Koreya nəsrindən iki
nümunə haqqında qeydlər
Bədirxan
ƏHMƏDLİ
Asiya
xalqları ədəbiyyatı haqqında Azərbaycan
oxucusunun təsəvvürü azdır, çünki Avropa ədəbiyyatından
fərqli olaraq ədəbi mühitimiz Asiya xalqlarının ədəbiyyatına
az maraq göstərir.
Bu tendensiya sovet dövründən bugünə qədər
davam edir. Uzun müddət dünya ədəbiyyatı
altında Avropa və Amerika ədəbiyyatı öyrənilib.
Bunun səbəblərindən
biri də Asiya xalqlarının ədəbiyyatının az tərcümə olunmasıdır.
Son illər Asiya ədəbiyyatından tərcümələrə
tez-tez rast gəlirik. Tərcümələr çoxaldıqca
bu əsərlər ədəbi tənqid və ədəbiyyatşünaslığımızın
araşdırma dövriyyəsinə daxil olur.
Bunu nəzərə
alaraq Koreya ədəbiyyatından tərcümə edilmiş
iki roman haqqında məqaləmi "525-ci qəzet"in
oxucularına təqdim edirəm.
ANAM SƏNƏ ƏMANƏT...
Koreya nasiri Şin Qyonq-Suqun bu günlərdə dərc
edilən "Anam sənə əmanət" (tərcüməçilər
Rəfail Babazadə, Vüsalə Həsənova, Bakı,
Qanun, 2019) romanı bu boşluğu qismən də olsa aradan
qaldırır. Şin Qyonq-Suq dünyanın
tanınmış yazarlarından biridir. "Qış
nağılı" əsərilə
yaradıcılığa başlayıb. Koreyanın
və dünyanın bir çox ədəbiyyat
mükafatlarını alıb. "Anam sənə
əmanət" adlı romanı dünyanın 19-dan
çox ölkəsində milyon nüsxə ilə
satılaraq bestsellerə çevrilib. 2012-ci ildə Man
Asiya ədəbiyyat mükafatını alan
ilk asiyalı yazıçıdır. Əsərin
dünyadakı uğurlu taleyində orijinal yazıçı
üslubu, hadisələrə fərqli rakurslardan baxması və
əks etdirməsi əsas rol oynayıb.
"Anam sənə əmanət" romanı kənddən
Seula gələn bir ananın (Park Sonyo) itkin düşməsi
hadisəsilə başlayır. Yaşlı və xəstə
olan Park Sonyo bütün övladları Seulda
yaşadığından onlara rahat olsun deyə ərinin ad
gününü onlarla şəhərdə qeyd etməyi qərara
alır və Seul metrostansiyasında təsadüfən (təsadüfənmi?!
Yazıçı burada oxucu üçün
düşünməyə müəyyən yer qoyur!) ərinin əlini buraxması ilə qatara minə
bilməyərək ondan ayrı düşür. Müəllif bütün ömrünü ərinə
və dörd övladına həsr etmiş anaya olan
münasibətin itkin düşdükdən sonrakı
xronikasını verir. Yazıçı itkin Ananın
taleyi ilə insanın hiss etdiyi, lakin deməkdən çəkindiyi
həqiqətləri demək istəmişdir. Ananın
itkin düşməsindən bir həftə sonrakı hadisələrdən
başlayan xronika və bədii epizodlar ailə münasibətləri
kontekstində davam edir. Bütün ailə
böyük qardaşın evində toplaşıb ananı
necə axtarmağın yollarını arayır. Əvvəlcə bir elan mətni tərtib edir və
ananın yerini deyən adama pul vəd edirlər. Mükafatı ciddi rəqəm elan edirlər ki,
analarına tez qovuşsunlar. Aradan günlər,
həftələr, aylar ötür, onlara çoxlu zənglər
gəlir, "gördüm" deyənlər olur, ancaq
ananı heç cür tapa bilmirlər. Bəzən
ananın tapılacağına inam artır, bəzən isə
azalır. Hətta birinin onu Yonqsan rayonunun
bələdiyyə binasının önündə
gördüyünü deməsi ümidləri artırır.
Çünki başqaları da şəkilə
baxıb onu gördüklərini deyirdilər. Bu rayonda vaxtilə bir müddət böyük
oğlu yaşamışdı. Lakin
bütün ümidlər boşa çıxır. Hətta
iş o yerə çatır ki, övladlarının
ağlından atalarına "Seula anamla birlikdə gəldiyinə
əminsənmi?" - sualını vermək
keçir. Oxucu sonadək
ananın tapılacağına inansa da, bu, baş vermir... Övladların ananı tapmaq ümidləri getdikcə
öləziyir. Bütün ümidlər
kəsildikdən sonra Park Sonyonun yazıçı
qızı təsadüfən Vatikana sevgilisinin
qatıldığı bir seminara gedir. Birdən
onun ağlına gəlir ki, anası ona dünyanın ən
kiçik ölkəsinə gedərkən qızılgül
təsbehi almasını istəmişdi. Vatikan
da dünyanın ən kiçik ölkəsi hesab olunur.
