100 yaşlı Universitetin sonsuz cazibəsi  

 

Yaxud "Güzgü"Dən Boylanan Həyati Hekayə

 

 

Sənədli-bioqrafik nəsrin yeni nümunələrindən biri olan, Həmayil Əhmədqızının qələmə aldığı "Güzgü" hekayəsi bir çox cəhətilə diqqət çəkir. Bu hekayədəki qəhrəmanımızın 1 əsrlik tarixi var. Niyə məhz qəhrəmanımız dedim?

 

Düşünürəm ki, müəllifin həyat hekayəsinin məqamlarının əksini tapdığı bu əsərin elə bir qəhrəmanı da var ki, o, 20 ildən artıqdır ki, mənim, hətta əminliklə deyərdim ki, çoxlarının sevərək seçdiyi, dəyər verdiyi, sevimli qəhrəmandır. Deyirsiniz "Güzgü"nü qəhrəmana çevirən, görəsən, nədir? Məsələ bundadır ki, o, adi güzgü deyil. O, elə bir məkana məxsusdur ki, müqəddəsliyi, əzəməti, doğmalığı və cazibəsi daim duyulur. Hekayədə əsas məkan 1919-cu il sentyabr ayının 1-də təsis edilən, ölkədə və xaricdə elmi, mədəni, kütləvi tədbirlərlə yanaşı, 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında 100 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilən, növbəti tədris ilində də yubileyi möhtəşəm şəkildə keçiriləcək Bakı Dövlət Universitetidir. Tədbirlər sırasına "BDU xatirələrdə" adlı müsabiqə də daxildir ki, hekayəni bədii təxəyyüldən bir qədər azad edib, sənədli-bioqrafik məqamları saxlamaqla müsabiqəyə təqdim etmək olar.

 

İlk növbədə, onu qeyd edim ki, hekayənin adı uğurlu seçilmişdir. O, həyatı əks etdirən elə bir güzgüdür ki, qarşısında dayanan insan baxışlarının dərinliyində keçmişinə dönə bilir. Hekayədə onun vasitəsilə müəllifin yaxın və uzaq keçmişini səhifələmiş oluruq. Nəql edilənlər müxtəlif zamanlarda yaşanan duyğuların vəhdəti təəssüratı yaradır. Hadisələrin ekspozisiya və finalı oğlunun doktorluq müdafiəsi günü keçirdiyi duyğuların təqdimi - əvvəlcə həyəcan, sonda müdafiənin uğurlu keçdiyini öyrənib böyük sevinc hissi yaşaması ilə yadda qalır. Universitetin həyətinə daxil olması, güzgü qarşısında keçirdiyi zavyazkadan finala qədər olan hissə onun universitetimizə bağlı yaşanmış həyat hekayəsidir.

 

Nəqletmə zamanı müəllifin oxucuya ismarıcları diqqət çəkir. O, haqlı olaraq elmi insanın ən vəfalı, sadiq dostu kimi dəyərləndirir: "Elm, bilik nə vəzifədir, nə sərvət. Bu gün səndə, sabah başqasında olsun. Elm sənin illərlə çəkdiyin zəhmətinin, düşüncələrinin məhsuludur. Onu heç kəs səndən ala bilməz". Atasının oğluna nəsihəti də bu qəbildəndir: "Bilik, savadınla yanaşı, haqsızlıqla mübarizə aparmaq üçün poladdan gücün, dəmirdən səbrin olmalıdır".

 

Hekayədə hadisələr Əsmərin dilindən nəql edilir. Hisslərin kövrəkliyi bəzi məqamlarda xəyal təsəvvürü də yaradır. O, müdafiədən bir xəbər çıxmadığından nigarançılığına son qoymaq üçün universitetə yollanır.

