Vətən qəhrəmanı
Xəzərin qoynunda
Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.
Baharın günəşli günlərində yaşıl köynəyini geymiş, lalə-mərcanını və çiçək mirvarisini taxmış Talış dağları, Xəzəri seyrə gələn gəlinlər kimi heyran-heyran gülümsərlər. Bu dağlar ətəklərini dənizə, durna gözü kimi durulan, gah göl kimi sakit, gah da şəlalə kimi çılğın sulara qədər sallanmışdır. Uşaqlar bu sahildə yalnız üzməyi deyil, həm də təbiəti sevməyi, böyük torpağın, havanın və günəşin ahəngdar yaramış böyük bir nemət kimi insana bağışladığı hisslərdən ləzzət almağı öyrənirlər. Yeddi-səkkiz yaşlı uşaqların istər-istəməz ürəyi tərpənər, içəridən, hansı hisslərdənsə doğub dilə gələn sözlər şirin həyat mahnıları olub, musiqi kimi səslənir:
Lənkəran dağları qoşadır, qoşa,
Ətəyi lalədir, döşü bənövşə
Bir yanı dəryadır, bir yanı meşə...
Bərəkətli Lənkəran torpağında doğulub böyüyən uşaqların biri də Əhəd kişinin oğlu Həzidir. Həzi sahildən, sular və bağlardan doymazdı. Atası evdən çıxanda dönə-dönə tapşırardı:
- Bala,
suyun imanı olmaz, ha! Əbadə-nəbadə çiməndə
uzağa gedəsən! Yoldaşlarından ayrılma!
-
Adamı utandırırlar axı... Onlar getsin, mən
qalım...
Uşağın
cavabı kişini acıqlandırardı:
- Kəs
səsini! İndidən mənə igidlik eləməyinə
bax! Lazım deyil o cür qabağa düşmək! Getmə,
heç çimməyə də qoymuram, otur yerində!
Ana əlini
ağzına qoyub uşağa baxar, "sükut" işarəsi
verərdi: "Adam atasının qabağında dinməz!"
Həzi sahilə buraxılmayacağını
düşünəndə bulud kimi tutular, çəkilib bir
tərəfdə dayanardı. Nuşu, atadan
uşağın vəsatətini edərdi. Bir
saat oynamağına izn aldığını xəbər verəndə
Həzinin çöhrəsi çiçək kimi
açılardı. Uşaq quş kimi atılıb
bayaq həyətdən çıxardı!..
Uşağın əyləncə həvəsi uzun
sürmədi.
Günün birində o da yoldaşları kimi
kitab, dəftər, yazı-pozu həvəsinə
düşdü. Məktəblilərin ağzından
eşitdiyi bu sözləri atasına oxuyub yalvarırdı:
Ay dədə
dur, get, mənə çox şeylər al,
Bir dənə
çanta, bir-iki dəftər al...
O zaman
uşaq oxutmaq valideyn üçün o qədər də asan
iş deyildi. Xüsusilə Əhəd kişi
kimi kasıb bir adamın oğluna məktəb qapıları
bağlı idi. Ancaq Əhəd kişi də
arzu-kam axtaran adam idi. "Var yoxdan çıxsam
da, gərək Həzini oxudam" demişdi. Həzidə oxumağa oynamaqdan da artıq həvəs
göründü. Az bir zamanda o,
Bakı hərbiyyə məktəbində ləyaqətli tələbələrdən
biri oldu.
Silah və
təlim
Cavan sovet respublikasının paytaxtı Bakı Həzi
üçün yeni bir aləm idi. Ümumi bir əzəmət
və gurultu adi bir rayon şəhərindən ilk dəfə
buraya düşən gəncin təsəvvürlərinə
hakim olmuşdu. Ona elə gəlirdi ki,
burada hər şey təzə və qəribədir.
Göyün bir qatına qalxan binaları meşə kimi
sıx görünən mədənləri, süzüb gedən
maşınları, ulduz kimi yerə səpilən
işıqları, küçə, yerə və binalara
sığmayan adamları, pəncərələrdən qalxan
musiqi səslərini, bunların hamısını öyrənmək
lazımdır.
Məktəb həyatı daha maraqlıdır. Bir tərəfdən
şiddətli və rəsmi görünən intizam, o biri tərəfdən
hər tələbənin ehtiyaclarını ödəyən
ailə, ata-ana mehribanlığı...
Həzi təlimdə özünü vuruşan əsgər
kimi göstərirdi. Hər şeydən əvvəl, əlinə
aldığı silahın bütün xüsusiyyətini
araşdırır, onu bir vintinə kimi öyrənməmiş
əl çəkmirdi. Atışma və
ya süngü döyüşünə çıxanda Həzi
cəldliyi və fəndgirliyi ilə hərifin
gözünün odunu alardı, özünü
yığışdırmağa macal verməzdi. Ona
görə də çoxları onunla qabaqlaşmaq istəməzdi:
Onunku məşq deyil, vuruşmaqdır. - deyərlərdi.
Döyüşçülük məharət və hərbi
istedadı sayəsində Həzi qızıl komandirlik məktəbini
əla qiymətlə bitirdi. Təhsilini mükəmməlləşdirmək
üçün Leninqrada getdi. Təhsilini bitirdikdən sonra Həzi
Aslanov Ukrayna və Xarkov hərbi okruğunda işləyirdi. Burada gecə-gündüz təlim keçir,
kiçik komandir vəzifəsində çalışaraq
orduya gəlmiş gəncləri səy ilə öyrədirdi.
