Evoğluda doğulub,
el oğluna çevrilmiş vətənpərvər oğlan
"Silaha Sarılmasaydiq, O Qədər
Şəhid Verməsəydik, Daha Çox Torpaqlarımızı
İtirərdik"
Onunla təxminən on il
qabaq Qaradağ Rayon Hərbi Komissarlığında
(indi adı dəyişdirilib) tanış
olmuşduq.
Mülki vəzifədə çalışırdı. İş otağında
başının üstündən
asdığı çərçivəyə
salınmış foto
isə əvvəllər
hərbçi olduğunu
sübut edirdi. Elə ilk söhbətimizdəcə
Qarabağın mərd
mübarizlərindən olduğunu
hiss etdim.
Hiss etdiyim başqa bir məqam isə o idi ki, 1988-ci ildən etibarən - əvvəlcə
könüllülər batalyonunda,
1992-ci ildən Milli Orduda olmaqla yeddi ilə qədər əlindəki
silah, ürəyindəki
yurd sevgisi, ruhundakı Vətən eşqi ilə düşmənə qarşı
vuruşmuş bu adam öz həyat
yolu barədə heç nə danışmaq istəmir. Sonralar dəfələrlə görüşmüşük
və həmişə
də Ağdamın şəhidlərindən, Qarabağ
uğrunda fədakarlıq
etmiş əsgər yoldaşlarından, dostlarından,
yoldaşlarından danışıb.
Bir dəfə
şəkildəki sarğını
göstərərək soruşdum
ki, neçənci ildə yaralanmışdınız?
Cavabı
belə oldu: "Ağdam Qarabağ müharibəsində ən
çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır.
Rayonun
160 min nəfər əhalisindən
128 mini ev-eşiyindən didərgin
düşüb. Onlar ölkənin
62 şəhər və
rayonunda məskunlaşıblar.
İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan
dəyib".
- Amma mən başqa
sual vermişdim.
- Nə fərqi var ki? 1993-cü ildə yaralanmışdım,
97-ci ildə xəstələndim...
Əsas odur ki, elliklə
silaha sarıldıq,
o qədər şəhidlər
verdik. Yoxsa daha çox
torpaqlarımızı itirərdik.
Yaxşı ki, Heydər
Əliyevin ölkə
rəhbərliyinə qayıdışından
sonra ordumuz düşmənin gözünün
odunu aldı.
... Söhbət
1959-cu ildə Ağdamın
Evoğlu kəndində
dünyaya gəlmiş,
baş leytenant, həm döyüş illərində, həm də atəşkəsdən
sonra dəfələrlə
Fəxri fərmanlara,
təşəkkürnamələrə layiq görülmüş
Rövşən Rüstəmovdan
gedir. Bu yaxınlarda onunla metronun "Sahil" stansiyası yaxınlığında görüşdük.
Öyrəndim ki, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin hansısa
strukturunda, yenə də mülki vəzifədə çalışır.
Salam-kəlamdan sonra dedi ki, Prezident
İlham Əliyevin Azərbaycan
Respublikasının ərazi
bütövlüyü uğrunda
həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz
itkin düşdüyünə
görə ölmüş
elan edilmiş hərbi qulluqçuların
ailə üzvlərinin
sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı
fərmanı hamı
gözləyirdi, mən
isə hamıdan çox gözləyirdim.
Cənab
Prezidentin şəhid
ailələrinə 11 min manat
vəsait verilməsi barədə qərarına
hamı sevindi, hamıdan çox isə mən sevindim. Çünki
mən o döyüşlərin
böyük hissəsində
iştirak etmiş adam kimi,
necə qeyrətli, mərd, mübariz oğullarımızın şəhid
olduğunun canlı şahidiyəm.
Qəribədir, uzun illər əlində silah, hərbi xidmətdə olan bu adam
hansısa imtiyaza
malik olduğundan, kimdənsə fərqli qiymətləndirilmək istəyindən
qətiyyən danışmır.
Elə budəfəki
görüşümüzdə də elə oldu: - Mən ata-babamın məzarını,
Evoğlu kəndini, Ağdamı, Qarabağı,
xalqın hissiyatını
qorumaq üçün
vuruşmuşam. Bunun isə
bircə adı var - vətəndaşın
Vətən qarşısındakı
borcu. Həmin borcu ödəyən kəs hansı sağ olu gözləməlidir
ki?- dedi.
... Daha bir söz deyə
bilmədim. Sadəcə bu sətirləri qələmə
aldım və təxminən
on il qabaq, cib telefonumla divardan çəkdiyim şəkili də əlavə edərək,
əbədi ərk ünvanımız olan
"525-ci qəzet"ə göndərdim.
İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist
525-ci qəzet.- 2019.- 11 sentyabr.- S.19.