Təsadüfən burada koreyalı rahibə ilə
rastlaşır və ondan qızılgül təsbehi istəyir.
Rahibədən qızılgüldən
hazırlanmış təsbehi alır və Məryəm
ananın abidəsinin önünə qoyub diz
çökür. Məqsədi Allaha üz tutub "Anamı
unutma", "Ona mərhəmət et",
- deyə yalvarmaq idi, lakin ağzından" - Anam... sənə
əmanət..." sözləri çıxır. Bu sözlər artıq ananın bir daha
tapılmayacağına bir işarə idi.
Şin Qyonq-Suq bir ananın taleyini varlıq-yoxluq təzadlarında
açmağa çalışır. Ana itkin
düşdükdən sonra ərinin, övladlarının
ona münasibəti dəyişir. Onların
hər biri ananın varlığında qədrini bilmədiklərini
anlayır və peşmançılıq hissləri
keçirirlər. Ana həmişə
şəhərə tək gələndə mütləq
övladlarından biri qarşılayardı və hansı
övladının evinə düşürdüsə,
qaldığı müddətdə də o müşayiət
edirdi. İndi isə heç kim
onları qarşılamamışdı. Şəhərə
gəldikləri gün ana və atanı elə vağzalda da
qarşılamaq olardı, ancaq övladların hərəsinin
bir işi olduğu üçün heç biri onu
qarşılmağa getmir. O zaman Pekində kitab sərgisində
iştirak edən yazıçı qızı "Necə
olur, bu qədər ailə üzvündən bir nəfər
belə Seul stansiyasına anamızı qarşılamağa
getməyib?", - deyə əsəbiləşmişdi.
Elə övladlar da ilk günlər bir-birini
bunda ittiham edir. Bəzən isə
atalarını "Ata, niyə taksiyə yox, metroya mindiniz?
Belə etsəydiniz, bəlkə başımıza da bu hadisə
gəlməzdi", - sualını verirlər. İlk
günlərdə övladlarının
danışığında suallar üstünlük təşkil
edir. Bu da təəccüblü idi ki,
harasa gedərkən həmişə taksidən istifadə edən
ata necə olub ki, bu dəfə metro ilə gəlməyə
qərar verib. Ata bunu dəmiryol
vağzalından metroya birbaşa keçid olması ilə əlaqələndirmişdi.
Tərslikdən həmin gün şənbə
və günorta olduğu üçün metroda böyük
bir izdiham olub. Yazıçı bununla demək
istəyir ki, xüsusilə pis bir hadisə baş verəndən
sonra insan geriyə dönüb nə etdiyini
düşünür və çox vaxt da etdiklərinə
peşman olur.
Yazıçı ən incə detallarına qədər
ananın itkin düşməsilə övladlarının və
ərinin keçmiş və indiki münasibətlərinin
xronikasını verir. O, böyük oğlu Hyonqçola çox əziyyət
çəkmişdi, bütün işlərdən azad edərək
onun oxumasını arzulamışdı. İstəyirdi
ki, oğlu prokuror olsun. Hyonqçol da buna
çalışırdı. Hətta
atası anasının üstünə günü gətirərkən
ana evi tərk edir. Yalnız oğlu
Hyonqçol, o nə qədər ki, evə gəlməyib,
oxumayacağını dedikdən sonra ana geri qayıtmağa qərar
vermişdi. Ana onu bir şəxsiyyət
olaraq formalaşdırır. Lakin iş elə gətirir
ki, ananın ümidlərini doğrultmur. O, məktəbi əla
qiymətlərlə bitirsə də, hüquqa daxil ola bilmədiyindən prokuror olmur. Universiteti
bitirərək ölkənin ən məşhur holdinqlərindən
birinə işə
düzələn Hyonqçol anasına bir qədər
işlədikdən sonra yenidən oxumağa
başlayacağı haqqında söz vermişdi. Lakin sonra evlənmiş, prokuror olmaq da yaddan
çıxmışdı. Ana ilk
övladı üçün çox şeylər
etmişdi. Hyonqçol
düşünür ki, ananı onun özü
qarşılasa, bu hadisə baş verməzdi. Lakin arvadı ilə razılaşdığına
görə, o, qarşılamalı idi, arvadı isə bir bəhanə
tapıb getmədikdə, özünün getməli
olduğunu düşünür. Ancaq
atasının "Özümüz də rahat tapa bilərik"
sözlərini yada salıb Seul stansiyasına getmək əvəzinə
işlədiyi şirkətin yaxınlığındakı
saunaya getmişdi. Onun saunada olduğu vaxtla
atasının anasını gözləmədən qatara minməsi
eyni vaxta təsadüf edirdi.