 

Burada yalnız yaşananlar xatırlanmır, müəllif həyətinə daxil olan andan universitetin sehrinə, güzgüsünun cazibəsinə dalıb özünü məhz tələbə kimi hiss edir: "Sanki gözə görünməz bir qüvvə məni məndən alıb yeni mən yaradırdı. Bunu nə anlatmaq, nə yazmaq mümkündür. Bu hissi ancaq yaşayan bilər. Bir anda insan qırx, əlli il daxilən cavanlaşa bilərmiş! Varlığımı qəribə xoş hiss bürüyürdü. Bu hiss, nəyə gəlmişdim, niyə gəlmişdim, bir anda hər şeyi başımdan silib atdı. Mən universitetin tələbəsi idim".

 

Sevinclə universitetin həyətinə döşənmiş daş səkiyə baxarkən bir zaman bu səki ilə addımladığı dikdaban ayaqqabılarının həsrətində olduğunu duyur. O, eşitmək istədiyi səsi dəyişdirən hazırda geydiyi "yerüzü" ayaqqabılara təəccüblə baxıb məyus olsa da, varlığını bürüyən qəribə, xoş hisslərin təsiri altında tələbələrə qoşulur, dərsə gecikməmək üçün tələsir, qapıçının "Axı, səni nə müəllimlər, nə də tələbələr sırasına daxil edə bilirəm" söyləməsi belə onu qapıldığı sehrli aləmdən ayıra bilmir, cəld davranıb içəri keçir. İlk andaca foyedəki güzgü diqqətini cəlb edir, fasilə vaxtı olduğundan qarşısında tələbələrin qaynaşması onda maraqlı bir təəssürat yaradır: "Sanki güzgü ilə dərsləri qurtaranlar sağollaşır, dərsləri başlayanlar isə salamlaşırdı". "Güzgünün önündə xeyli oğlan və qız toplanmışdı. Oğlanlar güzgünün qarşısında ötəri baxıb keçsə də, qızların sığal-tumarı uzun çəkirdi" məqamını çox müşahidə etmişik və bu sətirləri oxuyanda həmin an gözlərimiz qarşısında canlanır.

 

Əsmər güzgünün bir küncündə dayansa da, özünü görə bilmir. Tələbələrin "Xala, bir az yana çəkil, bibi, o tərəfə dur, xanım, imkan ver" müraciətləri onu oradan uzaqlaşdırır, təəccüblə düşünür ki, xalanın, bibinin bu gənclərin arasında, güzgü qarşısında nə işi var? Nəhayət, dərs başlayanda yenidən güzgüyə yaxınlaşır: "Güzgünün qarşısında MƏNdən başqa heç kəs yox idi. Xəyal dünyamın MƏNini görmək üçün ürəyim tir-tir əsirdi. İşıq saçan gözləri, kürəkləri döyəcləyən gur qara saçları, həyat eşqi ilə dolu nazlı, cilvəli qızı görməyə can atırdım". Güzgüyə diqqətlə baxdıqda reallıqla üzləşib heyrətlənir, güzgüdəkinin özü olduğunu qəbul etmək istəmir: "Güzgünün qarşısında məndən başqa heç kəs yox idi. Bəs, güzgüdən mənə baxan kim idi?! Yaşlı bir qadın gözlərini qırpmadan mənə baxırdı. Həyatın zərbəsinə sinə gərmiş, gözləri solğun, göz kənarları qırış-qırış, üzündə kələ-kötür şırımlar açılmış, bəyaz saçları sığalsız, tumarsız".

 

Bu məqam xalq şairi Fikrət Qocanın "Hünərin var, bala böyüt" şeirində söylədiyi fikirləri xatırladır:

 

Hünərin var, bala böyüt,

Dərd-sərini vecə alma.

Hünərin var, bala böyüt,

O böyüsün, sən qocalma.

 

Burada da illər öz işini görür. O, güzgüdən baxan qadının varlığını alt-üst etdiyini bildirir: "Bir anda sabun köpüyünə bənzər sevincim, nəşəm dağılıb məhv oldu. Güzgüdəki yaşlı qadın mənə baxırdı təəccüblü, istehzalı baxışları ilə. İki mən arasında qalmışdım. Biri xəyal, digəri real dünyamın məni".

