Soyuq gecələrdə keçən
uşaqlıq
Unudulmaz Türk
Ədibi Tezər Özlünün Xatirəsinə
Ölümün
gözlərinə dik baxan qadın, nur içində yat...
23 may
2019. Havalar günbəgün isinir. İşlədiyim müəssisədə mənə
verilən masa və kompüter. Masamda
çox sayda qeydlər və Tezər Özlünün
"Uşaqlığın soyuq gecələri" adlı
kitabı. Kompüterimdə yazmaqda
olduğum "İntihara sürüklənən qələmlər"
kitabımın fayl versiyası. Gecələr
kağız üzərində yazdığım
dağınıq cümlələri işdən fürsət
tapdıqca kompüterimə köçürürəm.
Təbii ki, həmişə olduğu kimi, eyni
anda bir neçə şeyi düşünürəm. Beynimi məşğul edən fikirlərdən biri
də elə həmin kitabdır. İntihar
edən ədəbiyyatçılar haqqında hal-hazırda
yazdığım kitabımda Tezər Özlüyə
ayırdığım hissəni çoxdan
tamamlamışam. Lakin mən hələ
də bu kitabı oxumamışam. Öz-özümə
deyirəm ki, mümkün qədər tez bir müddətdə
oxumalıyam. Açığı,
oxumağa da çəkinirəm. Çəkinməyimin
əsas səbəbi isə budur: görəsən, indiyə
qədər tanıdığım Tezər fərqli bir şəkildə
çıxarmı qarşıma? Araşdırdığım
qədər uşaqlığını, gəncliyini, ailəsini,
ərini, dostlarını yazıb bu kitabda. Mənim indiyə qədər
tanıdığım Tezər yetkin, nə istədiyini bilən,
öz xəyal dünyasına qovuşub, sonda da yox olan bir Tezərdi.
Birdən alt-üst etsə bu kitab fikirlərimi!..
Bu düşüncələrin məni daha çox məhkum
etməsinə, əlbəttə ki, imkan verə bilməzdim. İşdən
çıxdım, maşınıma oturdum və sevgilimlə
birlikdə yaşadığım evə getdim. Ev təkdir. Mənimlə
çoxalacaq. Bir neçə mən ilə
qarışacağam evə. Çox həyəcanlıyam.
Qorxularım həyəcanıma
qarışıb. Evə qalxdım. Özümə çay qoydum. Səkkizə
on dəqiqə işləyib. Evdəki tək masada oturdum. Əvvəlcə
kitabımda Tezər haqqında indiyə qədər
yazdıqlarımı oxudum. Sonra 65 səhifəlik
həmin kitabın səhifələrinə göz gəzdirdim.
Beləliklə, artıq özümə dur deyə
bilmədim. Və başladım. Həmişə olduğu kimi, marağım
qorxularıma qalib gəldi.
Kitabın əvvəllərində hər şey
qaydasında idi. Qorxularım yavaş-yavaş öz təsirini
itirirdi. Digər kitablarında qısa-qısa da olsa
yazdığı uşaqlığından, heç
yaşamaq istəmədiyi, amma
uşaqlığının keçdiyi kənd həyatından,
ailə problemlərindən, xırda burjua sinfinə məxsus,
vətəninə bağlı atasından və indiyə qədər
heç söhbət açmadığı, həyat
yoldaşı və uşaqları qarşısında üzərinə
düşən vəzifələri yerinə yetirməkdən
başqa qayəsi olmayan anasından bəhs edirdi.
"... Atamla anam arasında, demək olar ki, heç bir
istilik və sevgi yoxdur. Anam açıq şəkildə
büruzə verir ki, onu heç vaxt bir kişi
kimi sevməyib. Bütün xırda burjualar
kimi, məsuliyyətlərinin zəruriliyi ilə bir-birilərinə
bağlıdırlar. Hər səhər və hər
gecə o qədər sevgisizdirlər ki..."
Bu sətirlər mənə bugün də öz
mövcudluğunu qoruyan ənənələrimizi
xatırlatdı. Həmçinin, bərabər yaşamaq məcburiyyətində
olduqları ailələrindən və ailələrinin onlara
təqdim etdiyi evlərdən, evlərdə onlara ayrılan
dar otaqlardan, şənbə-bazarların sıxıcı
qohum-əqrəba çaxnaşmalarından, müəyyən
saatlarda verilən azadlıqlardan, davamlı ürək
sıxıcı qeybətlərdən, evlilik kimi məcburi təzyiqlərdən,
özlərinə aid olmayan həyatlara boyun əyməkdən
qaçan uşaqları, gəncləri, yetkinləri
xatırlatdı.
"O illər
öldü. O illəri zehinlərimizdə öldürəcək
şəkildə yaşatdılar bizə".
