İmadəddin Nəsimi məqamının bu günü   

 

Və Ya Hələbin Baş İnşaat Mühəndisi Əbdülrəhman Əl-Jasserin Məqaləsinin İzi İlə

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin söz dühalarımızdan İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 15 noyabr 2018-ci il və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamları, təbii olaraq, zəngin poeziyası və faciəvi həyat sonluğu ilə yaddaşlarda iz salmış İmadəddin Nəsiminin əbədiyyətə qovuşduğu, ədalətsiz müharibənin od-alovları içərisində olan Suriya torpaqlarındakı, Hələb şəhərindəki məqamının mövcud vəziyyəti ilə bağlı düşüncələrə də işıq salmaq zərurəti yaradır.

 

Bəs bütün dövrlər üçün “mülki-cahan”, “həqqə məkan”, “şərhü bəyan” Nəsimimiz, beləcə “cahanə”, “kövnü məkana” sığmaz şairimizin indi Hələbdəki məqamı necədir?

Bu sual və ona müxtəlif cavablar yubiley təntənəsinə qədər də - 2011-ci ildə Suriyada müharibə başlayandan gündəmdəydi. Dünya virtuallaşıb. İnformasiyalar sərhəd tanımır. Bizim mediada çoxluq qərib şairimizin məqamının müharibəyə, döyüşlərə sinə gərməsini arzulayıb, bu məzmunda məlumatları yaysa da, həqiqət və dəqiq informasiya məqsədli media bunun əksini bildirirdi. Hələbdə olanlar, orada Nəsiminin məqamının yerləşdiyi ərazini tanıyanlar, əlbəttə ki, məsələyə “həqqi əyan” ağlı ilə qiymət verirdilər. Çünki döyüşlər Hələbin əsas ana yolunun üstündə gedirdisə və daha təsirlisi, Qaladan şəhərə, yaxud şəhərdən Hələbin Türkiyə - Kilis qapısına doğru olan səmti terrorçular tutmuşdularsa, burada ən gözəl, görünən bir nöqtədə yerləşən İmadəddin Nəsimi məqamı necə zərər görməyə bilərdi?

Hələbdə ünümüz çatan, “o tərəflərə”- Mədinə bazarına, Zəkəriyyə peyğəmbər məscidinə və sairə həsrət qalmiş, o tarixi yerlərin gülləbaran edildiyini yaxşı bilən insanlar da bunu şifahi bildirirdilər. Lakin Hələbdən bir yazı əhli, bir səlahiyyət sahibi bu haqda məlumat vermirdi.

Təxminən iki il əvvəl həmin ərazi milləti, dili, rəngi belə yad-gəlmə olan işğalçılardan təmizləndi. Dağıdılmış tarixi abidələr və bütünlükdə mədəniyyət şəhəri Hələb bərpa olunmağa başladı. Bu zaman ara-sıra sosial şəbəkədə - facebookda Azərbaycan şairi Nəsiminin də təkyəsinin zərər çəkdiyi qeyd olundu. Bu qeydlərin ardınca da nəsimişünaslığa iddialı şəxslərin əsassız təkzibləri, onlara inanan bəzi saytların fakta söykənməyən yanlış məlumat yaymaları müşahidə edildi. Heç kim özünə və bunu yayanlara sual vermədi ki, “gedib gözünlə görmüsən?”

