Könül körpüsü
Azərbaycan - Tatarıstan ədəbi-mədəni əlaqələrinin
qədim tarixi və böyük ənənələri
vardır. Lakin bu əlaqələr XIX əsrdə və XX əsrin
əvvəllərində tamamilə yeni mərhələyə
çevrilmişdir.
Görkəmli Azərbaycan alimi Mirzə Kazım-bəyin
Kazan universitetində təhsil alması və
Tatarıstandakı fəaliyyəti elm və maarifçilik
sahəsində Azərbaycanla Tatarıstan arasındakı əlaqələrin
əhəmiyyətli hadisəsidir. Ümumiyyətlə, əlaqələrin
inkişafı üçün zəruri olan maarifçilik -
yəni ədəbiyyat, mədəniyyət, təhsil, elm və
ictimai fikir ölkəmizin qardaş Tatarıstanla əlaqələrində
aparıcı mövqeyə malik olmuşdur. Bu baxımdan tatar ədəbiyyatının klassiki,
görkəmli şair və ictimai xadimi Abdulla Tukayın Azərbaycanın
yazıçı və şairləri, maarifçiləri ilə
yaradıcılıq əlaqələri və dostluğu
xalqlarımız arasındakı dərin münasibətlərin
mükəmməl bir nümunəsidir. Böyük
Azərbaycan yazıçısı Nəriman Nərimanovun
Tatarıstan ədəbi-ictimai mühitində yaxından
iştirakı ölkələrarası
qarşılıqlı münasibətlərin
inkişafında mühüm rol oynamışdır. XX əsrin
əvvəlləri Azərbaycan mətbuatında, xüsusən
"Molla Nəsrəddin" jurnalında tatar
ziyalılarının, ədəbiyyat adamlarının
geniş təmsil olunması iki dost və qardaş xalq
arasında böyük qarşılıqlı əməkdaşlıq
körpülərinin yaranmasında xüsusi əhəmiyyətə
malik olmuşdur. Sovetlər Birliyi dövründə
bu əlaqələr vahid İttifaq dövləti çərçivəsində
müəyyən inkişaf yolu keçmişdir. XXI əsrdə isə dünyanın başqa ölkələrində
olduğu kimi, Azərbaycan-Tatarıstan əlaqələri də
müasir demokratik cəmiyyətin prinsipləri əsasında
yenidən qurulmaqdadır. Bu cəhətdən
Tatarıstanın xalq şairi və tanınmış ictimai
xadim Razil Vəliyevin 2019-cu ilin iyul ayında Azərbaycana səfəri
və onun "Payız yağmurları" şeirlər
kitabının Bakıda çap olunması ölkələrimizin
və xalqlarımızın çoxəsrlik tarixə malik
olan çoxcəhətli əlaqələrinin
inkişafında yeni səhifə və mühüm hadisə
sayılmağa layiqdir.
Azərbaycan
oxucusu üçün tanışlıq mənasında
bildirmək istərdim ki, Razil Vəliyev (1947) hazırda Rusiya
Federasiyası Tatarıstan Respublikasının Dövlət
Şurasının deputatı kimi Təhsil, mədəniyyət,
elm və milli məsələlər Komitəsinin sədri
olaraq, bu zəruri istiqamətlərdə ölkəsində
mühüm islahatların həyata keçirilməsində
yaxından iştirak edir. Kazan Federal
Universitetinin Jurnalistika Fakültəsini bitirmiş və uzun
illər mətbuat işi və mədəniyyət sahəsində
çalışmış, Tatarıstan Milli
Kitabxanasının direktoru vəzifəsində səmərəli
fəaliyyət göstərmişdir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutundan məzun
olan Razil Vəliyev bədii yaradıcılıq sahəsində
də mühüm nailiyyətlər əldə etmişdir. Müxtəlif illərdə çap olunmuş
şeir kitabları və tərcümələri ilə o,
müasir tatar ədəbiyyatının görkəmli
nümayəndələrindən biri səviyyəsinə
yüksəlmişdir. Tatarıstan Yazıçılar
Birliyi İdarə Heyətinin üzvü olan Razil Vəliyevin
əsərləri ölkəsi tərəfindən yüksək
qiymətləndirilərək Abdulla Tukay adına
Tatarıstan Dövlət Mükafatına və Musa Cəlil
adına Respublika Mükafatına, Rusiya Yazıçılar
Birliyinin "Vasili Şukşin" medalına layiq
görülmüşdür. Hazırda o, Beynəlxalq
PEN Klub Yazıçılar Təşkilatı Tatarıstan Mərkəzinin
prezidenti kimi ölkəsinin ədəbiyyatı və mədəniyyətini
dünyada layiqincə təmsil və təbliğ edir. Tatar dili və mədəniyyətinin inkişafı
üzrə İctimai Birliyin - "Jıen" Fondunun sədri
vəzifəsində apardığı məqsədyönlü
İŞ də rəğbətlə qarşılanır.
