Nazir: "Dövlətimiz
yaradıcı insanların fədakar əməyini yüksək
qiymətləndirir"
Mədəniyyət naziri
bildirib ki, yeni mövsüm Azərbaycanın mədəni həyatında
önəmli hadisələrlə zəngin olacaq
Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan
mədəniyyətinin inkişafındakı xidmətlərinə
görə orden, medal və fəxri adlara layiq
görülmüş mədəniyyət və incəsənət
xadimlərinə mükafatların təqdimat mərasimi olub.
Sentyabrın
12-də Muzey Mərkəzində keçirilən tədbirdə
çıxış edən Mədəniyyət naziri Əbülfəs
Qarayev bildirib ki, bu, əlamətdar bir gündür: "Bu
gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin bir sıra sərəncamlarının
icrasını həyata keçirəcəyik. Təltif olunan
şəxslər arasında həm ədəbiyyat, həm
kino, həm də digər mədəniyyət nümayəndələri
var. Bir neçə gün öncə də belə
mükafatlar təqdim olunub. Bu insanlar Azərbaycan tarixinə,
mənəvi rifahına öz töhfələrini veriblər
və bu gün də fəaliyyətlərini davam etdirirlər.
Hər bir yaradıcı insanın arxasında fitri istedadla
yanaşı, gərgin əmək, fədakarlıq, öz
üzərində işləyərək axtarışlar
prosesi durur".
Nazir
ölkəmizdə mədəniyyət və incəsənət
sahələrində xidmətləri olan şəxslərə
böyük dövlət qayğısından
danışıb. Bildirib ki, əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ə.Qarayevin
fikrincə, hər bir yaradıcı insanın nailiyyətlərinin
arxasında fitri istedadla yanaşı, gərgin əmək
dayanır və sevindirici haldır ki, dövlətimiz
yaradıcı insanların fədakar əməyini yüksək
qiymətləndirir.
Mədəniyyət
naziri deyib ki, bu sahədə çalışanlara ayrılan
diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə
göstərilən qayğıdır: "Mədəniyyətimiz
bu gün dünya səviyyəsində tanınır, təbliğ
edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur.
Bütün bunlar cənab Prezidentin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın bu sahədə gördükləri
misilsiz işlər sayəsində mümkün olub".
Əbülfəs
Qarayev qeyd edib ki, başlanmaqda olan yeni mövsüm Azərbaycanın
mədəni həyatında önəmli hadisələrlə
zəngin olacaq: "Sentyabrın 14-dən etibarən teatr və
konsert teatr və konsert müəssisələri
mövsümü açır. İnanıram ki, bu
mövsüm də uğurlarla seçiləcək və
yadda qalacaq. Yeni mədəniyyət mövsümünün
startı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr
olunan XI Beynəlxalq Musiqi Festivalı ilə veriləcək.
Növbəti beynəlxalq tədbir VI Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası olacaq. Daha sonra Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə İkinci "Nəsimi-şeir, incəsənət və
mənəviyyat Festivalı" başlayacaq və digər
böyük tədbirlər keçiriləcək".
Daha
sonra mükafatlar nazir tərəfindən sahiblərinə təqdim
olunub.
Mərahim
Fərzəlibəyov "Şöhrət" ordeni, Vahid Əziz
"Xalq şairi", İlqar Muradov, Cavan Zeynallı, Vidadi Əliyev, Vidadi Həsənov
"Xalq artisti", Vaqif
Bayatlı Odər (şairin səhhətiylə əlaqədar
olaraq mükafatı həyat yoldaşı Tamam xanım qəbul
etdi), Elçin Hüseynbəyli, Firuz Mustafa "Əməkdar incəsənət
xadimi", Nadir Xasiyev, Cəmilə Kərimova, Qurban Məsimov,
Qasım Nağı, Elmira Süleymanova, Qorxmaz Əlili, Zilli
Namazov "Əməkdar artist", Vaqif Əlixanlı, Abbas
Güləliyev, Rauf Məmmədov, Nəsir Ağayev, Nelli
Dadaşova, Babək Quliyev, Əli Məmmədov, Tamilla
Muxtarova "Əməkdar mədəniyyət
işçisi", Oksana Bulanova, Ənvər Əhməd,
İltifat Salayev (mükafatı bacısı oğlu Hafiz Rəcəbli
qəbul etdi), Alina Talıbzadə, Xanlar Ağayev, Mahir Həsənov,
Maarif Soltan, Əlisəfdər Hüseynov "Tərəqqi"
medalı, Zülfüqar Abbasov (mükafatı kürəkəni
Cavadov Kamran qəbul etdi), Oktay Əlizadə isə "Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu " ilə təltif ediliblər.
