Tadeuş Holuvkonun
xatirəsinə
29 avqust 1931-ci il. Bu, elə bir kədərli tarixdir ki, biz həmin gün Tadeuş Holuvkonu itirdik.
Mərhum, yenidən müstəqillik əldə etmiş Polşanın görkəmli dövlət xadimlərindən və siyasi fəallarından biri idi.
Onun faciəvi ölümü barədə qara xəbər təkcə Polşada acı və fəlakətli bir hadisə kimi qarşılanmadı, ölkənin hüdudlarından çox uzaqlarda da bu ağır itki böyük kədər hissi ilə qəbul edildi və törədilən amansız terror aktı qəzəb doğurdu.
Tadeuş Holuvko Polşanın müstəqilliyi uğrunda əzm və fədakarlıqla mübarizə aparıb böyük töhfələr vermiş azadlıq fədailəri nəslinə məxsus idi. O, yalnız Polşa vətənpərvəri deyildi, həm də Rusiyanın əsarət altına aldığı bütün hürriyyətpərvər xalqların həqiqi dostu idi.
Çağdaş vətənpərvər polyaklar nəslinin təkcə Polşanın müstəqilliyi uğrunda apardığı mübarizə ilə məhdudlaşmayan, eyni zamanda, onların Rusiyadakı bütün xalqların milli məsələsinin ədalətli həllinə yönəlik qətiyyətli tələblərini özündə cəmləşdirən fəaliyyətinin məxsusi cəhətləri səmimi və təmkinli mübariz kimi tanınmış T.Holuvkonun şəxsiyyətində parlaq şəkildə təcəssüm olunmuşdu.
Kölələşdirilmiş Rusiya xalqlarının təmsilçilərini Tadeuş Holuvko ilə yalnız sadəcə bir tanışlıq bağlamırdı, onlar həm də onun bu xalqlara bəslədiyi atəşin bir rəğbətin şahidi idilər, onun simasında öz imkanları daxilində hər zaman onlara kömək əlini uzadan səmimi bir arkadaş, etibarlı dost görürdülər. Ən çox diqqətçəkən faktlardan biri budur ki, onun belə rəğbət qazanmasının səbəbi yalnız Polşanın milli maraqları ilə bağlı deyildi...
Tadeuş Holuvko şəxsiyyətinin nəcibliyi, onun, problemlərin dərinliyinə varmaq məharəti, başqalarının dərdini düşünüb anlamaq qabiliyyəti və onların müqəddəratı üçün səmimi şəkildə narahatlıq yaşamaq bacarığı mərhumun cazibədar xarakterinin önəmli xüsusiyyətlərindən idi.
Mən Tadeuş Holuvkonu şəxsən tanıyırdım. Onunla sonuncu görüşümüz xatirimdə çox dərin izlər buraxıb. O görüş 1929-cu ilin yazında İstanbulda olmuşdu. Tadeuş Holuvko o zaman bizim "Odlu Yurd" adlı aylıq məcmuənin redaksiyasını ziyarət etmək üçün gəlmişdi, onda onunla müxtəlif mövzularda çoxlu söhbətlər etdik. Sonda türk xalqları haqqında danışdıq - o xalqlar ki, Tadeuş Holuvko onları yaxşı tanıyırdı və onlarla yaxından maraqlanırdı...
Söhbətimizin bu yerində mən ona dedim ki, bizi hazırda Polşada yaşayan və bu ölkənin vətəndaşları olan qardaşlarımızın - müsəlman türklərinin gələcək taleyi ciddi maraqlandırır (burada Litva-Polşa tatarları nəzərdə tutulur. - M.H.). Onlar bizə Azərbaycanın müstəqilliyi dövründə mənəvi dəstək olublar. Bir çoxları isə Azərbaycana gələrək Cümhuriyyətin quruculuq işlərində çalışıblar.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlament və Hökumət strukturlarında yüksək vəzifələr tutmuş Olgerd və Arslan (Leon) bəy Kriçinski qardaşları, general Süleyman (Matsey) bəy Sulkeviç və digər Litva-Polşa tatarları haqqında danışarkən ona zarafatla belə bir fikir söylədim:
- Kim bilir, müstəqilliyimizi qaytardıqdan sonra biz onların hamısını Azərbaycana köçürməyəcəyik?!
Tadeuş Holuvko bundan hiddətlənərək sözümü yarımçıq qoydu və çox ciddi bir şəkildə dedi:
- Xəlil bəy, elə fikirləri özünüzə heç yaxın da buraxmayın, çünki biz onları sizə verməyəcəyik! Axı onlar ilk öncə bizim vətəndaşlarımızdır, həm də əziz "əsirlərimiz" olaraq (Böyük Litva knyazı Vitautasın 1397-ci ildə tatar və karay türklərini Krımdan gətirib Knyazlığın ərazilərində yerləşdirməsinə işarədir. - M.H.) bizi müsəlman aləmi və türk dünyası ilə birləşdirən doğal körpülərimizdir. Yox, yaxşısı budur ki, siz bu barədə heç danışmayasınız!
Bu sözlərin üzərində diqqətlə düşünəndə şübhəsiz ki, onlarda dərin bir həqiqətin ehtiva olunduğuna əmin olursan.
Tadeuş Holuvkonun artıq həyata əbədi göz yumduğu barədə düşünmək çox kədərlidir.
Polyak
dilindən tərcümə edən: Mahir HƏMZƏYEV
Xəlil bəy Xasməmmədov
525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.12.