Payız yol gəlir
Fəsillərdən yenə payız gəlir. Təqvimə görə artıq
başlasa da, təbiətə görə
hələ yol gəlir. Hələ köçünü tam daşımayıb. Özündən öncə çaparlarını
- küləyi, yağışı,
sərin mehini göndərib.
Kimə görəsə gəlişi
üçün hələ
tezdir, kimə görəsə tam zamanıdır.
Ehtimala görə, "payız"
sözü "küz"
kəlməsinin dəyişmiş
forması ola
bilər. Türk dillərinin çoxunda
küz - gün düşməyən yer kimi başa düşülür. "Küz" sözündəki
"z" şəkilçisi - "siz" şəkilçisi
ilə qohumdur. Küz elə "kün" (gün) -süz deməkdir (Bəşir Əhmədov. Etimologiya lüğəti).
Əslində, "mövsümlərdən ən gözəli hansıdır?", - deyə
soruşsalar, yəqin
ki, çox az insan
üçün dörd
mövsümdən payız
ən gözəli sayılar. Bərəkət fəsli olsa
da, payız, nələrinsə yarım
qalma hüznünü
yaşadır insana.
Güllü-çiçəkli, nəğməli yayın sona çatdığını xatırladır.
Sanki bir daha
onları yaşamayacaqmış
kimi. Əslində,
bir az
insan ömrünə
bənzəyir. İnsana
sanki cavanlığıyla
vidalaşır kimi bir hiss yaşadır. Sanki
həyat artıq dayanmaq üzrədir...
Payız deyən kimi gözümüz önündə
ilk olaraq sərin havalar, tökülən yarpaqlar, ayaq altında xırçıldayan
xəzəllər, ardı-arası
kəsilməyən yağışlar,
şimşəklər canlanır. Sanki şimşəklər uçub
gedən quşlar üçün, isti yay günləri üçün üsyan edir. Sanki payızda
şimşək də
bir başqa çaxır. Elə bil
insanın əllərinin
arasından axıb gedən ömür üçün çırpınır.
Bütün bunlar isə
İnsanı melanxolik
vəziyyətə gətirib
çıxarır. Lakin payıza
soyuq binalardan yox, təbiətin qoynundan baxdıqda əslində, özünə
xas gizli bir gözəlliyi olduğunu görmək olar. Ağaclar sanki bir-birilə
parlaq libasları, zinət əşyaları
ilə bəhsə girən qızılı,
xınayı saçlı
gəlinlərə bənzəyir.
Hər nə qədər payız nəyinsə sonu kimi qəbul edilsə də, əslində, yeni başlanğıclardan əvvəl,
köhnənin bitməsidir. Ağaclardakı yarpaqlar töküldükdən
sonra zamanı gəldikdə yenilərin
əmələ gəlməsidir.
Yağışlardan sonra göyün
üzünün açılmasıdır.
Sanki bu mövsümdə
təbiət, uzun bir yorğunluqdan sonra ona artıqlıq
edən yüklərindən
azad olub, dərin bir dincliyə çəkilir,
yuxuya gedir. Oyandıqda daha güclü ola
bilməsi üçün
bir müddət yaşamı uğrunda mübarizəsini ləngidir.
Günəş də yaydakı
kimi parlaq işıq saçmır.
Sanki o da bütün
yayı yorulmuş, indi azacıq istirahət etmək istəyir. Yazda, yayda yenidən
çox parlaq olması üçün.
Bütün bunlardan ətrafa qəribə bir hüzün çöksə
də, təbiətin
bu halı yeni həyata, yeni qaç-qova başlamazdan öncəki
dinclik halını xatırladır. Eynən baramaya çevrilən
ipəkqurdu (tırtıl)
kimi. Tırtıl barama dövründə
istirahət edir.
Daha sonra tırtılı kəpənəyə çevirən
genləri aktivləşir.
Bundan sonra yeni bir
həyat yaranır.
Tırtıldan tamamilə fərqlənən,
gözəlliyi, rəngarəngliyi,
naxışlarıyla göz
oxşayan qüsursuz,
mükəmməl canlı-kəpənək
yaranır.
Odur ki, bütün gördüklərimizdən
bədbinləşməkdənsə, təbiətdən ibrət
götürərək, qarşıda
görə biləcəyimiz
daha uğurlu işlər üçün
hazırlıqlar görməyə
üstünlük verməliyik. Biz də
zamanı gəldikdə
tırtıl kimi yenilənmək üçün
öncə barama olmalı, daha sonra qabığımızı
deşib irəliyə
doğru addımlamalıyıq.
Torpaq kimi biz də yeni məhsul verə bilmək üçün dincəlməliyik.
Dincəlmə müddəti həyatımızı
nəzərdən keçirmək,
bizim narahatlığımıza
səbəb olan, irəli getməmizə
mane olan bütün artıq yüklərimizdən
azad olmaq üçün çox münasib bir zamandır. Etdiklərimizi və etmədiklərimizi,
enişlərimizi, yoxuşlarımızı,
səhvlərimizi və
düzgünlərimizi düşünə
bilmək üçün
bir zaman bölümüdür. Payız - bizi
qarşıdakı qışın
daha sərt havasına hazırlamaq, tədarüklər görə
bilmək üçündür.
Yaza yenidən doğula bilmək üçündür.
Nədənsə biz insanlar bəzən
təbiətin bir parçası olduğumuzu,
hər nə qədər ağılca kamil sayılsaq da, təbiətin qanun-qaydalarının önünə
keçə bilməyəcəyimizi,
hər baş verən hadisənin səbəbsiz olmadığını
və zamanı gəlməyincə bir toxumun belə cücərməyəcəyini unuduruq.
Odur ki,
doya-doya bu
qızılı-qızıllı payızımıza
sarılaq. Çünki o
da çox qalmayacaq ömrümüzdə. Bizi soyuq qışa
hazırlayıb, təhvil verib vidalaşacaq. Bizsə zamanı gəldiyində
tırtıl kimi kəpənəyə
çevriləcək, ağaclar kimi yenidən tumurcuqlayacaq,
günəş kimi yenidən
parlayacağıq.
Fidan MALİK
525-ci qəzet.- 2019.- 13 sentyabr.-
S.16.