Əlbəttə, ölkəmizdə həqiqət şairi İmadəddin Nəsiminin 650 illik yubileyi tədbirləri istiqamətində şairi uyuduğu torpaqda ziyarət etmək ən mühüm işlərdən biri olardı. Bu mümkün olmadıqda məzarı ilə maraqlanmağın, hardasa onun “yaralarına” məlhəm olmağa çalışmağın bir yolu kimi mən neçə aylar ərəb dilli, xüsusilə də Suriya mətbuatını izlədim. Məqam və vəziyyətinə aid dəqiq-dürüst rəsmi məlumat olmasa da internet mediasında Nəsiminin ərəb dünyasının yaddaşında bu gün də yaşadığını təsdiqləyən düşüncələrin ifadə olunduğu, məsələn, “Nəsiminin türbəsi əcnəbilər və yoxsullar üçün bir sığınacaqdır” (كية ضريح "النسيمي" ملجأ الغرباء والفقراء), “İyirminci əsrin əvvəlləri Hələb qalası kəsişməsində Nəsiminin məzarı ”(ضريح ­النسيمي دوار قلعة حلب مطلع القرن العشرين), “Əli Emad Əddin əl Nəsimi” (علي عماد الدين النسيمي—), “İmadəddin əl Nəsimi. Şair və üç mədəniyyət” (“عماد الدین نسیمي.. شاعر وثلاث حضارات), “Hələbdə bir şair .... yaşayır!” (شاعر يُسلخ في حلب.. حياً!), «Şairlərin şerlərindən seçmələr: Imad əl din əl Nəsimi (1369-1418)(عبارات من قصائد الشاعر الفيلسوف عماد الدين النسيمي1369-1418)” , “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi İli (2019.. عام الشاعر الأذري عماد الدين نسيمي)” , “Nəsimi əl Bağdadi – ilahi sevginin şəhidi”( نسيمي البغدادي شهيد العشق الالهي), “Nəsimi kimdir? ­(İmadəd­din Seyyid Nəsimi) şeirləri və əsərləri...”, habelə Hələbdə və ümumiyyətlə ərəb ədəbiyyatı və elmi sahəsində İmadəddin Nəsimi adı gələndə ilk yada düşən müəllif Əbdülfəttah Rəvvas Qələçinin (daha dəqiq desək, Qalaji) Nəsimiyə həsr olunmuş “Şair İmadəddin Nəsimi” kitabı haqqında ərəb alimi Feysal Kratçın “Şer sənətinin emosionallıq və ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi şeirlərindəki unikallıq arasındakı harmoniya. Şair Nasimi insan ve sehrindən heyrətləndi” yazısı kimi ondan çox məqalə ilə qarşılaşdım. Bu yazılar haqqında “Respublika” qəzetinin 10-18 avqust tarixli saylarında “Nəsimi və Nəsimi İlinin çağdaş ərəb dilli tədqiqatlarda əks-sədası”na həsr olunmuş 3 səhifəlik tədqiqatım, həmçinin “Ədəbiyyat qəzeti”ndə (24 avqust 2019) “Suriya alimi Əbdulfəttah Rəvvas Qələçi və İmadəddin Nəsimi irsi” adlı məqaləm çap edildi.

İmadəddin Nəsiminin çağdaş ərəbdilli mənbələrinin yazarlarını, xüsusən də dahi şairin ərəb dünyasında ən məşhur tədqiqatçısı Əbdülfəttah Rəvvas Qələçini indi bütün dünyanın bir böyük mağar kimi toplandığı Facebook sosial şəbəkəsində axtararkən bir sıra Suriya-Hələb ziyalıları, o şəhərin rəsmi qurumları, o cümlədən, Hələb şəhərinin baş inşaat mühəndisi - bu şəhərin bir çox qəsəbələrinin, tikililərinin qurucusu, hazırda Səudiyyə Ərəbstanında, Ər Riyad şəhərində layihə rəhbəri olaraq çalışan Əbdülrəhman əl-Jasserlə yazışmalar apardım. O mənə imkan daxilində Söz dahimiz İmadəddin Nəsiminin məqamını ziyarət edib, onun bugünki vəziyyəti haqqında məlumat verəcəyinə, məni 81 yaşlı, Suriyada müharibə başlarkən, alovlar evini əhatələyərkən vətəni tərk etməmiş, bütün ərəbdili Nəsimi tədqiqatçılarından üstün hesab etdiyi Əbdülfəttah Rəvvas Qələçi ilə əlaqələndirəcəyinə söz verdi. Əbdülrəhman əl-Jasserlə öz səhifəsində minlərlə insanın diqqət ayırdığı Hələb tarixi abidələrindən, mədəniyyət mərkəzlərindən fotolar, məlumatlar paylaşdıqca ara-sıra rəylərimlə onun yadına mənə vermiş olduğu vədi xatırladırdım. Bir paylaşmasındakı fotonun altında “Avropada yollar Romaya, Hələbdə şeirə aparır”- yazmış Əbdülrəhman əl-Jasserə mən “Hələbdə şeir də Nəsimiyə aparır...” rəyimi ünvanladıqda, o, “fotolarının Nəsimi məqamından 5000 metr irəliyə aid olduğunu, oralarda müharibənin yaratdığı dağıntılar səbəbindən o tərəfə getməyin çox çətinləşdiyini və “təəssüf ki, “Nəsiminin məqamı da zərər çəkib” cavabını yazdı. Ancaq bu istəyimi yerinə yetirəcəyinə təkrar söz verdi.