Ana itdikdən sonra məlum olur ki, Seulda yaşayan
övladları anaya yetərincə diqqət göstərməmişdilər. Hər birinin
öz həyatı və işləri vardı. Bir dəfə kəndə gedərkən ananı
evdə huşsuz vəziyyətdə görən
övladlarından biri özlüyündə onu tək
qoyanlara əsəbiləşir. Ancaq
heç ağlına da gəlmir ki, onlardan biri də o,
özüdür. Ananı anbarın
qarşısında huşsuz vəziyyətdə görən
qızı onun baş ağrısından indi xəbər
tutur. Dərhal da fikirləşir ki,
görəsən, qardaşlarımın və bacımın
ananın bu xəstəliyindən xəbəri varmı?
Atası folklor nümunəsi toplamaq
üçün Sokço şəhərinə getdiyindən
evdə yox idi. Şəhərə
qayıdarkən bu barədə onlara danışmağı qərar
alır. Ananı xəstəxanaya
aparıb onunla məşğul olmalı olduğu halda
sevgilisi ilə yemək planladığından bunu edə
bilmir. Yazıçı bununla övlad
laqeydliyini, insanın eqoist bir varlıq olduğunu, hər
hansı bir hadisədə daim başqalarını günahkar
çıxarmağa çalışdığını demək
istəyir. Yaxud, həyətdə itin zəncirinin
qısa olduğuna görə ananı danlayan böyük
qız, bir müddət sonra həyətə girən kimi uzun
zənciri anasına verərək itə əzab verməməsini
xahiş edir. İtin damının
yaxşı olmadığı üçün də ana
qızının danlağına məruz qalmışdı.
Anadan it damının yeniləcəyinə söz alan qızı Seuldan tez-tez zəng edərək
yeni it damı düzəltdirib-düzəltdirmədiyini
soruşurdu: "- Pul da verdim axı. Kənddəkilər lap ağ edir! İt yazıq deyil?
O dar yerdə necə yaşasın, üstəlik də bu
istidə..." - deyərkən "-Sənin gözünə
anan deyil, ancaq it görünür?! Ananı itə ancaq
işgəncə verən adam kimi
görürsən? Qarışma sən! İtə
öz bildiyim kimi baxacağam", - deyə cavab vermişdi.
Bu həmin it idi ki, ana onu dəmiryolunda tapanda xəstə
idi. Ona yazığı gəldiyi
üçün evə gətirmiş, bağçaya
bağlayaraq qulluq etmiş və sağaltmışdı. Bu həmin ana idi ki,
itin ac qalmaması üçün Seulda üç gündən
çox qalmırdı. Bu həmin ana idi
ki, ömrü boyu evdəki mal-qaranın qayğısına
qalmışdı. Bu həmin it idi ki, ana yoldan keçən
bir rahibəyə bəxşiş verdikdə, bu il ailə üzvlərindən birinin öləcəyini
demişdi. Həmin il it ölmüş,
ana isə onu qapıda basdırmışdı. Övlad ananın nə üçün dəyişdiyini
düşünməkdənsə, onu danlayırdı. Ancaq bir dəfə ananın özünün
sağlamlığı ilə maraqlanmırdı. Övladların bu cür laqeydliyi yalnız ana itkin
düşdükdən sonra ortaya çıxır.
Roman boyu yazıçı övladlarının
düşüncəsi ilə ananın gördüyü
işlərə yenidən nəzər salır. Ananın
gördüyü işlərə heyrət etməyə
bilmirsən. Dörd övlad böyütmək, mal-qaraya
baxmaq, barama qurdu yetişdirmək, pul yığaraq
övladlarını oxutmaq və Seulda ev-eşik sahibi etmək
və s. Bütün bunları təkbaşına edib,
sağlamlığının hesabına, insult keçirməsini
belə nəzərə almadan çalışıb. Evin bütün ağırlığı onun üzərinə
düşüb. Ərinin heç nədən
xəbəri olmayıb. Hətta bir müddət əri
evdən gedib başqası ilə yaşayıb, yalnız bir
neçə il sonra qayıdıb. O,
qayıdarkən Park Sonya onunla heç nə
olmayıbmış kimi davranıb.