İkinci Dünya müharibəsi başlanan
zaman artıq. Həzi yetişmiş və
hissələrdə tanınmış bir komandir idi. 1941-ci ildə Həzi Aslanov artıq Qızıl
Ordunun kapitanı idi.
Qızıl
paytaxt
Hitlerin faşist qoşunları vətənimizə
basqın edən zaman Həzi Aslanov Tarnopolda batalyon komandiri
idi. Düşmən ilə üz-üzə gəldikcə
hitlerçilərə aman vermir,
qırıb-çatırdı. 41-ci ilin
yay və payız günləri ordularımızın və əsgərlərimizin
ağır günləri idi. Qəflətən
üstümüzə basqın edən xain, hiyləgər və
güclü düşmənin arası kəsilməyən zərbələrini
rədd etmək üçün bütün qüvvələr
səfərbərliyə alınmışdı. Qızıl Ordu öz qüvvələrini toplamaq,
vaxt və fürsət qazanmaq üçün geri çəkilən
zamanlar Həzi Aslanov mahir bir komandir kimi öz əsgərlərini
təhlükədən qoruyurdu. "Gülləni
boşa atmayın!" Əsgərlərə
tapşırırdı ki, hər güllə azı bir
faşisti yıxmalıdır.
Həzi Aslanov əsgər üçün, xüsusilə rəşadətli bir komandir üçün xoş olmayan bu geri çəkilmənin dayandırılmasını aramsız şəkildə gözləyirdi. Gözlənilən gün gəlib çatdı. Həzi Aslanovun hissəsi Moskva ətrafında faşistlərin hücumunu dayandırmağa getməli oldu. Sovet vətəninin paytaxtı qızıl Moskva təhlükə altında idi.
Smolenskdən sonra Hitler generallarının qarətçilik
iştahı lap artmışdı. Onlar bu gün - sabah
Moskvada qələbə nümayişi edəcəklərinə
əmin idilər. Durbini əllərinə
alıb baxır, Moskvanı, Kremli, uca binaları görmək
istəyirdilər. Hətta Hitler dünyaya
səs salmışdı. Lovğalıqla
qəzetçiləri yığıb guya təslim olan
Moskvanı təsvir etməyə gətirirdi. Moskvanın qəhrəman müdafiəçiləri
hitlerçilərin iştahasını damağında
qoydular. Hitler qoşunlarına Moskva
yaxınlığında elə bir zərbə vuruldu ki,
faşistlər nəinki Moskvanı, hətta Berlini də
yadlarından çıxarası oldular.
Aslanov öz igid tankçıları ilə irəli
soxulan faşistləri basıb-əzir, əldən
qurtaranı güllə ilə yerə sərirdi. Döyüşün
şiddətli çağında bir nişançı alman
zabitinin irəli soxulduğunu, öz soldatlarına ruh verməyə
çalışdığını görən Həzi sərrast
güllə ilə hərifi yerə sərdi. Başsız
qalan bandit dəstəsini darmadağın dağıtdı.
Həzi Aslanovun hissəsinə əmr olundu ki,
mühasirəyə düşən qırx sovet
avtomaşınını xilas etsin. İgid
Aslanov öz tankçılarını alıb, alman zirehlilərinin
mühasirəsini yardı, düşmən qüvvələrini
dağıtdı. Sovet
maşınlarını və əsgərlərini xilas etdi.
Moskva uğrunda gedən döyüşlərdə
faşistlərin quduzluğu qat-qat artmışdı. Onlar uzun
müddət ac qalmış, nəhayət, yağlı bir
tikə görən canavar kimi, özlərini qılınca
çırpdılar. Sanki onlar bu
dörd-beş ayı və qanları ilə suladıqları
bu uzun yolu, Rusiya çöllərini ancaq bura
üçün, ancaq Moskva üçün gəlmişdilər.
"Moskvanın sahibi var! Moskvanın Stalin
xətti var! Berlin xuliqanlarının, Avropanı ayaq altına
salan kobud və qansız faşist soldatlarının
qızıl paytaxta soxulmasına kim dözə
bilər? Böyükdən kiçiyə qədər bizim
hamımız qırılmamış belə şey ola bilməz..."
Həzi xəyalında bunu düşünərkən
qoşun böyüyündən əmr gəldi. Bu əmr
hər bir sovet əsgərinin qeyrət və vətənpərvərlik
duyğularını çağırırdı:
"Yoldaşlar, düşməni sovet paytaxtına
buraxmayacağıq! Bundan sonra geriyə yol yoxdur! Yolumuz irəliləyişdir!
Faşist quldurlarını məhv etməyə doğru, irəli!".
Aslanovun ağır tankı pələng kimi hər
şeyi basıb keçir, faşist dəstələrini
tırtılları altına alaraq məhv edirdi. Tankçılar
öz qəhrəman komandirlərinin dalınca sağa, sola
cumur, düşmənin bütün yollarını kəsib ətrafa
atəş səpirdilər.
Bu, elə bir döyüş idi ki, tarixdə mislini
göstərən yox idi. Avropanı marş ilə
keçmiş Hitler generalları heç vaxt başlarına
belə bir bəla gələcəyini gözləmirdilər.
Birdən-birə yerin, göyün hər tərəfindən
elə bil qoşun qaynadı, elə bil daşlar tanka,
ağaclar topa, torpaqlar əsgərə çevrilib qəsbkarlara
divan tutmağa başladı. Moskva
müdafiəçiləri Hitlerçi qoşunlara elə bir
zərbə vurdular ki, Hitler bütün qışı
çalışdı, özünü doğrulda bilmədi.