Nəhayət, mənim, ərəb dilini bilməyə-bilməyə, çətinliklə google tərcümə sistemi vasitəsi ilə Əbdülrəhman əl-Jasserlə yazışmalarım nəticə verdi və Hələbin tanınmış ziyalılarından olan, şəhərin baş inşaat mühəndisi mənə bu gün minlərlə izləyicinin maraqla oxuduğu “Təsəvvüf şairi İmadəddin Nəsimi” (الشاعر الصوفي عماد الدين النسيمي) məqaləsini yolladı.

Məqaləni təqdim etməzdən öncə Əbdülrəhman əl-Jasserin yazısındakı Nəsimi məqamı və əsərinə müraciət etmiş olduğu ərəb alim və yazıçısı Əbdülfəttah Rəvvas Qələçi haqqında lakonik şərhimi diqqətə çatdırmaq istəyirəm.

Əvvəlcə Əbdülfəttah Rəvvas Qələçi haqqında. O, 1938-ci ildə Hələbdə doğulub, orada ilk təhsılini alıb, Dəməşqdə universitet bitirib, uzun müddət Sənət Universitetində dərs deyib, Ərəb Yazıçılar Biriyinin üzvü, Suriyanın tanınmış alim- yazıçılarındandır. Onun “İslam estetikasına giriş”, “Hələb - dünən və bu gün”, “Sirli teatr”, “Canlı operetta” elmi əsərləri, həmçinin “Quşların uçuşu” romanı, “Dəlilik fantaziyası” “Ayaqqabı təmirçisi”, “Turist və qatar", "Gözəl ana" kimi çox sayda pyesləri və başqa əllidən çox əsəri sırasında Azərbaycan mühacir mütəfəkkirləri haqqında – “İmadəddin əl-Nəsimi”, “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri”, “Rumiyə gedən yol” (pyeslər), “Əl-Sührəvərdi - hikmət sahibi” kitabları xüsusilə seçilir (http://altibrah.ae/author/2395 ).

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Əbdülfəttah Rəvvas Qələçi facebook səhifəsində “Rumiyə gedən yol” kitabındakı, Nəsimiyə həsr olunmuş pyes haqqında bunları yazıb: “Birinci pyes - yolu görən (Rumiyə gedən yol nəzərdə tutulur) sufi şair, hicri 820-ci, miladi 1417-ci ildə Məmlüklərin hakimiyyəti zamanı diri-diri soyulmuş, sonra parça-parça edilib səpələnmiş Nəsiminin məzarı Hələbdə, Qalanın önündədir. Onun ölümünün dəhşəti bu gün Suriyada insanların gözü qarşısında cərəyan edən zorakılıqlara, - ölümlərə, alçaldılmalara bənzəyir” (https://www.facebook.com/536434216413989/photos/a.536910109699733/615532368504173/?type=3&theaterه).

