Görkəmli akademikin publisistikası

 

 Məmməd Cəfər Cəfərov-110

 

 

Azərbaycan elmi fikri və ictimaiyyəti akademik Məmməd Cəfər Cəfərovu görkəmli elm xadimi, böyük ədəbiyyatşünas alim kimi qəbul etmişdir.

O, sözün əsl mənasında Azərbaycan ədəbiyyatşünaslıq elmi tarixində elmi məktəb yaratmış azsaylı görkəmli alimlərdən biridir. Bu görkəmli alimin bir çox elmi-nəzəri əsərləri əbədi olaraq Azərbaycanın elm tarixinə, necə deyərlər, elmimizin qızıl fonduna daxil olmuşdur.

"Mirzə Fətəli Axundzadənin ədəbi tənqidi görüşləri" mövzusunda yazıb uğurla müdafiə etdiyi namizədlik dissertasiyası Azərbaycanda ədəbi tənqidin tarixinə nəzəriyyəsinə həsr edilmiş ən yaxşı monoqrafik tədqiqatlardan biri hesab edilir. "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyası ölkəmizdə ədəbi cərəyanlar haqında yüksək elmi-nəzəri səviyyədə yazılmış ən sanballı tədqiqat əsəri kimi qəbul olunur.

"Nizaminin fikir dünyası" kitabı nizamişünaslığın şah əsərlərindən biri olan mükəmməl bir monoqrafiyadır.

Məmməd Cəfər Cəfərovun "Füzuli düşünür" silsiləsi Azərbaycan ədəbiyyatşünaslıq elminin dünya füzulişünaslığına təqdim etdiyi mühüm elmi əhəmiyyətə malik olan orijinal tədqiqat əsəridir. Geniş elmi-nəzəri təhlilləri ilə seçilən məqalələri Azərbaycan ədəbi tənqidinin milli ədəbiyyat nəzəriyyəsinin ən aktual problemlərinə həsr olunmuş sanballı elmi əsərlər kimi çox hallarda örnək olaraq göstərilir. Akademik Məmməd Cəfər Cəfərovun "XIX əsr rus ədəbiyyatı" adlı 3 cildlik dərsliyi nəinki Azərbaycanda, hətta Rusiyada ədəbiyyatın bu qızıl dövrünə həsr edilmiş ən yaxşı əsərlər sırasında yüksək qiymətləndirilir. Bir sözlə, akademik Məmməd Cəfər Cəfərov universal təfəkkürə çoxcəhətli elmi fəaliyyətə malik Azərbaycan elmində görkəmli alim-mütəfəkkirdir.

Son illərdə üzə çıxardığımız dram nəsr əsərləri, şeir yaradıcılığı publisistikası akademik Məmməd Cəfər Cəfərovun görkəmli elm adamı olmaqla bərabər, həm böyük yazıçı olduğunu da əyani şəkildə nümayiş etdirir. Şəxsi arxivindən dövrü mətbuatdan aşkar etdiyimiz bədii əsərlərilə Məmməd Cəfər müəllim parlaq bədii istedada malik böyük bir yazıçı istedadında olduğunu isbat etmişdir. Gənclik illərində yazdığı şeirlər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna həsr edilmiş "Bir mənzum məktuba cavab" poeması göstərir ki, əgər elm yolunu deyil, şeir yolunu tutsaydı, Məmməd Cəfər Cəfərov müasir Azərbaycan poeziyasının əsas yaradıcılarından biri səviyyəsinə yüksələ bilərmiş. Məmməd Cəfər Cəfərovun "Xatirələr" memuarı öz müəllifinin keşməkeşli taleyinin fonunda XX əsrin birinci yarısında Naxçıvan dövrünə ad sanballı bir roman, keçən yüzilliyin 30-40-cı illəri haqqında isə qiymətli sənədli povest təsiri bağışlayan yeni tipli mükəmməl bədii nəsr nümunəsidir. Bu əsəri ilə bədii nəsrdə orijinallıq nümunəsi göstərən Məmməd Cəfər Cəfərov həyata, dövrə, insanlara tolstoyvari münasibəti ilə səciyyələn yazıçı kimi çıxış edir. Onun "Əntiqə adamlar" kitabına toplanılmış kiçik satirik hekayələr ədəbiyyatımızda bu janr sahəsində Mirzə Cəlil  Məmmədquluzadə - "Molla Nəsrəddin" ənənələrinin davamı kimi səslənsə , mövzuları bədii forması baxımından bir çox özünəməxsus xüsusiyyətlərə malik olan orijinal sənət nümunəsidir.