Vurulan yara o qədər ağır və
tutarlı idi ki, faşist canavarı aylarla inildəyə-inildəyə
səhraları gəzdi. Dişini
qıcayaraq intiqama fürsət aradı. Moskvanın
qəhrəman döyüşçüləri vətən
uğrundakı rəşadətlərinə görə təltif
edildilər. Azərbaycan oğlu Həzi
Aslanov "Qızıl Ulduz" ordeni aldı.
Həzi
hökumətin yüksək mükafatına nail olduğunu
eşidəndə nə qədər sevinmişdi...
İnsan bir yaman, bir də yaxşı günündə
ətrafına baxar, qohum-əqrəbanı, dost-aşnanı
axtarar. Bu, Həzinin əziz günlərindən biri idi.
Hökumət nümayəndəsi onun döşünə
orden taxıb, əlini sıxanda anası, arvadı, orden ilə
maraqlanan balaca oğlu Tofiq yadına düşdü. Öz sevincini ailəsinə bildirməyi, onları
da özü kimi sevindirməyi əsgəri borc bildi. Həmin gün, şaxtalı dekabr axşamında, əlinə
qələm aldı, Vətənə qısa, hərarətli
bir məktub yazdı. Qoy - dedi, ailəmiz yeni ili mənsiz qarşılasa da, mənim sevincim,
mənim təbrik məktubumla qarşılasın".
Cənubda
1942-ci ilin əvvəllərində Həzi Aslanovu Cənubda,
faşist işğalçılarına qarşı
döyüşün ön sıralarında
görürdük. Onu indi hər bir əsgər Moskva
müdafiəsinin qəhrəmanı kimi tanıyır. Hamı onun işindən, sözündən tədbirindən
öyrənməyə çalışır. Aslanov burada düşmənin sayca çox və
güclü qüvvəsilə qabaqlaşmalıdır.
Bu, onu qorxutmur, əksinə, qəzəb və
müharibə ehtirasını artırırdı. Həzi
nərə çəkən düşmən toplarına, sel
kimi guruldayan tanklara baxır, ürəyində deyirdi:
"Daha keçmiş ola! Vahiməyə
salası adam yoxdur. Kənardan
nərildəmə, yaxına gəl!" Faşist
tanklarını yaxına buraxan Həzi birdən dörd yandan
od yağdırır, tələyə
düşmüş canavarın yolunu kəsir və nəfəsini
kəsməyincə əl çəkmirdi. Almanlar
qoşunlarımızın qurduğu böyük və
mühüm bir sahəyə bir tank diviziyası, bir piyada
devilizasiyası yeritmək, bir həmlə ilə müdafiə
xəttimizi tutmaq istəyirdi. Həzi
düşmənin niyyətini və hiyləsini duymuşdu.
Tankçılarını əmrə hazır
vəziyyətə gətirdi. Düşmən ilə
qabaqlaşanda zəhmli və qəzəbli səs ilə
qışqırdı: "Alman
işğalçılarına atəş! Vurun,
yoldaşlar!" Ulduz nişanlı sovet
tankları düşmən üstünə yeriyəndə
aləmi gurultu bürüdü. Sanki yer
yeriyir, göy səslənirdi. Qabaqda surətlə
gedən igid komandirin tankı idi. Faşist
tankçıları, meydanı təhlükəli görüb
çəkildilər. Həzi xaraba evlər kimi susan qırıq faşist tanklarını və
dalısına baxmadan qaçanları görüb
gülümsəyir, düşməni təqib edirdi. Bu döyüşdə almanların tank
diviziyası, rumınların piyada diviziyası məhv edildi.
Döyüşdən sonra cəsur tankçılar maşınlardan
çıxır, öz əziz komandirlərinin üzünə
baxırdılar. Həzi Aslanov müvəffəqiyyətli
döyüşə görə onlara təşəkkür
edir və deyirdi:
- Uşaqlar, almanlara hər gün belə dərs vermək lazımdır. Qoy bilsinlər ki, sovet cənubunda, Moskvada olduğu kimi, köksümüzdən qala var. Bu qış onların əhdini kəsək gərək!
Aslanov adi vaxtlarda nə qədər mülayim və sakit görünürdüsə, döyüş məqamında o qədər ciddi, acıqlı və çevik olurdu. Onun düşmənə olan nifrəti sifətində, düyülən qaşlarında, qəti və kəsərli baxışlarında duyulurdu. Bir dəfə avtomatçılarımızın apardığı rumın əsirlərini görüb dişini qıcadı, yeriyib onları dayandırmaq, soruşmaq istəyirdi: "Ay axmaq, sən nə gəzirsən buralarda? Ukrayna çöllərində nəyin qalıb? Sovet xalqına nə vermisən ala bilmirsən? Öz torpağını alman təpiyinin altına verib, Şərqə doğru nə cumursan?"
Həzi yaxşı bilirdi ki, faşist nökərlərinin bu mənalı suallara cavabı yoxdur. Cavab gözləmək lazım da deyil. Onları ziyançı həşərat kimi məhv etmək lazımdır. Ancaq "əsirdilər" deyə hirsini boğdu, kəsici nəzərlərini rumınlardan yayındırdı.
