Akademik İsa Həbibbəylinin
yeni monoqrafiyası nəşr olundu
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin "Azərbaycan
ədəbiyyatı dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyası çap
olunub.
"Elm" nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı
tarixinin elmi-nəzəri
cəhətdən dövrləşdirilməsinə
həsr edilmiş ilk monoqrafik tədqiqatdır.
Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən
hazırlanmış sistemli
dövrləşdirmə konsepsiyası
əsasında çoxəsrlik
Azərbaycan ədəbiyyatı
tarixinin inkişaf mərhələləri müəyyən
edilib. Elmi yeniliyi və əhəmiyyəti nəzərə
alınaraq, tədqiqat
işi çapdan qabaq AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan)
iclaslarında geniş
müzakirə olunub.
Kitabda Azərbaycan
ədəbiyyatı tarixinin
təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə
qədərki inkişaf
yolu izlənilib təhlil edilib. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinin
dövrləşdirməsi zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından
çıxış edilərək
aşağıdakı prinsiplərə
əsaslanmaq faydalı
hesab olunub:
1. Azərbaycançılıq məfkurəsi;
2. Sivilizasiya faktoru; 3. Azərbaycanda ədəbi cərəyanlar.
4. Ədəbi-tarixi prosesin
reallıqları.
Kitabda Azərbaycan
ədəbiyyatı tarixinin
on inkişaf mərhələsi
göstərilmiş və
hər bir ədəbi mərhələ
elmi-nəzəri cəhətdən
geniş şəkildə
əsaslandırılıb.
1. Qədim dövr Azərbaycan ədəbiyyatı.
Etnosdan-eposadək (ən
qədim dövrlərdən
VII əsrə qədər);
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər);
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər);
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər);
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər);
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm mərhələsi (XIX əsr);
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək);
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər); 9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər);
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
Həcm etibarilə 450 səhifədən ibarət olan monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna dair hər bir mərhələsinin şərhi verilib, elmi cəhətdən və ədəbiyyatdan gələn nümunələrlə əsaslandırılıb.
Akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasında milli ədəbiyyat tariximiz mərhələlər üzrə dövrləşdirilərkən uzun illər ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin tətbiqindən imtina olunub.
Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin, qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb.
Ciddi elmi-nəzəri əhəmiyyətə malik olan "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ertəgin Salamzadə, məsul redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərlidir.
Kitab tədqiqatçılar,
ali məktəb müəllimləri və
tələbələri üçün
faydalı mənbə ola bilər.
525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.11.