Müasir dövrdə dövlət-din
münasibətləri
Din və dövlət münasibəti ideologiya və hakimiyyətin çox zəif müvazinəti üzərində
qurulmuş idarəetmə
sisteminin möhkəmliyinin
mühüm elementidir.
Bu çətin həll
edilə bilən məsələ tarixən
bütün bəşəriyyəti
narahat edib və bu gün
də etməkdədir. Əslində, dinlərin tarixi dövlətlərin tarixindən
daha qədimdir və onların mövcudluğu dövlətin
olub-olmaması ilə
şərtlənir. Din müstəqil ideoloji sistemdir. Bundan əlavə, onun
yaranması Allahın
(İlahi qüvvənin)
mövcudluğunun danılmaz
olmasına inamla bağlanır. Bu, dinə inananlar üçün isbata ehtiyacı olmayan aksiomadır.
Cəmiyyətin normal fəaliyyət göstərməsi üçün
münbit, yararlı şərait dövlətin
bütün ali hakimiyyətə sahib olduğu,
ictimai-siyasi və dini təşkilatların
isə açıq cəmiyyət institutlarına
müsbət təsir
göstərmək imkanına
malik olduğu vaxt formalaşır. Qanun cəmiyyətin normal inkişafını
dövlətin icraedici
strukturlarının fəaliyyətinə,
eləcə də cəmiyyətdə hökm
sürən, əsasən
dini-mənəvi-əxlaqi prinsip
və adət-ənənələrə
istinad edərək tənzimləyir. Dövlət cəmiyyətin həm sosial-iqtisadi, həm də mənəvi sahələrini qanun çərçivəsinə salır və prosesləri idarə edir. Müasir demokratik cəmiyyətdə
din və dünyəvi
dövlətin dinc şəkildə birgə
yaşaması modelini
formalaşdırmaq vacib
şərtdir. Cəmiyyətin
yaratdığı dövlət
öz inkişafını
təmin etmək üçün qanunun
aliliyini üstün tutsa da, din əsasən
qanunun mahiyyətini, yəni əxlaq və mənəviyyatı
formalaşdırmaqda mühüm
rol oynayır. Əxlaqi-mənəvi və siyasi-ideoloji
meyarların nəticəsi
olan hakimiyyət və onun qəbul
etdiyi dünyəvi xarakterli qanunlar birlikdə cəmiyyətin
idarə edilməsində
əhəmiyyətli rol
oynayır. Bir sözlə,
dövlət və
din bir-birindən tam ayrı
mövcudluğu xeyli siyasi-ideoloji fəsadlar törədir. Biz bunu SSRİ-nin təcrübəsində artıq
görmüşük. Buna görə də
demokratik əsasda qurulmuş cəmiyyətdə
dövlət onun siyasətinə və ideologiyasına zidd olmadan bütün din icmaları və əqidələri üçün
bərabər şərait
yaradıb onların fəaliyyətini qanunla tənzimləmək və
müdafiə etmək
məcburiyyətindədir.
Hər bir dövlətin dini etiqad və vicdan azadlığının
təmin olunmasına,
dövlət-din münasibətlərinin
tənzimlənməsinə öz yanaşma tərzi mövcuddur. Tarix boyu
Azərbaycan çoxmillətliliyi,
öz tolerantlığı
ilə seçilmiş,
müxtəlif dinlərin
nümayəndələri burada
sülh şəraitində,
dinc, yanaşı fəaliyyət göstərmiş,
milli dini və irqi ayrı-seçkilik
qabardılmamış, münaqişə
yaradacaq həddə çatdırılmamışdır. Əsrlər boyu Azərbaycanda islam,
xristian və yəhudiliyin nümayəndələri
qarşılıqlı anlaşma
şəraitində yaşamış,
milli və dini etnik qruplar
arasında ədavət
və qarşıdurma
müşahidə olunmamışdır.
Müasir dövrdə də
ölkəmizdə bu
zəngin ənənə
həm səmavi dinlərin ardıcılları
tərəfindən, həm
də dövlət tərəfindən qorunub
saxlanılaraq uğurla
davam etdirilir, bütün dinlər cəmiyyətin ahəngdar
inkişaf prosesinə
öz imkanları çərçivəsində töhfələrini verir.
Əlbəttə, son illərdə cəmiyyətin ən aktual mövzularından olan dövlət-din münasibətləri ilə
bağlı vaxtaşırı
elmi-tarixi əsərlər
yazılır, kitablar
nəşr edilir, müzakirələr aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində fəaliyyət
göstərən Azərbaycan
İlahiyyat İnstitutunun
rektoru, fəlsəfə
elmləri doktoru Ceyhun Məmmədovun
bu günlərdə işıq üzü görmüş "Azərbaycanda
dövlət-din münasibətləri:
tarix və müasirlik" kitabı da məhz həmin
mövzuya həsr olunub. Kitab mahiyyət etibarı
ilə tarixi aspektdə yazılıb.
Azərbaycanda dövlət-din
münasibətlərinin üç
tarixi mərhələsinə
toxunur: Azərbaycan Xalq Cümhuriyyəti,
SSRİ dönəmi və
müstəqillik dövrü.
Bu üç fəsildə müəllif
dinə münasibətin
müxtəlif aspektlərinə
toxunur, oxşar və fərqli cəhətləri təhlil
etməyə çalışır.
Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərinin
hüquqi aspektlərinə,
bu münasibətlərin
qanun çərçivəsində
tənzimlənməsinə, dini radikalizmlə mübarizə sahəsində
son illər siyasi-ideoloji
və hüquqi aspektlərdə aparılan
işlərə toxunur.