Stalinqrad dastanı
Stalinqrad! Həzi bu sözü həyəcansız deyə bilmir. Deyəsən, lap dünən idi. Qızıl əsgər klubunda bayram keçirən kiçik komandirlərə göstərdiyi qırmızı cildli bir kitabı iftixarla əlində qaldıraraq soruşurdu:
- Oxumusunuzmu! "Xleb", Stalin yoldaşın 18-ci ildə Sarıtsını müdafiəsindən danışır. Hərbiyə əliyə vacib kitabdır.
Dünənki kimi görünən bu xoş müsarim axşamından 5 il keçir. Həzi kiçik komandirlərin o kitabı oxuyub-oxumadıqlarını bilmir. Ancaq onu bilir ki, həmin tarixi şəhərin müdafiəsi bütün sovet xalqının şərəf vəzifəsi olmuşdur. Sürət və amansızlıqla inkişaf edən Cahan hərbinin bütün zahiri və batinin bağları Avropanı, Asiyanı dolaşaraq gəlib burada, arxasını məğlub və təmkinli Volqaya söykəyən igid şəhərdə bənd alır.
Hitler qoşunlarının aylardan bəri qabıqdan çıxaraq Şərqə - Stalinqrada can atmasının səbəbi nədir? Keçən il sovet paytaxtının iştahası ilə quduran faşistlərin dişi sındırıldı. Lenin şəhərinə soxulmaq istəyənlərin yolu kəsildi. İndi işğalçı qoşunları nəyin bahasına olsa, Stalinqrada çatmaq istəyirlər. Arxadakı qabaqdakının meyidini basıb keçir, üçüncüsü də onun meyidini ayaqlayır. Hitlerin qanlı macəralarına inanan və uyan 100 minlərlə soldat və zabit, tufyandan qopmuş payız yarpaqları kimi, biri-birinin üstünə tökülür.
Gecə-gündüz istiyə, soyuğa baxmadan, havadan ölüm yağmasına baxmadan, irəliyə cəhd edən 10 minlərlə atlı-piyada, sağlam-xəstə, rütbəli-cərgəvi dəstələr, şikar iyi duymuş canavar sürülərini andırır.
Bu vəhşi və çılğın yerişin mənası hər kəsə aydın olmasa da, Aslanova aydındır. O bilir ki, əsrimizin sarı devi-aləmə, insanlığa bəlalar gətirən Hitler indi Stalinqrad xülyası ilə yaşayır. Ayılanda bu şəhəri xəritədə, yatanda isə yuxuda görür. Dəqiqə başı sarayında qiyamət qoparır. "Nə oldu, Stalinqrad, hələ də alınmadı?" Qara niyyətləri sarı devə rahatlıq vermir. O, bu payız Stalinqrada çatmaq, beləliklə, sovet vətənini Cənub-Şimal deyə ikiyə bölmək, Moskva ilə Cənubun əlaqəsini kəsmək, Qızıl paytaxtı mühasirəyə salmaq istəyir. Böyük Volqa çayına çıxmaq, Kaspiyə enmək istəyir.
Sentyarın 27-də Ribbentrop deyirdi:
"Şimali və Cənubi Rusiyanı birləşd
irən mərkəz olan bu şəhər alınan kimi biz ölkənin əsas yollarına, Volqaya hakim olacayıq. Bizim ən təhlükəli düşmənimizə elə zərbə vurulacaq ki, bir də ayağa qalxa bilməsin".
Açıq bir payız sabahı idi. Həzi Aslanov
döyüşçülərinə əmr verib Stalinqrada
doğru gedəndə əvvəlki yoldaşlarının
çoxu ilə vidalaşmış, anasına məktub
yazmışdır ki, "Stalinqrad hadisələrini
yaxşı izləyin!"
Böyük şəhərin ətrafında misli
görünməmiş tarixi bir vuruşmaya hazırlıq
gedirdi. Ana torpağın hər tərəfində sovet
qüvvələri surət və nizamla axışıb gəlirdi.
Bu, həmin qüvvələr idi, sovet ölkəsini
böyük təhlükəni dəf etmək
üçün səfərbərliyə almışdı.
Bu, həmin qüvvələr idi ki, Hitler cəsusları
hesaba almamışdılar. Bu, həmin
qüvvələr idi ki, bütün sovet xalqı onların
hücum dəqiqələrini gözləyirdi.
Stalinqradda isə vəziyyət gərgin idi. Düşmən qanı
bahasına irəliləyir, kəndləri, şəhərləri
dağıdır, yerdən, göydən od
tökülür, gündə bir addım da olsa yerimək
üçün var-yoxdan çıxırdı. Artıq düşmən şəhərə
soxulmuşdur. Küçə
vuruşmaları gedirdi.
Hazırlıq bitdi. Böyük Stalin hücum əmrini verdi.
O gündən
sonra hər bir saat Stalinqrad müdafiəçilərinin həyatında
qızıl hərflərlə yazılacaqdır. Qızıl Ordu hissələri hitlerçilərin
arxasını kəsərək Stalinqrada soxulmuş alman
qoşunların taleyini həll edirdilər. Şimal və
Cənubdan hücum edən, düşməni
sığışdırıb, arxasından ayıran sovet
bahadırlarının birləşdiyi günün - uzun və
ağır mübarizələrdən sonrakı qələbənin
ləzzəti heç bir döyüşçünün
yadından çıxmaz! Düşmənin
mühasirəyə aldığı gün, dahi sərkərdəmizin
əmri yerinə yetirilən gün, qızıl əsgərlər
bir-birini sevinclə qucaqlayıb, təbrik edirdilər.
Hitlerin seçmə generalları gözünü
açıb özünü mühasirədə görəndə
az qala ağıllarını itirmişdilər.
