Misir Mərdanovun "Azərbaycan riyaziyyatçıları" kitabı çapdan çıxdı

 

Kitabda qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olan alimlər haqqında biblioqrafik məlumat verilib

 

 

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanovun müəllifi olduğu "Azərbaycan riyaziyyatçıları"  ensiklopedik soraq kitabı işıq üzü görüb.

 

"Elm və təhsil" nəşriyyatında çap olunan kitab 496 səhifədən ibarətdir. Kitabda 12 akademik, 14 AMEA-nın müxbir üzvü, 177 elmlər doktoru, professor haqqında məlumat verilib. 

Kitabın elmi redaktoru Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdır.

"Azərbaycan riyaziyyatçıları" kitabında qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olan  alimlər haqqında biblioqrafik məlumat verilir. Kitabda dünya elm xəzinəsinə misilsiz töhfələr vermiş, orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsrəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri, tədqiq edilən mühüm məsələləri təsfir edən tarixi faktlar, Tusidən əvvəl yaşamış sələfləri və ondan sonrakı bəzi xələfləri haqqında məlumatlar yer alıb. Həmçinin, kitabda XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və onun inkişafında mühüm xidmətləri olan, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri, riyaziyyat üzrə elmlər doktoru və professor elmi adına layiq görülmüş alimlərimiz haqqında ensiklopedik məlumatlar xronoloji ardıcıllıqla şərh olunur.

"Azərbaycan riyaziyyatçıları" kitabının ön sözündə professor Misir Mərdanov qeyd edib ki, dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi, mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texniki cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır.

Elm sahələri arasında riyaziyyatın özünəməxsus yeri vardır. Əgər XVIII əsrin axırlarına qədər riyaziyyat əsasən mexanika, astronomiyada, XIX əsrdə isə fizikanın müxtəlif sahələrində tətbiq olunur və bu elmlərdən qidalanırdısa, hazırda riyazi metodlar ən müxtəlif elm sahələrinə - iqtisadiyyat, dilçilik, biologiya, kimya, tibb və müxtəlif sahələrə dərin nüfuz edir. "Riyazi dilçilik", "Riyazi bioogiya", "Riyazi iqtisadiyyat", "Riyazi informatika" kimi terminlər artıq adi, heç kimi təəccübləndirməyən terminlər olub.

Misir Mərdanov bildirib ki, riyaziyyatın elmin və texnikanın müxtəlif sahələrinə geniş tətbiqi gənclərin riyazi hazırlığına olan tələbatı artırmaqdadır. Bu tələbatı ödəmək üçün orta və ali məktəblərdə riyazi təhsilin keyfiyyətinin artırılması günün vacib tələblərindəndir. Uzun illərin müəllimik təcrübəsi göstərir ki, bu elm sahəsində aparılan mühazirə və məşğələlərin onun tarixi, inkişaf yollarında istifadə etmək şagird və tələbələr arasında bu elmə olan marağı artırır, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır: "Oxuculara təqdim olunan "Azərbaycan riyaziyyatçıları" kitabında qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında böyük xidmətləri olan  alimlər haqqında biblioqrafik məlumat verilir. Üç fəsildən ibarət olan kitabın birinci fəslində dünya elm xəzinəsinə misilsiz töhfələr vermiş, orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsrəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri, tədqiq edilən mühüm məsələləri təsfir edən tarixi faktlar, Tusidən əvvəl yaşamış sələfləri və ondan sonrakı bəzi xələfləri haqqında məlumat yer alıb.

 

