Üzeyir bəy Hacıbəylinin publisistik irsinə bir baxış

 

 

Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, pedaqoq, yazıçı, dramaturq, ictimai xadim, milli operanın banisi kimi adını ədəbiyyat və mədəniyyət tariximizin salnaməsinə yazıb.

 

Xalqına təmənnasız xidmət edən Ü.Hacıbəylinin çoxcəhətli fəaliyyətinin bir istiqaməti də onun publisistik yaradıcılığı ilə bağlıdır. O, ədəbi fəaliyyətə publisistika ilə başlayıb. Ü.Hacıbəyli "Azərbaycan", "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında çoxlu sayda məqalə, felyeton və satirik miniatürlərini dərc etdirib. Ü.Hacıbəyli 1906-cı ildə C.Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının fəal yazarlarından biri kimi fəaliyyət göstərirdi. "Molla Nəsrəddin" jurnalında "Adı molla, özü bəy Filankəs", "Anaş Qurbağa", "Bala uşaq", "Bızbıza", "Çoban", "Həmişə Kefli", "Xoca Lələ", "Lal uşaq", "Millət tərəfdarı", "Namuslu", "Rəhimsiz", "Yalançı", "Zurnaçı" və başqa gizli imzalarla yazdığı publisist əsərləri onu cəsarətli, qorxmaz bir jurnalist kimi məşhurlaşdırıb. Ü.Hacıbəylinin publisist yaradıcılığı qəlbən, ruhən, mənən "Molla Nəsrəddin" ədəbi məktəbinə və onun yaradıcılarına çox yaxın idi. Onun ilk satirik mətbuat orqanı kimi geniş şöhrət qazanan "Molla Nəsrəddin" jurnalına böyük rəğbəti vardı.

 

O, 1907-ci ildə "İrşad" qəzetində dərc etdirdiyi bir məqaləsində "Molla Nəsrəddin" jurnalını "haqq söz danışan" bir mətbuat orqanı kimi yüksək dəyərləndirib. Ü.Hacıbəyli xalqın istək və arzularının ifadəçisinə çevrilən "Molla Nəsrəddin" jurnalında qaldırılan ictimai-siyasi, sosial problemlərin həlli istiqamətində görülən işlərdə C.Məmmədquluzadə və bütövlükdə mollanəsrəddinçilərin ideyalarını dəstəkləyirdi. Bu realist-satirik jurnalın üslubundakı sadəlik və aydınlıq, kəskin ifşaedici gülüş, lakonizm, ideya zənginliyi Ü.Hacıbəylinin diqqətini cəlb edirdi. Buna görə də özünün dərin məzmunlu, orijinal publisist yazılarını "Ordan-burdan" başlığı altında "Molla Nəsrəddin" jurnalının səhifələrində dərc etdirməklə bu mətbu orqanın haqq səsinə səs verirdi. O, xalqın qlobal problemlərini jurnalın səhifəsində işıqlandırmaqla mövcud situasiyada çıxış yollarını da göstərirdi. Ü.Hacıbəyli hakim dairələrin dövlət idarəçiliyində yol verdikləri qüsurları, nöqsanları açıq-aşkar söyləməkdən çəkinmirdi. Ü.Hacıbəylinin "Qəzet oxuyan", "Söhbət", "Müəllimlərin keçmiş günlərindən", "Müsəlman intelligentinin məclisi", "Türkiyədə azadlıq", "Məclis qurmağın qaydası", "Bir firəng ilə söhbətim", "Qafqaz müsəlmanlarına açıq məktub", "Duma yaxınlaşır", "Hürriyyəti-kəlam", "Müsəlmanların halı", "Dövlət dumasında", "Hökumət və duma", "Müsəlman kəndlisinin siyasi söhbəti", "Stolıpinin xəyalı", "Molla Nəsrəddin", "Müsəlman məclisi", "Bazar söhbəti", "Müəllimlər", "Dilimizi korlayanlar" və digər publisistik yazılarındakı kinayə, eyham, satirik ruh, lakonizm, mətləbi dolayısıyla çatdırma, dərin məna yükü yazıçının "Molla Nəsrəddin" ədəbi məktəbindən bəhrələndiyini göstərən dəyərli nümunələrdir.