Azərbaycan elmi ictimaiyyətinə görkəmli ərəb alimi Əbdulfattah Rəvvas Qələçi haqqında ilk dəfə akademik Bəkir Nəbiyev məlumat vermişdir. B.Nəbiyev bu məqalənin müəllifinin 2005-ci ildə Nəsimi sevgisi ilə yaratdığı “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin mətbu orqanı “Cahan+” qəzetinə “Nəsimi kəlamının işığında” (“Cahan+” qəzeti, 11 dekabr 2009-cu il) məqaləsini təqdim etmiş və bu məqalədə şairi ərəb dünyasında əbədiləşdirən Qələci və kitabı haqqında məlumat vermişdi. 2009-cu ildə isə həmin məqaləni bir qədər genişləndirməklə “Nəsimi kəlamının işığında” adlı kitab çap etdirmişdi.

Bu kitab, fəlsəfə doktoru Səadət Şıxıyevanın bildirdiyinə görə, ölkəmizdə yalnız ondadır. Əlbəttə, yaxşı olardı ki, 2 ilə yaxın bir müddətdə Nəsimi “tədbirləri” sırasında bu qiymətli əsər haqqında - kitabdakı şərh və təhlillərin mənbəyi, yeniliklər  barədə ölkə ədəbi və elmi ictimaiyyətinə məlumat veriləydi. Ümid etmək istərdik ki, “Nəsimi ili” yekunlaşana qədər kitabın dilimizə tərcümə edilməsi reallaşar və biz bu qiymətli əsərlə tanış olarıq. Təəssüf ki, Qələçinin bu kitabının üz qabığı internet səhifələrində oxunmaz hadadır. Cildin iç səhifəsi isə akademik Bəkir Nəbiyevin “Nəsimi kəlamının işığında” kitabında verilib və biz burada onu təqdim edirik.

İkincisi, xüsusilə qeyd etmək istərdim ki, Əbdülrəhman əl-Jasserin çəkdiyi şəkillər mənim ərəbdilli çağdaş tədqiqatlarda Nəsimi irsinin təhliləri mövzusunu araşdırarkən və eləcə də hələbli insanlardan Nəsimi məqamı fotolarını istəyərkən əldə etdiyim şəkillərin, demək olar ki, çoxundan fərqli və yenidirlər. Həmçinin peşəkar mütəxəssis olan Əbdülrəhman əl-Jasser onların elmi şərhini həm Ərəb Ensiklopediyasına, həm də Əbdülfəttah Rəvvas Qələçi tədqiqatlarına əsaslanmaqla müfəssəl və dolğun şəkildə verərək ərəb memarlığının müharibədə nə qədər sarsılmış olsa da, öz tarixi gözəlliyini qoruduğunu nümayiş etdirir.

Bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, Əbdülrəhman əl-Jasserlə bir neçə ay davam edən yazışmalarımızın son nəticəsi - bu məqalənin ərsəyə gəldiyi gün mən ona “Hələbdə düşmənlərin dağıtdığı Zəkəriyyə peyğəmbərin məscidində, Nəsiminin “təkyəsi”ndə bərpa işlərinin” getdiyini bildirdikdə, o mənim məlumatımın bir az yanlış olduğunu dedi və əlavə etdi ki, “Həzrət Zəkəriyyə və Böyük Ümeyya” məscidlərinin bərpasına başlanıb, İmadəddin Nəsiminin məqamına gəlincə, hələlik bu, görünmür, yəqin ki, ona da növbə çatacaqdır”. Bu məlumat, təbii ki, YUNESKO tərəfindən qəbul edilmiş qərarın, Nəsiminin 650 illik yubileyinin bütün dünyada əks-səda doğurmasının təntənəsini yaşayan bir azərbaycanlı olaraq məni həm kövrəltdi, həm düşündürdü. Həmsöhbətim elə bil ürəyimi oxuyubmuş kimi “Azərbaycan bərpa işlərini öz üzərinə götürəcəkmi?( هل سوف ترمم آذربيجان جامع النسيمي ؟)” - sualını verdi. Cavabım “Bu haqda heç bir məlumatım yoxdur”, - oldu. Amma Əbdülrəhman əl-Jasserin bu bir cümləlik sualından sonra vacib işi çıxması ilə bağlı söhbətə ara verməsi fikrimi yarım əsr əvvəllərə gedib çıxan Suriya-Azərbaycan əlaqələrinə, xalqımızın Ulu öndəri Heydər Əliyevin Suriyaya səfəri zamanı Nəsimi məqamını ziyarət etməsi, bu məqamın abadlaşdırılması kimi müsbət ruhlu hadisələrə apardı. Azərbaycanla Suriya arasındakı əlaqələrin tarixi İpək yolu üzərindən başlayıb. Bu əlaqələrdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həmin ölkəyə 1972-ci ildə rəsmi səfər etməsi, Suriya Ərəb Respublikasının prezidenti Hafiz Əsədlə görüşləri möhkəm bünövrə olub. Həmçinin Hafiz Əsəd 1984-cü ildə SSRİ-yə səfəri zamanı Azərbaycana gəlmiş, əlaqələr daha da güclənmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Suriya ilə əlaqələr 1992-ci ilin 28 mart tarixindən başlayır. 11 aprel 1997-ci ildən isə iki ölkə arasında əməkdaşlıq yüksək rəsmi səviyyə qazanır. Bundan sonra Ulu öndər Heydər Əliyev Dəməşq şəhərində Azərbaycan səfirliyinin açılması haqqında qərar qəbul edir. Həmin ilin 9 dekabr tarixində Tehranda 8-ci İslam Sammitində Heydər Əliyevlə Hafiz Əsədin görüşləri olmuş, Azərbaycan prezidenti Suriya liderinə davam edən Dağlıq Qarabağ münaqişəsi, bu istiqamətdə atılan addımlar haqqında məlumat vermişdi.

2008-ci il may ayının 16-da Dəməşq şəhərində Azərbaycan səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin güclənməsində həlledici addıma çevrilmişdi. Suriyanın hazırkı prezidenti Bəşər Əsəd 2009-cu ildə Azərbaycana rəsmi səfərə gəlmiş, ölkəmizin rəhbərliyilə görüşmüş, hökumətlər arasında müxtəlif sahələri əhatə edən 14 bənddən ibarət Saziş imzalanmışdı.

Bu istiqamətdə mədəniyyət əlaqələri də əsaslı yer tuturdu. Belə ki, 2009-cu ilin 17-20 noyabr tarixində Suriyanın Hələb şəhərində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirilmiş, Nəsiminin bu şəhərdə olan məzarının restavrasiyası və həmin ərazinin yenidən qurulması haqqında ümumi razılaşma qəbul edilmişdi.

Bu haqda Azərbaycan mətbuatı, eləcə də ərəb rəsmi mediası geniş yazılar vermişdi. Azərbaycanın Suriyada səfiri olmuş Mahir Əliyevin modern.az saytına verdiyi “Azərbaycanın Suriyadakı ilk səfiri: “Suriya müftisi Nəsiminin qətlinə görə xalqımızdan üzr istədi müsahibədə də ciddi məlumatlar vardır. Səfir müxbirin “Bəs qəbrin yenidən bərpasının mümkünlüyü barədə hansı nəticə hasil olundu? - sualını cavablandırarkən deyir: “Qədim şəhər qoruğunun rəisi ilə danışdıq və o, orada daşı daş üstünə qoymaq ixtiyarlarının olmadığını bildirdi. “Bunun üçün mütləq YUNESKO ilə razılığa gəlinməlidir” dedi. Çünki qəbirin yerləşdiyi ərazi YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı. Bu zaman biz təkliflərimizi bildirdik. Çəkdiyimiz şəkilləri Bakıya göndərdik. Biz şəkillərdə hər yeri ayrı-ayrılıqda dəqiqliyinə qədər təsvir etmişdik... Yerli - suriyalı arxitektorlar məsələni öz aralarında müzakirə etdilər. Təxminən belə bir plan cızıldı. Məqbərəni dəyişdirmək olar, ancaq çox hündürə qaldırmaq olmaz. Çünki məqbərənin YUNESKO tərəfindən qəbul edilmiş ölçüləri var. Memarlıq abidələrini ortaya incəsənət əsərləri kimi çıxartmaq olmaz. Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev administrativ qrupun rəhbəri idi. Bir az keçəndən sonra cənab Prezidentin məsələ ilə bağlı sərəncam imzaladığı və qəbrin bərpası üçün maliyyə vəsaiti ayrıldığı xəbəri verildi” ( https://modern.az/az/news/198722 ).