Birinci fəsildə qədim dövrdən XX əsrə qədər yaşamış və fəaliyyət göstərmiş islam riyaziyyatçı - alimləri haqqında, ikinci fəsildə XX - XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və onun inkişafında mühüm xidmətləri olan, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki adını alan alimlərimiz, üçüncü fəsildə AMEA-nın müxbir üzvü adını alan alimlər, dördüncü fəsildə isə elmlər doktoru-professor adına layiq görülən alimlər haqqında məlumatlar verilir. Nəsrəddin  Tusi, ondan əvvəlki və sonraki tarixi faktlar, şəxsiyyətlərlə bağlı məqamlara gəldikdə, bunları qeyd etmək istərdim. Məlumdur ki, müasir dövlətçiliyimiz və milli mənsubiyyətimiz fərqli formalaşma dövrlərini keçmişdir. Elm, incəsənət, milli düşüncəmiz də  həmin tarixi proseslərdən kənarda qalmamışdır. Buna görə də, elm tariximizin öyrənilməsi müvafiq prosesləri nəzərə almaqla aparılmalıdır. Sirr deyil ki, XIX əsrə kimi hakimiyyətlərin, səltənətlərin, idarəetmə mərkəzlərinin dəyişməsinə baxmayaraq, biz də digər millətlər kimi ümumislam elmi-mədəni irsinin daxilində inkişaf etmiş, həmin inkişafa öz töhfəmizi vermiş, böyük elm, incəsənət xadimləri, ədiblərimizlə, ictimai-siyasi xadimlərimizlə təmsil olunmuşuq.

 

Digər tərəfdən, ümumislam mədəniyyəti müxtəlif millətləri - ərəb, türk, fars, tacik, özbək, qırğız, türkmən, qazax, tatar və s.- kiçik milli təəssüblərin fövqündə ortaq düşüncə, dəyərlər, ortaq istəklər altında birləşdirmişdir. Şəxsiyyətlər milli mənsubiyyətindən, irqindən, məzhəbindən asılı olmayaraq yaşadıqları coğrafi ərazini təmsil etmiş, oranın inkişafında iştirak etmişlər. Buna görə də, heç də təəccüblü deyil ki, müasir dövrdə müxtəlif millətlər eyni bir tarixi şəxsin onların nümayəndəsi olduğunu iddia edirlər. Fikrimcə, hazırda müxtəlif millətlərin həmin şəxslərə iddia etmələri bir daha onların böyüklüyünə dəlalət edir. Hesab edirəm ki, həmin tarixi şəxslər bütün millətlərə aiddir. Əl - Fərabi, əl - Xarəzmi, əl - Heysəm, Əbul- Vafa, İbn Sina, Biruni, Ömər Xəyyam, Nəsrəddin Tusi, Rumi, Uluqbəy, Quşçu, Kaşi və b. şəxsləri hansısa bir çərçivəyə salmaq onları kiçiltmək olardı. Yəqin ki, onların hər biri öz elmi fəaliyyəti, elmi irsi ilə həm ərəb, həm türk, həm fars, həm özbək, həm tacik, həm qırğız, həm türkmən, həm qazax, həm tatar - ümumiyyətlə, ümumislam mədəniyyətinə qatqısı olan hər bir millətin, bəlkə də bütün dünya millətlərinin nümayəndələri hesab oluna bilərlər".

Professorun sözlərinə əsasən, hətta konkret bir tarixi şəxsin elmi irsinin tədqiqi və mövcud ictimai-siyasi şərait nəzərə alınmadan, uyğun elmi məktəblərdən təcrid edilmiş şəkildə öyrənilə bilməz. Belə ki, Bağdaddakı "Müdriklər evi", Marağadakı "Marağa rəsədxanası", Səmərqənddəki "Uluqbəy rəsədxanası" və sair çoxmillətli elmi ictimaiyyəti özündə birləşdirmişdir. Bir çox hallarda məktəblər bir-birindən təsirlənmiş, biri digərinin ənənələrinin davamçısı kimi çıxış etmiş, alimlər bir elmi mərkəzdən digərinə köçmüşlər: "Tusinin dövrü islam elmi dünyasındakı intibahın zirvəsi hesab edilə bilər. Orta əsrlər ərəb-islam elmi irsini tədqiq edən alimlərin əksəriyyəti bunu xüsusi vurğulayırlar. Məsələn, görkəmli alman alimi Q.Züter VIII-XVI əsr şərq alimlərini öyrənərək, bu dövrü üç mərhələyə bölür:

I mərhələ 750-900-cü illəri əhatə edir. Bu dövr tərcümə, qədim yunan və hind elminin mənimsənilməsi dövrü kimi xarakterizə edilir.

II mərhələ 900-1275-ci illəri əhatə edir. 1200-cü ilə kimi elmin inkişafı saraylarla, 1200-1275-ci illər müddəti isə Nəsrəddin Tusi və Marağa rəsədxanası ilə bağlıdır.