 

Özü ilə dialoqu - keçmişi və bu gününün müqayisəsi belə onun hazırkı məqamından ayrılmaq istədiyini göstərir. Varlığına hakim kəsilən mən real dünyasının MƏNini heç cür qəbul etmək istəməsə də, xəyal dünyasının məninin məğlub olduğunu, Universitetin həyətinə daxil olanda varlığını bürüyən qəribə xoş hissin onu tərk etdiyini, yaşadığı sevinc, nəşə, gənclik eşqinin bir anda məhv olduğunu bildirir. Güzgüyə baxdığına peşman olur. Zamanın onu gəncliyini, gözəlliyini əlindən alan üzü qırışlı, yaşlı bir qadına çevirdiyi gerçəyi ilə barışıb kövrəlir. Güzgünü hər şeyin günahkarı hesab edib ondan uzaqlaşır. Əksər dərsləri keçdikləri 202 saylı auditoriyada heç kəs olmadığından içəri keçib həmişə oturduğu II sıradakı yerində oturub tələbəlik illəri, müəllimləri, tələbə yoldaşları, Universitetdə oxuyarkən dövrü mətbuatda yazılarının çap olunduğu, məzun olduqdan sonra redaksiyada işə düzəldiyinin ona bəxş etdiyi sevinc dolu anları xatırlayır: "Xoşbəxt idim, sevdiyim işdə çalışırdım. Yazılarım ictimaiyyət tərəfindən müsbət qarşılanırdı. Şöhrət qanadlarına alıb məni yavaş-yavaş yerdən yüksəkliyə qaldırırdı. Mən qalxdıqca ailəmdən, övladlarımdan uzaqlaşırdım. Sevgimin, istəyimin dəhnəsini tamamilə açıb yazdığım yazılarıma verirdim. Ailəmdə bir robot kimi idim. Evin, ailənin bütün işlərinin öhdəsindən gəlirdim, ancaq hissiz, duyğusuz, sevgisiz".

 

O, insanın iki yoldaşı - ömrünün sonuna qədər ailəsi və uzun illər həyatını zənginləşdirən, ona güc, enerji verən işi olduğunu, çox zaman onlar arasında gedən gah gizli, gah aşkar mübarizənin sonda müharibəyə çevrildiyini bildirir: "Sən iki yoldaşından birini seçməyə məcbur olursan. Mənim yol yoldaşlarım nə mübarizə apardılar, nə müharibə. Bəs, niyə müəllimlərimin dönə-dönə tapşırdıqları qələm əlimdə deyildi?!" Səbəbini keçmişini xatırlayaraq tapır. Yoldaşı ezamiyyətdə olanda xəstələnən oğlunu həkimə aparmağı qərarlaşdırsa da, redaktorun M.Müşfiqin yubiley səhifəsini hazırlamağı tapşırması onu iki yol arasına qoyur: "Bir tərəfdə xəstə övladım, o biri yanda ən çox sevdiyim sənətkar. Daxilimdən bir qüvvə məni redaksiyaya çəkirdi".

Oğlunu qonşusu Nabat xalaya tapşırıb, tələsik redaksiyaya gedib səhifəni hazırlayır, evə gəldikdə binanın qarşısında təcili tibbi yardım maşınını görüb böyük təlaş keçirib huşunu itirir. Ayılanda gözlərini xəstəxanada açır, Nabat xala uşağın sağ olduğunu deyəndə sevinir, reanimasiya otağının qarşısına gəlsə də, onu içəri buraxmırlar. Həkimin vaxtında müraciət edilmədiyindən uşağın vəziyyətinin çox ağır olduğunu, zəruri tədbirlər görsələr də, "Ümid Allaha qalıb", - söyləməsi onu məhv edir, gecə-gündüz Allaha yalvarır, bəd xəbər alacağından qorxur: "Düşüncəm, hissim, duyğularım sanki donmuşdu. Varlığımı iki hiss idarə edirdi: qorxu və təlaş. Qorxurdum, Allah eləməmiş uşağın başına bir iş gəlsə, övladlarını canından artıq sevən atasına nə cavab verəcəm?! Bəs, özüm-özümə?"