Əbdülrəhman əl-Jasserlə sonrakı danışıqlarımızda mən ona İmadəddin Nəsimi məqamını Azərbaycanın bərpa etməsi məsələsini məqaləsində vurğulamasını təklif etdim. Ancaq məsələnin siyasi mahiyyətini nəzərə alıb, dərhal geri şəkildim. Ortaq qərarımız belə oldu ki, “biz siyasətə” qarışmayaq...

İndi, Suriya ərəb Respublikasında müharibə alovlarının hələ də səngimədiyi, təbii olaraq, ölkənin iqtisadi vəziyyətinin ağır olduğuğu bir vaxtda səfir Mahir Əliyevin vurğuladığı fikirlər - “...Qəbirin yerləşdiyi ərazi YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı”- çox aktual səslənir.

Fikrimizcə, YUNESKO, eləcə də milli-mənəvi dəyərlərimizə, xalqımızın yetirdiyi dahilərə daim xüsusi diqqət ayıran, onların unudulmaması üçün tarixi işlər həyata keçirən Azərbaycan Respublikasının əlaqədar qurumları Suriyada, Hələbdə torpaqlarında uyuyan qərib dahimizin müharibədən zərər çəkmiş məqamının bərpası işləri ilə də bağlı mühüm addımlar ata bilər. Bu İmadəddin Nəsiminin YUNESKO xətti ilə qeyd edilən 650 illik yubileyinə ən layiqli töhfələrdən olardı.

Beləliklə, söz dahimiz İmadəddin Nəsimi məqamının bu günündən bəhs edən “Təsəvvüf şairi İmadəddin Nəsimi” məqaləsini və şairin müharibədən zərər görmüş məqbərəsinin hazırkı vəziyyətini əks etdirən şəkilləri təqdim edirəm. 

Əbdülrəhman ƏL-JASSER

Təsəvvüf şairi İmad əd-din ən-Nəsimi

2019-cu ilin iyul ayında Hələb Qalasının dairəsinin qarşısındakı köhnə pasport binasından başlamaqla iki döngəni keçdim. Son müharibənin dağıtdığı əl-Zəravi məktəbi və Sultan hamamına doğru, sola döndüm. Məqamı, məzarı görmək üçün bir neçə addım da davam etdim və İmad əd-din ən-Nəsimi məqamının, demək olar ki, məhv edildiyini görüb təəccübləndim. Binadan onun bünövrəsi, arxasındakı dalan qapısı, bir bağça və dağıntılar altından görünən , sənədləşdirdiyim sarı daş parçası qalıb.

İmad əd-din ən-Nəsimi kimdir?

* O, azərbaycanlı və ya türkmən sufi şairi və mütfəkkiridir.

* Türk və fars dillərində şeirləri vardır.

* Məktəb kimi məşhur olan Fadlallah Naimi Astarabadi doktrinasının davamçısı olduğu deyilir.

* Nəsimi 1370-ci ildə Şamaxıda və ya Bağdadın ətəklərində meh-nəsim kimi doğuldu.

* Ölüm yeri - Hələb, 1417.

* Ölümün səbəbi: qətl. Küfr və bidətdə günahlandırıldıqdan sonra Hələb qalasının ətrafında edam edildi.

* Şeirlərinin dilləri: Standard ərəb, Azərbaycan və fars.

* Məqbərənin yeri: Qala tərəfdən Farafranın girişində.

* Nəsimi şair kimi insandan və sözün cazibəsindən ilhamlandı.

Nəsimi Türkiyə və İranın da böyük şairlərindən sayılır.