Quduzcasına müqavimət göstərir,
sovet mühasirəsindən çıxmaq istəyirdilər.
Mühasirə isə günü-gündən
sıxlaşırdı. Gündə minlərlə
hitlerçi cəhənnəmə vasil olurdu.
Podpolkovnik Həzi Aslanov öz hissəsi ilə döyüşün ən şiddətli çağında cəbhənin ön xətlərində vuruşurdu. Orduda onu tilsimlər yaran cangavər kimi tanıyırdılar. Çətinlik məqamında general ona müraciət edərdi. O da həmişə etimadı doğruldardı.
Həzi Aslanovun batalyonuna əmr edilmişdi ki, çaydan keçmək istəyən düşmənin qabağını saxlasın! Almanlar burada bir kəndi tutmuş, atəş xəttində 20-yə qədər tankvuran top, minaatanlar, pulemyotlar düzmüşdülər. Aslanov düşündü ki, düşmənin qabağını almaq azdır, ona bu əlverişli yerdən qovub çıxarmaq lazımdır. Hitlerçilər topların çoxunu kəndin önündəki təpələrə düzmüşdülər. Şərq tərəfə uzanan geniş düzənliyi buradan açıq görmək, bir də nişana almaq olurdu. Odur ki, bu yerlərdən keçmək çətin və təhlükəli idi.
Aslanov, tankçılarını yanına çağırıb öz qərarını dedi:
- Yarıb keçmək lazımdır!
- Yarıb keçərik!
Qoşun hissələrinin qarşılıqlı əlaqəsi müəyyən edildi. Piyadalar cinahdan hücum elədi. Aslanovun tankçılarından bir neçəsi hərdən kəndin qabağına gəlir, düşməni gülləyə basırdı. Tankçıların əsas hissəsi isə düşmənin arxasına keçmişdir. Almanların başı piyadalara qarışmışdı. Onlar arxaya keçən tankçılardan xəbərsiz idilər. İgid tankçılar qəfildən gəlib təpəyə çatdılar. Kəndin küçələrinə girib, düşməni qırmağa başladılar. Həzi Aslanov lap qabaqda gedirdi. Düşməni özünə gəlməyə qoymayan tankçılar bu döyüşdə öz cəsur komandirlərini izləyirdilər.
Düşmən məhv edildi. Kənd təmizləndi, hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduz nişanlı maşınlar nərə çəkib, cəbhə xəttindən düşmənə meydan oxuyanda, Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi.
Həzi düşməni məğlub etməyi kifayət saymırdı; onu məhv etəyə çalışırdı. "Bu gün, - deyirdi, - daş-divar dibinə təpilib qolundan və qabağından qaçan faşist sabah silahını oda salmağa fürsət axtaracaqdır. Murdar həşəratın kökünü kəsməliyik! Ona görə də Həzi döyüşdə asan, yaxud hazır cığırla getməyə alışmamışdır. O, düşməni çətinliyə salmağı, bu şəraitdə onu vuruşmağa məcbur etməyi bacarırdı. O, müstəsna istedadı və hərbi məharəti ilə əvvəlcədən düşmənin nə niyyətdə olduğunu təyin edə bilirdi. Hərifə qarşı elə bir taktika qəbul edirdi ki, faşistlərin plan və hazırlıqları boşa çıxırdı.
Bir dəfə düşmənin gözlənilən əks hücumunu dəf etmək Həzi Aslanova tapşırılmışdı. Aslanov düşməni B məntəqəsindən qovub çıxartmaqda piyadalara kömək etməli, onların yolunu təmizləməli idi. O, döyüşə ciddi hazırlıq gördü. Əvvəlcə maşınlarını əlverişli yerə gətirdi, döyüşə hazır saxladı. Düşmənin buralara 70-80-a qədər tank yetdiyini öyrənəndən sonra Həzi bütün gecəni yatmadı. Qoşun bölmələri arasında əlaqəni yoxlayır, döyüşçülərinin mövqeyini görür, düşmən haqqında olan məlumatı öyrənir, mühasirə tədbirlər görürdü. İgid komandir hiss etmişdi ki, almanların qəsdi nədi və haradan vurmaq istəyirlər.
Tankçılarına tapşırıq verərək deyirdi: - Baxın, almanlar buraya, Qərb tərəfimizdəki bu dərəyə tank yığacaqlar, piyadamızın arxasına keçməyə çalışacaqlar. Biz bu yerdə hərifin qabağını kəsməliyik!
Aslanov döyüşçülərinə əmr etdi ki, tanklarını müəyyən edilmiş xəttə gətirsinlər. Piyadaların yolunu təmizləməli olan toplar da həmin yerə gətirildi. Dərəni atəş altında saxlamalı olan rotalar solda yerləşdirildi.
Həssas komandirin zənni tamamilə doğru çıxdı. Sübh açıldıqda almanların 50 tankı dərəyə girdi. Bu, gərgin və ciddi vaxt idi. Hər saniyə insandan məharət, dözüm, tədbir istəyirdi. Həzi Aslanovun döyüşçüləri də komandirləri kimi hünərli və igid əsgərlər idilər. Onlar sakitliklə düşmən tanklarının yaxınlaşmasını gözləyirdilər. Ağır tank rotasının birdən başlanan şıdırğı atəşi faşist tanklarını geri qayıtmağa məcbur etdi. Hitlerçilər üzlərini hücum üçün dayanan sovet tanklarına tərəf çevirdilər. Bu zaman o biri rotamızın şiddətli atəşi banditləri çaş-başa saldı. Düşmənin maşınları hər iki tərəfdən şiddətli atəş arasına alındı, çəkic və zindan arasında hitlerçilər pərən-pərən düşdülər, qırğını bərk görüb geri oturdular. Bu döyüş onlara çox baha tamam oldu, meydanda 17 tank qoyub getdilər.