Ananın itkin düşməsi göstərir ki,
övladları onun yanında böyüsə də, onu
heç də yaxşı tanımırlar. Keçmişə
nəzər saldıqda onların hər birinin gəldiyi nəticə
bu olur. Park Sonyonun əri kəndə, evə
qayıtdıqdan sonra başqa bir hadisə baş verir. Namsan məhəlləsindəki Ümid Evindən
bir qız onlara gələrək Anaya kitab
oxuyacağını bildirir. İndi
oxuduğu kitabın müəllifi isə bu kəndin yetirməsidir.
Bu barədə nə uşaqları, nə də
əri heç nə bilmirdi. Əri onu da öyrənir
ki, Ananın Seuldakı uşaqları hər ay ona göndərdikləri
600 min von pulun 450 minini Ümid Evinə
bağışlayırmış. Məlum olur
ki, həyat yoldaşı on ilə yaxındır ki, Ümid
evinə gəlir və burada yetim uşaqları
çimizdirir, paltarlarını yuyur və həyətdə əkin
işləri görürmüş. Maraqlı
cəhət orasındadır ki, Ümid evinin
qızlarından birinin Anaya oxuduğu son roman ananın
yazıçı qızının əsəri idi. Əri bütün bunları ilk dəfə idi ki,
eşidirdi. O, gənc olan vaxt evi tərk etməsinin,
başqa birini evə gətirməsinin, arvadı bir söz deyərkən
"Sən bilməsən də olar", - deyə
ağzından vurmasının xəcalətini indi çəkməyə
başlamışdı. O düşünür ki, əgər
yoldaşı qızının yazdığı bu kitabı
oxumasını xahiş etsə, onun üçün
oxuyardımı?! Gəldiyi nəticə belədir: "...geridə
qoyduğun əlli ilin hansı dönəmindəsə
laqeyidcəsinə yarı yolda başından edirmiş kimi
itirdiyin, sonra isə tamamilə unutduğun həyat
yoldaşının xəyalı birdən-birə qəlbində
kök salıb, yenidən dirçəlmişdi. Onun üçün hətta darıxmağa
başlamışdın".
Romandan
oxucunun çıxardığı suallar çoxdur: "-
Necə olub ki, ananızı itirmisiniz?", "- Ananız
demensiya xəstəsi deyildi ki?", "- Bəs siz niyə
ananızı belə istəksiz axtarırsınız?" və
s. Bu suallardan bəzilərini onlara verir, bəzilərini isə
onlar özləri-özlərinə verib cavab axtarmalı
olurdular. "Ana itdiyi yerdə nə üçün durub
gözləməmişdir? "Axı əri
onu itirdiyini bildikdə geri stansiyaya gedib onu tapa bilmir?"
"Hər tərəfdə istiqamət bildirən
lövhələr asıldığı halda ana necə itə
bilər?" "Bəs zəng edə də
bilmir?" "Nədən
övladlarından birinə zəng edib harada olduğunu bildirməmişdir?"
Oxucunun da verməli olduğu suallar çoxdur.
Bu sualları övladları səsləndirdikcə,
həm də keçmişə qayıdırdılar. İndi fərqinə varırlar ki, ana oxuma-yazma
bilmirdi. Böyük oğlundan gələn
məktubu həmişə kiçik övladlarına oxudur,
cavabı isə diktə edərək onlara
yazdırırdı. Bu işləri uzun
müddət üçüncü övlad ananın
yazıçı qızı görmüşdü.
Övladları Seula getdikdən sonra isə bunu başqaları etməli oldu.
Zaman keçdikcə övladları
ayrı-ayrılıqda anaları ilə olan münasibətlərini
xatırlayıb peşmançılıq hissləri
keçirirlər. Hər xırda şeyə görə onu
incitmələri, laqeyd yanaşmaları, diqqətsiz
olmaları onları narahat edir. Gec də
olsa, ailə Park Sonyoya qarşı laqeyid olduqlarını
anlayır. Lakin bir sual açıq qalır: Park Sonyo
öz istəyi ilə getmiş, yoxsa həqiqətən
itmişdir?! Bəlkə o, qəsdən belə
bir addım atmışdır? Bəlkə
uşaqlarını böyüdüb boya-başa
çatdıran Ana öz missiyasının başa
çatdığını dərk edərək onların həyatından
çıxıb getməyi özü istəmişdir?!
Ana evə geri gələcəkmi? Oxucu bu
suala əzizlərinin peşmançılığından
çıxış edərək "Ana geri gəlmək
istəyirdimi?!", - sualını
verir.