 

On gün sonra həkimlər ümidverici xəbərlə onu müjdələyir: "Bu müjdə mənim üçün sanki günəş şüası idi. On gündə dondurulmuş sevincimi, nəşəmi, duyğularımın donunu açıb əritməyə başladı. Övladım ikinci dəfə dünyaya gəldi".

 

Yaşananlar onu büsbütün dəyişir: "Düşünürdüm mənim gördüyüm işləri yaxşı-yaman başqaları da görə bilər. Bəs, mənim analıq vəzifəmi, analıq borcumu kim yerinə yetirər?! Şöhrət qanadlarım sınıb yerlə-yeksan olmuşdu. Dünyada övladımdan başqa heç nə düşünmürdüm".

 

Xəstəxanadan çıxanda yaşlı həkim ona müqəddəs ana adının hər qadına qismət olmadığı, bu adı qazanmaq üçün həyatını təhlükə qarşısında qoyub, canından keçməyə hazır olan qadınlarımızla bərabər, onun müqəddəsliyini, ucalığını, dəyərini dərk etməyən anaların da olduğunu bildirib onu töhmət edir: "Bu on gündə nələr çəkdiyini görüb bir insan kimi ürəyimi ağrıdırdı, ancaq bir həkim kimi bu sözləri deyə bilmərəm. Yadında yaxşı saxla, bir var yaradandan gələn bəla, bir də var özümüzün diqqətsizliyimizdən, qayğısızlığımızdan, səhlənkarlığımızdan yaranan bəla! Yaxşı-yaxşı düşün, uşağın bu ağır vəziyyətə düşməsinin günahkarı kimdir?"

 

Həkimin kəskin mövqeyi onun tamamlanmış, yarımçıq yazılarını, qələmini yandırması ilə nəticələnir. Hiss edir ki, yanan yazıları ilə bərabər, qəlbi də alovlanır: "Bu, mənim arzularımın, istəyimin alovu idi. Qeyri-ixtiyari gözlərimdən süzülən yaş damlası yanıb külə dönən arzularımın üstünə səpələnirdi. İllər keçsə də, hiss edirdim bu külün altında kiçicik bir köz oğrun-oğrun hey közərirdi. Bilmirəm, bu köz od vurduğum arzularımın, yoxsa qələmimin közü idi!"

 

O, işdən çıxıb vaxtını ailəsinə sərf etsə də, gecələr neçə-neçə mövzunun beyninə hücum çəkdiyini də etiraf edir: "Beynim sanki döyüş meydanına çevrilirdi. Bəzilərini məğlub etsəm də, bəzilərinə məğlub olurdum. Məcbur olub beynimin vərəqlərinə köçürürdüm. Hazır olan yazılar qəfəsə salınmış quş kimi çırpınır, beynimdə qərar tutmaq istəmirdi".

 

Bu hekayə də onun belə məqamda məzmunumu yaxın rəfiqələrinə danışdığı, onların çox bəyəndiyi, müəllifini soruşduqda, unutduğunu bildirdiyi yazılardan biridir. Hekayənin finalında müəllif oğlunun müdafiəsinin uğurlu keçdiyini eşidib fərəhlənir, onu reallıqla üzləşdirən güzgüyə yenidən baxıb fərqli duyğular yaşayır: "Güzgüdən mənə üzündə güllər açılmş bir ana boylanırdı. Bəxtəvər, xoşbəxt bir ana. Üzündə nə şırımları vardı, nə qırışları. Fərəhlə, iftixarla mən ona gülümsəyirdim, o mənə!"

 

Bunu müəllifin oxucuya növbəti ismarıcı kimi qəbul etmək olar. Yəni insan xoşbəxt olanda çətinliklərə asanlıqla sinə gərir, onu vahimələndirən reallığı belə daha sakit şəkildə qəbul edir, hətta bu onun səadətini kölgələməkdə aciz olur!