Həzi Aslanov bilirdi ki, yaralı canavar daha da quduzlaşacaqdır; bu saat dişini itiləyib haradansa irəli soxulmağa cəhd edəcəkdir.
Komandir tankların buradan, düşmənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr verdi. Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlətdi.
Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar. İgid tankçılarımızın düşmənə nagahan hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar gözləmədikləri yerdən dolu kimi top və mina atəşinə məruz qalıb qırıldılar.
Aslanovun tankçısı, kiçik leytenant Simonov öz əziz komandirləri haqqında belə deyirdi:
"Komandirimiz zahirən sakit və sadə bir
adamdır.
Ancaq döyüşdə, təhlükəli dəqiqələrdə
onu yaxından görənlər nə qədər igid, cəsur
və zirək olduğunu bilərlər...
Faşist tankları eşikdən kəndə
yaxınlaşanda şər qarışırdı. Yadımda
deyil, onlar on, ya on ikinci dəfə idi ki, hücum edirdilər.
Bir-birindən aralı gələn tanklar kəndə
soxulmaq istəyirdilər. Qırxdan
artıq düşmən tankı gördük. Komandirin
əmri qısa idi:
- İrəli!
Hücuma! Mən nə etsəm, siz də onu edin!
Biz qarşımızda Aslanovun tankını
görürdük. Onun maşını cəsarətlə
irəliləyərək düşməni əzir,
qırırdı. Bu hücum son dərəcə
qəzəbli və cəsarətli hücum idi.
Almanlar tablaya bilmədilər. Bizim cəsarətli
hücumumuz onları vahiməyə saldı. Bu
döyüş nəticəsində düşmənin bir
sıra istinad nöqtəsini tutduq, yeni və daha geniş bir
sahədə hücum üçün yol açdıq..."
Simonovun dedikləri qəhrəman komandirin ancaq bir
hücumunu xarakterizə edir. Şanlı Stalinqrad
uğrundakı vuruşmalarda Həzi Aslanovun hissəsi
neçə-neçə belə qələbə
qazanmışdı. Bu hissə hücumun bir ay müddətinə
almanların 45 tankını, 9 mina batareyasını, 14
tankvuran və 12 səhra topunu, 42 taxta-torpaq atəş
nöqtəsini, 150 avtomobilini məhv etmiş, 2000-ə qədər
hitlerçini qırmış, 700 əsir tutmuşdu. Aslanovun
hissəsi düşməndən 125 yük maşını,
12 minik maşını, 30 motosiklet, 80 araba yük, bir anbar ərzaq,
libas və sair hərbi ləvazimat qənimət
almışdı.
Həzi
Aslanov "Pravda" qəzetində yazdığı məqaləsində
öz döyüş müvəffəqiyyətlərinin səbəbini
təvazökarlıqla izah edir:
"Almanlara cinahdan zərbə endirmək mənim adətimdir. Bu taktika mənim
komandam altında vuruşan bölməyə müvəffəqiyyət
qazandırır. Mənim əsgərlərim bu
taktikanı yaxşı mənimsəmişlər, müvəffəqiyyətlə
tətbiq edirlər..."
Dahi marşalımız Stalin yoldaşın sərkərdəliyi
sayəsində, Aslanovun və milyonlarla onun kimi igid, namuslu
sovet döyüşçülərinin qeyrəti və
hünəri sayəsində şanlı Stalinqrad uğrunda
gedən döyüşlər tam qələbəmizlə
bitdi.
Cəllad Hitlerin fırıldağı 300 mindən
artıq alman qanının bahasına tamam oldu. Tarixə əsrin
ən böyük şərəf və hünər
dastanını yazan şəhərimizin hər tərəfində
qızıl bayraqlar dalğalandığı zaman Almaniya,
faşist banditlərinin idarə etdiyi imperialist Almaniya matəmə
büründü.
Hitlerizmin təpəsinə elə bir güllə vuruldu
ki, bu canavar daha heç bir zaman doğrulub özünə gələ
bilməyəcək.
1942-ci ilin axırı və 43-cü ilin əvvəlində
bütün dünyada dostun da düşmənin də
ağzında bu söhbət, sovet qoşunlarının
ecazkar Stalinqrad qəhrəmanlıq dastanı, vətən
torpağı haqqında olan söhbətlər gəzirdi.
Qoy
bütün dünya bilsin ki, ölkəmiz böyük vətəndaşlar
vətənidir!
Dünyaya qədər adi bir sovet komandiri olan lənkəranlı
Əhəd kişinin, Nuşu arvadın oğlu Həzi
müqəddəs vətən davasının qəhrəmanı
kimi bütün dünyada tanındı. Sovet vətənimiz ləyaqətli
oğlunu, ən yüksək mükafatla təbrik etdi:
dekabrın iyirmi ikisində Ümumittifaq ağsaqqallı
Kalinin yoldaş eyni bir fərman imzaladı:
Həzi
Aslanova... Sovet İttifaqı Qəhrəmanı adı
verilsin!
Sevinc və
iftixar
Bu xəbər
Nuşuya, hər gün, hər dəqiqə oğlunun
intizarını çəkən anaya gəlib çatanda
qadın bilmədi nə etsin! "Həzi!