HAN KANG VƏ ONUN
"VEGETARİAN"I
Bu əsər son zamanlarda Koreya ədəbiyyatından
oxuduğum ikinci romandır. Bundan əvvəl
Şin Qyonq Suqun "Anam sənə əmanət"
romanını oxumuşdum. Hər iki əsəri
"Qanun" nəşriyyatının çap etməsi
Asiya ədəbiyyatına marağı artırır. Nəşriyyatlarımız Asiyanın digər
xalqlarının əsərlərinin tərcüməsini
intensivləşdirsələr, bu xalqların ədəbi
düşüncəsinə maraq daha da artmış olar.
Bu və bu əsərlərin tərcüməsi
barədə ayrıca söhbət açmaq da olar. Yeri gəlmişkən, "Vegetarian"
romanını Könül Kamilzadə çevirib. Adekvatlığı haqda bir söz deyə bilməsəm
də, semantik ekvivalentliyi, dilinin səlisliyi, fikrin
çatdırılması, alt qatın izahı
baxımından yaxşı təsir bağışlayır,
oxunaqlıdır. Lakin bu məqalədə
tərcümə ilə bağlı yox, Koreya
yazıçısı Han Kanğın özü və
romanı ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Nədən ki, bu yazıçının əsərlərini
artıq dünyanın iyirmidən çox ölkəsində
oxuyurlar. Koreyanın və dünyanın
bir çox ədəbi mükafatlarına layiq
görülüb. Dünyanın ən
nüfuzlu üç ədəbi mükafatından biri - Beynəlxalq
Man Booker mükafatının laureatıdır.
Han Kanğ 1970-ci ildə Koreyanın
Qvanqçu şəhərində anadan olub. 1993-cü ildə Yonse Universitetinin
Koreya ədəbiyyatı fakültəsini bitirib. Elə həmin
il ədəbi fəaliyyətə
başlayıb; "Ədəbiyyat və ictimaiyyat"
rüblük jurnalında şeirləri dərc olunub. Bir il sonra Seul qəzetinin illik Yaz Ədəbi
müsabiqəsində "Qırmızı lövbər"
adlı qısa romanı ilə qalib olub. Haqqında
danışacağımız əsər "Vegetarian"
romanı bu gün dünyanın bir çox ölkələrində
oxunur. Buna səbəb Han Kanğın
hadisələrə tamamilə fərqli bir müstəvidən
baxması və son dərəcə orijinallıqla təsvir
etməsidir. Romanda insanın bitki mənşəli
olduğu və yaxud insanın cəmiyyətdən qoparaq
özünü təbiətin bir parçası kimi görmək
istəyi əsrarəngiz, detallı və
inandırıcı şəkildə təsvir edilir.
Yazıçı romanın yazılması səbəbini belə
izah edirdi: "Mənasız və qaranlıq bir gündə
avtobus gözləyərkən özümdən asılı
olmadan küçədəki ağacların gövdəsinə
toxunmuşdum. Ağacın nəm
qabığı soyuq bir alov kimi ovuclarımı
yandırmışdı. Sinəm sanki buz
kimi saysız-hesabsız çatlara bölünərək
ayrılmışdı. İki canlı şeyin
görüşməsini, artıq əlimi çəkib daha
da irəliləməli olduğumu həmin an
heç cür inkar edə bilməzdim".
Bu əsərdən
on il əvvəl yazıçının
"Qadının meyvəsi" adlı kiçik bir
romanı çap olunmuşdu. Burada bir
qadının mənzillərinin eyvanında bitkiyə
çevrilməsi və birlikdə yaşadığı
kişinin onu dibçəyə basdırmasından
danışılırdı. Sonralar bu
ideya yazıçının "Vegetarian"
romanının süjet xəttini təşkil etdi və bir qədər
də dərinləşdi. Roman
üç hissədən ibarətdir; "Vegetarian",
"Monqol ləkəsi", "Alov ağacı" həm
ayrı-ayrı fəsil olmaqla yanaşı, həm də
süjet baxımından bir-birilə bağlıdır.
Elə yazıçının da
yazdığına görə, ayrı-ayrılıqda
üç hekayə təsiri bağışlasa da, birləşdirdikdə,
tamamilə fərqli, həqiqətən də
çatdırmaq istədiyi hadisənin mahiyyətini
özündə birləşdirən bir roman alınır.
