Mədəniyyət tariximizə dair dəyərli tədqiqat əsəri  

 

 

Ömrünün 40 ildən çoxunu elmə, Naxçıvan teatrının yaranması və inkişafının tədqiqinə həsr edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov bu istiqamətdə 4 monoqrafiya, 2 kitab, 150-dən yuxarı elmi məqalənin müəllifidir.

 

Onun çapdan çıxan "Təbriz teatrı və Böyükxan Naxçıvanski" adlı monoqrafiyası da günümüzə qədər tam olaraq tədqiq edilməmiş bir mövzunun elmi təsdiqi və ictimaiyyətə təqdimidir. Təbriz teatrının yaranma tarixinin arxiv sənədləri əsasında təsdiqi, buradakı aktyor və rejissor kollektivinin həyatı və yaradıcılığına dair yeni elmi faktlar və nəticələr onun əvəzsiz tədqiqatlarının davamı kimi xüsusi elmi əhəmiyyət daşıyır.

Bu gün bəşər tarixinə öz qədim abidələri, qayaüstü rəsmləri və yazı nümunələri ilə qiymətli elmi yeniliklər verən qədim Naxçıvan torpağının musiqi və teatr mədəniyyəti də, bütöv Azərbaycanımızın bir parçası olan bu qədim mədəniyyət mərkəzinin milli mədəniyyət möhürü yerindədir.

Məhz bu mədəniyyəti yaratmış qədim Naxçıvanın teatr sənətkarlarının XIX əsrin sonu və əsrimizin əvvəllərindəki qədim dövrünü tədqiq edən müəllif, mədəniyyət tarixini, onların teatr sənətinin inkişafındakı rolunu, faktları təsdiq edən o dövrə aid fotoşəkilləri aşkar edib monoqrafiyada ictimaiyyətə çatdırır. Bütün bunlara nail olmaq üçün o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri və Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv sənədlərinin öyrənilməsi, bu mühüm elmi əhəmiyyətə malik tarixi mədəniyyətin üzə çıxarılması Əli Qəhrəmanovun əsl vətəndaşlığının, milli təəssübkeşliyinin təcəssümüdür. Məhz bu istiqamətdən yazılmış monoqrafiya Naxçıvan diyarının Azərbaycan musiqi və teatr mədəniyyətindəki əvəzsiz yerinə dair yeni faktların üzə çıxarılması baxımından qiymətli əsər kimi xüsusi elmi əhəmiyyətə malikdir.

Bildiyimiz kimi, müstəqillik əldə etdiyimiz hazırkı dövrdə bizə qısqanclıqla baxan bir sıra dövlətlər, o cümlədən, ən qədim mədəniyyətimizlə yanaşı, musiqi və teatr sənətimizə də sahib çıxmağa çalışan ermənilər bu istiqamətdə müəyyən hiylələrə əl atır, bu ərazi mədəniyyətini, o cümlədən də, teatr sənətini öz adlarına çıxmağa cəhd edirlər. Lakin istər Naxçıvan, istərsə də Təbriz arxiv sənədləri onların bu hiylələrini tam olaraq təkzib edir. Müəllif tərəfindən bu mənbələrin araşdırılmasından əldə edilən elmi faktlar, bu sənətin inkişafında xüsusi xidməti olmuş Böyükxan Naxçıvanskinin yaradıcılığına dair xeyli sayda tarixi sənədlərin aşkar edilməsi Əli Qəhrəmanovun ağır zəhməti və tədqiqatçılıq peşəkarlığının danılmaz göstəriciləridir.

Monoqrafiyanın I-II fəsillərində Cənubi Azərbaycanın ədəbi-mədəni mühitinə nəzər salınmış, Təbrizdə teatr sənətinin formalaşması, bu mədəniyyətin XIX əsrin 70-80-ci illərində "maarifpərvər" Nəsrəddin şah tərəfindən önə çəkilərək saray əyanları üçün teatr tamaşalarının təşkili, onun tərəfindən 1850-ci ildə Avropa tərzində ilk teatr binasının qoyulması tarixi faktlarla sübut edilib. Burada Əli Qəhrəmanov Mirzə Fətəli Axundov yaradıcılığının təsiri ilə insanların əxlaqi tərbiyəsinin, feodal cəmiyyəti eyiblərinin tənqidi yolla aradan qaldırmağın dramaturgiya və teatra istinadən formalaşmasına dair xeyli faktlar göstərir. O, 1909-1916-cı illər ərzində Azərbaycanın görkəmli aktyorları Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Bakı teatr truppalarının dəfələrlə Tehran, Təbriz, Rəşt, Qəzvin, İsfahan və digər şəhərlərdə tamaşalar göstərdiyini də faktlarla əsaslandırır.