Çoxcəhətli yaradıcılıq fəaliyyətinə
malik olan xalq şairi Razil Vəliyevin ədəbi fəaliyyətində
lirika aparıcı mövqeyə malikdir. Müxtəlif
illərdə çap olunmuş şeir kitabları ilə o,
müasir Tatarıstan poeziyasının əsas
yaradıcıları sırasına daxil olmuşdur.
Əsərləri əsasən tatar dilində və rus dilində
çıxan Razil Vəliyevin Dünya Gənc Türk
Yazarları Birliyinin təşəbbüsü ilə
Bakıda "Xan" nəşriyyatında nəşr
edilmiş "Payız yağmurları" kitabı
Tatarıstanın xalq şairinin Azərbaycan dilində
çap olunan ilk kitabı kimi mühüm əhəmiyyətə
malikdir. "Payız yağmurları"
kitabının Bakı nəşri, eyni zamanda, Azərbaycan-Tatarıstan
ədəbi əlaqələrinin yeni tarixi mərhələdəki
inkişafının əlamətdar səhifələrindən
biridir.
"Payız
yağmurları" kitabının 2019-cu ilin iyul ayında
şairin özünün iştirakı ilə Azərbaycan
Yazıçılar Birliyində keçirilmiş müzakirələrində
Azərbaycan alimləri, şairləri və
yazıçılarının, mətbuat nümayəndələrinin
geniş tərkibdə təmsil olunması, ədəbiyyat və
mətbuat mühitində doğulduğu böyük əks-səda
həm Razil Vəliyevin yaradıcılığına ölkəmizdə
bəslənilən yüksək münasibətin, həm də
Azərbaycan-Tatarıstan əlaqələrinə göstərilən
diqqəti dolğun ifadəsidir. Azərbaycan Respublikası
Milli Məclisinin Elm və təhsil Komitəsində Razil Vəliyevlə
keçirilmiş görüş və aparılan müzakirələr
Azərbaycan-Tatarıstan əlaqələrinin, o cümlədən,
parlamentlərarası münasibətlərin və ədəbi-mədəni
əlaqələrin müasir dövrdə yenidən
qurulmasının və daha da inkişaf etdirilməsinin
böyük başlanğıcına, hərəkətverici
qüvvəsinə çevrilmişdir.
Tatarıstanın xalq şairi Razil Vəliyevin
yaradıcılığında ictimai lirika ilə təbiət
lirikası vəhdət təşkil edir. Şeirləri
göstərir ki, şair peyzaj lirikası vasitəsilə
ictimai fikirlərini, vətəndaşlıq
duyğularını çox böyük ustalıqla ifadə
etməyin ustadıdır. Hansı
mövzuda yazmasından asılı olmayaraq, Razil Vəliyev
bütün məqamlarda şeirlərində ölkəsini və
xalqını yüksək səviyyədə təmsil edən
şair-vətəndaş kimi ürəklə təmsil edir.
Sadəcə əsas fərq bundan ibarətdir ki, Razil Vəliyevin
ictimai lirikasında bu tip poeziya üçün səciyyəvi
olan zahiri təntənə, çağırışlar
deyil, fikir və mətləblərin lirika vasitəsi ilə təbii
və səmimi şəkildə mənalandırılması
üstünlük qazanmışdır. Daha
doğrusu, o, şeirdə oxucunun diqqətini daha tez cəlb edən
ictimai ruhlu çağırışları qabarıq ifadə
olunması kimi açan yolla getməyərək, içində
yaşadığı mühit üçün zəruri olan
mövzuları ədəbiyyatda xeyli dərəcədə
çətin olan xalis lirik şeirlərlə, obrazlı bədii
vasitələrlə mənalandırmaq vəzifəsini
yüksək səviyyədə həyata keçirməyi
bacarmışdır. Əslində, bununla
Razil Vəliyev müasir cəmiyyətdən gələn
ictimai sifarişlərin sadəcə qafiyələndirilməsini
yox, poetik cəhətdən mənalandırılması
missiyasını istedadla yerinə yetirən əsl şair
olduğunu isbat etmişdir. Bu mənada xalq
şairi Razil Vəliyevin dünya haqqında düşünərkən
də, doğma torpağı vəsf edərkən bənzərsiz
obrazlı düşüncələrə malik şeir-vətəndaş
olduğunu həssas oxucu dərhal başa düşür.