Bala! Boyuna qurban!"
Bu sözlər onun ürəyindən və dilindən
necə qopdusa, özü də bilmədi. Ayağa
qalxdı. Bütün qüvvəti ilə
səslənmək, aləmə car çəkmək istədi.
Özü
də hiss etmədən köksü dağlar qüruru ilə
qalxdı, başını uca tutdu, gözlərinə yeni və
alovlu bir nur
gəldi.
Qəhrəmanın
arvadı, onun həyat və qəlb yoldaşı Xavərin
sevinci ananınkındən az deyildi. Onlar bir-birilə qucaqlaşıb öpüşəndə,
bir-birinə gözaydınlığı verəndə balaca
Tofiq kənarda dayanıb baxırdı. Ana da, nənə
də birdən xoşbəxt balanın üstünə
cumdular, onu bir alma kimi götürüb, az
qala yemək istədilər. O gün evdə şənlik,
bayram, ziyafət dəsgahı vardı. Həzinin
dost-aşnası tökülüb gəlmişdilər.
Qəhrəmanın ailəsini təbrik edirdilər.
- Xavər,
yaz! Bizim dilimizdən də Həziyə mübarək de!
Bir
başqası xahiş edirdi:
- Xavər,
qəhrəmanımızın şəklini istə, camaat
görsün! Üçüncü bir kişi
deyirdi:
- Adresi mənə
verin, teleqram vuracağam! Başımızı ucaltdı! Var
ol, ay Nuşu xala! Halal olsun sənə!
Çox çəkmədən bu şənlik məhləyə,
daha sonra bütün şəhərə keçdi. Öz yerliləri
Həzi Aslanovun vətən qarşısındakı xidməti
ilə bütün lənkəranlılar iftixarla
danışırdılar.
Həzi
Aslanov yalnız bir ailənin, bir şəhərin yox,
bütün xalqımızın fəxridir! O, Bəbəklər,
Koroğlular böyütmüş qəhrəman Azərbaycan
xalqının ləyaqətli oğludur. Həzi, xalqa xas olan
gözəl və nəcib ənənələrlə
böyümüş bir qəhrəmandır! O, təvazökar
bir gəncdir. Çox iş görüb,
az danışmağa adət etmişdir. O, vətən
qarşısında əsgərin məsuliyyətini və
şərəfini hələ uşaq yaşlarından
anlamışdır.
Ömrünü işə vermiş və
anasının ümidlərini həmişə
doğrultmuşdur. Həzi harda olur-olsun,
döyüşün hansı şəraitində olur-olsun
doğma vətəni, istəkli ailəsi, əziz oğlu ilə
əlaqəni kəsmir. O, bunlar üçün və
bunlar uğrunda vuruşur!
İstər geniş Kuban düzlərində, Ukrayna
çöllərində, istər Moskva ətrafında
vuruşanda Həzi gözəl bilirdi ki, doğma vətənimizi,
ordenli Azərbaycanı, günəşli Lənkəranı
müdafiə edir. O, Molotov yoldaşın faşist cəlladlarının
cinayətlərini açan notalarını diqqətlə
oxumuşdu. Hitlerçilərin azərbaycanlı
qızıl əsgərlərə necə vəhşi divan
tutduğunu bilirdi. Həzi gözü ilə
görmüşdü ki, faşistlər ayaq basdıqları
yerə taun, ölüm, zülm, əsarət və aclıq
gətirirlər. O, ürəyində and içmişdi
ki, "nə qədər sağam, faşist qırmaqdan, qan
intiqamından doymayacağam!"
Həzidə öz xalqına məxsus gözəl mərdlik
sifətləri vardır. O, fikir və niyyətlərində
qətidir. Sözündə möhkəmdir,
dönməz iradə sahibidir. Tərəddüd
onun əhvali-ruhiyyəsinə yaddır. O, sovet
silahını əlinə alıb, ulduz nişan
maşınlara oturanda düşmən üstünə
şığıyan bir qartala dönür. O, elə müqəddəs
və vacib bir vəzifəyə gedir ki, hər şey, onun
üçün əziz olan hər şey və hər kəs
onu qələbəyə doğru müşayiət edir. O,
arxasını çoxmilyonlu və sülhsevən xalqına
söykəyərək işğalçıları
qırmağa gedir. O, hər dəqiqə ana vətənin
mehriban, şəfaverici nəvazişlərini duyaraq mətanətini
artırır. Qızıl Ordunun yüzlərlə şən-şöhrət
qazanmış qəhrəmanları ilə tanış
olaraq, onlardan nümunə götürür. O,
xalqımızın tarixini dərindən öyrənir. Öz adını ölməz vətən qəhrəmanlarının
adı kimi əbədiləşdirir. O, orduda Stalin nizam
və qaydalarının nümunəsini göstərir. O,
geniş ürəkli bir qəhrəman kimi həmişə
döyüş müvəffəqiyyətini öz rəşadəti
ilə yox, döyüşçülərinin igidliyi ilə
izaha çalışır. Hər bir
döyüşçünü doğma qardaşı kimi
sevir, qayğısını çəkir!
O, öz
ömürlük və ürək sevincini qısa bir məktubda
anasına bildirir:
"Əziz anam, salam!
Bu gün mənim bayramımdır. Mənə
Sovet İttifaqı Qəhrəmanı adı verildiyindən xəbər
tutdum. Səni inandırıram ki, alman
işğalçılarını darmadağın edərək
bu adı şərəflə doğruldacağam!"