"Molla Nəsrəddin" jurnalına qarşı yersiz hücumlar bəzən onun bağlanmasına, müəyyən fasilələrlə nəşrinə gətirib çıxarırdı. Bunu jurnala qarşı böyük bir haqsızlıq kimi səciyyələndirən Ü.Hacıbəyli yazırdı: "Dövlət dumasını bağladılar... "Molla Nəsrəddin" jurnalını da bağladılar... Dövlət dumasını bağlayan hökumət oldu... "Molla Nəsrəddin"i də bağlayan hökumət oldu... Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar padşah əmri ilə, amma "Molla Nəsrəddin" jurnalını - danos ilə..." "Molla Nəsrəddin" jurnalının 1910-cu ildə müvəqqəti bağlanması Ü.Hacıbəyovu kədərləndirmiş, yersiz hücumların qarşısının alınmasında o da digər tərəqqipərvər ziyalılar kimi etiraz səsini ucaltmış və jurnalın səhifələrində dərc etdirdiyi yazılarla xalqa bir səsləniş etmiş, onları haqqın, ədalətin müdafiəsinə ruhlandırmışdı.

Cəlil Məmmədquluzadənin yaxın dostu, məsləkdaşı Üzeyir bəyin "Molla Nəsrəddin" satirik jurnalı ilə sıx bağlılığı onu mollanəsrəddinçilər cəbhəsində özünəməxsus bir mövqedə qərarlaşdırırdı. "Mollanəsrəddinçilik" anlayışını ilk dəfə ədəbi fikir aləminə gətirən də məhz Ü.Hacıbəylidir. O, jurnalda yazılar dərc etməklə yanaşı, həm də onun fəal və ardıcıl müdafiəçisi kimi çıxış edirdi. "Molla Nəsrəddin"ə və Cəlil Məmmədquluzadəyə qarşı qara qüvvələr yersiz hücumlar edərkən o deyirdi: "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz".

1916-cı ildə Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası tamaşaya qoyularkən dövrün bir çox tərəqqipərvər ziyalıları kimi Üzeyir bəy Hacıbəyli də bu monumental əsəri yüksək dəyərləndirərək yazırdı: "Ölülər" "Molla Nəsrəddin" kimi baltanı dibdən vuran bir əsərdir".

Ü.Hacıbəyli xalqımızın milli-mənəvi dəyərlərinin qorunması uğrunda fəal mübarizə aparmış, elmin, mədəniyyətin inkişafına, intibahına, təkamülünə təminat yaradan ədəbiyyat və incəsənətin yüksəlişində misilsiz xidmətlər göstərib. O, zülm və istibdad altında əzilən zəhmətkeş insanların müdafiəsinə qalxır, öz publisistikasında onları istismar edənləri tənqid obyektinə çevirirdi. Onlara həqarətlə baxanları, ağır vergilər qoyub xalqın əməyini mənimsəyənləri "dinmə, ver", "danışma, ver", "tərpənmə, ver", "eşitmə, ver" deyənləri öz satirik publisistikasında mənfi tipə çevirərək geniş oxucu auditoriyasına çatdırırdı.

Yazıçı bəzən böyük həyati problemləri, xalqın mənafeyinə zidd olan qəbahətləri qamçılamaq üçün çox sadə və anlaşıqlı bir dildə, insanları həm güldürə, həm də düşündürə biləcək kiçik satirik-yumoristik süjetlər də qururdu.