Zaviyə əl-Nəsimi sufi icmasının bir çox qəbirlərini özündə cəmləşdirən və İmad əd-din ən-Nəsiminin qalıqlarına basdırılmış bir məscid idi.

1504-cü ildə Sultan (Qansuh əl-Ghuri) tərəfindən təmir edilmiş, Osmanlı dönəmində qubernator (Mustafa Paşa) 1821-ci ildə onu yeniləmiş və həyat yoldaşını bu məsciddə basdırmışdı.

Nəsimianin məqamı Hələb şəhərində əhəmiyyətli bir rol oynadı və təkyə kimi qəbul edildi. Bu məqam Nəsimini rəhbər götürənlərin hamısını gördü, yoxsullara, yoldan keçənlərə qucaq açdı, onları yedizdirdi, geyindirdi...

***

Bunlar sizin üçün bir neçə mənbədən cəmləşdirdiyim yazıların başlıqlarıdır və mistik şair, filosof Nəsiminin həyatı haqqında daha çox məlumat əldə etmək istəyənlər yazıçı və tədqiqatçı Hələbli Əbdülfəttah Rəvas Qələcinin “İmad əd-din Nəsimi” adlı kitabına müraciət edə bilərlər.

***

Əbdülfəttah Qələci bu əsərində ən-Nəsiminin hicri 771/1370-ci ildə Şamaxı şəhərində doğulduğunu və buna görə Şirvani adlandırıldığını yazmışdır. O, şairin poeziya və fəlsəfi görüşlərini, Hələbdə yaşadığı dövrü araşdırmış, təsəvvüf fəlsəfəsi ilə din arasında çarpışan və "faciəli sona" çatan şairin orijinal Azərbaycan dilində tam bir külliyatı – nəhəng Divanı olduğunu göstərmişdir. 

O bir kosmik Şairdir 

Ən-Nəsimi türbəsi Zaviyət ən-Nəsimi kimi tanınan bir dalanda, Hələbdəki əl-Farara məhəlləsində, qəbristanlıq tərəfə və şimalda, “Hammam əl-Sultan” yaxınlığında, İsmaili məktəbinin qərbində yerləşir.

* Bir təhlil və şərhə görə, o, dünyanın dahi şairi yüksəkliyinə qalxan, bizi şeirin sehrinə aparan, öz dünyası olan insandır. Öz əqidəsinə sadiqdir. Azadlığı və ən ali məqsədi uğrunda mübarizə aparır. Həyatın dəyərinin həqiqət olduğunu deyir:

"İnsanın siması həqiqətdir. Bu, insanı dərk etməyə imkan verən cəhətdir". Beləliklə, insan - gücün özü, yolu və sonu, aşiq və pərəstişkar odur. Sultan, hakim, gözəllik, heyran, eşq, aşiq bir varlıqda birləşib".

Onun poeziyasında iki aspekt diqqəti cəlb edir: emosionallıq və ruhi həyəcan, bunların harmoniyası bu şeiriyyətin unikal sirli nəğməsidir. İmad əd-din Nəsimi fəlsəfə, astronomiya, məntiq, riyaziyyat və təbiət elmləri üzrə kamilləşmişdi. Ərəbcə, farsca dili axıcı idi. Üç dildə yazmış və ədəbi yaradıcılıqda öz dili olaraq Azəricə yazmağı bacarmış, minlərlə beytlik əsərlər yaratmışdır. Nəsiminin fars dilində olan divanı təxminən beş min beytdir. Ərəbçə şeirləri cüzidir. Ola bilər ki, itmiş və ya dağılmışdır”.

Köç və işgəncə

Ən-Nəsimi Hürufiliyi qəbul edin və onun əsas simalarından biri olun. Buna görə də Təbriz və Bağdada gedərək orada bir müddət qalıb. O, öz müəllimi – “gözlərini dünyaya açan” Fadlallah ən-Nəiminin qızı ilə evlənib. Bakını 1396-cı ildə müəllimi Nəiminin ölümündən sonra tərk edib. Ona hörmət edən Rum diyarının şairləri Nəsiminin ətrafında toplaşıblar və ilahi şeirlərinin, nitqlərinin cazibəsinə qapılaraq təsəvvüf elmini irəli aparıblar.

