İkinci Nəsimi - şeir,
incəsənət və mənəviyyat Festivalının
proqramı açıqlandı
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə sentyabrın
28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi
– şeir, incəsənət
və mənəviyyat
Festivalında bir sıra yeniliklər olacaq.
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, ikinci ildir təşkil
olunan festival çərçivəsində
Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir
keçiriləcək.
Festivalda
bu il
ilk dəfə Nəsiminin
seçilmiş qəzəlinə
bir sıra tədqiqatçı və
şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi
olacaq. “Mən
ki, dərvişəm,
fəqirəm, padişahi-aləməm”
qəzəlinə Azərbaycan,
Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim
edəcək. Festivalda beynəlxalq
miqyasda tanınmış
nəsimişünaslar, şairlər,
alimlər və filosoflar mühazirələrlə
çıxış edəcəklər.
Rusiyalı psixoloq
Aleksey Sıtnikov, ABŞ-dan
olan tədqiqatçı
Alan Qodlas, italiyalı
şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi
fəlsəfəsi ilə
keçmişə və
müasir dövrə
aid müxtəlif nəzəriyyə
və konsepsiyalar arasında paralellər aparacaqlar. Festival çərçivəsində,
həmçinin almaniyalı
alim, tanınmış
nəsimişünas Mixael
Hess və Böyük
Britaniyada yaşayan tədqiqatçı, azərbaycanlı
Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.
Builki festivalda
kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına
layiq görülmüş
filmlərin nümayişi
olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin
“Ümidin o biri üzü” filmində fərqli dinlərə, mədəniyyətlərə və
həyat tərzlərinə
malik insanların anlaşması və dostlaşması əksini
tapıb.
Silsilə tədbirlər çərçivəsində
sentyabrın 28-də “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti
və İncəsənəti
Araşdırma Mərkəzinin
(IRCICA) birgə təşkilatçılığı
ilə “El sənəti”
I Bakı Beynəlxalq
Ənənəvi Sənətkarlıq
Festivalı da start götürəcək.
Nəsimi
festivalı çərçivəsində
bu il
həm də uşaq evləri və internat məktəblərinin sakinləri
və məzunlarının
iştirakı ilə
“Ümidin yaradılması”
sosial-mədəni layihəsi
həyata keçiriləcək.
Layihə üzrə dizayn
kurslarına cəlb olunmuş 30 iştirakçı
öz arzularını
təsvir vasitəsilə
əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb.
Bu köynəklərin
festival çərçivəsində nümayişi və satışı təşkil
olunacaq. Layihənin məqsədi
uşaq evləri və internat məktəblərinin sakinləri
və məzunlarının
yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirmək və onlara məşğulluq imkanları
yaratmaqdır.
Festival günlərində Bakı
və Şamaxıda bir sıra sərgilər
də olacaq: sentyabrın 28-də Bakıda
Şirvanşahlar sarayında
açılacaq “İrfani
sirlər” sərgisində
Azərbaycan, Türkiyə,
Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri
nümayiş etdiriləcək.
Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün
sirlərinə həsr
olunan video art, qrafika nümunələri, instalyasiya
və kinetik obyektlər təqdim olunacaq.
Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik
Muzey Kompleksində “Daşın nəğməsi”
IV Beynəlxalq heykəltəraşlıq
simpoziumu, “Qala” Dövlət Tarix-Etnoqrafiya
Qoruğunda isə
VIII Beynəlxalq “Tullantıdan
sənətə” sərgisi
açılacaq.
Qala qəsəbəsində
istifadəsiz sənaye
anbarının divarları
üzərində işlənmiş
rəsm əsərlərindən
ibarət “Danışan
divarlar” incəsənət
layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə çərçivəsində
Azərbaycan, Braziliya,
Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların
“urban/street art” (şəhər/küçə incəsənəti)
janrında yaratdıqları
əsərlər, Buzovna
və Mərdəkan qəsəbələrindən olan
yaradıcı uşaqların
rəsmləri əsasında
divar pannosu da nümayiş olunacaq.