"Torpağın mədhi" şeirindəki
aşağıdakı misralar əsl şairliklə əsl vətəndaşlığın
üzvü vəhdətindən yoğrulmuş mükəmməl
şeir nümunəsidir:
Bu
ağaclar - ağac deyil,
Ağaclar
- dünya nəfəsi...
Bu yamaclar
yamac deyil,
Yamaclar-torpaq şirəsi.
...Tayfun,
qasırğa nə olsun bəs?
Onlar yerin qarğışıdır.
Bombalar da
bomba deyil,
Bomba-insan yanlışıdır.
...Yurdum -
torpağım köksündə,
Göy
göl deyil - durna yolu...
Nəğməni
torpağa yazdım,
Nəğməm torpaqtək ulu.
Həqiqətən də xalq şairi Razil Vəliyevin
şeirləri obrazlı şəkildə desək, ana
torpağa ilhamla yazılmış nəğmələrdir. Özünün də
şeirlərində ifadə etdiyi kimi, Razil Vəliyev
vurğunu olduğu doğma torpağın, onun ecazkar
çölləri və güllərinin, onu həyata və
insanlara açan tale yollarının gerçək
poeziyasını yaradan fərqli şair bəndəsidir:
Enişim,
yoxuşum, naxışım,
Naxışım-həyata baxışım.
Ömrümə
sizinlə başladım -
Mən
burda sizinlə yayladım,
Mən burda sizinlə başladım.
...Yollarım
sizlədi, məndən iz,
Sizi unutmaz bu bəndəniz.
"Odlu yaddaş" silsiləsindən
yazılmış şeirlərində Razil Vəliyev
Tatarıstan torpaqlarını da əhatə etmiş
Böyük Vətən müharibəsi illərinin hadisələrini
mənalandırarkən proseslərə obyektiv vətəndaş
qiyməti verməklə bərabər, həm də baş
vermiş əhvalatlar haqqında obrazlı
baxışlarını da meydana qoyur. Müharibə illərində
tatar xalqının əhvali-ruhiyyəsini ölkəsinin milli
bayramı olan "şanlı Sabantuyun qanlı Sabantuya
dönməsi", arxada cəbhədə döyüşən
əsgərlərinin ümidlərini qırmadan cəfakeş
qadınlarının ürəyinin istisi kimi yapılan "dərddən
acı baldan şirin müharibə çörəyini"
dövrün hadisələrinin fonunda mənalandırması
onun nəhayət müəyyən ümumiləşmiş nəticəyə
gəlməsinə imkan yaratmışdır. O, tatar
xalqının görkəmli şairi Musa Cəlilə
"Moabit dəftəri" yazdıran müharibə kimi hərbi-ictimai
məzmunlu bir mövzuda yazarkən yaradıcılıq
üslubuna sadiq qalaraq, ayrı-ayrı detalların bədiiləşdirilməsi
əsasında "yerdə qan gölü" yaradan bu dəhşətli
hadisənin təsviri və tərənnümünə
öz naxışını gətirir, möhürümü
vurur. Buna görə də müharibə mövzusundan Razil Vəliyevin
çıxardığı yekun qənaətlər təsirli
və yaddaqalan olmaqla bərabər, həm də bu ənənəvi
mövzuya onun gətirdiyi özünəməxsus poetik əlavələr
kimi səslənir:
Niyə belə etdin, müharibə sən?
Girməyən
tək bircə ev də qalmadı.
Axı
kimsə sənə qol açmamışdı,
Qonaq bilib, gəl də deyən olmadı.
Azadlıq yolunda görərsiz bizi.
Azadlıq üçündür saf niyyətimiz.
Düşmən
artırdıqca nifrətimizi,
Hey
artır Vətənə məhəbbətimiz.
"Payız yağmurları" şeirlər
kitabındakı xalq şairi Razil Vəliyevin
poeziyasının poetik rəngləri ilk növbədə
onun təbiətə və cəmiyyətə münasibətini
ifadə edir.