Onlara təklif olunan bu mənasız həyatdan
qaçmağın bir yolu kimi gördükləri sevgisiz
evlilikləri xatırlatdı. Sevgisizlikdən
doğan uşaqları. Uşaqların
sevgisiz, qarmaşıq və boğucu başlayan həyatlarını.
"Arxa küçələrdə olan evlərdəki
kimi, bizim evimizdə də bazar günləri dözülməz
bir təntənə yaşanır. Demək olar ki
bütün ailə fərdləri evdə olur. Atam, bazar günləri pijamalarını heç əynindən
çıxartmır. Hamam isə bazar
günləri heç boşalmır. Növbə
ilə çimirik. Bazar günləri
axşam saatlarına yaxın dava-dalaş çıxır.
Biz üç uşaq üçümüz də
bu evdən dərhal uzaqlaşmaq üçün böyük
səy göstəririk. Kənarda, həyatın
səs-küyündə və ya başqa evlərdə,
başqa insanlarla yaşamaq bizə daha cazibədar gəlir".
Bütün orta sinif, ailələrinin təzyiqi ilə
kor-koranə evlənən şəxslərin hər yaşda
uşaqlarına təqdim edə biləcəyi həyat bundan
ibarətdir.
2 otaqlı bir evə, 3 fərqli ruhu, gözü, döyünən
ürəyi, nəfəs alan
canlını nə haqla soxursan, ey kişi, ey qadın! Sizin
iki dəqiqəlik kefinizin qurbanımı olmalıdır hələ
doğmamış zavallılar?! Atalarımız nə gözəl
deyib: yorğanına görə uzat ayağını.
Yorğanınıza görə yaşayın zövqlərinizi...
Daşdırmayın bardağını şərabın!!!
"Bazar
günləri ... İndi ... Həmin küçələrdən
keçərkən .. gözümə
pijamalı ailə başçıları ilişərsə,
qışda, yağışlı tutqun günlərdə
yanan sobanın bacalarına ilişərsə gözlərim...
evlərin pəncərələri buxarlanıbsa ... otaqların
içində asılan çamaşırları
görürəmsə .. buludlar
islanmış kirəmitlərə yaxındırsa,
yağış çisələyirsə, radiolardan
birbaşa futbol oyunları yayımlanırsa, mübahisə edən
insanların səsləri küçələrdə
eşidilirsə, getmək, getmək, getmək, getmək, getmək......istəyirəm
həmişə".
Saat 20:18.
Tez-tez siqaret çəkirəm. Qəzəblənirəm. Sanki
biz ondan fərqlimi yaşadıq
uşaqlığımızı, gəncliyimizi deyə
düşünürəm. Kitab elə təsir
edib ki mənə, sanki cansız kağız parçası
olmaqdan çıxıb, sətirlər canlanmağa
başlayıb. Qəzəbimin digər və
ən əsas səbəbi illər öncəsi ilə indi
arasında heç bir fərqin olmamasıdır.
"İllər sonra, səhərin ilk
işığında ibtidai sinif uşaqlarının
yaddaşımdan silə bilmədiyim vətən şeirlərini
əzbərləyərək, qara paltarda məktəbə
getdiklərini görəndə, nəmli İstanbul səhərlərində...
- Heç bir yanlış dəyişmədi, deyə
öz-özümə heyfislənərək
düşünürəm".
Dəyişməyən qaydalar, insanlar, hərkəsdən,
hərşeydən çox sevdiyimiz analar, atalar. Həyatı
dərindən dərk etməyə başlayan gənclərin,
uşaqların xəyallarındakı həyat standartlarıyla
gerçək həyatları arasındakı o dərin
uçurumlar. "Həyat, indi yalnız dərk
edilməli və anlaşılmalıdır; lakin onu
yaşamağı, həqiqətlərini dərk etməyi gələcək
illərə atılan yad bir element kimi qarşımıza
qoydular".
Nə edəcəyini bilməyən sərsəri gənclik. Getmək
üçün, yaşamaq üçün bir çox yer,
bir çox ölkə varkən, kənd həyatından
çıxa bilməyən kəndli ruhları. Gəzib
dolaşıb "kürkçü dükkanına geri
qayıtmaları"... Bütün bunlar
beynimin içində bir-biriləriylə
yarışırlar. Qəzəbim
çoxaldıqca kitaba sarılıram, səhifələr irəlilədikcə
alt-üst oluram.
Bir sıra uşaqlıq vəsvəsələri
insanı hər yaşda narahat edir. Doğrudan da, bir
gün övladım olsa, onu həyatın geniş qoynuna necə
buraxacağımı, insanlarla necə
qaynaşdıracağımı, necə tərbiyə edəcəyimi,
nəyi öyrədib nəyi qadağan edəcəyimi bu
yaşa gəlməyimə baxmayaraq, hələ də bilmirəm.