Böyükxan Naxçıvanskinin bu istiqamətdəki rolu və müasir teatrşünaslıqda xatırlanmayan problem məsələlər də kitabda yer alır. Onların Cənubi Azərbaycanda ilk peşəkar aktyor kadrlarının hazırlanmasına, teatr dəstələrinin yaradılmasına, xüsusi teatr binalarının tikilməsinə köməklikləri də elmi baxımdan təsdiq edilir. 1909-cu ildə Sidqi Ruhulla və Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Xəyalat", Molyerin "Zorən təbib", Mirzə Fətəli Axundovun "Hacı Qara", Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediya və operasının Azərbaycan dilində xalqa təqdimi və mədəniyyətimizə təsiri də geniş araşdırılır.

Kitabın III-IV fəsillərində Təbrizdə fəaliyyət göstərən "Cəmiyyəti xeyriyyə", "Firdovsi", "Təbriz", "Arin" və s. teatr dəstələrinin rolu, onlara Şimal Azərbaycan teatr mədəniyyətinin təsiri ilə "Şiri Xurşid" səhnəsinə göstərilən tamaşaların təqdimatı, Şimali və Cənubi Azərbaycan mədəni əlaqələri təhlil edilir. Burada formalaşan "Azərbaycan cəmiyyəti"nin fəaliyyəti, Təbriz Azərbaycan Dövlət Dram Teatrının yaranması, onun fəaliyyəti kimi məsələlər yeni elmi faktlar ortaya çıxarır.

Müəllif təkcə o dövr teatr sənətinin Şimal və Cənub Azərbaycanda qarşılıqlı inkişafını tədqiq etməmiş, eyni zamanda, Mirzə Bağır Hacızadənin Bakıda aktyorluq fəaliyyətinə başlamaqla 1928-1931-ci illərdə Təbrizdə "Şiri Xurşid" səhnəsində "Şeyx Sənan" faciəsində Şeyx Sənan rolunun ifası faktlarını da ortaya çıxarmışdır. Bununla bərabər, o, Rza Vaizzadənin Təbriz teatrının tərəqqisi üçün Azərbaycan dilində yazdığı "Cəhalət qurbanı" pyesində öz mühitində olan çatışmazlıqları qamçılaması, həmin pyesin tamaşasında Molla Zülfəli rolunu ifa etməsi, Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərlərinin tamaşalarında Mir Seyfəddin Kirmanşahlının İsgəndər, Heydər bəy rollarını böyük ustalıqla ifa etməsi faktları da arxiv sənədləri ilə təsdiq edilmişdir.

Monoqrafiyada bu faktlarla yanaşı, Abdulla Abdullazadə Fərivər, Cavad Şəfizadə, Böyük Məhəmmədi, İrəc Əhmədzadə, Hilal Nasiri və b. sənətkarların aktyor və rejissor sənətindəki yerləri, Təbriz Azərbaycan Dövlət Dram Teatrındakı fəaliyyətləri, Böyükxan Naxçıvanskinin təşəbbüsü ilə teatr tamaşalarında iştirakları geniş təhlil olunub. Bütün bu faktlar müəllifin öz tədqiqatçılıq bacarığının bariz nümunələri olmaqla, qədim teatr sənətinə gətirdiyi elmi yeniliklərdir ki, bu əsər gələcək tədqiqatçılar üçün əsl mənbə ola bilər.