Kitabın birinci fəslində Azərbaycan Xalq Cümhuriyyəti dövründə
mövcud olmuş dövlət-din münasibətlərindən
kifayət qədər
bəhs edilir, həmin dövrdə bu sahədə ciddi addımların atılması, qanunların
qəbul olunması vurğulanır. Müəllif qeyd edir ki,
məhz AXC-nin dövründə cümə
günü istirahət
günü elan edilmiş, dini bayramlarda bütün din nümayəndələri işdən
azad olunmuş, hökumətin qərarı
ilə din xadimləri
və dini idarələri büdcədən
maliyyələşdirilmiş, dini vergilər bilavasitə dövlətin
xəzinəsinə daxil
edilmişdir. Azərbaycan
Demokratik Respublikası
iki ildən az müddət
yaşasa da, xalqımızın milli-dini
mənlik şüurunun
oyanması üçün
böyük addımlar
atılmış, din və
dövlət münasibətlərinin
normal, sivil yolla tənzimlənməsinin əsasını
qoymuşdur.
Sövet dönəmini Azərbaycanın din tarixinin ən ağrılı və acılı dövrlərindən biri kimi təsvir edən müəllif həmin illərdə bir çox ibadət yerlərinin dağıdılmasına, din xadimlərinin həbs edilməsinə, hətta qətlə yetirilməsinə dair tarixi faktlardan iqtibaslar gətirir. Əsrlərin sınağından süzülüb gələn milli-mənəvi dəyərlərin insanlara təsirini azaltmaq və əhalini dindən uzaqlaşdırmaq məqsədilə islam dininə qarşı kütləvi hücumların edildiyi qeyd olunur. Həmin dövrdə vicdan və etiqad azadlığı prinsipləri dövlətin əsas qanununda öz əksini tapsa da, din xadimləri üçün bütün imtiyazlar ləğv edilmiş, məscid və kilsələrin dövlətdən ayrıldığı barədə qərarlar qəbul edilmiş, dinə, xüsusilə, islam dininə qarşı ciddi mübarizə planı reallaşdırılmışdır.
Müstəqil dövrü 1991-ci ildən başlayaraq təsvir edən müəllif göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi tədricən çətinliklərlə formalaşdıqdan sonra bu münasibətlərdə yeni fərqli mərhələ başlamışdır. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı kağız üzərində deyil, işdə, əməli cəhətdən təmin olunmuş, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə qoyulmuş qadağalar aradan qaldırılmış, baxımsızlıqdan uçub-dağılmış dini ibadət ocaqlarının tam əksəriyyəti təmir və bərpa olunmuş, gənc nəslin sağlam ruhda, dini inkar etmədən milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Bu vacib iş hazırda da davam etdirilir.
Bu gün ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin, təriqətlərin nümayəndələrinə diqqət, qayğı göstərmək Azərbaycan hakimiyyətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Müəllif qeyd edir ki, Azərbaycanda dini etiqad azadlığının tam təmin olunması istiqamətində dövlət-din münasibətlərinin tənzimlənməsində müasir dövlətimizin qurucusu Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Dini Qurumlarl İş üzrə Dövlət Komitəsi yaradılmış və onun himayəsi ilə ölkədə tarixi əhəmiyyət kəsb edən köhnə məscidlər, ibadət ocaqları bərpa edilmiş, yeniləri inşa olunmuş, 1936-cı ildə dağıdılmış Bibiheybət məscidi yenidən qurulmuşdur. Onun əsasını qoyduğu dövlət-din siyasəti bu gün də uğurla davam etdirilir, ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə xüsusi diqqət göstərilir. Əgər Azərbaycan müstəqilliyinin ilk on ilində dünyada dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən fəal iştirakçısı idisə, hazırda bu prosesin təşkilatçısıdır. "Bu gün qarşıda duran əsas vəzifə bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir" deyən müəllif bunu hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyət adlandırır.
Maarifləndirmə missiyası
daşıyan və dinşünaslar,
ilahiyyatçılar, şərqşünaslar, tarixçilər,
dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin,
ali məktəb müəllimləri və
tələbələri üçün
nəzərdə tutulan bu
kitabı vərəqlədikcə müəllifin onu ərsəyə gətirmək
üçün kifayət qədər tarixi mənbələri
araşdırdığı məlum olur.
Ümumiyyətlə, bu və ya digər tarixi mərhələdə
ölkədə mövcud olmuş
din-dövlət münasibətlərini həmin dövrün ictimai-siyasi durumunu təhlil etmədən, baş
vermiş hadisələri öyrənmədən
şərh etmək qeyri-mümkündür.
Kitabda, həmçinin, Azərbaycanda din təhsilinin tarixinə, dövlət-din
münasibətlərinin hüquqi aspektlərinə
də toxunulur. Bu
baxımdan, "Azərbaycanda dövlət-din münasibətləri:
tarix və müasirlik"
kitabının nəşri xüsusi əhəmiyyət
daşıyır. Müəllif kitabda problemin praktiki tərəflərini
daha çox qabartmiş, qarşıya qoyduğu
sualları tarixi faktlarla
təsdiqləməyə çalışmışdır.
Əslində, bu, çox
vacib və tədqiqatçılar tərəfindən
az işlənilmiş bir
mövzudur. Bu mövzu haqqında faktların əksəriyyəti
tarixi arxivlərdə, daha
çox Gürcüstandakı dövlət
tarix arxivində saxlanılır. Müəllif
mümkün olan qədər
material tapmış və mövzü
üçün seçdiyi
tarixi dövrə aid
kifayət qədər faktlara istinad etmişdir. Ümid edirik ki, kitab geniş
oxucu kütləsi üçün
maraqlı olacaq.
Rafiq
ƏLİYEV
525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.13.