Ana isə öz övladı ilə fəxr edir, qısa və həyəcanlı məktubunda deyir: "Oğul, sən həm öz ananı, həm də bütün xalqımızı sevindirin. Var ol!"
Ana üçün, zəhmət, əziyyət çəkib bala böyüdən analar üçün bundan da böyük səadət olarmı? Həzi indi Nuşunun yanında deyil. Ana çox istərdi ki, bu sevincli günlərdə oğlu ilə üz-üzə otursun. Bu iki ildə onun başına gələnləri bir-bir eşitsin. Onun faşistlərə necə divan tutduğunu oğlunun öz dilindən eşitsin. Kalinin yoldaşın Həziyə verdiyi "Qızıl Ulduz" nişanına və Lenin ordeninə baxsın, qəhrəmanı bağrına bassın.
Lakin Həzinin buna, ailə istirahətinə, ana nəvazişlərinə hələ vaxtı yoxdur. Qızıl komandirdir, hər gün və hər dəqiqə dəstə-dəstə qoşunlar onun əmri, onun planı, göstərişi ilə yeriyib alman işğalçılarını qırır, qovur, əsir tutur, torpağımızı təmizləyir.
İndi Nuşu Həzinin əvəzinə balaca Tofiqlə ünsiyyət bağlamışdır. Bu on yaşlı uşaq onun nəzərində gələcəyin qəhrəmanıdır. Mehriban nənə onun hər addımını izləyir, onun dillərindən ləzzət alır, atasına məktub yazdırır. Tofiq də böyük vətənin kiçik vətəndaşıdır. O, pioner yoldaşları ilə yarışa girmişdir. Ona qəhrəman balası deyirlər. Tofiq atasının harada və necə döyüşdüyünü görməsə də, söhbətlərdən bilir ki, atası tankçıdır. Vətəndə cəbhəyə kömək üçün tank dəstəsi yaratmaq uğrunda xalq hərəkatı dalğalananda biz həmin bu balaca vətəndaşı da böyük təşəbbüsün iştirakçısı görürük. O, "Pioner" adında düzələn tank dəstəsinə 1000 manat pul verir. O, sevinir və güman edir ki, atası bu pullarla alınan tanka oturacaq, tankın böyründə, qızıl ulduzun kənarında bütün pionerlərin, o cümlədən, oğlu Tofiqin adını oxuyacaq, "mərhaba!" deyəcəkdir...
Xalqın cavabı
Vətən qəhrəmanı Həzi Aslanovun rəşadəti yalnız ailədə, yalnız şəhərdə yox, bütün respublikada ümumi bir ruh yüksəkliyi yaratmışdır. Həzi Aslanov Azərbaycan bolşeviklərinin rəhbəri Mircəfər Bağırov yoldaşdan təbrik məktubu aldı. Azərbaycan xalqı Bağırovun dili ilə öz sevimli qəhrəmanını alqışlayıb deyirdi:
"Sizin əsgəri qoçaqlığınız və düşmənə qalib gəlmək bacarığınız azərbaycanlı döyüşçülər və komandirlər üçün, Qızıl Ordu əsgərləri üçün nümunə olacaqdır. Qoy sizin zəhmli maşınlarınız Azərbaycan xalqının və qardaş sovet xalqlarının azad və xoşbəxt yaşayışına qəsd edən hitlerçi, quldur dəstələrini gələcəkdə də əzsin!"
Həzi bu məktubda Ana Vətənin, doğma Azərbaycan xalqının razılıq səsini eşidirdi. Həyəcandan qəlbində deyirdi: "Belə xalq üçün, belə Vətən üçün ölümə də getmək xoşdur!"
Qara dəniz flotçularından bir dəstəsi qəhrəmanın anasına təşəkkür məktubu yazıb, and içirdilər ki, Vətən düşmənlərini Qara dəniz sularında boğacağıq! Qızıl flotçular dediklərini yerinə yetirdilər: Ali Baş Komandanın dahi sərkərdəliyi sayəsində işğalçıları qovub, Novorosiyskdən çıxardılar. Qəhrəmanın vətənində Həzini alqışlamaq üçün xalq yığıncağı oldu. Şəhər teatrı ağzına qədər dolu idi. Qəhrəmana təşəkkür etməyə gələnlər bir-bir tribunaya qalxıb düşürdülər. Onlar Vətən qorucularına, Həzi Aslanov kimi igidlərə minnətdar olduqlarını deyir, arxada yeni və parlaq iş nümunələri göstərməyə söz verirdilər. Fəhlələr, kolxozçular, ziyalılar, hər kəs öz cəbhəsində Aslanov kimi namusla, fədakarlıqla işləməyə cəhd edir.
Azərbaycan xalqının rəşadətli oğlu, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov indi Stalin qvardiyaçıları sırasındadır. Polkovnikdir. Bu saat o yorulmadan, dayanmadan, dincəlmədən alman işğalçılarını qırıb-çatır, vətənimizə soxulmuş qəsbkarlara divan tutur. O, bütün qüvvə və bacarığını, bütün hərbi biliyini, komandirlik məharətini torpaqlarımızın azad olması işinə vermişdir. Onun vətəndaşlarından hər kəs Həzini görmək, söhbət etmək, onun polad hünərli əlini sıxmaq, təbrik etmək istəyir...
"Vətən uğrunda" jurnalı, 1944,
¹ 1, səh.60-69
Məmməd Cəfər Cəfərov
525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.15;20;23.