Monoqrafiyanın V-VI fəsillərində Böyükxan Naxçıvanskinin Təbriz teatrındakı fəaliyyətini də geniş araşdıran Əli Qəhrəmanov ilk dəfə Böyükxanın uşaqlığı, təhsili, dəftərxana xidmətçisi, polis şöbəsinin pristavı kimi vəzifələrdə işləməsi, xalqın dərd-sərinə yanması, onlara hərtərəfli köməklik göstərməsi kimi məsələlər də geniş təqdim olunub.

Böyükxanın Naxçıvan teatrının inkişafındakı rolu, 1901-ci ildən aktyor, 1904-cü ildən 1915-ci ilin avqust ayınadək Naxçıvanda hazırlanan tamaşalarda bir aktyor və rejissor kimi fəaliyyəti, teatr tamaşalarında fəal iştirakı, tamaşaların təşkilinə köməkliyi və digər fəaliyyət nümunələri monoqrafiyada faktlarla sübut edilir. 1914-cü ildə onun "Dağılan tifaq" faciəsində Nəcəf bəy, "Kərbəlayı Güzəməli" məzhəkəsində Molla Qara rolunu ifa etməsi, "Ağa Məhəmməd şah Qacar", "Cəhalət", "Mən ölmüşəm", "Leyli və Məcnun", "O olmasın, bu olsun" və başqa əsərlərin onun yaxından iştirakı ilə tamaşaya qoyulması, Naxçıvanda tamaşaya qoyulan 21 əsərin rejissoru olması, 9 tamaşada obraz yaratması yeni elmi faktlar kimi dəyərləndirilə bilər.

Böyükxan Naxçıvanskinin Təbrizdə yaşadığı illərdə müxtəlif teatr cəmiyyətlərində fəaliyyəti, tamaşalara rejissorluq etdiyi, ömrünün axırınadək öz təşəbbüsü ilə yaradılan "Arin Teatr Cəmiyyəti"ndə tamaşaya qoyulan əsərlər onun quruluşunda həyat üzü görməsi və digər məsələlərdə geniş təhlil olunur. Onun 1923-cü ildən 1940-cı ilə qədər həmin cəmiyyətdə 45 əsərə verdiyi quruluşların üzə çıxarılması, müəllifi olduğu "Hacıoğlu Yağbəstili" əsərinin 1943-cü ildə "İran" teatr dəstəsində Məhəmmədəli Rəşdinin quruluşunda tamaşaya qoyulması kimi faktlarda Azərbaycan teatr sənətinə gətirilən yeni elmi faktlardır. Qeyd edək ki, monoqrafiyada Böyükxanın rejissorluğu ilə tamaşaya qoyulan əsərlər, əsərlərin müəllifi, oynanıldığı tarix, məsul icraçı qrafik şəklində oxuculara təqdim edilir ki, bu da müəllifin tədqiqatçılıq peşəkarlığının bariz nümunəsidir.

Əli Qəhrəmanov nəşrə təqdim etdiyi bu monoqrafiyada daha bir tarixi gerçəkliyi ortaya qoyur. Monoqrafiyanın "Təbriz teatrının görkəmli dramaturq və sənətkarları" adlanan VII fəslində müəllif Cabbar Baxçaban, onun Qafqazda nəşr edilən türkcə dərgi və məcmuələrdə, o cümlədən, Tiflisdə, Bakıda, İrəvanda nəşr olunan "Tartan-partan", "Zənbur", "Kəlniyyət", "Məzəli", "Babayi Əmir", "Bəhlul", "Rəncbər", "Zəngi", "Qızıl Şəfəq" kimi dərgi və qəzetlərdə satirik şeirlər və ictimai-siyasi mövzuda məqalələrlə çıxışları geniş yer alır. Onun uşaqların haqları üçün, xüsusilə "Lallar və karlar"ın təlim-tərbiyəsi yolunda çalışması, ilk dəfə olaraq İranda "Dilsizlər və sağırlar" məktəbinin təməlini qoyması, şagirdlərin iştirakı ilə tamaşalar hazırlaması, tamaşalardan toplanılan vəsaitin yoxsul şagirdlərin mənfəətinə xərclənməsi, bu amal uğrunda mübarizəsi faktlarla öz təsdiqini tapır.