Şairlərindən aydın surətdə
görünür ki, o, təbiətin bütün fəsillərini
şairanə şəkildə, obrazlı bədii vasitələrlə
mənalandırır. Onun poetik rübabında yay fəsli
- "iyul yanğını", qış misraları
"ağ qar üstə yazılmış şeirlər",
yaxud tam tərsinə "qara sevdatək barsız" fəslin
mənalandırılması, yaz ovqatı
"yağış ardından gələn əlvan
"Göy qurşağı", "hər tərəf ağ
almalıq", "çiçək
yağışı" kimi özünəməxsus təsvir
vasitələri ilə vəsf olunur. Yazla
qışın müqayisəsi şairə təbiət
hadisəsi vasitəsilə özünün ictimai fikirlərini
ifadə etməyə şərait yaradır. Heç
şübhəsiz, Razil Vəliyevin "hər
qışın sonunda gül baharı var", yaxud "geriyə
dönür yazılar" kimi misralarında təbiət
hadisələri əsasında cəmiyyətdə, insan həyatında
gedən dəyişilmə, yeniləşmə proseslərdən
bəhs edilir.
Razil Vəliyevin payız fəslinə dair obrazlı ifadələri
bir çox hallarda poetik kəşf təəssüratı
yaradır.
Onun şeirlərində payız fəsli "gözəl
üzlü, sarı donlu bir qız", "gözusulu,
gözəl bir qız", "çəkingən bir
qız" kimi insaniləşdirilmişdir. Şair payız fəslini
"başında dumandan şal, meyvə dodağında bal" kimi fərqli şəkildə təqdim
edir. Onun "Rənglər" silsiləsində
də payız ovqatının çalarları mənadaşıyıcılıq
baxımından daha çox yüklənmişdir.
Ən başlıcası isə Razil Vəliyev payız fəslinə
ənənəvi poeziyada olduğu kimi "xəzan fəsli"
mənasında yox, fəlsəfi mənada "yolun
davamı" kimi baxır:
Ağappaq qar şəfqət bacısıdırmı?
Ağappaq qar dərdə dava olarmı?
Məni
yanar görsən, üzümdən tanı
Mənimki
Payızdır - yolun davamı...
Razil Vəliyevin "Rənglər" silsiləsindəki
rəng çalarlarının poetik ifadəsi şairin
ictimai-fəlsəfi baxışlarını ifadə etmək
üçün düşünülmüş bədii vasitədir. "Rənglər"
silsiləsi Razil Vəliyevin obrazlı düşünmək
istedadını və cəmiyyəti fəlsəfi
baxımdan mənalandırmaq qabiliyyətini bir yerdə, vəhdətdə
ifadə edir. Onun nəzərində
"qara rəng - böyüklüyün",
qırmızı - qan-qadanın, "sarı rəng -
soyuqluğun", "ağ rəng - ağ günün rəngidi".
Bu mənada "Rənglər" silsiləsi Razil Vəliyevin
rənglərin bütün çalarlarından məna
çıxarmaq məharətini meydana qoyur. "Rənglər"
silsiləsi cəmiyyət hadisələrinin dərindən dərk
edən şairin zəngin həyat təcrübəsinin və
şairlik istedadının nəticəsində meydana
çıxmış mükəmməl sənət nümunələridir.
Yeni tarixi mərhələdə
yaradılmış Razil Vəliyevin "Rənglər"
şeirləri Azərbaycan xalq şairi Rəsul Rzanın
dünya ədəbiyyatının şedevrlərindən olan
məşhur "Rənglər" şeirlər silsiləsinə
növbəti poetik dəstəkdir.
Xalq şairi Razil Vəliyevin şeirlərində lirika
aparıcı olsa da, müəyyən süjet əlamətləri
də müşahidə olunur. Lakin həmin epik
elementlər şeirdə hadisəçiliyə aparmayıb,
lirikanın daha da dərinləşdirilməsinə xidmət
edir.