Mükafat
alanlar çıxış edərək onlara təqdim olunan
mükafatın böyük sevinclə bərabər, ciddi məsuliyyət
hissi də yaratdığını vurğulayıblar. Ölkəmizdə
mədəniyyət işçilərinə göstərilən
yüksək diqqət və qayğıdan söz açan
mükafatçılar Azərbaycan Prezidentinə və Mədəniyyət
Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.
Mərasimdən
sonra nazir Ə.Qarayev jurnalistlərlə
görüşüb, onların suallarını
cavablandırıb. Mədəniyyətin bir xalqın taleyində,
tarixində mühüm rolundan danışan nazir deyib ki, cəmiyyətimizdə
mədəni sahəyə yeni münasibət
formalaşdırılmalıdır: "Tarixi
mirasımıza, mədəni sərvətlərə olduqca
diqqətli yanaşmalıyıq. Mədəniyyət elə
bir sahədir ki, insanların bütünlüklə
yaşayış tərzinə, ictimai mühitə önəmli
təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə
bütün mahnılar, rəssamlıq nümunələri,
digər əsərlər dünyaya yayılır. Bu məsələyə
son dərəcə həssaslıqla
yanaşılmalıdır. Çünki bu gün bədnam
qonşularla mübarizəmiz daha çox bu səpkidə
gedir. Hamımız dərk etməliyik ki, bizim bu yöndəki
gündəlik mübarizəmiz əslində, görünməyən
bir cəbhədə gedir. Çünki mədəni irsimiz, mətbəximiz,
sənət nümunələrimiz maddidən daha çox mənəvi
xarakter daşıyır, yəni görünməyən incilərdir.
Biz bədnam qonşularımızın niyyət və əməllərinə
öz yaradıcılığımızla da cavab verməliyik
və inanıram ki, belə də olacaq. Odur ki, deyirəm,
gün o gün olsun, belə təltifləri Cıdır
düzündə həyata keçirək!"
Ə.Qarayev
bu ayın teatr və konsert müəssisələrinin
açılışı ilə də əlamətdar
olduğunu deyib: "Aydın məsələdir, mədəniyyət
elə bir sahədir ki, burada istirahət yoxdur. Bütün yay
mövsümü boyunca siz jurnalistlər də bizimlə
birlikdə işlədiniz, mədəniyyətimizin müxtəlif
sahələrindəki yenilikləri geniş oxucu kütləsinə,
ictimaiyyətə təqdim etdiniz. Amma ənənəvi olaraq,
deməliyik ki, teatr mövsümü sentyabrın
ortalarında başlayır. Yay mövsümündə isə
bizim teatrların bir qismi beynəlxalq festivallarda iştirak
edir. Demək olar, bütün teatr müəssisələrinə
dövlət sifarişi veririk. Teatrlara Prezident tərəfindən
maddi vəsait də ayrılıb. Bu il bir çox festivallar
keçiriləcək".
Son
vaxtlar bir neçə teatra "Xalq teatrı" adı
verildiyini deyən Ə.Qarayev bildirib ki, bu, həmin
teatrların beynəlxalq səviyyədə
tanıdılması üçündür. Nazirin sözlərinə
görə, teatrların imkanlarının genişləndirilməsi
üçün ictimai maraq olmalıdır: "İnsanlar
teatrlara daha çox gəlməlidirlər. Teatrların
potensialı elədir ki, mövsüm ərzində 10-15
tamaşa olur, ondan artığı alınmır".
Ə.Qarayev
bildirib ki, bu il teatr mövsümünün
açılışı yeni bərpa olunan Şuşa
Teatrında keçiriləcək: "Sentyabrın 17-də
orada mövsümün açılışını edəcəyik".
Ə.Qarayev
Xalq artisti Fəxrəddin Manafovla bağlı məsələyə
də münasibət bildirib. Onun sözlərinə görə,
F.Manafovun tamaşası hələ də repertuardadır:
"Onun hansısa şərtlərini yerinə yetirmək
üçün teatr hazırdır. Xalq artisti Fəxrəddin
Manafovu yeni teatr mövsümündə səhnədə
görə biləcəyimizə əminəm".