Məmməd Cəfər Cəfərov Azərbaycan dramaturgiyasının da qiymətli, yeni əhəmiyyətli nümunələrini yaratmağa müvəffəq olmuşdur. Onun 1965-ci ildə yazdığı "Get dolangilən, xainsən hələ" tragikomediyası heç tərəddüd etmədən demək olar ki, ədəbiyyatımızda bu janrın ən mükəmməl örnəklərindən biri sayılmağa layiqdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı mübarizəsinə məsləkdaşlarının çoxcəhətli fəaliyyətinə həsr olunmuş bu dram əsərində XX əsrin əvvəllərinin maarifçilik hərəkatının milli azadlıq mübarizəsinin ən vacib məqamları əks etdirilib ümumiləşdirilmişdir. Məmməd Cəfər Cəfərovun dram əsərləri xarakterlər dramı olub, yazıldığı dövrlərin ictimai-siyasi ədəbi-mədəni koloritini realist şəkildə əks etdirir.

Son vaxtlarda akademik Məmməd Cəfər Cəfərovun publisistika ilə məşğul olmasına dair materiallar əldə edilmişdir. Onun XX əsrin 40-cı illərində sonrakı dövrlərdə yazdığı publisistika nümunələrində daha çox Böyük Vətən müharibəsi dövrünün hadisələri insanlarından bəhs edilmişdir. Məmməd Cəfər Cəfərovun 1944-cü ildə "Vətən uğrunda" jurnalında çap edilmiş "Vətən qəhrəmanı" adlı publisist yazısı Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa görə igid Azərbaycan oğlu Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adına verilməsilə əlaqədar qələmə alınmış təsirli bir oçerkdir. Bu, Həzi Aslanovun sağlığında ona həsr olunmuş maraqlı cəlbedici publisist əsərdir. Məmməd Cəfər Cəfərovun Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov haqqında yazdığı "Vətən qəhrəmanı" oçerki bədii publisistikamızın ən yaxşı nümunələrindən biridir. Oçerkdə Böyük Vətən müharibəsi dövründə arxa ön cəbhəsində baş vermiş hadisələrin yüksək bədii-publisistik üslubda təqdim olunmasından əlavə, birbaşa yazıçı təxəyyülündən gələn məqamlar da özünə münasib yer almışdır. "Vətən qəhrəmanı" oçerki, eyni zamanda, Böyük Vətən müharibəsi dövrünün gedişatını əks etdirən mükəmməl publisistika nümunəsidir. "Vətən qəhrəmanı" - oçerk janrının yüksək tələblərinə tamamilə cavab verir.

Məmməd Cəfər Cəfərov Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına həlak olması haqqında yazdığı "Generalın tabutu önündə" məqaləsində ("Ədəbiyyat qəzeti", 3 fevral 1945-ci il) böyük Azərbaycan oğluna xalqımızın hüznü məhəbbətini təsirli bədii-publisistik üslubda ifadə etmişdir.

"Bəşəriyyətin ən qorxulu düşmənləri" adlı publisist məqaləsində Məmməd Cəfər Cəfərov faşizmin mahiyyətinin demək olduğunu dərindən açıb göstərməklə bir sırada, həm Hitler siyasətinin təkcə müharibə apardığı SSRİ üçün deyil, geniş mənada Avropa xalqları üçün böyük bir təhlükə olduğu elmi cəhətdən əsaslandırılmışdır: "Faşizm cəlladlarının məqsədi bir ovuc german aristokratiyasının bütün dünya üzərində bütün xalqlar üzərində ağalığını təmin etmək xülyası ilə bəşəriyyəti məhv etməkdir.  Bütün xalqlara, bütün bəşəriyyətə qarşı müharibə şüarı faşistlərin əsas proqramasını təşkil edir.

... Faşizm - müharibə, qarət, talançılıq deməkdir. Faşizm-bəşəriyyətə əsarət, köləlik, aclıq, ölüm və səfalət gətirən görünməmiş bir bəla, bir cuma azarıdır. Faşizm bütün proqressiv bəşəriyyətin ən qorxulu düşmənidir. Bütün mədəni bəşəriyyət bu həqiqəti çox gözəl dərk edə bildiyinə görədir ki, öz milli istiqlaliyyətini, öz milli mədəniyyətini sevən, öz siyasi azadlığını əziz tutan dünyanın bütün xalqları faşizmə qəti ölüm zərbəsi endirməyə qalxan sovet xalqı ilə gündən-günə daha sıx surətdə birləşir".

Müharibə mövzusunda yazılmış "Qələbə bizimdir", "Səlib yürüşü" baş tutmadı", "Üçüncü imperiyanın səbəbləri" (1941), "Almaniya geriyə, Almaniya, çəkil" (1942), "Xalqların birləşmiş iradəsi" (1945) məqalələri də Məmməd Cəfər Cəfərovun qələmindən çıxmış mükəmməl publisistika örnəkləridir. Bu məqalələr Məmməd Cəfər müəllimin publisistikasının özünəməxsus xüsusiyyətləri haqqında söz deməyə əsas verir.