Han Kanğ indiyədək cəmiyyətdə
heç bir qəribəliyi ilə tanınmayan Yonqhenin birdən-birə
vegetarian olması prosesini təsvir edir. Yonqhe əri ilə
sakit həyat tərzi keçirir, həyat yoldaşı kimi
üzərinə düşən vəzifələri yerinə
yetirirdi. Əvvəlcə yaşadıqları evi
aldıqlarından hələlik övlad sahibi olmağı təxirə
salmışdılar. Lakin bir gün hər
şey dəyişir, hadisələr başqa məcrada davam
edir. Əri yuxudan oyanıb arvadını soyuducunun
ağzını açaraq ora baxan görəndə heç
nə anlamır, ancaq Yonqhenin soyuducudakı ət, balıq,
konserv və s.
hamısını çölə
atdığını gördükdə bunun səbəbini
soruşur. Ərinin arvadından eşitdiyi yeganə söz
"Yuxu görmüşəm..." olur. Lakin bu yuxunun nədən
ibarət olduğu sonrakı günlər üzə
çıxacaq. Bundan sonra o, ət məhsulları,
yumurta, süd və ümumiyyətlə, canlı ilə
bağlı olan heç nə yeməməyi qərara
alır. Əvvəlcə əri bunun keçici olduğunu
düşünür, lakin günlər, həftələr
keçdikcə məsələnin ciddiliyini anlayır.
Əlbəttə, Yonqhenin vegetarian olması təkcə ailə məsələsi deyildi, getdikcə cəmiyyət
məsələsinə çevrilir və bütün ətrafı
narahat edirdi. Ərinin iş yoldaşları ilə
qonaqlıqda cəmiyyətdə vegetarianlığın ətraf
aləmdə nə qədər təpki ilə
qarşılaşdığını görürük.
Onun ət yeməməsi getdikcə bədəndə
müqavimətini azaldır, daim yorğun və üzgün
olur, yuxu yata bilmir. Tezliklə yuxusuzluq onu əldən
salır. Ərinin bədənindən ət iyi gəldiyini
iddia edir. Vegetarianlığın ilkin simptomları
yavaş-yavaş öz təsirini göstərirdi. Yonqhenin xəstə
insanlar kimi çiyin sümükləri
çıxırdı. Özünə fikir vermir, makiyaj belə
etmirdi. Getdikcə onun yuxuları daha qorxunc şəkil
alırdı: parıldayan heyvan gözləri, qan
görüntüsü, parçalanmış kəllə, vəhşi
heyvan gözləri sanki qarın boşluğundan yuxarı
qalxaraq içindən çıxırdı. Baş verən
hadisələri seyr edən əri əvvəlcə onun xəstələndiyini
güman etsə də, evdəki davranışı, hərəkətləri
belə bir xəstəlikdən xəbər vermirdi. Buna
görə də məsələni Yonqhenin valideynlərinə
və bacısına demək qərarına gəlir. Onlar
telefonda Yonqheni qərarından döndərmək
üçün nə qədər dilə tutsalar da,
mümkün olmur. Nəhayət, valideynləri qızı və
kürəkənini evə çağırıb ailə məclisi
təşkil etməyi qərara alırlar. Ailə məclisinin
də Yonqheyə köməyi dəymir, bacısının,
anasının və atasının bütün
yalvarışlarına məhəl qoymur. Edilən xahişləri
"Mən ət yemirəm", - deyə imtina edir. Belə
olduqda Vyetnam müharibəsi veteranı atası onu zorla yedirtməyə
çalışır, kürəkənlərə onun əllərini
tutmağı əmr edir. Atanı fikrindən
daşındırmaq mümkün olmur. Zorla yeməklərdən
onun ağzına basır, sillə ilə vurur, lakin bu hərəkət
çox pis nəticə verir. Yonqhe ağzındakıları
geri qaytarır və atasının əlindən
çıxaraq bıçağı ələ keçirir və
biləyini doğrayır. Sonra onun xəstəxana həyatı
başlayır. Xəstəxanada da vəziyyət eyni cür
davam edir. Bu an qırılma anı olur; heç kim onu başa
düşmür, əksinə, bu yoldan çəkindirməyə
çalışırlar. Lakin o, özü başa
düşürdü ki, heç kim ona kömək edə
bilməz, heç kim onu xilas edə bilməz və onun dərdinə
dərman yoxdur. Xəstəxanada fikirləşirdi: "Biləyim
yaxşıdır. Heç bir şey olmayıb.
Ağrıyan ürəyimdi. Nə isə mədəmdə
ilişib qalıb. Ancaq nə olduğunu bilmirəm. O nədirsə,
orada ilişib qalır... Orada hansısa nərilti və fəğan
səsləri bir-birinə qarışıb. Yediyim ətə
görədir. Çox ət yemişəm. Yediyim
canlıların hamısı olduğu kimi orada ilişib
qalıb. Buna əminəm".
