Saatın min dəfə "bir" olub...

 

İnandığım qaya, inandığım daş,

İnandığım külək, külək deyilsən.

Ay sevdiyim ağac, sevdiyim torpaq,

Ay sevdiyim ürək, ürək deyilsən.

Çıxmayır yadımdan zarafatların,

Qəlbimdə fikirlər ələk-vələkdi.

Süfrənin üstündə soyuyur çayım,

"Taxta" çömçəniz çilik-çilikdi.

Pənah gətirmişdim, gülüm, sən ada,

Sərhədlər yolumu qandallayarmış.

Sən demə, o şirin gülüşün altda,

Dünyanın yüz əsr soyuğu varmış.

Saçından ötəri əlim Kür olub,

Tellərin xiffətdən heç əsməyirmi?

Saatın min dəfə axı "bir" olub,

Ürəyin görüşə tələsməyirmi?

 

İtmiş gecə

 

Xeyli zamandır ki, bu yer üzündə,

Sürünə-sürünə bir gecə gedir.

Bu gecə işıqdan qalıb hamilə,

Tutqun gecələrdən gizlicə gedir.

Heç yerdə dayanmır bu qatar gecə,

Sonuncu vaqontək çəkir qəlbimi.

Görən, gözü bağlı, ürəyi bağlı,

Bir gecə itibdir, dünya bilirmi?

Bu gecə sürətdən açıla, qala,

Özünə duracaq seçə səhəri.

Uzanar qatarın pəncərəsindən,

Cavidin, Müşfiqin şeir  əlləri.

 

Skamyalar

 

Skamyalar üşüyür,

Üşüyür üstündəki cızıqlar.

Nələr eşitmədilər,

Nələr görmədilər,

Bu yazıqlar... yazıqlar...

Əlləri yox, çağıra,

Dilləri yox, səsləyə,

Ayaqları yox, yeriyə,

Bir adam da əyləşmir,

Heç olmasa, kiriyə...

Üstündəki hərflər

Kimin dilindən düşüb.

Adlar da düz oxunmur

Hərfləri sürüşüb.

Əhd eləyən cütlüklər,

Ayrılanda hardasa,

Skamyalar ölərlər,

Ölə-ölə gülərlər...

Bax o kənardakına,

Skamyadan sallanan

Bir ayaqdı, bir əsa.

 

Pəncərədən gözəl görünür payız...

 

Ayrılıqlar yağır meşəyə,

Kirpiklər toxunur şüşəyə,

Uzaqdan, lap uzaqdan,

Gözəl səslənir nəğmə.

Ayrılıqlar yağır meşəyə,

Küləklər yarpağı endirir göyə.

Uzaqdan gözəl görünür payız,

Xüsusən pəncərədən baxanda.

Ayrılıqlar yağır meşəyə,

Quşlar ayrılığı qaldırır göyə,

Lakin  ayaqlarının şəkilləri

Payız yağışıtək  tökülür gölə.

Uzaqdan gözəl görünür ayaqlar...

Ayrılıqlar yağır meşəyə,

Pəncərədən gözəl görünür payız.

Bəlkə payız deyir,

Pəncərədə gözəl görünür bir qız...

 

Səs salmayın

 

Xəbər gözləyən nənəm,

Çoxdandı dayanıb

Bir səsin nişanında.

Qorxuram həyətdəki

Uşaqların ağzından

Bir səs çıxıb

Gedib dəyə nənəmə.

Kababı köz öldürər,

İgidi söz öldürər,

Babamı güllə öldürdü,

Nənəmi səs öldürər,

Siz allah, səs salmayın...

 

 

Allahşükür AĞA

 

525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.22.