İsrailli şairin
Azərbaycan dilinə tərcümə edilmiş
kitabı təqdim olundu
Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində
tanınmış yəhudi
şairi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan
dilinə tərcümə
olunmuş şeirlər
toplusunun təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda
şairə Raxelin Azərbaycan dilinə tərcümə olunmuş
şeirləri ilə
yanaşı, ivrit dilində əsərləri
də yer alıb.
İsrailin ölkəmizdəki səfirinin
müavini Avital Rosenberq tədbirdə çıxış edərək
bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə
olunması İsrail səfirliyinin təşəbbüsü
ilə reallaşıb. Qeyd edib
ki, müəllif bununla İsrail xalqının mədəniyyətini
Azərbaycana tanıtmağa
çalışıb.
Səfirin müavini deyib ki, kitabın tərcüməsində artıq
rus dilinə tərcümə olunmuş
mətnlərdən istifadə
edilib.
O, tərcümənin olduqca
dəqiq edildiyini vurğulayıb.
Kitabı dilimizə çevirən
ssenarist, şair və tərcüməçi
Vaqif Rəsuloğlu bildirib ki, bu,
onun yəhudi şairlərindən ilk tərcüməsi
deyil. O, İsrail dövlətinin yaradılmasının
70 illiyi münasibətilə
"İsrailin 100 şairi"
adlı kitabının
da müəllifidir. "Belə alındı
ki, Raxel Bluvşteyn mənim ən çox sevdiyim israilli şair oldu. Taleyinin pis gətirməsi səbəbindən onun əsərlərində sevgi
və kədərli mövzular daha çox yer alır", - deyə tərcüməçi əlavə
edib.
Qeyd edək
ki, V.Rəsuloğlu
25 şeirdən ibarət
olan toplunu demək olar bir günə tərcümə edib.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri
Milix Yevdayev bildirib: "Böyük şəxsiyyətlərin ömrü
yaşadığı illərlə
deyil, gördüyü
əməllərlə ölçülür.
Mən Raxelin həyatı ilə tanış olanda onun acı taleyini
hiss etdim".
Tədbir boyunca Raxel Bluvşteynin
Azərbaycan dilində
şeirləri səsləndirilib.
Azərbaycan Dillər Universitetinin tələbəsi Gülər
Tağıyeva müəllifin
ivrit dilində "Doğma torpağım"
adlı şerini oxuyub.
Sonra Yekaterina
İsayeva müəllifin
şerinə bəstələnən
"Kədərli motiv"
mahnısını ifa
edib.
Raxel Bluvşteyn
(adətən sadəcə
Raxel kimi tanınırdı) dünyaca
məşhur yəhudi
şairidir. O, öz əsərlərini əsasən
ivrit dilində yazıb.
Raxel 1890-cı ildə
Saratovda tacir ailəsində anadan olub. Uşaqlığını və gəncliyini
Poltavada keçirib.
O, yəhudi məktəbində
oxuyub, həmin vaxtlarda da şeir
yazmağa başlayıb.
1909-cu ildə Raxel
Rusiya İmperiyasını
tərk edərək İsrailin Rehovot şəhərinə köçüb
və orada ivrit dilini öyrənib. 1910-cu ilin payızından etibarən o, kənd təsərrüfatı briqadasının
tərkibində zeytun
plantasiyalarında işləməyə
başlayıb. 1911-ci ilin aprel ayından
tələbə olan Raxel Kinneret gölünün yaxınlığında
məskulaşıb və
ömrünün ən
yaxşı günlərini
məhz orada keçirib. Şair ömrünün
bu çağlarını
şeirlərində tez-tez
xatırlayır.
Raxel 1913-cü ildə
aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə
təhsil almağa gedib. Az keçməmiş Birinci
Dünya müharibəsi
başlayıb və Raxel İsrailə qayıda bilməyib. Bunun əvəzində isə Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına
qulluq edib. Təəssüf ki, orada vərəm xəstəliyinə
yoluxub və 40 yaşında dünyasını
dəyişib. Raxel ən
yaxşı şeirlərini
Təl-Əvivdə tənha
və ağır xəstə vəziyyətində
yaşadığı vaxtlarda
yazıb.
1931-ci il aprelin
16-da vəfat edən şairə şeirlərində tərənnüm
etdiyi Kinneretin sahilində
dəfn olunub.
525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.8.