Yonqhe əvvəlcə xəstəxanada, bir
neçə ay psixiatriya şöbəsində yatdıqdan
sonra əri ilə boşanma haqqında ərizə verib
ayrılırlar. Yonqhe ayrıca birotaqlı mənzildə
yaşayır, ona bacısı
baxır, var gücü ilə onu həyata qaytarmaq istəyirdi.
Bacısının video çəkməklə məşğul
olan əri çoxdandı güllə bəzənmiş
qadınla kişinin videosunu çəkmək fikrinə
düşmüşdü. Lakin bunu necə
reallaşdıracağını bilmirdi. Nədənsə
qadın obrazında baldızını görürdü.
Baldızı bu təklifi həvəslə qəbul edir. Onlar
bir neçə saat bu filmi çəkməklə məşğul
olurlar. Bu yaxınlıqdan, səmimi münasibətdən
istifadə edərək baldızından niyə ət yemədiyini
soruşur. Baldızı "- Yuxu gördüyümə
görə... Ona görə ət yemirəm", -
cavabını verir. "Nə yuxu görmüsən?"
sualına isə "Üzlər", - deyə cavab verir.
Lakin bu üzlər hər dəfə fərqli olurdu, bəzən
tanış, bəzən isə yad simalar görürdü. Bəzən
isə bu simalar qanlar içində olurdu. Hətta
çürüyüb parçalanmağa başlayan cəsəd
belə görürdü.
Lakin burada bir məsələ aydın olur; Yonqhe filmə çəkilərkən bədənindəki gülləri bir neçə gün saxlayır. O, əvvəl elə bilirdi ki, yuxunu ət yediyinə görə görür, lakin sonradan dərk edir ki, ət yeməyəndə də yuxu və üzlər görür. Bundan sonra düşünür ki, üzlər onun qarnının içindədir və yuxarıya doğru qalxır. İkinci gün baldızını kişi obrazı ilə yenə filmə çəkdikdə baldızının güllərdən xoşu gəldiyini görüb bu dəfə rəssam dostuna özünün bədəninə fırça ilə gül rəsmləri çəkdirir və gecəni onunla qalır. Səhəri gün günorta Yonqhenin evinə gələn bacısı sağlam düşüncə və anlayışın sərhədini aşacaq mənzərə ilə qarşılaşır. Bacısı ilə bir kişinin yatdığını görür. Düşünür ki, Yonqhenin həyatında biri var. Lakin çəkilmiş kasetə baxdıqda yatan kişinin əri olduğunu görür. Nəticədə arvadı polisə zəng edir. Hər ikisini psixiatriya şöbəsinə aparırlar. Bu hadisə ikinci ailənin dağılmasına səbəb olur; onlar boşanır, ərini bir daha görmür. Onun yeganə məqsədi indi altı yaşlı oğlunu saxlamaq və "xəstə" bacısını həyata qaytarmaq olur. Bacısı vegetarian olduqdan sonra ailə bütünlüklə ondan imtina etdiyindən hər şey onun boynunda qalmışdı.
Yonqhe yenidən psixi xəstəxanada müalicə alarkən yemək yeməkdən tamamilə imtina edir. Bir dəfə meşədə itkin düşür, daha doğrusu, geri qayıtmır. Sonralar meşəyə getməsinin səbəbini oradan bir səs eşitməsi ilə bağlayır. Meşədən geri qayıtmamasına isə belə cavab verir: "- Yağışda əriyib... Tamamilə əriyib... Torpağın içinə girmək üzrə idim. Yenidən tərsinə cücərməyim üçün bundan başqa çarəm yoxdur". Bundan sonra o, özünü ağac hesab edərək daim başı üstündə durur. Bacısına deyir ki, bitkilər başı üstündə dayanaraq torpaqdan su içirlər. O, dünyadakı ağacların hamısını özünə bacı-qardaş hesab edirdi. Həkimlərin və bacısının onu həyata qaytarmaq üçün göstərdikləri bütün səyləri boşa çıxır. O, indi heç nə yemir, sistemlə verilən qidanı belə qəbul etmirdi. Burnundan boru ilə verilən yeməyi belə geri qaytarır. Bacısına "...mən artıq heyvan deyiləm", - deyə yemək yeməməsinə bəraət qazandırır. O, yemək yemədən, təkcə günəş şüası ilə yaşamağın da mümkün olduğunu deyir. Bacısı buna etiraz edərək "Bu nə deməkdir? Sən doğrudanmı ağac olduğunu düşünürsən? Bir bitki necə danışa bilər? Necə düşünə bilər axı?", - deyə sual etdikdə "- Sən düz deyirsən... Artıq tezliklə nə danışa, nə də düşünə biləcəyəm. Tezliklə" cavabını verir. Onun çəkisi azalmışdı, heç otuz kilo olmazdı, getdikcə körpəni xatırladırdı. Yoxsa o, "körpəliyinəmi dönürdü?" Bacısı onu uşaq çimdirirmiş kimi qucağına alıb vanna otağına aparırdı. Yonqhe şüurlu şəkildə ölümə gedirdi. Bacısı ona "Sən ölmək istəyirsən", - dedikdə "...Niyə? Məgər ölmək olmaz?", - deyə cavab verir. Bununla yazıçı son cümləsinə qədər Yonqhenin şüurlu şəkildə ölümə getməsini göstərmək istəmişdir. Son anında belə şüuru üstündə olur, düşünür və geri qayıda bilməyəcəyi faciəvi sonluğa doğru gedir...
