqativliyini, sərhəd
məntəqələrindəki süründürməçiliyi, rüşvətə meylliliyi
açıb göstərir.
Müəllif bu neqativliyi
Qədirin düşüncəsiylə,
elə də güclü görünməyən
etirazıyla göstərir.
Əslində, Qədir
dürüst adam olmağıyla yanaşı, həm də sakit bir
insandır, mübarizədən
uzaqdır. Yəni o, düşünür ki, bu gömrük
idarəsindən keçmək
ən böyük şansdır onunçün.
Süründürməçilikdən, narahatlıqdan tez
qurtulmağa çalışır.
Həm də, gömrükdən
keçərkən ondan
rüşvət kimi alınmış on dolları
hansı yollasa geri qaytarmağı düşünür. Artıq o da
insan olaraq praqmatikdir, itirdiyini bir başqasından qazanmaq istəyir. Yəni bu adi insan
halıdır. Həyatımızda hər gün minlərlə Qədir kimi insanla rastlaşırıq.
Qəhrəmanı ideallaşdırmamaq, onu olduğu kimi, təbii vermək isə yazarın uğurudur.
"Oxucu səsizliyi" hekayəsində Sərdar köşə yazısı yazan jurnalist kimi öz işinə çox həvəslidir. Burada cəmiyyət, ətraf mühitdəki psixoloji məqamlar, insanların psixologiyasındakı yaxşını görməmək, pisi isə dərhal şişirdərək nümayiş etdirmək kimi xoşagəlməz hallar oxucunun gözü qarşısnda canlanır. Əslində, bu müasir ədəbi mühitin təsviridir. Yəni insanlar, neqativ şeyləri göstərməyə daha həvəslidirlər. Yaxşı işin müqabilində isə susurlar.
"İki çinar" hekayəsində məmurların milli dəyərlərə, təbiətə qarşı biganəliyindən söz açılır. Məmurların, eləcə də bəzi insanların əməldən daha çox sözə güc verməsi, ağızdolusu danışaraq məsləhət verməsi, əməli işə gəldikdə isə kənarda dayanması tez-tez rast gəlinən situasiyadır. Kanadadan gələn bir ziyarətçi tərəfindən əkilən çinar fidanı əslində, sosial bir mesajdır. Dəyərlərimizə bizim deyil, əcnəbilərin sahib çıxması kifayət qədər müasir və aktual bir problemdir. Müəllif bu problemə özünəməxsus bir yazı manevri ilə yanaşır.
Bir qədər də avtobioqrafik təsir bağışlayan "Qayğanaq və bəkməz" hekayəsində isə müharibənin gətirdiyi ağrılar, bəlalar qələmə alınmışdır. Müharibə bütün ağırlığı ilə insanların çiyninə qonur. Çoğrafi ərazisindən, millətindən, dinindən asılı olmayaraq müharibə insan taleyi ilə oynayır, insana qənim kəsilir. Ən çox da bu ağrını uşaqlar çəkir. Bu hekayədə kiçik yaşlı bir uşağın uşaqlıq xatirələri, müharibəni bütün ağırlığı ilə göz önünə gətirir. Atası cəbhəyə çağrılan uşaq atasının yemədiyi qayğanağı və bəkməzi sevinə-sevinə yeyir. O zaman uşaq hələ müharibənin ağırlığını hiss eləmir. Hər şeyi sevinclə qarşılayır. Atasının ölüm xəbəri onun bütün həyatını dəyişir. Bu hekayədə müharibədən bəhs edilsə də, səs-küylü müharibə səhnələri yoxdur, tanklar ard-arda düzülmür, güllələr açılmır. Amma olduqca təsirli bir müharibə hekayəsidir. Ən ağrılısı da budur ki, müharibə nəsildən nəslə ötürülür.
Yaqub Öməroğlu bu hekayəsində də səsizcə, sakit bir nağıl diliylə müharibəni bizə anladır. Anladır ki, müharibə anaları gözüyaşlı qoyur, uşaqlar yetim, ailələr başsız qalır. Və nəsil artırmaqla insanlar cəbhəyə kömək edirlər.
"Əzab" hekayəsi hekayənin içərisndə verilmiş fraqmental bir hekayədir. Hekayədə Stalin rejiminin qazax xalqının başına gətirdiyi fəlakətdən söz açılır. Əslində, bu fəlakəti böyük bir romanda da təsvir eləmək olar. Amma müəllif bu hadisəni olduğu kimi, bir qədər də publisist dillə nəql edir. Bununla da oxucunu daha çox inandırır. Yəni əsas məqsəd əzabı çatdırmaqdır, müəllifin ağrıdan, əzabdan hekayə yaratmaq fikri yoxdur.
Ümumiyyətlə, Yaqub Öməroğlunun hekayələrini səssiz hekayələr də adlandırmaq olar. Bu hekayələrdə dialoqlara az rast gəlinir, yazılanlara eləcə gözünlə toxunursan, hər şey gözlərinin qarşısında film kimi canlanır. Hekayələrdəki obrazlar bir-biriylə ünsiyyətdə olmur, bu obrazlar birbaşa oxucunun özü ilə ünsiyyətdə olur. Müəllif hadisəçilikdən qaçaraq heç də düz, hamar olmayanları hamar bir üslubla oxucuya çatdırır.
Mən Yaqub Öməroğluna
ömrümüzün hekayəyə gələn
anlarını həvəslə, yazıçı peşəkarlığıyla
qələmə almağı və yeni-yeni
hekayələrlə oxucuların görüşünə gəlməsini
arzulayıram.
NARINGÜL
525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.11.