Elmi və bədii əsərlərində mümkün olduqca sovet hakimiyyətinin siyasətindən uzaqda dayanmağa çalışmış Məmməd Cəfər Cəfərovun publisistikasında siyasi-ideoloji məqamlara sıx şəkildə rast gəlmək mümkündür. Həm Hitler Almaniyasında gedən prosesləri şərh edərkən, həm də Avropa ölkələrində və Rusiyada baş verən hadisələrə qiymət verərkən, Azərbaycanda arxa cəbhə hadisələrindən danışarkən Məmməd Cəfər Cəfərov ədəbiyyatçı-ideoloq kimi çıxış edir. Bu, hər şeydən əvvəl, Böyük Vətən müharibəsi dövründə "hər kəs cəbhə üçün, hər şey cəbhə üçün" siyasətinin ölkənin hər bir vətəndaşı üçün vahid amala çevrilməsi ilə əlaqədar idi. İkincisi isə Böyük Vətən müharibəsi dövründə Həzi Aslanovun tank qoşunları komandanı kimi mübarizəsindən bəhs edilərkən siyasətdən kənarda qalmaq müharibə dövrü hadisələrini, proseslərini tam mənası ilə açıb göstərməyə mane ola bilərdi. Üçüncüsü, diqqət edilərsə, Məmməd Cəfər Cəfərov müharibə dövrün publisistikasında sovet ideologiyasını təbliğ etməyərək, müxtəlif hadisələrin fonunda mövcud siyasəti şərh etmişdir. Onun faşizm haqqındakı fikir və mülahizələri də ciddi elmi-publisist təhlillərdən ibarətdir.

Qeyd edildiyi kimi, Məmməd Cəfər Cəfərovun publisistikasında bədiilik faktoru qabarıq müşahidə olunur.

Müəllifin publisist dili obrazlı, təhkiyəsi bədii əsərlərində olduğu kimi müəyyən dərəcədə nağılvaridir.

Publisist əsərlərində o, yeri gəldikcə xalq ədəbiyyatı nümunələrindən yaradıcı şəkildə istifadə etmişdir.

Ümumiyyətlə, Məmməd Cəfər Cəfərovun publisistikası elm yönlü publisistikadır. Onun publisist əsərlərində məlumatlar, zəruri tarixi faktlar, hətta elmi təhlillər də özünə yer tapmışdır. Mükəmməl publisistika nümunəsi olan "Vətən qəhrəmanı" oçerkində bədii-publisistika aparıcı olsa da, burada müharibə dövrünə aid müəyyən elmi yanaşmalara da rast gəlmək mümkündür. Məmməd Cəfər Cəfərovun ilk növbədə elm adamı olmasını nəzərə alsaq, publisistikasındakı elmlə əlaqədar məqamların özünə yer tapmasını təbii qəbul etmək lazım gələr. Bu, həm də Məmməd Cəfər Cəfərovun publisistikasını qəzet jurnalistikasından ayıran fərqli özünəməxsusluqlardann biridir.

Məmməd Cəfər Cəfərov əsasən Böyük Vətən müharibəsi dövründə və ondan bir az sonra da publisistika ilə məşğul olmuşdur. Müşahidələr göstərir ki, görkəmli alimin ədəbi-bədii əsərləri isə əsasən, müharibə dövründən sonra yazılmışdır. Bu cəhətdən Məmməd Cəfər Cəfərovun publisistikası onun bədii yaradıcılığı üçün məşq xarakteri daşıyır. Məmməd Cəfər Cəfərov ədəbiyyata yaxın olan publisistika janrlarında yazdığı əsəri ilə ilkin və zəruri bədii yaradıcılıq məşqləri keçdikdən sonra bədii yaradıcılığa gəlmişdir. Onun bədii əsərlərinin ideya-sənətkarlıq baxımından əhəmiyyətli ədəbi əsərlər kimi alınmasında həmin uğurlu publisistika məşqlərinin özünəməxsus rolu olmuşdur.

Bütövlükdə, akademik Məmməd Cəfər Cəfərovun publisistikası yüksək ideya-sənətkarlıq xüsusiyyətlərinə görə ayrıca toplanılıb nəşr edilməyə və tədqiq olunub öyrənilməyə layiqdir.

Aktuallığını və bu vaxtadək Məmməd Cəfər Cəfərovun kitablarına daxil edilmədiyini nəzərə alaraq, 1944-cü ildə  "Vətən uğrunda" jurnalının birinci sayında çap edilmiş "Vətən qəhrəmanı" oçerkini oxuculara təqdim edirəm.

 

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik

 

525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.14.