Daha sonra o, Təbrizə və Bağdada gedib, bir müddət orada qalıb. “Düşüncələrini yaymağa başladıqda alimlər bunu İslama qarşı bir çıxış kimi qarşılayıb və ona etiraz ediblər. Osmanlı səlahiyyət sahibləri tərəfindən təqib edilib, həbs olunub, işgəncələrə məruz qalıb. Bundan sonra Hələbə doğru yola çıxıb. 1401-ci ildə əmir Teymurun Suriyadan ayrılmasından sonra Hələbə gəlib. Bu onu fərəhləndirib. Mürşid və müridlərlə tanış olub. Düşüncələrini bölüşüb. Şeirlərini oxuyub. Onun azad fikirlərini getdikcə daha geniş meydanlarda paylaşması bəzi dindarlar tərəfindən gündəmə gətirilib, ancaq xəbərdarlqlara rəğmən, çıxışlarını davam etdirib, dinləyicilərini qəbul etməkdən qalmayıb. Şagidlərindən birinin müəlliminin şeirlərini Hələbdəki bir bazarda söylədiyi haqda rəvayət var. O gənc həbs olunub və mühakiməsi zamanı müəlliminin təhlükəsizliyi üçün saçını uzadıb, ölüm cəzasına məhkum edilib. Ancaq Nəsimi öz şeiri ilə dərhal əcəli özünə döndərib və bir qrup elm adamının iştirak etdiyi Ədalət Məclisinə gətirilib. Hələb hakimi Yəsbak əl-Yusufinin qatıldığı və Nəsiminin yalan, ateizm və itaətsizlikdə günahlandırıldığı məhkəmədə hakimlər ölüm cəzasını qəbul etməyiblər.  Sultanın valisi: “Onu öldürtmürəm, Sultanın qərarını gözləyəcəyəm” - deyir.

Qurum hakimlərin fikirlərini əks etdirən qərarı pozan hökm göndərmişdi. Alimlərin Qahirədəki sultana Nəsiminin dərisinin soyulması və cisminin doğranması ilə edamı, nəşinin 7 gün Hələbdə nümayiş etdirilməsi barədə müraciətinə cavab gəlir. Ancaq müxalifləri Nəsimini təqsirləndirmək üçün qanuni bir əsas tapa bilmirlər. Sükut çökür. Nəsimi iki dəfə kəlmeyi-şəhadətini deyir”.

Edam günü 

Həmin gün qeyri-adi bir gün idi. Hər tərəfdən insan seli meydana axışır. Nəsimi son dəfə dərindən nəfəs alır və ecazkar səsi Hələb Qalasının divarlarına hopur. Dünyanın ən məşhur şairi və filosoflarından biri beləcə əbədiyyətə qovuşur.

Humanizm və mistik Şerin Bayrağı

1973-cü ildə YUNESKO və azərbaycanlılar dünya şöhrətli şair və mütəfəkkir İmadəddin Nəsiminin 600 illiyini qeyd etdi.

TƏDQİQATIN MƏNBƏYİ:

Əbdulfəttah Rəvvas Qələçinin kitabı;

Ərəb Vikipediyası;

Hələb Fotolar Muzeyi;

Məqalədən mənim - müəllif Əbdürrəhman əl-Jasserin razılığı ilə istiadə oluna bilər.

Məqalədəki fotolar 2019-cu ilin iyul ayında çəkilmişdir.

Şərhli fotolar Google və Facebookdandır.

 05 sentyabr 2019-cu il.

https://www.facebook.com/abdulrahman.jasser.75/posts/496830767797662

 

 

Xatirə QULİYEVA

Fəlsəfə elmləri doktoru, “Nəsimi” Suriya- Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri

 

525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.16-17.