"Alma"
şeirində yeni obrazlı təsbeh kimi tapılmış
"ürəyim - içindən düşən alma" qənaətini yaratmaq
üçün "göydən alma düşdü"
motivini xatırlatmaq yolu ilə epik təsvir lirik ovqatın bədii
ifadəsinə tabe edilmişdir. "Həyat
artimetikası", "Yaddaş", "Vəd",
"Şair", "Müharibə çörəyi",
"Hekayət" şeirlərindəki zərif süjet əlamətləri
yekun mətləbi mənalandıran lirik bədii ümumiləşdirməyə
zəmin yaradır. Süjetli lirikanın bu
nümunəsi şeir texnologiyası baxımından çətin
olub, lirikanın içində yaşayan epik anı dərin
müşahidə əsasında tapıb bədiiləşdirmək
məharəti tələb edən sənətkarlıq
işidir. Xalq şairi Razil Vəliyev sadəcə
epik cizgiləri olan süjetli lirika nümunələri
yaratmağın bacarıqlı ustadı kimi diqqəti cəlb
edir. "Müharibə çörəyi"
şeiri yeni dövr poeziyasında süjetli lirikanın kamil
nümunəsi sayılmağa layiqdir.
Xalq şairi Razil Vəliyevin ideya-sənətkarlıq cəhətdən cəlbedici və əhəmiyyətli olan şeir yaradıcılığının estetik idealı dünyanı addım-addım dərk etmək, insanı, təbiəti sevə-sevə yaşamaq doğma xalqının və bəşəriyyətinin birliyinə, həmrəyliyinə nail olmaqla insanlığı səadətə çağırmaqdan ibarətdir. Bu cəhətdən "Səadət" şeiri onun yaradıcılığının mənalı bir ümumiləşdirilmiş yekunu sayıla bilər:
Bu gün
bütün insanlar doğmamdı,
Bütün dünya doğma məmləkətim.
Çıxıb
gedən yarım geri dönüb,
Qucaq dolu sevinc-gül buketi.
... Gecəni
oyadar yallı rəqsi,
Yallı gedər əl-ələ millətim.
Ruh verər
hər kəsə ruh dairəsi,
Bürüyən dünyanı birlik səsi.
Razil Vəliyevin "Payız yağmurları"
kitabında şeirlərin Azərbaycan dilinə tərcümələri
eyni kitabda tatarca orijinalı ilə birlikdə oxuculara təqdim
olunmuşdur.
Bu, istedadlı tərcüməçi Həyat
Şəminin tatar ədəbiyyatının görkəmli
nümayəndəsinin şeirlərini dilimizə çevirərkən
orijinalın ruhuna sadiq qalacağına əminliyinin ifadəsidir.
Azərbaycan oxucusuna təqdim olunan "Payız
yağmurları" kitabı xalq şairi Razil Vəliyevin
müasir tatar ədəbiyyatının görkəmli
yaradıcılarından biri olduğunu əyani surətdə
nümayiş etdirir. Tanış olduğumuz şeirlərin yüksək
ideya-estetik səviyyəsi və bənzərsiz poetikası
Razil Vəliyevin yaradıcılığından Müstəqil
Dövlətlər Birliyi məkanının fərqli və əhəmiyyətli
ədəbiyyat faktı, habelə türk xalqları ədəbiyyatının
qiymətli poetik örnəyi kimi də söz açmağa əsas
verir. Nəhayət, xalq şairi Razil Vəliyevin
"Payız yağmurları" kitabının Bakı nəşri
Azərbaycan-Tatarıstan ədəbi əlaqələrinin əhəmiyyətli
bir körpüsüdür. İstedadlı cavan
yazıçı və ədəbiyyatşünas Şəmil
Sadığın kitaba yazdığı yığcam və mənalı
ön sözünü "Qardaşdan-qardaşa könül
körpüsü" adlandırması da, fikrimizcə, təsadüfi
olmayıb, yeni tarixi epoxada ədəbi əlaqələrin
roluna və əhəmiyyətinə, xüsusən də xalq
şairi Razil Vəliyevin yaradıcılığına
verilmiş obyektiv elmi qiymətin ifadəsidir.
"Payız yağmurları" kitabındakı
şeirlər Razil Vəliyevin
yaradıcılığının, geniş mənada
müasir tatar şeirinin ideya-bədii cəhətdən Azərbaycan
poeziyasının ənənələri və bugünkü
inkişaf meylləri ilə nə qədər yaxın və
dogma olduğunu nəzərə çarpdırır.
Həqiqətən, xalq şairi Razil Vəliyevin
"Payız yağmurları" kitabı müasir tatar ədəbiyyatının
"ilhamlı ürək sözlərini" Azərbaycan
oxucusuna çatdıran mənalı bir könül
körpüsüdür.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.6-7.