III mərhələ 1275-1600-cü illəri əhatə edir. Bu arada Uluqbəy rəsədxanası xüsusi vurğulansa da, islam dünyasında ümumi inkişafın ləngiməsi və tənəzzülə uğraması qeyd edilir. Beləliklə, Nəsrəddin Tusi və Marağa rəsədxanası ilə yaxın şərq elmi məktəbindəki elmi inqilab sonralar tənəzüllə müşayiət olunmuş, bu məktəbin təsiri bir neçə əsr davam etmişdir. Uluqbəy tərəfindən sonralar təsisi edilmiş Səmərqənd rəsədxanası da elmi-araşdırma mərkəzi olmaq baxımından Marağa rəsədxanası ənənələrinin davamçısı olmuşdur. Buraya da Yaxın Şərqin əksər alimləri dəvət olunmuş, əməkdaşlıq etmişlər, rəsədxana elmi-pedaqoji mərkəz kimi fəaliyyət göstərmişdir. Fundamental elmi mərkəzin təşəkkül tapması və inkişafı kifayət qədər maliyyə dəstəyi, siyasi iradə olmadan qeyri-mümkündür. Bu da ya hakimlərin iradəsi ilə olur, ya hansısa bir şəxsiyyətin dövlət qarşısında qoyduğu dəlillər əsasında, ya da elmə alüdə olan hansısa bir yüksək məqamlı fərdin təşəbbüsü ilə. Digər tərəfdən, ictimai-siyasi sabitliyi də yaddan çıxarmaq olmaz. Yəqin ki, bütün bu səbəblərdən Nəsrəddin Tusidən sonra yaxın arealda elmdə tənəzzülün şahidi oluruq. Bunlarla yanaşı, istənilən elmi mərkəz digər mərkəzlərlə sıx əlaqədə olmalıdır. İslamın ilk dövrlərində yunan, İran, hind dillərindən elmi, fəlsəfi, ədəbi əsərlərin ərəb dilinə tərcüməsi, tədqiqatı, araşdırılması altı yüz ildən artıq bir müddətdə öz təsirini göstərmişdir".

Misir Mərdanov deyib ki, hər bir tarixi şəxs öz dövrünün yetirməsidir. Şəxsin tarixdəki rolu, onun böyüklüyü, elmi irsinin qiymətləndirilməsi yalnız həmin dövrün reallıqları ilə müqayisədə anlaşıla bilər. Bu mənada Tusi də istisna deyil. Buna görə də, Tusinin elmi, ictimai, siyasi fəaliyyətinin düzgün başa düşülməsi yalnız dövrün paralelləri, Tusinin dövrünü qabaqlayan faktorları və ondan  sonrakı elmi araşdırmalara təsirini öyrənmədən dolğun hesab edilə bilməz: "Məhz bu baxımdan çıxış edərək birinci fəsildə təkcə hazırkı Azərbaycan Respublikası ərazisində doğulmuş, yaxud yaşamış alimlər haqqında informasiya ilə kifayətlənməyib, orta əsrlər islam aləminin bəzi parlaq nümayəndələri haqqında faktlar öz əksini tapmışdır. Oxucuların diqqətinə onu da çatdırmaq istəyirəm ki, kitabı hazırlayarkən çalışmışıq ki, vəfat etmiş və bu gün yaşayan, riyaziyyat sahəsində elmlər doktoru elmi dərəcəsinə və ya professor elmi adına layiq görülmüş həmvətənlərimiz bu siyahıdan kənarda qalmasın. Nəzərə alsaq ki, hazırda Azərbaycan alimləri dünyanın bir çox ölkələrində yaşayır və fəaliyyət göstərir, ola bilər ki, bu siyahıdan kənarda qalanlar olsun. Bu kitaba daxil edilməmiş, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsinə və ya professor elmi adına layiq görülmüş həmvətənlərimiz haqqında məlumatları bizə göndərənlərə əvvəlcədən təşəkkürümüzü bildirir və onları əmin edirik ki, kitabın növbəti nəşrlərində onların təklifləri nəzərə alınacaq".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.10.