Ü.Hacıbəylinin publisistikası dövrünün ən böyük ideallarını özündə əks etdirirdi. O, çar Rusiyasının 1905-ci ildə xalqa verdiyi yalançı vədləri, saxta azadlıqları bir vətəndaş yanğısı ilə tənqidə məruz qoyur, çarizmin ikiüzlü siyasətini ifşa edirdi. "Biz hamımız Qafqaz balalarıyıq" adlı məqaləsində çarizmin xalqlar arasında milli ədavət toxumu səpməsinə qarşı çıxır, onları bu riyakarlığa son qoymağa çağırırdı. Dahi Üzeyir bəyin bu səslənişi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Çünki hazırkı dövrdə erməni millətçiləri tərəfindən Azərbaycanın dilbər guşəsi olan Qarabağın işğalı məhz çar Rusiyasının xələfi olan imperiyanın qanlı əlləri ilə həyata keçirilib. Doğma Azərbaycanın azadlığı, bütövlüyü uğrunda mübarizə aparan Üzeyir bəyin ruhu nigarandır. Ümummilli liderimiz Heydər Əliyev cənabları deyirdi: "Üzeyir Hacıbəyov gəncliyini Şuşada keçirmişdir. Şuşa hər bir azərbaycanlı üçün əziz, müqəddəs bir şəhərdir. Üzeyir Hacıbəyov daim Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşub. 1918-1920-ci illərdə yazdığı məqalələri oxuyarkən düşünürsən: o sözlər bu gün üçün nə qədər aktualdır! O vaxtkı vəziyyət bu gün yenidən meydana çıxmışdır. Ermənistanın Azərbaycana qarşı qəsbkarlığı, torpaqlarımızı ələ keçirmək cəhdi və vətənpərvər insanlarımızın ölkəmizi qoruması o vaxt da belə olmuşdur. Üzeyir Hacıbəyov o vaxt bu yolda çalışıb, bu gün də təəssüf ki, tarix belə gətirib. Biz hamımız birlikdə Üzeyir Hacıbəyov kimi insanların qoyduğu yol ilə gedərək Azərbaycanın müstəqilliyini, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa çalışırıq".

Üzeyir Hacıbəylinin publisistik yaradıcılığı 1918-1920-ci illərdə istər məzmun və ideya, istərsə də problematika baxımından yeni bir mərhələyə daxil oldu. O, bu illərdə öz fəaliyyətini xalqın milli ideallarını, azadlıq və müstəqillik uğrunda mübarizəsini genişliyi ilə əks etdirən "Azərbaycan" qəzetində gerçəkləşdirirdi. Azərbaycan milli publisistikasının strateji mübarizə xəttində xalqın gələcəyinin təminatçısı olan böyük bir ictimai-siyasi konsepsiya Üzeyir Hacıbəylinin yaradıcılığı üçün də səciyyəvi idi. O, qəzetdə aparıcı janr kimi mühüm yer tutan publisistikanın bütün imkanlarından sənətkarlıqla faydalanırdı. İctimai-siyasi, ədəbi, tarixi, dini, mənəvi-əxlaqi, hüquqi və digər mövzularda qələmə aldığı məqalələrində Azərbaycan varlığını, onun taleyüklü problemlərini ön plana çəkirdi. "Azərbaycan" qəzetinin publisist mübarizəsinin önündə gedən Ü.Hacıbəyli əsasən respublika parlamentindəki hadisələrin şərhini verən "Hesabat" janrlı yazılara xüsusi yer verirdi. Bu publisistik yazılar içərisində Azərbaycanda milli ordunun yaradılmasına və erməni daşnaklarının Qarabağ və Naxçıvanda törətdiyi vandalizmə, qırğın və fəlakətlərə qarşı xalqı milli birliyə səsləyən dəyərli yazılar daha çox diqqəti cəlb edir. Ü.Hacıbəyli siyasi publisistikasında xalqı Azərbaycanın müstəqilliyini, suverenliyini, azadlığını qorumaq naminə vahid cəbhədə birləşməyə, milli həmrəyliyə səsləyən əsərləri çağdaş dövrümüz üçün də olduqca aktualdır. Onun "Qara təhlükə" adlı məqaləsində Azərbaycanda işğalçılıq siyasətini bərpa etməyə cəhd edən Denikin və onun tərəfdarlarının müstəmləkəçilik siyasəti tənqid obyektinə çevrilir. Ü.Hacıbəyli məqalədə erməni daşnakları və istilaçı çar generalı Denikinlə yanaşı, Azərbaycanın istiqlalını süquta uğratmağa çalışan, daxildəki düşmən dəyirmanına su tökən separatçı qüvvələrin iç üzünü açıb ifşa edərək yazırdı: "Bir Denikin var ki, bizi xaricdə təhəddüd ediyor. Bir çox denikinlər var ki, içimizə dolub, ən xətərli yerlərdə gizlənib də bizi qorxudurlar".

