İlham Qəhrəmandan yeni kitab: "Şairin vətəni sevgidir"

 

"Qanun" nəşriyyatında şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub.

 

Bu haqda müəllif özü məlumat verib.

 

O, "Şairin vətəni sevgidir" adlanan kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb.

 

Belə ki, kitab bütövlükdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) maliyyə dəstəyi ilə işıq üzü görüb. Bu münasibətlə İlham Qəhrəman onun yaradıcılığına göstərdiyi diqqətə görə AYB-nin sədri, Xalq yazıçısı Anara təşəkkürünü bildirib.

 

Adıçəkilən kitabda oxucular müəllifin son illərdə yazdığı şeirlərlə yanaşı, əvvəlki kitablarında getmiş şeirlərdən seçmələri oxuya biləcəklər. Şeirlərin məzmununa görə bölmələrə ayrıldığı kitabda şairin yaxın günlərdə yazdığı "Yaddaş" poeması da yer alıb.

 

Bundan başqa, oxucular müəllifin zaman-zaman yazdığı ədəbi düşüncələrini də bu kitabda oxuya biləcəklər.

Kitabda toplanmış şeirlər insanı yüksək mənəvi ideallara - vətəni sevməyə, saf məhəbbətə, halallığa səsləyir.

 

Nəşrin korrektoru filoloq Nigar İlhamqızı, kitabda illüstrasiya kimi istifadə olunan rəsmlərin müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi, gənc rəssam Sitarə Hüseyinlidir.

 

Xatırladaq ki, "Şairin vətəni sevgidir" müəllifin səkkizinci şeirlər kitabıdır. Onlardan ikisi İranda (Tehran və Təbriz) çap olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.9.