Onu çətinliklərdən, təklik
qorxusundan, mənəvi problemlərdən necə
qoruyacağımı da. Doğulduğu
andan etibarən ona təqdim edəcəyim həyatı
ömrünün sonuna qədər verə biləcəyəmmi?
Bəlkə də yetkin yaşa çatana qədər kimi, nəyi,
niyə bilmək istədiyini dərk edənə qədər
heç bir film izlətməyəcəyəm və heç
bir kitab oxumasına, xüsusən, də qərb ədəbiyyatı
ilə tanış olmasına icazə verməyəcəyəm.
Gecələri tez-tez çölə
çıxaracağam, gecələrin mənasızca
şüuraltımıza yerləşdirilən
qadağanlığını tətbiq etməyəcəyəm,
gecələrin də hər şey kimi bəşəriyyət
üçün mövcud olan həyatın bir
parçası olduğunu öyrədəcəyəm, bəlkə
də heç saat anlayışı olmayacaq. Parka aparacağam, ucsuz-bucaqsız dənizləri seyr
etdirəcəyəm, konsertlərə gedəcəyik, bolca rəqs
edəcəyik. Qadağalarla, yuxusuz gecələrlə,
səhərə qədər valideynlərinin izlədiyi
müxtəlif filmlərlə böyüməyəcək.
Gündəlik əyləncələri olacaq.
Gözləri yorğunluqdan kortəbii şəkildə
bağlanacaq. Lazımsız şeylərdən
mümkün qədər uzaq duracaq. Bəlkə də tənhalıqla
çox erkən yaşlarda tanış edəcəyəm.
İnsanın tək tənha bir varlıq
olduğunu Çezare Pavesenin bacısı Letizianın Tezər
ilə görüşdüyü yaşda dərk etməyəcək.
Bunları niyə yazdığımı
bilirsinizmi? Kitabı oxuduqca, Tezərin
uşaqlığı ilə yaxından tanış
olduqca bir şey beynimi qurcalayır. Görəsən,
valideynləri onun ilk intihar cəhdini necə şərh ediblər?
Qızlarına ruhi xəstə diaqnozu qoymazdan əvvəl
onunla danışmağa səy göstəriblərmi?
Bir balaca qızcığazın
şımarıqlığımı dedilər adına? Problemin mənbəyini
uşaq yaşlarında oxumağa icazə verdikləri Zolya,
Turgenev, Çexov, Şiller, Göte nəhəng
yazıçıların təxəyyülləri ilə əlaqələndirdilərmi?
Ya da "Vasitəçi", "Milan möcüzəsi",
"Velosiped oğruları" kimi Anadolu türklərinin
gündəlik həyatlarını əks etdirməyən,
Avropa şəhərlərinə, heç
tanımadığı o şəhərlərə həsəd
doğuran filmlərlə?! Yəni intihar cəhdindən
özlərində də günah axtardılarmı? Bunu
bilməyi çox istərdim... Yaşamaq istəyirdi,
yaşamağın nəfəs alıb verməkdən ibarət
bəsit bir anlayış olmadığını müdafiə
edirdi.
Valideynlərini günahlandırarkən bir yandan da
içimdəki o düzgün çağırışa
qulaq asıram.
Bəlkə onlardan daha ağıllıydı
deyirəm. Çünki var belələri.
Hər şeyi hər kəsdən daha çox
dərk edən uşaqlar və gənclər var.
Gecə
23:47. Son səhifədəyəm. Demək olar ki, fasiləsiz oxumuşam. Sonuncu sətirdə böyük təsir altında
olduğumu başa düşdüm. Yorğunluqdan
yuxum da gəlirdi. Beynimdəki fikirlərlə
zehnim ayıq yatmaq istəmirdim. Yuxumu
qaçırmaq və biraz daha düşünmək
üçün özümə bir fincan qəhvə
hazırladım. Qəhvə hazırlarkən içimdən
bir səs: "Sən qadın Tezəri yazırsan, uşaq və
gənc Tezəri yox", - dedi. O an ürəyimin
rahatladığını hiss etdim.
"Uşaqlığın soyuq gecələri"
haqqında fikirlərimi bir neçə sitat gətirmək
şərtilə kitabımda bölüşməmək qərarına
gəldim..
Bu yazıda yer verilən bütün tünd qara sətirlər
Tezər Özlünün "Uşaqlığın Soyuq Gecələri"
adlı kitabından sitat gətirilib.
Nuranə TAĞIYEVA
525-ci qəzet.- 2019.- 11 sentyabr.-
S.22.