Festival çərçivəsində
Heydər Əliyev Mərkəzində Türkiyənin
tanınmış rəssamı
Ahmet Güneştekinin
fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük
otağı” (“Ölümsüzlük
odası”) əsəri
də ekspozisiyada nümayiş olunacaq.
Oktyabrın 1-də açılışı
olacaq sərgi 2020-ci il martın
31-dək davam edəcək.
Şamaxı rayonunda isə “Şamaxı antologiyası”
(1468, Britaniya Muzeyi,
London) əlyazmasına dair
sərgi açılacaq. 15-ci əsrdə Şamaxının
mədəni mərkəz
olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu
nümayiş etdirən
bu şeir məcmusu Azərbaycan miniatür sənətinin
ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə
müxtəlif üsul
və texnikalarla təqdim olunacaq.
Şamaxıda, həmçinin İmadəddin
Nəsimiyə həsr
olunan müasir incəsənət instalyasiyasının
açılışı olacaq. Yüngül metal hissəciklərdən
hazırlanan əsərin
müəllifi rəssam
Rəşad Ələkbərovdur.
Nəsimi
Festivalı çərçivəsində
bir sıra elan olunmuş müsabiqələrin nəticələri
də açıqlanacaq:
Azərbaycan Milli Xalça Muzeyinin söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.
Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər
əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər
heyətinin seçdiyi
xalça eskizləri
nümayiş olunacaq.
Həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin
gənc şairlər
arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə
olan ən yaxşı poetik əsər müsabiqəsinin
nəticələri açıqlanacaq.
Festival çərçivəsində
müxtəlif ölkələrin
incəsənət xadimləri
və qruplarının
ifasında mənəviyyat
axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövlərə aid ruhani
və müasir musiqi nümunələri səslənəcək, fiziki
imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik
və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş
etdiriləcək.
Festival çərçivəsində Almaniyanın “Horizonte” ansamblı,
Əfqanıstanın “Zəhra”
Orkestri, Kanadanın “Klara Furey” rəqs
qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallin Oğlanlar Xoru”, İsrailin “Dudu Tassa & the
Kuwaitis” qrupu maraqlı
proqramlar təqdim edəcək.
Sentyabrın 29-da Şamaxının Meysəri
kəndində Xalq artisti Nəzakət Teymurova Nəsimi poeziyası əsasında
muğamlardan ibarət
proqramla çıxış
edəcək.
Həmin
gün Azərbaycan Dövlət Filarmoniyasında
isə Azərbaycanın
tanınmış caz
musiqiçisi Salman Qəmbərovun “Səmimi
dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı),
Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni)
və çinli Vu Vey
(şenq ifaçısı)
ilə birgə ifaları təqdim olunacaq.
Festival çərçivəsində
sentyabrın 30-da Maqsud
İbrahimbəyov Yaradıcılıq
Mərkəzində səhnələşdirilmiş
poeziya axşamı keçiriləcək.
Həmin gün Opera və Balet Teatrında isə Çinin Anhui əyalətinin Huicin Teatrının təqdimatında
“İztirablı könül”
tamaşası nümayiş
olunacaq. Ənənəvi 18-ci əsr üslubunda
olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatika və pantomim elemetlərini birləşdirir.
Festivalın bağlanış mərasimi
oktyabrın 1-də Heydər
Əliyev Mərkəzində
keçiriləcək. Proqramda Azərbaycan
incəsənət xadimləri,
həmçinin ABŞ, Türkiyə,
İran, İordaniya və Mərakeşdən
ənənəvi musiqi
ifaçıları iştirak
edəcəklər.
Qeyd edək
ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
(1369-1417) yaradıcılığının
tədqiqi və təbliği, onun fikir və düşüncələrinin
müasirlikdə əksini
izləmək məqsədi
daşıyır və
ilk dəfə 2018-ci ildə
keçirilib.
Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf
edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
anadan olmasının
650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Nəsimi
Festivalının proqramı
ilə aşağıdakı
linkə keçid etməklə tanış
olmaq mümkündür:
525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.13.