Yazıçının romanın alt qatında toxunduğu mətləblər gizlidir; iki ailənin dağılması məhz bu mətləblərdən baş verir. Hər iki ailədə ər-arvad arasında münasibətlər, demək olar ki, yoxdur. Onların hər birinin başı öz işlərinə qarışıb. Bir-birinin dünyası ilə tanış ola bilməmiş və buna cəhd də etməmişdilər. Məlum olur ki, hər iki ailədə evliliklərdə sevgi olmamışdır. Bir-birinə sevgisindən əmin deyildilər. Əri evə daim gec gəlir, çox zaman isə gecələri iş otağında keçirirdi. Altı yaşlı oğlunun "Bizim evdə ata var?", - sualı bu ailədəki münasibətləri daha yaxşı ifadə edir. Bacısı Yonqhenin bu hərəkətlərinin mənbəyini axtararkən keçmişə, uşaqlıq dövrünə qayıdır. Yonqhenin atası tərəfindən daim döyüldüyünü xatırlayır. Özü ailənin böyük qızı olduğundan bu döyülmələrə məruz qalmamışdı. Hətta uşaqlıqda bir dəfə bacısı ilə dağa gəzməyə gedəndə bacısının dağda qalmaq, evə qayıtmaq istmədiyinin səbəbini də bunda görürdü. O zaman bacısını çox çətinliklə geri qayıtmağa razı sala bilmişdi. O düşünür ki, o gün biləyini kəsməzdən əvvəl atasının ona sillə vurmasının qarşısını alsa, bəlkə də belə olmazdı. Yonqhenin evlənəcəyi adamı ilk dəfə onunla tanış edəndə onun "soyuqluğunu görüb bu evliliyin qarşısını ala bilərdimi?, - kimi suallar onu düşündürür.
Yazıçı Yonqhenin vegetarianlığını
adi hesab etmirdi.
Yəni bu gün həyatda minlərlə
vegetarian vardır. Yonqhenin isə vegetarianlığı
fərqlidir. O, ət yeməkdən imtinanı beynində
olan qarabasmalardan qurtulmaq üçün etmişdi. Əri, ailəsi, cəmiyyət isə bunu çox
pis qarşılamış, onu qərarından döndərmək
istəmişdilər. Yonqhe getdikcə bitki mənşəli olduğunu
iddia edib bütünlüklə yeməkdən imtina
etmişdir. O, cəmiyyətdə ciddi əxlaqi
qaydaları və təsəvvürlər
formalaşdığından bunu qəbul edə bilmir. Yazıçı iki bacının həyat və
tale oxşarlığını vermək istəmişdir.
Bacı Yonqhe haqqında fikirləşərkən
həm də özünü düşünürdü.
O. düşünürdü ki, Yonqhenin yerində özü
də ola bilərdi. Yazıçı
bununla demək istəmişdir ki, Yonqheni gündəlik həyata
bağlayan iplər qırılmışdır. Onun həyatda istinad nöqtəsi
olmadığından buna getmişdir. Bacı
düşünür ki, ola bilsin altı
yaşlı oğlu Çiu və onun məsuliyyəti
olmasaydı, özü də çoxdan Yonqhe kimi bu həyatdan
qopmuşdu. Çiu onu
həyata bağlayan istinad nöqtəsi idi. Hər bir insanın bu həyatda yaşaması
üçün səbəblər olur, onlar olmadıqda isə
bu həyatdan qopur. Romanın əsas
ideyası da burada gizlənir. Xəstəlik,
vegetarianlıq və s. nəticədir, onu doğuran səbəblər
vardır. Yazıçı Yonqhenin bu hərəkətlərini
cəmiyyətə qarşı üsyan olaraq verir.
525-ci qəzet 2019.- 7 sentyabr.- S.18-19.