Nazir
brifinqdə bu günlərdə dünya şöhrətli azərbaycanlı
müğənni Sami Yusifin ictimaiyyətin marağına səbəb
olan "Nəsimi" kompozisiyası və onun ifa edildiyi
konsert haqqında da danışıb: "Bu
çıxış hamınızın yaxşı bildiyi və
Azərbaycanın sonuncu ən möhtəşəm beynəlxalq
mədəniyyət tədbiri olan UNESCO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30
iyun tarixində Heydər Əliyev Mərkəzində
keçirilmiş açılış mərasimindəki
konsertdən idi. Mədəniyyət Nazirliyi tərəfindən
hazırlanıb təqdim olunan həmin layihə Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilmişdi. Layihəyə
beynəlxalq mütəxəssisləri də cəlb
etmişdik. Bu iş alqışa layiqdi. Biz onu o vaxt qəsdən
yaymadıq. Çünki razılıq əldə
olunmuşdu. Bu günlərdə isə Sami Yusif özü o
görüntüləri yaydı və həmin konsertə
marağın yüksək olduğunu gördük. Yazılan
rəyləri, fikirləri oxudum və çox xoş oldu. Bu
yaxınlarda konsertin tam versiyasını yayacağıq. Sami
Yusifin yaradıcılığını illərdir izləyirəm
və təqdir edirəm. O, bütün dünyada, xüsusən
Qərbdə Azərbaycan mədəniyyətini ən yüksək
şəkildə təbliğ edən sənətçilərdəndir.
Biz gələcək konsertlərimizdə, elə "Nəsimi"
festivalında da çıxış üçün onu dəvət
edəcəyik".
Brifinqdə
Ə.Qarayev deyib ki, Nəsiminin məzarının bərpası
ilə bağlı dövlət tərəfindən
danışıqlar aparılır. Onun sözlərinə
görə, Prezident İlham Əliyev məzarın bərpası,
bu istiqamətdə danışıqlar aparılması ilə
bağlı tapşırıq verib: "Bu gün
Suriyadakı vəziyyət buna böyük əngəldir.
Hesab edirəm ki, "Nəsimi ili", Nəsimi festivalı
bu məsələnin daha çevik həll olunmasına dəstək
olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər
Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar tərəfindən
məzarın bərpası ilə bağlı işlər
görüləcək".
Brifinqin
əsas hissəsində nazir jurnalistləri daha obyektiv
olmağa, insanların mədəniyyət müəssisələrindəki
etik davranışlarıyla bağlı nümunə sərgiləməyə
səsləyib: "Son zamanlar aparılan təhlillər onu
deməyə əsas verir ki, vaxtı ilə bizim konsertlərdə,
tədbirlərdə telefon zənglərinin sayı çox
idi. Ancaq indi bu zəng səslərinin sayı azalıb,
insanlar öyrəşiblər ki, zalda telefonu söndürmək
və ya səsini azaltmaq lazımdır. Bu sahədə
inkişafa belə xırda nüanslardan başlamaq
lazımdır".
Nazir
bildirib ki, hər mədəni tədbirə gəliş
insanlar üçün mənəvi bayrama çevrilməlidir:
"Səhnədə çıxış edən insan həssaslıqla
auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri
və ya başqa nüanslar xoş duyğuları almağa
mane olur. Ona görə də çalışmaq
lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən".
Ə.Qarayev
bəzi media nümayəndələrinə də
çağırış edib. O qeyd edib ki, sensasiya xatirinə
kimisə alçaltmaqla, haqqında pis fikir səsləndirməklə
təcavüzkar ölkəyə mövzu verilmiş olur:
"Sənət insanları xalqımızın mənəviyyatı
üçün çalışırlar. Misal olaraq, məgər
rəssamlar eyni cür əsər çəkirlər? Axı
kiməsə "pisdir" deməklə nə əldə
olunur? Hər musiqiçi məgər eyni tərzdə ifa
edir? Hər kəsin yaradıcılığı da,
zövqü də fərqlidir. Tənqid də peşəkarlığa
əsaslanmalıdır. Daxili, mənəvi etik senzuranı dinləmək
lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş
bitdi demək olmaz. Bizi istəməyən qüvvələr
bizi öz silahımızla vurmağa
çalışırlar. Heykəllər, sərgilərdə
nümayiş olunan böyük rəsmlər, Azərbaycan
musiqisi-hamısı bizim sərvətimizdir. Biz onları qorumalyıq,
əks təqdirdə əcdadlarımıza, milli
varlığımıza hörmətsizlik etmiş
olarıq".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 sentyabr.-
S.6.