 

Müəllif adları fərqli şəkildə təqdim etdiyi həyat hekayəsinin nəqli zamanı məkana, hadisələrə sadiq qalmışdır. Güzgü qarşısında, o, yalnız portretini yaratmayıb, daxili aləmini də əks etdirib. Əsərin dili obrazlılığı ilə də diqqət çəkir: "Vaxt yavaş-yavaş əriyib su kimi axırdı", "Həkimin bu sərt, kəskin sözləri iti xəncər kimi ürəyimə saplandı", "Hazır olan yazılar qəfəsə salınmış quş kimi çırpınır, beynimdə qərar tutmaq istəmirdi" ifadələrində müfəssəl təşbeh, "Neçə-neçə mövzular beynimə hücum çəkirdi" ifadəsində metafor və s.

 

Hekayədə ekspozisiyasından başlayaraq final da daxil olmaqla yaşananları eyni hərflə başlayan, ilk hecası eyni olan kəlmələrlə ifadə etmək mümkündür:

 

Təşəbbüs - oğlunun müdafiəsinin necə keçdiyini öyrənmək üçün Universitetə getməyə qərar verməsi

 

Təəccüb - güzgüdəki MƏNini gördükdə; qapıçının ona münasibətində

 

Tərəddüd - güzgüdəki MƏNi ilə xəyalındakı MƏNin müqayisəsi zamanı

 

Tələskənlik - redaktorun tapşırığını icra etdiyi ərəfədə

 

Təlaş - oğlunun vəziyyətinin ağır olduğunu öyrəndikdə

 

Təəssüf - ailəsinə laqeyd münasibətində

 

Təşəkkür - oğlu sağalanda

 

Təsəlli - müdafiənin uğurla başa çatdığını öyrəndikdə.

 

Hekayənin əsas ideyası müəllifin sənətlə yanaşı, ailəyə də böyük dəyər verilməsinin mütləq olduğunu vurğulamaqdır. O, seçim qarşısında qaldıqda fədakarlıq edib ailəsini seçir. "Güzgü" hekayəsi Xalq şairi Ramiz Rövşənin "Qədrimi bilmədi bu adam mənim" şeiri ilə yaxından səsləşir. Belə ki, şeirdə də qəhrəman həyatının bir məqamında elə bir səhvə yol verir ki, qəlbinin aynasına boylananda güzgünün, yəni özünün məhv olmasını istəyir:

Al məni, ver məni, özgələrə ver.

Sınıq aynalara, güzgülərə ver,

Bölünüm, yüz tikə, min tikə olum

Bu adam üzümə baxa bilməsin.

Məni aynaların qırıqlarından

Toplaya bilməsin, yığa bilməsin.

Əsmər də bu duyğuları yaşayır, özünü günahkar bilir, övladı naminə doğma məkandan, sənətə dair arzularından vaz keçməli olur. O arzular ki, qəlbində közərir, bəzən onu isitsə də, onlardan vaz keçdiyi üçün üşüdür. Müəllif səadətini övladının uğurunda tapır, illər sonra məhz yazmaya bilməyəndə olanları kağıza köçürür və bunu yalnız özü, sənət naminə deyil, bəşər naminə edir. Oxuyub nəticə çıxarsınlar, hər şeyi zamanında dəyərləndirsinlər ki, qəlbin aynasına boylananda onu parçalamaq deyil, sevinc və xoşbəxtlik duyğusu yaşaya bilsinlər.

 

Hekayədə duyulan kövrəklik isə onun sübutudur ki, müəllif ona səadət bəxş edən məkandan və peşəsindən uzaqlaşsa da, onlara, xüsusən Universitetə sevgisi azalmamış, onu qəlbində yaşatmışdır. O Universitet ki, güzgüsünün sehrində keçmişə boylanıb xatirələr ümmanında özünü tapa bilir. Bu hekayə onun 1 əsr öncə sentyabrın 1-də yaranan Universitetimizə olan sevgisinin təzahürü, həsrətin ifadəsi, həyatında var olmasına təşəkkürüdür!

 

İlahə SİYAVUŞQIZI

Bakı Dövlət Universitetinin dissertantı

 

525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.10-11.