Bu fəsildə eyni zamanda, Mirzə Ağa Təbrizi, Mirzə ƏbdürrəhimTalıbov, Rza Quluzadə Şərqinin də həyatı, yaradıcılığı və onların yazdıqları əsərlərdə Şərq ictimai-siyasi problemlərinə dair fikirlər öz əksini tapır. Burada bu müəlliflərin, xeyirxah əməllərinin təbliği, bir dramaturq, aktyor kimi Təbriz teatrının inkişafı üçün fədakarlıqları, hazırlanan tamaşaların mükəmməlliyi, vətənə xidməti özlərinin müqəddəs vəzifəsi hesab etmələri kimi məsələlər də öz əksini tapıb.

Bütün bunların davamı kimi həmin fəsildə Mehdixan Şərifzadə, Məhəmmədəli Rəşdi, Abbasəli Əsədi, Ələsgər Rizvan, Mirzə Bağır Hacızadə, Rza Vaizzadə, Mir Seyfəddin Kir-manşahlı, Abdulla Abdullazadə Fərivər, Cavad Şəfizadə, Böyük Məhəmmədi, İrəc Əhmədzadə və Hilal Nasiri kimi görkəmli sənətkarların yaradıcılığı da öz geniş işıqlandırılıb. Göstərilən müəlliflərin aktyorluq və rejissorluq sənəti sahəsindəki fəaliyyətləri və milli təəssübkeşliklərinə dair tarixi faktlardan da monoqrafiyada ətraflı bəhs edilir. Bunların hər birinin Böyükxan Naxçıvanski ilə münasibəti və vətəndaşlıq mövqeləri də faktlarla əsaslandırılır. Monoqrafiyada onların hansı tamaşalarda hansı rolları oynaması, millətin qəflətdən oyanması üçün hansı əsərlərə müraciətlərinə də aydınlıq gətirilir. Xüsusi olaraq onların dramatik rollarda, realist səpkili psixoloji obrazlarda inamla çıxışları, ifadə vasitələrinin sadəliyi, təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə xalq arasında böyük hörmət qazanma faktları geniş təhlil edilir. Bu aktyorların oynadığı tamaşaların quruluşçu rejissorları, əsasən də bu prosesdə Böyükxan Naxçıvanskinin quruluş verdiyi əsərlərin ideya mahiyyəti, muğam ifaçılığına uyğun gələn ürəyəyatımlı səslərin və güclü yumor bacarıqlı aktyorların uyğun əsərlərdə düzgün mövqedən ifaçılığı kimi amillər də faktlarla əsaslandırılır. Bu fəsildə yer alan rejissor və aktyorlardakı milli təəssübkeşlik, milli düşüncənin təhlili də monoqrafiyada geniş yer alır. Burada onların məktəblərdə şagirdlərdən ibarət həvəskar dəstələr yaratması və məktəbdə tamaşa göstərmək üçün səhnənin tikilməsinə təşəbbüs göstərmələri, bu fəaliyyət nəticəsində həmin həvəskar dəstələrin göstərdiyi tamaşalardan əldə olunan vəsaitin yoxsul şagirdlərin xeyrinə sərf olunması faktları da mənbələr əsasında, bəzən isə o dövrün fotoşəkilləri ilə tam olaraq təsdiq edilmişdir.

Bütün bu tarixi mədəniyyət nümunələrinin tədqiqi, 1912-ci ildən 1948-ci illərə qədər oynanılan əsərlərdən, arxiv sənədlərindən toplanan fotoşəkillər və digər faktlar isə, milli teatr tarixi ilə yanaşı, onun Təbriz teatrı ilə mədəni və milli bağlantılarının Azərbaycan teatr tarixi üçün xüsusi elmi əhəmiyyət daşıyan məsələlərdəndir. Sözügedən maraqlı faktlar, yeni fotoşəkillər, XIX-XX əsr Azərbaycan teatr mədəniyyətinin ümum Şərq mədəniyyətində hansı yeri tutduğunu tam olaraq sübut edir. Bu elmi nəticələri, geniş və əhatəli tədqiqatı nəzərə alaraq müəllifə möhkəm can sağlığı və gələcək elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.

 

Firudin RZAYEV

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.21.