Ü.Hacıbəyli publisistikasının mühüm bir istiqamətini də onun Azərbaycan diplomatiyasının dünya arealında genişlənməsinin qarşısını alan qüvvələrə həsr etdiyi məqalələrdir. Bu baxımdan "Səddi-İskəndər" məqaləsi çağdaş dövrlə yaxından səsləşir. Bu gün də Azərbaycan xalqını beynəlxalq aləmə "vəhşi", "qaniçən", "mədəniyyətsiz" şəkildə təqdim etməyə cəhd göstərən erməni daşnakları keçən əsrin əvvəllərində də bu qarayaxma kampaniyasından riyakarcasına istifadə etmişlər. Ü.Hacıbəyli məqalədə məhz xalqımıza qarşı aparılan bu məkrli siyasətin arxasında hansı hiylələrin gizləndiyini yazıb bəyan edib. O, "Səddi-İskəndər" məqaləsini Azərbaycan nümayəndə heyətinin Fransaya sülh konfransına getdiyi ərəfədə qələmə almış və Azərbaycan diplomatiyasının qarşısında maneəyə çevrilən qüvvələrin pozuculuq fəaliyyətini "İskəndər səddi" adlandıraraq onların qərəzli, məkrli siyasətini ifşa etmişdi.

"Molla Nəsrəddin" jurnalında geniş yer tutan "Atalar sözü" rubrikası Ü.Hacıbəyli yaradıcılığında da xüsusi önəm daşıyır. Folklor qaynaqlarından bəhrələnən ədib xalq deyimlərinə parodiyalar edərək ona yeni məzmun orijinallığı və forma zənginliyi verir: "Müsəlmanlarda bir məsəl var, deyirlər ki, "Ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların "ağacları" bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tuturlar ki, qapaz vurana "rahat" olsun".

Elm, təhsil, məktəb məsələləri də Üzeyir bəyin xüsusi önəm verdiyi problemlərdəndir. Dini xurafatı, mövhumatı yayan yalançı, fırıldaqçı mollaları ifşa edən satirik əsərlərini o, "Molla Nəsrəddin" jurnalında dərc etdirərək xalqını qəflətdən oyandırmağa səsləyirdi. Elə bu məqsədlə də jurnalda "Ordan-burdan" başlıqlı silsilə yazılar verir, öz həmvətənlərini elmli, savadlı, xalqına fayda verə biləcək bir vətəndaş kimi görmək istəyirdi.

Ü.Hacıbəylinin publisistikası həm də bədii təsvir və ifadə vasitələrinin zənginliyi ilə yüksək sənətkarlıq nümunəsidir.

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Üzeyir bəy Hacıbəylinin milli təəssübkeşliyi, vətənpərvərliyi, doğma Azərbaycanına sədaqəti hər bir vətən övladı üçün böyük bir ibrət dərsidir. Xalqımıza tükənməz bir mənəvi irs qoyub gedən dahi sənətkarın ölməz ideyalarını yaşatmaq hər bir azərbaycanlının həyat devizinə çevrilməlidir.

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.14.